Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4024/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi faktın müəyyən olunması” barədə ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı -İ bağ massivi 85 saylı bağ sahəsindəki 0,25 ha (25 sot) torpaq sahəsinin adı çəkilən şəxsin istifadəsində (sahibliyində) olması faktı müəyyən olunmuşdur Həmin qətnamədən işdə iştirak etməyən və qətnamənin maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs1 verdiyi apelyasiya şikayəti məhkəmənin 01 aprel 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmış, buna əsas kimi onun, şikayəti müddəti ötürməklə vermiş olduğu göstərilmişdir. Həmin qərardaddan Maraqlı şəxs1 verdiyi şikayət də məhkəmənin 13.04.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən qərardad ləğv olunaraq mülki iş Maraqlı şəxs1 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarından görünür ki, qətnamə Maraqlı şəxs1 vəkilinin 07.02.2022-ci il tarixli təkrar sorğusu əsasında 08.02.2022-ci il tarixdə onun elektron poçt ünvanına (email ünvanına) göndərilmiş, Maraqlı şəxs1 apellyasiya şikayəti 09.03.2022-ci il tarixdə “E&R Express” kuryer servisinə təhvil verilmiş, 29.03.2022-ci il tarixdə məhkəməyə çatdırılmışdır. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.06.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamədən Maraqlı şəxs1 verdiyi apellyasiya şikayəti üzrə nəinki müddətin üzrlü və ya üzrsüz səbəbdən ötürülübötürülməməsinin araşdırılması, ümumiyyətlə müddət məsələsinin müzakirəsinin özü əsassız olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2202/2021 saylı iş üzrə 01 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla Maraqlı şəxs1 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4024/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4024/2022
19.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver