Məhkəmə qərarları › İş №2(103)-4027/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4027/2021

08.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4027/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Qəribov Tərlan Mirhəsən oğlunun, onun nümayəndəsi və vəkili Mirzəyev Altay Soltanağa oğlunun, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Yaqubov Fərhad Fazil oğlunun iştirakları ilə, İddiaçı Qəribov Tərlan Mirzəhəsən oğlunun cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-648/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qəribov Tərlan Mirzəhəsən oğlu cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/4 saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi, işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ilin aprelindən xx.xx.2018-ci il tarixinədək Lerik Meşə Mühafizəsi və Bərpası Müəssində meşəbəyi və müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2018-ci ildə müəssisənin adı dəyişilərək Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi ilə əvəz edilmişdir. Müəssisənin adı dəyişiləndən sonra Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvandaband meşəbəylində meşəbəyi köməkçisi kimi, xx.xx.2018-ci ildən Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik Meşəbəylikləri üzrə baş mütəxəssisi, xx.xx.2019-cu ildə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvandaband meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Meşəbəyisi olduğu ərazi 14.000 hektar təşkil edir. Həmin ərazinin 10 dolayısı olmaqla 10 meşə gözətçisi və bir meşəbəyi köməkçisi vardır. Mərkəzin direktorunun şifahi göstərişinə əsasən Lənkəran RMTM-nin baş aqronomu Nurəddin Ağayev və Lənkəran RMTM-nin Lənkəran üzrə meşə mühafizə mühəndisi Ruhulla Axundov tərəfindən xx.xx.2020-ci il tarixdə güya yoxlama aparılmış və həmin ərazidə 8-52 sm 106 ədəd müxtəlif cins və d-də kök üstə yaş ağacların (odunluq) qanunsuz kəsildiyi aktlaşdırılaraq Mərkəzə təhfil verilmişdir. Həmin aktın qeyri qanuni olması barədə Mərkəz direktoruna dəfəlrələ müraciət etsə də, heç bir nəticəsi olmamışdr. Çünki qeyd olunan yerlərin əksər hissəsi meşə fondu torpaqlarına aid deyul, eyni zamanda həmin ağacların əksəriyyəti kəndin ərazisndə olan zəbt olunmuş çəpərlərin ətrafında, eyni zamanda əlksər hissələri köhnə kötüklər olmuşdur. Lakin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə xx.xx.2020-ci il tarixdə birgə aparılmış araşdırmada 16-44 sm 55 ədəd müxtəlif cins və d-də köküstə quru ağacların kəsilərk aparılması müşahidə olunmuşdur. Həmin ağaclar xx.xx.2018-ci il tarixdə ərazidə baş vermiş yanğın zamanı inkişafdan dayanmışdır. Bundan əlavə xx.xx.2020-ci il tarixində meşəbyi köməkçisi Əfqan kazımov və meşə gözətçisi Məmməd Zeynalov Ekologiya işçiləri ilə birlikdə 8 ədəd köküstə quru və 4 ədəd köküstə yaş 8-26 sm-də müxtəlif cinsli ağacların kəsilərək aparılması faktı aşkar edilmişdir. Belə ki, yoxlama aparılmış ərazi 3827 hektar təşkil edir. Həmin ərazidə 1 nəfər meşə göstəçisi olmaqla ərazinin mühafizəsi ona tapşırılmışdr. Həmin ağacların kim və ya kimlər tərəfindən kəsilməsi barədə meşə gözətçisi tərəfindən ona və Mərkəzə heç bir məlumat verilməmişdir. Həmin ərazinin meşəbəyisi olmaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziliyinin Meşələrin İnkişafı Departamentinin “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə” Təlimata əsasən operativ nəzarəti hər bir dolayda 2 ayda 1 dəfədən az olmayaraq ərazinin tam yoxlanmasını həyata keçirir. Operativ nəzarət bilavasitə meşəbəyi köməkçisi və ya meşə ustası tərəfindən həyata keçirilir. Meşə dolayılarının təftişi növbəti, növbədən kənar, nəzarəti və qəfləti olaraq həyata keçirlir. Növbəti təftişlər ildə 2 dəfə, yaz təftişi mayın 1-nədək və payış təftişi noyabr ayının 1-nədək aparılır. Göründüyü kimi, həmin ərazidə olmuş qırıntıların səbəbkarı o olmasa da, əsassız olaraq Lənkəran RMTMnin rəhbərliyi tərəfindən işdən azad olunmuşdur. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iyul, avqust aylarında hərbi hissələrə, təşkilatlara, vətəndaşlara oduncaq və işlikin satışı ilə bağlı həmin əraziyə bir dəfə də olsun gedə bilməmişdir. Həmin əraziyə cavabdeh olan şəxs meşə gözətçisi və nəzarətçi meşəbəyi köməkçisidir. Həmin əraziyə cavabdeh şəxs olmuş meşə gözətçisi Məmməd Zeynalov aparılan yoxlamalar zamanı meşə fonduna dəymiş ziyanın nırx qiymətini tamamilə ödəmişdir. xx.xx.2020-ci il tarixdə M.Zeynalov verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. Bundan da görünür ki, həmin əraziyə vurlmuş ziyanın səbəbkarı M.Zeynalov olmuş və ziyanı da o ödəmişdir. Lakin onun işdən çıxması ərizəsinə əsasən olmuşdur. Çünki orada operativ yoxlama apararaq nəticəsi barədə ona və Mərkəzə məlumat verməli olmasına baxmayraq, heç bir məlumat verməmişdir. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, səhhətində olan problemləlrlə bağlı yüksək hipertoniya böyrək çatışmamazlığı səbəbindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ambulator müalicədə olması ilə bağlı direktora və Sərraf Quliyevə, Nərgiz Sultanzadəyə mobil telfon vasitəsi ilə zəng edərək məlumat vermişdir. Həmçinin əmək qabiliyyətinin olmaması barədə vərəqəni xx.xx.2020-ci il tarixdə Mərkəzə təqdim etdikdə həmin vərəqəni ondan qəbul etməyərək işdən azad olunması barədə əmri təqdim etmişlər. Göründüyü kimi, Lənkəran RMTM-nin rəhbərliyi tərəfindən ambulator müayinədə olması nəzərə alınmamış və onu qərəzli, əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Belə ki, ona təhkim olunmuş Razvandobad meşəbəyliyinin 19 a saylı dolayında aparılmış təftişlər nəticəsində müxtəlif cinsli və diametrli 173 ədəd quru ağacın meşə fondu ərazsindən qanunsuz olaraq kəsilib aparılması nəticəsində təbiətə 2047.93 manat ziyan vurulduğuna görə onu Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən işdən azad etmiş, lakin Mərkəzin Lerik meşəbəyliyinin 5 saylı dolayında qanunsuz kəsilmiş 50.58 kub metr həcmində 4854 manat ziyan məbləğində 27 ədəd yaş işlik ağaclar kəsilməsi aşkar edilsə də, Lerik meşəbəyliyinin meşəbəyi vəzifəsini əvəz edən meşəbəyi köməkçisi Əyyar Qurbanova sadəcə töhmət verilməklə kifayətlənmişdir. Verilmiş əmrdən də görünür ki, Mərkəzinin rəhbəri onu qərəzli olaraq işdən azad etmişdir. Bundan başqa 2020-ci ilin yanvar-sentyabr aylarında Mərkəz tərəfindən heç bir töhmət və cəza almamış, bir dəfə də mükafat almışdır. Əgər işinə məsuliyyətsiz yanaşsaydı və ya işinin öhdəsindən lazımi qaydada gələ bilməsəydi, xx.xx.2020-ci il tarixdə Razbandanad meşəbəyliyində aparılan təhvil-qəbul yoxlamasında heç bir qanunsuz qırıntı aşkar olunmamışdır. Lerik Meşə Mühafizəsi və Bərpası Müəssində və Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində işlədiyi 18 il ərzində meşələrdə meşə pozuntularının qarşısının alınması istiqamətində vətəndaşlara tərəfindən dəfələrlə məlumatlar verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-648/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət edilmişdir. Qətnamədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə 059776 nömrəli aktla iddiaçının məsul olduğu Razvonaband meşəbəyliyinin 19a saylı meşə dolayının 51-ci kvartalında “Koturnaband” adlanan ərazidə fıstıq cinsinə aid dimetrı 16-44 sm olan 55 ədəd quru kök üstə ağacların kəsilərək meşə sahəsindən aparılması və bununlada iddiaçının meşəbəyi olduğu ərazidə mühafizənin zəif təşkil edildiyi və əraziyə lazımi qaydada nəzarət edilməməsi iddiaçının öz imzası ilə rəsmiləşdirilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə 793 nömrəli məktubla 81,99 m3 həcmində 106 ədəd ağacların özbaşına kəsilərək oğurlanması və meşə fonduna vurulmuş zərərlə bağlı vaxtında öz üzərinə düşən vəzifəni icra etməməsinin araşdırılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi Lerik rayon Prokurorluğundan xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş və iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi ucbatından müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılması və iddiaçı T.Qəribova bu barədə məlumat verilərək iclasda iştirak etməsi xahiş edilmişdir. Lakin qeyd edilən hallardan əvvəlcədən xəbərdar olan iddiaçı xəstə olduğunu yadına salaraq və ənənəvi olaraq xəstəliyini bəhanə edərək, iclasda iştirakdan yayınmışdır. Daha sonra işdən azad edildiyini xəbər tutduqdan sonra xəsətəlik vərəqini müəssisəyə təqdim etmişdir. Məhkəmə prosesi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və onun tabelyində fəaliyyət göstərən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə Vətəndaş tibb müəssisəsinə iddiaçı tərəfindən ilk hansı tarixdə müraciət edilmiş və ilkin şikayəti və həkim tərəfindən qoyulmuş diaqnoz nə olmuşdur, verilmiş xəstəlik vərəqi əsasında vətəndaşın əmək qabiliyyəti hansı tarixdən müvəqqəti itirilmiş hesab edilir, əmək qabiliyyəti itirildiyi hansı gündən başlayıb, əmək qabiliyyətinin itirlməsi barədə vətəndaşa xəstəlik vərəqini onu vermək hüququna malik olan müalicə həkimi tərəfindən verilmişdirmı, il ərzində bır şəxsə neçə dəfə və neçə gün müddətinə xəstəlik vərəqəsi vermək olar, əmək qabiliyyətinin müvvəqəti itirilməsi vərəqinə əsasən xəstə öz adi iş yerində əmək qabiliyyətinə malik olubmu, ambulator müalicə edilərkən xəstənin qaldığı bütün vaxt üçün müalicə edən həkim, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi tərtib edilmişdirmi suallarından ibarət sorğu göndərilməsi xahiş edilsə də məhkəmə bu vəsatətləri təmin etməmişdir. Həmçinin məhkəmə sonuncu qətnamə qəbul edən tarixdə cavabdehə məhkəmə baxışı ilə bağlı hər hansı bildiriş göndərmədən çəkişmə prinsipini pozaraq iclas keçirmiş və qərar qəbul etmişdir ki bu da, Mülki Prosessual Məcllənin 9-cu maddəsi ilə müəyyən edilən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin pozulmasına gətirib çıxarır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı'mn 17.1.2-ci bəndinə əsasən Meşələrin İnkişafı Xidməti inzibati orqan sırasında qeyd edilmişdir. Meşələrin İnkişafı Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli 162/Ü nömrəli əmri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə haqqında iddia növündə baxıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz etmişlər və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin (hazırda Xidmətinin) direktorunun xx.xx.2019- cu il tarixli, 325/k saylı əmrinin surətindən görünür ki, Qəribov Tərlan Mirzəhəsən oğlu həmin tarixdən Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvandoband meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 162/ü saylı, xx xxxxxxxx 2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) iddiaçı, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvandaband meşəbəyliyinin meşəbəyisi Qəribov Tərlan Mirzəhəsən oğlunun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Qəribov Tərlan Mirzəhəsən oğlu “Xroniki pielonefitin kəskinləşməsi” diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək işdən azad edilmişdir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 186.2-ci maddəsinin ç) bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. Əmək Məcəlləsinin 189 maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən (xx.xx.2020-ci il tarixdə) iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi zamanı xitam verilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq məhz bu halı əsas götürərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Kollegiya qeyd edir ki, iddiaçını işə götürən orqan Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti hesab olunduğundan, Tərlan Qəribov barəsində intizam tənbehinin verilməsi məsələsi Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Həmkarlar İttifaqı Təşkilatında deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Həmkarlar İttifaqı Təşkilatında baxılaraq müzakirə olunmalı idi. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya apellyasiya şikayətinin “xx xxxxxxxx 2020-ci il tarixli 162/Ü nömrəli əmri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin mübahisələndirmə haqqında iddia növündə baxıla bilər” barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı dövlət qulluqçusu olmamışdır. Məhkəmə iclasında iştiraklarının təmin edilməməsi və bununla da çəkişmə prinsipinin pozulması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarından cavabdehin nümayəndəsinin məhkəmə prosesləri barədə məlumatlı olduğu, əvvəlki məhkəmə iclasında iştirak edərək işin mahiyyəti üzrə izahat verdiyi aydın olur; onun, məlumatlı olduğu məhkəmə iclasına getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-648/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar