Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4021/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)-741/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınması və iki azyaşlı uşağı ilə birlikdə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanırılmışdır ki, tərəflər nikaha daxıl olduğu vaxtdan ailə münasibətləri pozulan vaxtadək cavabdehə məxsus olan ünvan 2 ünvanında yaşamış və birgə təsərrüfat aparmışlar. Münasibətlərinin kəskinləşdiyi vaxtda uşaqların mənafeyi və həmin vaxt gərgin olan vəziyyətin daha da kəskinləşməməsı, həmçinin başqa obyektiv və subyektiv səbəblərdən iddiaçı evi tərk etmək məcburiyyətində qalmışdır. Həmin vaxtdan bir müddət kirayədə yaşasa da, sonradan maddi imkansızlıqdan kirayə haqqının ödənilməsində problem yarandığından valideynlərinin və qohumlarının yanında yaşamaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından doğulmuş X4 və X5 cavabdehin, X1 və X2 isə iddiaçının yanında qalması qət edildiyindən uşaqlar bir-birindən ayrı yaşamaq və böyümək məcburiyyətindədir. Bu da nəticədə onların bir-birilə bağlılığına mənfi təsir edə bilər. Lakin iddiaçının azyaşlı uşaqları ilə cavabdehə məxsus evə köçürülmələri nəticəsində uşaqları birlikdə böyütmək və onların bir-birinə olan bağlılığını daha da möhkəmləndirmək imkanları olacaq. Eyni zamanda iddiaçı İİ qrup əlil olduğundan və maddi imkansızlıq səbəbindən ev almaq və həm qızlarını böyütmək, həm də oğlanları ilə ünsiyyətdə olduğu vaxtlarda onları yaşadığı evə gətirərək bir neçə gecə bir yerdə gecələməkləri olduqca çətin olur. Lakin onların cavabdehə məxsus evə köçürülməkləri bu narahatçılığı da tam aradan qaldırmış olar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)- 741/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının köçmək istədiyi ev qaynatasına yox, keçmiş ərinə məxsusdur. Həmin ev özbaşına tikili olsa da, o həmin evdə uşaqları ilə birlikdə qeydiyyatdadır. O, cavabdehlə ailə qurduğu vaxtdan həmin evdə yaşamışdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İştirak etdikləri məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)- 741/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən köçürülməsi tələb edilən ünvan 2 ünvanında yerləşən evə dair cavabdehin atası X3 adına 1994-cü ildə texniki pasport tərtib olunmuş və texniki pasportda evin mülkiyyətçisi kimi Kamandar Məmmədov göstərilmişdir. Bakı şəhəri Kirov (indiki Binəqədi) rayon X8 İcraiyyə Komitəsinin 28 aprel 1989-cu il tarixli 47/282 saylı qərarı ilə Ermənistan SSR-dən Bakı şəhərinə köçərək evlərini dəyişdirmiş şəxslər kimi Kamandar Məmmədov, Cavabdeh və digər ailə üzvləri həmin evə pasport qeydiyyatına alınmışlar. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 09 iyun 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ev X6 məxsusdur və həmin ünvanda Kamandar Məmmədov ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı iddiasını və apellyasiya şikayətini köçmək istədiyi evin keçmiş ərinə məxsus olmaqla özbaşına tikili olması, həmin evdə pasport qeydiyyatında olması və birgə nikahlarından doğulmuş uşaqlarının birgə yaşaması zərurəti ilə əsaslandırmışdır. Lakin iddiaçı həmin evin özbaşına tikili olmaqla keçmiş ərinə məxsus olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, müəyyən edilmişdir ki, həmin ev hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, özbaşına tikili olmayıb texniki pasporta əsasən cavabdehin atası Kamandar Məmmədova məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ünvan 1 ünvanında yerləşən evə 06 oktyabr 2009-cu ildə cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra, yeni Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə köçərək yaşamasını bildirərək öz iddiasını Azərbaycan Respublkası Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş maddi hüquq normalarına uyğun əsaslandırmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının köçmək istədiyi evin cavabdehə məxsus olması barədə iş materiallarında heç bir sübut yoxdur. Adına texniki pasport tərtib olunmuş evin potensial mülkiyyətçisi X7 isə nə iddiaçının ailə üzvü, nə də iddiaçı Kamandar Məmmədova münasibətdə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab olunmur. Bundan əlavə, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İddiaçının evdə qeydiyyatda olmasına gəlincə isə kollegiya hesab edir ki, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmamaqla, yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (“Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi). Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)- 741/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4021/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4021/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver