Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4021/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1375/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizə ilə müraciət edərək məhkəmədən, cavabdeh tərəfindən əsassız hesablanmış 486 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1375/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən sayğaca müdaxilə olunması və istismara yararsız olması müəyyən edilmişdir. Bununla əlaqədar istehlakçıya istifadə etdiyi qaz cihazlarının sərfiyyatına uyğun olaraq 486 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, aidiyyət qaydaları pozulub, müqavilə Xəzər rayonunda bağlanıb, iddiaçı orada yaşayır. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Sabunçu rayonunda yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2019-cu il tarixli ******* saylı aktda 28/1710-00930 saylı rəyə əsasən 1402AZ**********557 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi qeyd olunmuş, akta əsasən dəymiş ziyanın hesablanması tələb olunmuş, cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən 4860 m3 itirilmiş qazın dəyərinin ödənilməsi müəyyən edilmişdir. Cavabdehin abonent saldosunda 2019-ci ilin mart ayına 486 manat borcun hesablandığı göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq hesab edir ki, qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İddiaçı iddia tələbinin əsası kimi həmin sayğaca müdaxilə etmədiyini bildirmişdir. Cavabdeh iddiaya etiraz edərək, sayğaca müdaxilə olunduğuna görə itirilmiş qazın dəyərinin iddiaçı tərəfindən ödənilməli olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Cavabdeh tərəfindən sayğacda qüsurların olması qeyd edilsə də həmin qüsurların məhz iddiaçının təqsiri üzündən yaranması ilə bağlı sübutlar təqdim edilmədiyindən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İndiki halda, iddiaçı yaşadığı yer üzrə iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin iddianın qiymətinin iki min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1375/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4021/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4021/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver