Məhkəmə qərarları › İş №2(103)-4017/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4017/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4017/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5160/2022 saylı, 14 noyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Abonent kodu **********10000 olan saldodan görünür ki, istehlakçı X1 təbii qazdan istifadəyə görə aktlar üzrə 2016-cı ilin aprel ayı üçün 399.60 manat, 2018-ci ilin yanvar ayı üçün 863.40 manat borc hesablanmışdır.

2. xx.xx.2016-cı il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən istehlakçı X3 məxsus ünvan 1 ünvanında (abonent kodu: **********10000) quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Akt Cavabdeh əməkdaşları tərəfindən imzalanmış, Şərifov Vaqif imza etməkdən imtina etmişdir.

3. xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən istehlakçı X3 məxsus ünvan 1 ünvanında (abonent kodu: **********10000) quraşdırılmış sayğaca baxış keçirilmiş və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. Akt Cavabdeh əməkdaşları tərəfindən imzalanmış, Şərifov Vaqif imza etməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında olan qaz sayğacına (abonent kodu **********10000) əsassız olaraq borc kimi yazılmış 1263 manatın cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilir ki, ünvan 3 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir və təbii qazla təchiz olunur. Həmin ünvanda abonent kodu mərhum atasının adınadır. Həmin mənzil vərəsəlik qaydasında onun adına rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən onun ünvanına bitişik olan, yəni M.Mirəliyev küçəsi, ev 89 (abonent kodu: **********00002 X6) gələrək sayğacdan kənar xətt müəyyən etmişlər, bu barədə akt tərtib edilmiş və fotoları çəkilərək ərazidən çıxıb gedilmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Bununla əlaqədar olaraq o, Cavabdehnə dəfələrlə şifahi və yazılı müraciət etməyinə baxmayaraq hazırkı günə qədər öz həllini tapmamışdır. xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixlərdə tərtib edilmiş aktlar, sənədlər və fotolar barədə məlumatları o, ASAN Kommunal xidmətindən əldə etmiş və fotolardan açıq-aydın görünür ki, ona məxsus ünvanda qaz sayğacına müdaxilə olmamışdır. Həmin tarixlərdə aktlar tərtib edilərkən o, iştirak etməmişdir. Guya həmin aktları imzalmaqdan imtina etdiyi bildirilmiş, halbuki abonent Vaqif Şərifov həmin dövrlərdə artıq vəfat etmişdir. Ümumiyyətlə həmin vaxt kimsə nə yaşadığı ünvana gəlməmiş, nədə harasa dəvət edilməmişdir. xx.xx.2016-cı il tarixdə 399.60 manat və xx.xx.2018-ci il tarixdə isə 863.40 manat borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5160/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanında olan qaz sayğacına (abonent kodu **********10000) hesablanmış 1263 manat məbləğində borcun silinməsi; Cavabdehndən 32,63 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı məxsusdur. İddiaçı atası vəfat etdikdən sonra ev oğluna İddiaçı keçmişdir. Hazırda, o, həmin ünvanda yaşayır. İddiaçı Azəriqaz İB tərəfindən xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli aktlar tərtib edildiyinə baxmayaraq bu barədə məlumatı olmadığını iddia edir. Aktlar yalnız cavabdehin nümayəndələri tərəfindən imzalanmış, X4 xx.xx.2010-cu il tarixdə vəfat etsə də, həmin aktlar tərtib edildiyi zaman Şərifov Vaqifin xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli aktları imza etməkdən imtina etməsi qeyd olunmuşdur. X2 bildirmişdir ki, İddiaçı ilə qonşu ünvanlarda yaşayırlar. Hazırda mübahisə predmeti olan sayğac və borc ona məxsusdur.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə hazırki qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiş və qeyri-qanuni xətt ləğv edilmişdir. Lakin sonradan iddiaçı yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bu hal da əməkdaşları tərəfindən aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmiş, şəkilləri çəkilmiş və qeyriqanuni xətt ləğv edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

14. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.

23. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etdiyini, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunduğunu, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş Aktla rəsmiləşdirildiyini, şəkillərin çəkildiyini və qeyri-qanuni xəttin ləğv edildiyini, lakin sonradan yenidən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməyə davam etdiyini, bu hal da əməkdaşları tərəfindən aşkar edilərək Aktla rəsmiləşdirildiyini, şəkillərin çəkildiyini və qeyri-qanuni xəttin ləğv edildiyini göstərsə də, buna dair, yəni iddiaçı tərəfindən qazın qeyri-qanuni şəkildə talanmasına dair işdə hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. Əksinə apellyasiya baxışı zamanı da müəyyən edildi ki, aktlar tərtib edilən ünvan iddiaçıya yaxud onun mərhum atasına məxsus olmamışdır.Hətta şahid qismində dindirilmiş Aygun Əliyeva aktlar tərtib olunan ünvanın qonşu ünvan olduğunu və borcun da ona aid olduğunu etiraf etmişdir. Bu cür vəziyyətdə cavabdeh iddiaçının iddiasının əsaslı olduğunu bilə-bilə yenə də qətnamədən apellyasiya şikayəti vermişdir.

24. Cavabdeh məhkəmənin konkret hansı sübutu nəzərə almalı olduğunu göstərməli və həmin sübutu təqdim etməli idi. Göründüyü kimi, cavabdehin bu dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5160/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5160/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar