Məhkəmə qərarları › İş №2(103)-4018/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4018/2024

09.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4018/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X3rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin qanunsuz hesab edilməsi, işə bərpa və s”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X3rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində X6 X17 tərəfindən məcburi işburaxma müddəti üzrə 07 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəlinə uyğun olaraq əmək haqqı və 2023cü ilin yanvar ayından işə bərpa edilən günə qədər əmək haqqına əlavə (əmək haqqının 50 faizi miqdarında) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində “X6” X12 31 mart 2023-cü il tarixli (Nazirlər Kabinetinin 209 nömrəli, 25 May 2022-ci il tarixli qərarına əsasən) və 07 avqust 2023-cü il tarixli əmrləri ləğv edilməklə X9 arasında bağlanmış 17 noyabr 2021-ci tarixli və 05 aprel 2023-cü il tarixli əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İşlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. 31 oktyabr 2007-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 Hərracların Təşkili sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirmişdir. İşdə heç vaxt qüsura yol verməmişdir. Ümumilikdə 31 il, dövlət qulluğunda isə 18 il 8 ay stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. 2 övladı var, həyat yoldaşı 1995-ci ildə vəfat etmişdir. xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çağıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getməsini tələb etmişdir. O, bununla razılaşmayıb, bundan sonra Emin Rəsulov öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 16 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığı və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək yeni formada müqaviləyə imza etdirilmişdir. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq teztələsik “bura imza et sənədlər toplanılır xidmətdə təcili müqavilələri gözləyirlər” deyərək müqavilənin tam mətni ilə tanış olmağa ona imkan verilməmiş onu çaşdıraraq qeyri müəyyən duruma salmışlar. O, müqavilənin bir nüsxəsini tələb etsə də, kadrlar şöbəsi, xidmət tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona veriləcəyini bildirmişdir. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil edir. Onunla işəgötürən arasında əmək münasibətlərinin müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladığı müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Mövcud vəziyyətdə onunla işəgötürən arasında 16 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Qanunvericiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin tələblərinə ziddir. Müəssisə ləğv edildikdə 10 ildən çox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdarlıq edilməlidir və orta aylıq əmək haqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir. Onda olan məlumata görə müəssisənin hüquqi forması dəyişdirilməmiş, sadəcə köhnə müəssisə ilə yeni yaradılmış müəssisə arasında Azərbaycan Respublikasının qanunlarına zidd olaraq hüquqi hiylə işlədilərək işçilərə müəssisənin formasının dəyişdirilməsi kimi yalnış məlumatlar verilmiş və rəhbərliyə lazım olmayan işçilər bu formada müəssisədən kənarlaşdırılmışlar. 16 il çalışdığı müəssisə ləğv edilmişdirsə, ona edilən 9 təqvim həftəsi öncəsi xəbərdarlıq məktubu və əmək haqqının 2 misli ödənilməsi barədə məlumat məhkəməyə təqdim edilməlidir. X4 üzrə Auksion Mərkəzi onu və əlavə olaraq 50 nəfər əməkdaşdan ibarət əmək kollektivini aldadaraq müəssisənin hüquqi formasının dəyişməsi əsası ilə əmək müqaviləsinin dəyişməsini əsas gətirərək onlara bir neçə sənədləri imzalatdırmışdır. Bundan sonra ona məlum olmuşdur ki işəgötürən aldatma yolu ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən tərtib etdiyi ərizəni imzalatmış, bundan sonra “Dövlət qulluğu” haqqında Qanunun 33.1.1-ci maddəsini (dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əsasını) tətbiq etmişdir. Belə olan halda işəgötürən əmək kollektivini öncədən xəbərdar etməklə, əmək haqqının iki mislini ödəmək şərti ilə işçiləri işdən azad etməli idi. Müəssisədə dövlət qulluqçusu kimi illərlə çalışan 50-dən çox əməkdaşın eyni vaxtda dövlət qulluğunda tutduğu vəzifədən öz xoşu ilə imtina etməsi heç bir məntiqə sığmır. Bu şəxslər dövlət qulluğuna qəbul olunarkən müsabiqə və müsahibə yolu ilə dövlət qulluğu vəzifəsinə təyin olunmuşdurlar. İşin hallarından belə görünür ki, qeyd etdiyi əmək kollektivi və o müəssisə tərəfindən qurulan professional moxenasiyanin və hiyləgər oyunun günahsız qurbanlarına çevrilmişlər. Müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X12 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 31 mart 2023-cü il tarixli və 07 avqust 2023-cü il tarixli əmrlərinin ləğv edilməsi, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X17 arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və İddiaçı əvvəllər tutduğu vəzifəsinə bərpa edilməsi, “X6” X17 tərəfindən 07 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pulun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X17ndən alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmişdir ki, iş materiallarından da görünür ki, iddiaçı Gülnarə Məmmədova öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi hakim Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. İşə sədrlik edən hakim yalnız iddiaçının formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir, həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir, göründüyü kimi 1 həftəlik tələbi nəzərə alınmışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İşlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Həmin tarixdən etibarən eyni işi yerinə yetirmişdir. Lakin onunla olan müddətsiz əmək müqaviləsi əsassız olaraq müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Həmin müqavilə bağlanan zaman isə müqavilənin mətni ilə tanış edilməmiş və müqavilə aldatma yolu ilə bağlanmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

9. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

10. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 18 yanvar 2006-cı il tarixində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X14 sektorunda müvəqqəti olaraq aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi təyin edilmişdir. xx.xx.2021-ci ildə öz arsuzu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, K 81 saylı əmr ilə “X6” X15 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, K-91 saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir.

11. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

12. Dövlət qulluğuna xitam verilməsi haqqında K-43 saylı, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X8 əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin Səhmlərin və güzəştli satışın təşkili sektorunun baş məsləhətçisi X5 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir.

13. X6” X17 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X12 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə işə qəbul edilmişdir. İşçinin taarif maaşının 802 manat olduğu razılaşdırılmışdır.

14. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

15. Əmək müqaviləsinə xitam verilməsi haqqında K-042 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a bəndinə uyğun olaraq, X7 - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X12 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi, 31 mart 2023-cü il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

16. “X6” X17 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X12 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə qəbul edilmişdir. İşçinin taarif maaşının 1100 manat olduğu razılaşdırılmışdır.

17. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X12 K-81 saylı, xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X12 Maliyyə və Təminat şöbəsinin baş mütəxəssisi X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövrdə sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq 1 ay müddətinə 05 aprel 2023-cü il tarixindən İddiaçı təyin edilmişdir.

18. K-092 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı- X6 X12 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi, xx.xx.2023cü il tarixindən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

19. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “X6” X17 xx.xx.2023-cü il tarixdə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

20. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

21. 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

22. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

23. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

24. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.

25. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

26. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.

27. 59-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

28. 59-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

29. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

30. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

31. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

32. 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.

33. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.

34. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı.

35. Qeyd edilən Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı, 18 yanvar 2006-cı il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, İşlər sektorunda aparıcı məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. 31 oktyabr 2007-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 Hərracların Təşkili sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir. 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “Dövlət Qulluğu” haqqında Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixli əmr ilə iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X6 X12 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi vəzifəsinə 2021-ci il 17 noyabr tarixindən 1 ay müdətinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, K 81 saylı əmr ilə “X6” X15 Maliyyə və təminat şöbəsinin baş mütəxəssisi vəzifəsinə 1 ay müddətinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, K-91 saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifədən azad edilmişdir.

52. Hazırda iddiaçı müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasının qanunazidd olduğuna istinad edərək, əmrlərin ləğv edilməsi, əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının və əlavələrin ödənilməsini məhkəmədən xahiş edir.

53. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, iş materiallarından da görünür ki, iddiaçı Gülnarə Məmmədova öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi hakim Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir.

54. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2006-cı ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.

55. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

56. Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 2006-cı ildən fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur.

57. İddiaçı iddia ərizəsində bildirir ki, xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çağıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getməsini tələb etmişdir. O, bununla razılaşmamışdır. Bundan sonra Emin Rəsulov müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 16 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır.

58. Bu baxımdan, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də hazırkı işin faktiki halları baxımından olduqca əhəmiyyətlidir. Həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar iddia tələbləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də eyni olmuşdur (Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(102)-5841/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları).

60. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir, qeyd olunan hissəyə dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmuşdur.

61. Beləliklə, Kollegiya bildirir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

62. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəfin özünə aid edilməlidir.

65. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X6 X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-487/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar