Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4013/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.04.2022-ci il tarixli, 2(004)-2341/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzil üzərindəki istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzilinə Cavabdeh1, X1, X2 və X3 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(004)- 2341/2022 saylı qərardadı ilə iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi hüquq normasını hazırki mübahisəyə düzgün tətbiq etməyərək səhv nəticəyə gəlmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət rədd edilmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzili İddiaçı adına 14.08.1995-ci ildə tam mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında 30/66748 nömrə ilə qeydiyyat aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsinin 25.02.2022-ci il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlanır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 13 saylı evin 3 saylı mənzilində X9, X10, Cavabdeh1, X5, X6, X7 və X8 qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iddia ərizəsində iddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etdiyi üçün həmin iddiaya ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina etməkdə haqlı olmamışdır, çünki hazırkı mülki mübahisəyə dair bunun üçün prosessual əsaslar mövcud deyildir. Ona görə də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(004)-2341/2022 nömrəli qərardadı ləğv edilməli və mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(004)- 2341/2022 nömrəli qərardadı ləğv edilsin və mülki iş baxılması üçün həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4013/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4013/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver