Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4013/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 492/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx xxxx 2016-cı il təvəllüdlü X2 həftənin iki günü onunla və həftənin bir günü nənəsi ilə qalmaqla ünsiyyət hüququnun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahından xx xxxx 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Onların nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh bir ildən artıqdır ki, onun övladı ilə ünsiyyət qurmasına maneçilik törədir. Buna əsas səbəb cavabdehin ailə üzvlərinin onların ailə həyatına müdaxilə etməsi və cavabdehin nevroloji xəstəlikdən əziyyət çəkməsi olmuşdur. O bir ata kimi qızının tərbiyəsinə, sağlamlığına, onun psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır. Buna görə də X2 həftənin iki günü onunla və həftənin bir günü nənəsi ilə qalmaqla ünsiyyətdə olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 492/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı övladı xx xxxx 2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək Rayon İcra və Probasiya şöbəsində, azyaşlının 4 yaşı tamam olduqdan sonra isə sərbəst şəkildə hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək ünsiyyətdə olma hüququnun təmin edilməsi qət edilmişdir. İddia tələbinin nənənin öz nəvəsi ilə ünsiyyət hüququnun təmin edilməsinə dair hissəsi xx xxxxxx 2020-ci il tarixli 2(008)-492/2020 saylı qərardadla baxılmamış saxlanılmışdır. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, xx xxxx 2016-cı il təvəllüdlü X2 həftənin üç günü onun yanında qalmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş həftədə 3 saatlıq müddət onun öz övladı ilə normal ünsiyyət saxlaması, valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilməsi üçün yetərli deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-492/2020 saylı qətnaməsi dəyişdirilməli, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sübutlardan görünür ki, tərəflərin birgə nikahından xx xxxx 2016-cı il təvəllüdlü X3 doğulmuş, məhkəmə qətnaməsi ilə tərəflərin nikahı pozulduqdan sonra uşaq anasının yanında saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli 1/2079 nömrəli rəyinə əsasən, komissiya İddiaçı övladı xx xxxx 2016-cı il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 13:00-dək Rayon İcra və Probasiya şöbəsində, azyaşlının 4 yaşı tamam olduqdan sonra isə sərbəst şəkildə ünsiyyət vaxtı verilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci və 61.2-ci maddələrinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 18-ci maddəsinə əsasən isə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarına əsaslanan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının ata kimi övladı ilə ünsiyyət hüququnun təmin edilməli olduğu qənaətinə gəlmişdir. Lakin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn ünsiyyət müddətinə və yerinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən uşağın mənafeyini, o cümlədən uşaqla görüş tələb edən atanın uşağının yaşadığı ünvandan götürüb geri qaytarmasına sərf etdiyi zaman intervalını, atanın Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində, övladının isə ananın yanında Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yaşamasını və diqqətəlayiq digər halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 4 yaşlı övladı ilə həftədə cəmi 3 saat vaxt verilməsi valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilməsi üçün yetərli deyil. Bundan əlavə, birinci instansiya məhkəməsi uşağın 4 yaşı tamam olanadək ünsiyyət hüququnun Rayon İcra və Şöbəsində həyata keçirilməsi qənaətinə gələrkən ünsiyyət vaxtının həftənin şənbə gününə təsadüf etməsini nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının öz uşağı ilə ünsiyyət vaxtına və yerinə münasibətdə dəyişdirilməli, İddiaçı uşağı ilə hər həftənin şənbə günləri saat 10:00-dan 15:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası vurğulayır ki, uşağın yaşının artması, təhsil almağa başlaması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər yaranmış yeni hallardan çıxış edərək müəyyən olunmuş ünsiyyət qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 492/2020 saylıqətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü övladı X3 ilə hər həftənin şənbə günləri saat 10:00-dan 15:00-dək ünsiyyətdə olmaq vaxtı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4013/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4013/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver