Məhkəmə qərarları › İş №2(103)-402/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-402/2025

19.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-402/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-402/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 19 mart 2025-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İşin halları

1. Tərəflər xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuş, cavabdeh iddiaçı müəssisədə ekspeditor funksiyasını yerinə yetirmişdir, tərəflər arasında xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilə və xx.xx.2022-ci il tarixli “Borcun etirafı haqqında” müqavilə imzalanmışdır, əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı əmək münasibətləri ilə bağlı cavabdeh tərəfindən işəgötürənə zərər vurulduğunu iddia edir və tələbini cavabdehin borcu etiraf etməsinə dair müqavilə və onun imzaladığı ərizələri ilə əsaslandırır, cavabdeh iddia tələbini qəbul etmir və hər hansı bir borcunun olmadığını, iddiaçının əsaslandığı ərizələri məcburiyyət qarşısında, hədə-qorxu, təhdid altında imzaladığını bildirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 42300 manat pul məbləğinin və 55 manat mediasiya xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh oğlundan 42300 manat pul məbləğinin, 55 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. Eləcə də, cavabdehlə xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət barədə” müqavilə imzalanmışdır. Cavabdehlə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Əmək faəliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 52300 manat ziyan vurmuşdur. Sözügedən ziyan məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında “Mövcud borcun etirafı haqqında” xx.xx.2022-ci il tarixli müqavilə imzalanmışdır. Cavabdeh sözgedən ziyan məbləğindən 10000 manatını xx.xx.2022-ci il tarixdə ödəmiş, qalan 42300 manatın 20000 manatını 3 il ərzində hissəhissə ödəyəcəyini və ailə vəziyyətinin nəzərə alınaraq qalıq 22300 manatın ona güzəşt edilməsi barədə eyni tarixli ərizə ilə müəssisənin rəhbərliyinə müraciət etmişdir. Lakin dəfələrlə şifahi qaydada yaranmış borcun ödənilməsi tələb olunmasına baxmayaraq cavabdeh borcu ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır. Buna görə də, iddiçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəllənin 2.1, 2.3, 3.4- 1, 7.2-3.8, 10, 191.1, 191.2, 192, 194.2, 198, 199, 200.1, 202, 203, 204-cü maddələri və Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 107, 119.1, 124.2-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı onunla əsaslandırılmışdır ki, məhkəmə bu qənaətdədir ki, vurulmuş ziyanla bağlı hər hansı araşdırma aparılmamış, işçiyə yoxlama sənədləri ilə tanış olmaq və əlavə izahat təqdim etmək imkanı yaradılmamışdır. Məsələ bundan ibarətdir ki, vurulmuş ziyan barədə araşdırılma aparılmış, lazımi cədvəllər, sənədlər, toplanmış və həmin sənədlər işçiyə təqdim olunmuşdur. Cavabdeh də ona təqdim olunmuş sənədləri qəbul etmiş və vurulmuş ziyanla bağlı izahat yazmış, ziyanın 10.000 (on min) manat hissədə ödəmiş, qalan hissəni ödəyəcəyinə dair ərizə yazmış, eləcə də borcunun olmasına dair mücərrəd müqavilə imzalamışdır. Hazırki vəziyyətdə məhkəmənin qeyd etdiyi qanunla nəzərdə tutulan qaydada işəgötürənin dəymiş ziyanın həqiqi miqdarının araşdırılmaması, araşdırmanın gedişində işçiyə yoxlama sənədləri ilə tanış olmaq hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. 17 iyul 2023-cü il tarixli KM qərarında borcun etirafı haqqında mücərrəd müqavilənin əmək mübahisələrinə tətbiqi istisna olunur. Məhkəmə isə ziyanın olmasına dair ərizələrə (izahatlara) da mücərrəd müqavilə kimi yanaşaraq onlarımücərrəd müqavilə ilə eyniləşdirmişdir. Ancaq sözügedən xx.xx.2022-ci il tarixli ərizə Cavabdeh yazılı izahatı olmaqla, vurulmuş ziyan məbləğinin etirafıdır. Nəzərə alınmalıdır ki, işçi özü məsələni dərk etdiyi şəkildə yazılı izahatda əks etdirmiş və yazının adının ərizə qoymuşdur. Mahiyyət etibarilə isə xx.xx.2022-ci il tarixli ərizə elə işçinin izahatıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin olunmamasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasita şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iş üzrə yenidən ekspertiza keçirilməlidir.

11. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq ekspertizanın keçirilməsinə lüzum olmadığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

13. Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

14. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

15. Maddə 2.1. Bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

16. Maddə 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

17. Maddə 10, “Ç” bəndi. İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.

18. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

19. Maddə 192.2 Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

20. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

21. Maddə 199, “Ç” bəndi. İşçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

22. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

23. Maddə 203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.44. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

30. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

42. Belə ki, iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuş, cavabdeh iddiaçı müəssisədə ekspeditor funksiyasını yerinə yetirmişdir, tərəflər arasında xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilə və xx.xx.2022-ci il tarixli “Borcun etirafı haqqında” müqavilə imzalanmışdır, əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir – bunlar işin mübahisəsiz halıdır, iddiaçı əmək münasibətləri ilə bağlı cavabdeh tərəfindən işəgötürənə zərər vurulduğunu iddia edir və tələbini cavabdehin borcu etiraf etməsinə dair müqavilə və onun imzaladığı ərizələri ilə əsaslandırır, cavabdeh iddia tələbini qəbul etmir və hər hansı bir borcunun olmadığını, iddiaçının əsaslandığı ərizələri məcburiyyət qarşısında, hədə-qorxu, təhdid altında imzaladığını bildirir.

43. Kollegiya ilk növbədə iddiaçı ilə cavabdeh arasında borcun etirafına dair müqavilənin imzalanmasına və hazırki iddia tələbinin əsasında əsasən həmin müqavilənin durmasına dair dəlillərə əsasən aşağıdakıları qeyd edir.

44. Mülki Məcəllənin 2.3-cü maddəsinə müvafiq olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

45. Maddənin məzmunundan göründüyü kimi, mülki qanunvericilik əmək münasibətlərində yalnız subsidiar olaraq tətbiq edilə bilər. Qeyd edilməlidir ki, əmək hüququ xüsusi hüququn bir sahəsi olsa da, dövlətin bu hüquq münasibətlərində xüsusi publik marağı mövcuddur ki, bu da onun həmin münasibətlərə müdaxiləsini labüd edir.

46. Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 3-cü maddəsində əmək hüququnun prinsiplərindən biri kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir.

47. Qeyd edilməlidir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipi həm əmək münasibətlərinin yaranması, həm dəyişdirilməsi, həm də xitamı ilə əlaqədar bütün mərhələlərinə eyni dərəcədə şamil edilir.

48. Həmin prinsipdən irəli gələrək qanunverici tərəfindən bir sıra münasibətlərin bilavasitə əmək münasibəti hesab edilməsi və həmin münasibətlərin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsi).

49. Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən isə işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur.

50. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s.

51. Qeyd edilənlər onu deməyə əsas verir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

52. Hazırki iş üzrə isə iddiaçı ona işçi tərəfindən dəydiyini iddia etdiyi zərərin ödənilməsini qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarındakı kimi əmək münasibətləri çərçivəsində və buna müvafiq olaraq maddi məsuliyyət müqaviləsinə əsasən deyil, mülki hüquq münasibətlərinin ünsürü olan borcun etirafı haqqında mücərrəd müqaviləyə istinadən tələb etmişdir ki, bu isə yolverilməzdir.

53. Qeyd edilənlər həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara əsasən Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur.

54. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şiçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə - borcun etirafı haqqında müqavilənin tərtib edilməsi qanunvericiliyin tələbinə uyğun olmadığından iddiaçı və cavavdeh arasında imzalanmış borcun etirafı haqqında 07.12 2022-ci il tarixli müqaviləyə istinad etməklə dəymiş ziyanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə pul tutulması mümkün deyildir.

55. Kollegiya Tam maddi məsuliyyət haqqında müqavilə üzrə dəymiş zərərin tutulmasına münasibətdə isə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar).

56. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

57. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən, həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir.

58. Hazırki işin materiallarından da göründüyü kimi iddiaçı dəymiş ziyanın miqdarını cavabdehin imzaladığı borcun etirafı haqqında müqavilə və barədə ərizə ilə əsaslandırmış, cavabdehin artıq həmin məbləği qəbul etməsinin və bunun onun imzalaması ilə təsdiq olunmasının kifayət olduğunu bildirmişdir. Lakin zərərin, həqiqətən dəyməsini və dəqiq məbləğləri, onların hesablanma qaydasını hər hansı digər mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir.

59. Əlavə olaraq iddiaçı apellyasiya baxışında bununla bağlı aparılmış cinayət işi çərçivəsində təyin edilmiş ekspertiza rəylərini məhkəməyə təqdim etsə də, həmin rəylərin təsviri və nəticə hissələrindən də göründüyü kimi, məhz Cavabdeh tərəfindən dəymiş zərərin məbləği 7166,90 manat məbləğində müəyyən edilir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

60. Qanunvericiliyin tələblərindən də göründüyü kimi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı, üstəlik yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məhkəmə üçün məcburi xarakter daşıyır. Hazırki iş üzrə sözügedən rəylərə münasibətdə həmin halların heç biri mövcud olmamışdır. Lakin hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin rəylərdə müəyyən olunan məbləğlə də hazırki iddia üzrə cavabdehdən tələb edilən məbləğ arasında kifayət qədər fərq mövcuddur və bu da öz növbəsində dəymiş zərərin məbləğinə dair şübhəli hal yaratmaqla sübutetmənin iddiaçı tərəfindən aparılmasını zəruri edir.

61. O cümlədən qeyd edilməlidir ki, Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

62. Qanunvericiliyin tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMC-nin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə iddaçı olan MMC tərəfindən illik maliyyət hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə müstəqil auditorun cəlb edilməsi, borcun yarandığını iddia etdiyi illər üzrə qeyd edilən formada yoxlamanın aparılmasını göstərən, bu audit yoxlaması nəticəsində tərtib edilmiş audit aktının olması müəyyən edilməmişdir.

63. İşin hər bir halına qiymət verilməsi məqsədilə apelyasiya baxışı zamanı iş üzrə ekspertiza təyin edilmiş və auditor rəyi alınmışdır. "xxxx" MMC-nin direktoru-auditoru X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, vurulmuş ziyan barədə taqdim edilmiş sənədlər araşdırılarkən "xxxx" ASC-nin səlahiyyətli şəxsləri tərəfindən Cavabdeh tərəfindən mənimsənilməsi iddia edilən 52300.00 manat pul dəyərində malların anbardan buraxılması, təhvil verilməsi, təhvil alınması və anbara geri qaytarılması barədə rəsmi sənəd təqdim edilməmişdir. Yoxlamaya təqdim edilən sənədlər yalnız cəmiyyətin kompyuter proqram təminatı ilə sistemləşdirilmiş "Logix" proqram təminatından çıxarışlardan ibarət olmuşdur. Təqdim edilmiş "Logix" program təminatından çıxarışlarda ümumi məbləğin 27366.46 manat olmasına baxmayaraq, iddia ərizəsində 52300.00 manat, audit yoxlaması zamanı "xxxx" ASC-nin direktoru İlham Şərifovun verdiyi izahata əsasən isə dəymiş ziyanın 21713.46 manat olması qeyd edilmişdir. Yekun olaraq audit yoxlaması zamani "xxxx" ASC-nin sabiq ekspeditoru Cavabdeh oglunun "xxxx" ASC-ya vurduğu ziyanın 21713.46 manat olduğu bildirilmişdir. Bir sıra malların təqdim edilmə tarixi ilə sistemə yerləşdirilmə tarixi arasında fərqlər olduğu müəyyən edilmiş, "xxxx" ASC-nin səlahiyyətli nümayəndələri tərəfindən həmin müştərilərlə aylıq üzləşdirmə aktları, ay arzinda təqdim edilən malların mağazaya təhvil-təslim zamanı hansısa formada ila rəsmiləşdirmə sənədlərinin mövcud olmadığı bildirilmişdir. "Logix" proqram təminatından çıxarışlarda 5051.19 va 4143.21 manat dəyərində malların anbara geri qaytarılması əksini tapmışdır. "xxxx" ASC-nin səlahiyyətli nümayəndələrinə sistemdə malların geri qaytarılması barədə qeydin işlənilməsi, lakin anbara məsul olan şəxslərin müvafiq hesabatı necə hazırlaması barədə sual verildikdə cavab olaraq yalnız Cavabdeh deyil, başqa şəxslərin də burada əlbir olduqlarını, lakin bu barədə rəsmi sənədlərin olmadığı bildirilmişdir. Həmçinin sistemdə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ümumi dəyəri 3663.25 manat olan malların müştərilərə pay formasında verilmə adı ilə mənimsənilməsi ilə bağlı isə bunun necə rəsmiləşdirilməsi barədə soruşulduqda şifahi formada sərəncam verilməsi və rəsmi sənədin olmaması bildirilmişdir. Həçinin prosesin gedişatında cavabdehin və şirkətin rəhbərinin də izahatları alınmışdır.

64. O cümlədən apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru-auditoru X3 öz izahatında bildirmişdir ki, şirkətin səlahiyyətli nümayəndəsindən anbardan cavabdehə verilen mallara dair kagiz daşıyıcıda təhvil-təslim aktının olub-olmadığını soruşduqda belə bir sənədin olmadığı bildirilmişdir. Lakin onda təqdim təhvil-təslim aktları mövcuddur. Həmçinin ona Logix proqramı üzərindən malların təhvil verildiyi bildirilmiş, həmin terminaldan çıxarış təqdim edilmişdir. Bir sıra malların təqdim edilmə tarixi ilə sistemə yerləşdirilmə tarixi arasında fərqlər mövcuddur. Bu halın necə olması nümayandədan soruşulduqda müvafiq şəxslərin əlbir olduğu, malların sonradan mədaxil və ya məxaric edildiyini, sonradan bu halların qarşısının alındığı bildirilmişdir. Hazırda əlində bunun kim tərəfindən edilməsinə dair dəqiq məlumat yoxdur. Ona müvafiq sənədlər və rəqəmlər təqdim edilmədiyindən, bu şəkildə rəy formalaşdırmaq mümkün olmamışdır.

65. Göründüyü kimi məhkəmə tərəfindən cəlb edilmiş auditor yoxlaması nəticəsində də iddianın əsaslılığını müəyyən etmək mümkün olmamış, cavabdehə qarşı sürülən iddiaları təsdiq edən hər hansı rəsmi sənədlər təqdim edilməmiş, yalnız şifahi mülahizələrlə kifayətlənilmişdir.

66. Bundan əlavə əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. İşəgötürən işçini maddi məsuliyyətə cəlb etməmişdən əvvəl onun izahatını almalıdır, işçi yazılı izahat verməkdən imtina etdikdə bu barədə müvafiq akt tərtib edilir. Öz-özlüyündə konkret işçidə hansısa sərvətin faktik surətdə əksik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəə-maddi sərvətlərin yoxlanmasını aparmağa borcludur, işçi isə onun aparılmasını tələb etmək hüququna malikdir. Ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlə (yoxlama aktı ilə) təsiqlənməlidir. Belə ki, əmlakın əksik gəlməsi invertarlaşdırma aktı ilə və s. təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması işəgötürəni bu ziyana görə işçinin üzərinə maddi məsuliyyəti qoymaq imkanından məhrum edir. Araşdırmanın (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.

67. Hazırki iş üzrə isə işəgötürən tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq nəzərdə tutulmuş qaydada yoxlamanın keçirilməsi müəyyən edilməmişdir və sadəcə iş materiallarındakı cədvəl və işçinin qəbulu iddianı əsaslı saymağa kifayət edə bilməz.

68. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə əmək münasibətlərinə aid məsələ ilə bağlı mülki müqavilə bağlaması qanunsuz olmuş, o cümlədən iddiaçı istinad etdiyi hallarla bağlı məhkəməyə hansısa mötəbər sübut təqdim etməmişdir.

69. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

70. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

72. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri göstərilən hissədə də əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

73. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

74. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

75. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

77. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

78. Göstərilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

79. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2025/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar