Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4029/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə” ilkin və qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsiə müraciət edərək, cavabdehin qanunsuz olaraq sökdüyü evinin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına onun tərəfindən bərpa edilməsi, eləcə də ona vurulmuş maddi zərərin əvəzi kimi 500 manatın, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın, həmçinin mənəvi ziyanın kompensasiyası kimi 4000 manatın, ümumilikdə 4530 (dörd min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, dalan 1 ünvanındakı 6C saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya Azərbaycan Respublikası ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 20.08.2016-cı il tarixli, ******* saylı Çıxarış verilmişdir. Mülkiyyətində olan və yaşadığı evin həyətyanı sahəsini 2020-ci ilin yay aylarında təmir etdirməyə başlamışdır. Təmirdən əvvəl Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş və Yasamal rayon İcra Hakimiyyətinin Layihə- Smeta Bürosu tərəfindən görüləcək işlərin eskiz layihəsi təsdiq edilmişdir. Bundan sonra təsdiq edilmiş eskiz-layihə əsasında təmir işlərini aparmışdır. O, cümlədən eskiz-layihə ilə təsdiq edilmiş evin giriş qapısının qarşısında eni 1 metr, uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkəni də təmir etdirmişdir. Lakin Cavabdeh tərəfindən qanunsuz olaraq evin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkən sökülmüşdür. Bunu Yasamal RPİ-nin 29-cu PŞnə verdiyi izahatda cavabdeh H.V. Hüseynov da etiraf etmişdir. İddiaçıya məxsus evin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin Cavabdeh tərəfindən sökülməsi təmamilə qanunsuzdur və cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.Cavabdeh 55 ildir ki, yaşadıqları evin giriş qapısının yaxınlığında, əvvəlcə özbaşına qapı-darvaza açımış, bu azmış kimi bir müddət sonra açdığı qapıdarvazanın enini artırmaqla, bununla da demək olar ki, iddiaçının ilkin qapısına bitişdirməkə girişçıxışı çətinləşdirmişdir.Eləcə də təbii relyefə görə həyətlə küçənin səthi arasında təxminən yarım metr (45sm) hündürlük fərqi vardır ki, bu da iddiaçının giriş-çıxışını çətinləşdirir. İddiaçı tərəfindən 14 dekabr 2020-ci il tarixli Pretenziya ilə Cavabdeh müraciət edilərək, qanunsuz olaraq sökdüyü evinin giriş qapısının qarşısındakı eni 1 metr, uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin 03 (üç) gün ərzində əvvəlki qaydada bərpa etməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir.Cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin qanunsuz olaraq sökdüyü evinin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 sm (25X25 olmaqla), uzunluğu isə 1,4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına kubik daşından hörülməklə, onun tərəfindən bərpa edilməsi, eləcə də ona vurulmuş maddi zərərin əvəzi kimi 500 manatın, məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyim 30 manatın, həmçinin mənəvi ziyanın kompensasiyası kimi 4000 manatın, ümumilikdə 4530 (dörd min beş yüz otuz) manat məbləğində pulun Cavabdeh tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi tələbinə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin giriş qapısının qarşısında istənilən tikinti işlərinin aparılması qadağan edilməsi; həmin ünvanda yerləşən fərdi yaşayış sahəsinin əlavə giriş qapısının sökülməsi və həmin hissənin daşla hörülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01.09.2020-ci il tarixində o, evində aparılan təmir-tikinti işlərinin həyata keçirilməsi üçün həyətinin onun fərdi yaşayış sahəsinin giriş qapısı olan tərəfə həyətinin darvazasının sökülməsi və küçəyə çıxışının açılmasına icazə istəmişdir. Həmin çıxışın açılmasında məqsədi, tikinti materiallarının daşınmasının asanlaşdırılması olmuşdur. O, bir qonşu olaraq buna etiraz etməmişdir. Lakin tikinti işləri başa çatdıqdan sonra həmin yol bağlanmamışdır. Bir müddət sonra o, həmin boşluğa qapı qoymuş və onun altında pilləkən inşa etmək istəmişdir. Bundan sonra o, həmin pilləkənın inşasına mane olmuş, qapının sökülməsi və hasarın hörülməsini tələb etmişdir. Hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehə məxsus əlavə giriş qapısının qarşısında pilləkən olmasa da, o, orada yeni pilləkən inşa etmək niyyətindədir. Həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehə məxsus fərdi yaşayış sahəsinin əsas yola açılan böyük bir darvaza vardır. Mübahisə predmeti olan qapı cavabdehin giriş-çıxışı üçün zəruri olan yeganə yolu deyildi. Buna baxmayaraq cavabdeh heç bir zərurət olmadan onun mənzilinin giriş qapısının qarşısında qapı qoymuş və pilləkən inşa etməyə cəhd etmişdir. Cavabdehin yalnız 79,22 kv.m sahə barəsində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışı vardır. Faktiki olaraq qalan hissədə olan tikililər isə qanunsuz inşa edilmişdir. Göründüyü kimi cavabdehin mənzilinin yerləşdiyi torpaq sahəsi barəsində də sərəncam vermək hüququ yoxdur. Həmin sahələr dövlət mülkiyyətindədir. Beləliklə, onun həyətyanı sahəsində apardığı istənilən tikinti işləri qanunsuzdur. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı "qanunsuz olaraq sökülmüş tikilinin bərpası, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanındakı 6 C saylı evin giriş qapısının qarşısındakı eni 1 metr, hündürlüyü 50 (25x25 olmaqla) uzunluğu isə 1.4 metr olan iki pilləli pilləkənin Cavabdeh vəsaiti hesabına kubik daşından hörülməklə bərpa edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə dair çıxarışın olması və yerli icra hakimiyyəti tərəfindən eskiz-layihənin təsdiq edilməsi hələ iddiaçıya tikinti işləri aparmaq üçün əsas verən hal deyildir. Mülki iş materiallarından da göründüyü kimi, iddiaçıya yerli icra hakimiyyəti tərəfindən tikinti işlərinin aparılması üçün icazə verilməmişdir. Məhkəmə isə qərar qəbul edərkən formal məsələlərə əsaslanmış, işin faktiki hallarını, yəni tikilən pilləkənin onun hüquqlarına toxunub-toxunmaması məsələsini diqqətlə araşdırmamışdır. Göründüyü kimi, pilləkənlərin hərəkət üçün rahat və təhlükəsiz quraşdırılması Şəhərsalma və Tikinti Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir. Məhkəmə isə bu məsələyə laqeyd yanaşmışdır. Belə ki, məhkəmə onun “qanunsuz tikinti işlərinin qadağan edilməsi və qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbini rədd etmişdir və bu iddia tələbini rədd etməsi üçün əsas olan motivləri qətnamədə göstərməmişdir. Göründüyü kimi, o mənzilə giriş-çıxışına mane törədəcək tikinti işlərinin aparılmasını tələb etmiş və bu barədə sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə isə bu sübutlara ümumiyyətlə qiymətləndirməmiş və onun mənzilinin giriş-çıxışına hər hansı maneənin olması faktını araşdırmamışdır. İddiaçının inşa etdiyi ilkin pilləkənin eni 60 sm təşkil edirdi. Bu zaman o maşınınını darvazanın qarşısında saxlaya bilsə də, maşının qapısını aça bilmir. Daha sonra iddiaçı pilləkənin uzunluğunu daha da artırdı və pilləkənin ümumi eni 130 sm təşkil etdi. Bu zaman həmin pilləkən onun darvazasının qarşısına 70 sm keçdi. Həmçinin, qeyd edir ki, darvaza ilə pilləkənin arasındakı ara məsafəsi cəmi 1 metr təşkil edir, pilləkənin uzunluğunun 130 sm olduğu təqdirdə, darvaza açılarkən həmin pilləkənə dirənir və tam açılmır. Nəticədə ona məxsus yaşayış sahəsinə giriş-çıxış mümkünsüz olur. Onu da qeyd etmək istəyir ki, mübahisələndirilən giriş qapısı iddiaçının həyətinin ikinci qapısıdır. Apellyasiya şikayətinə əlavə edilən şəkillərdən də göründüyü kimi, iddiaçının üzü əsas yola açılan böyük darvazası vardır. Burdan belə bir nəticəyə gəlmək olar ki, iddiaçının onun fərdi yaşayış sahəsinin qarşısında açdığı qapı onun giriş-çıxışı üçün yeganə yolu deyildir. Odur ki, iddiaçıya məxsus fərdi yaşayış sahəsinin onun fərdi yaşayış sahəsilə üzbəüz giriş qapısının bağlanılması ilə bağlı olaraq məhkəməyə təqdim etdiyi qarşılıqlı iddiası əsaslıdır və birinci instansiya məhkəməsi onu təmin etməli idi. Məhkəmə isə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi ilə bağlı motivləri qətnamədə ümumiyyətlə qeyd etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinin təmin edilmiş, qarşılıqlı iddia tələbinin isə rədd edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə münasibətdə dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünayadzadə küçəsi, dalan 1, 6 C saylı ev İddiaçı adına tam mülkiyyət hüququ ilə 20.08.2016-cı il ci il tarixdə qeydiyyata alınmışdır. Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən 16-09/030 eskiz layihəsi təsdiq edilmişdir. Eskizlayihə ilə təsdiq edilmiş evin giriş qapısının qarşısında 40 sm hündürlükdə (hər biri 20 sm hündürlükdə) olmaqla iki pilləkənin olduğu göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 19.08.2016-cı il tarixli Texniki Pasporta görə, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, həyətin bir giriş qapısı nəzərdə tutulub. Cavabdeh fərdi yaşayış evi isə özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünayadzadə küçəsi, dalan 1, 6 C saylı ev İddiaçı adına tam mülkiyyət hüququ ilə 20.08.2016-cı il ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan və yaşadığı evin həyətyanı sahəsini təmir etdirməyə başlamışdır. Təmirdən əvvəl Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmiş və Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosu tərəfindən görüləcək işlərin eskiz layihəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1965 saylı 24.09.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 saylı evin giriş qapısının qarşısındakı pilləkənlar həmin evə dair Yasamal Rayon İcra Hakimiyyəti Layihə-Smeta Bürosu tərəfindən təsdiqlənmiş eskiz layihəyə uyğun (əvvəllər) inşa olunmasına baxmayaraq, faktiki olaraq sökülmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elmar Səidovun iştirakı ilə ünvan 3 saylı fərdi yaşayış evi yerində müayinə edilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan ünvan 2 ünvanındakı 6C saylı ev texniki pasporta uyğun şəkildə tikilmiş, evin həyətinə giriş qapısı texniki pasportda göstərildiyi kimi açılmışdır. Tərəflər arasında mübahisəyə səbəb olan həmin qapının pilləkənları sökülmüş, dəmir qapı yerdən təxminən 50-60 sm hündürdə yerləşir. Dəmir qapı çöl tərəfə açılır. İddiaçı məxsus olan həyətin dəmir qapısı açıldığı zaman qarşısındakı daş divarla arasında 2.3 metrdən çox ara məsafəsi qalır. İddiaçıya məxsus evin həyətinin başqa bir yerdən giriş qapısı mövcud deyil. Baxış zamanı ekspert tərəfindən verilmiş izahatdan görünür ki, həmin iki pilləli pilləkən 40 sm hündürlükdə olmaqla birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm olmaqla və eni 50 sm olduğu təqdirdə pilləkən tikildikdə, cavabdehin evinə giriş-çıxışına hər-hansı məhdudiyyət yaratmayacaq, iddiaçı isə öz mülkiyyətində olan evindən sərbəst şəkildə istifadə edəcəkdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Kollegiya hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri iddiaçının qanunla qoyunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, həm məhkəmə kollegiyasına təqdim edilmiş layihə-smeta, həmdə məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə baxışı zamanı iddiaçının yaşayış evinin qarşısında pilləkənın quraşdırılmasının qanuni olması sübuta yetirilmişdir. İki pilləli pilləkənin tikilməsi cavabdehin öz evindən giriş-çıxışını mümkünsüz etmir. Bununla yanaşı kollegiya qeyd edir ki, iddiaçının yaşayış evinin qarşısında sökülmüş pilləkən bərpa edilməli və pilləkənın ölçüləri yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm olmaqla və eni 50 sm müəyyən edilməlidir. Kollegiya qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, cavabdehin yaşayış sahəsi özbaşına tikili olmaqla dövlət qeydiyyatından keçməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıya məxsus olan yaşayış evinin qarşısında olan iki pilləli pilləkənın sökülməsi iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur və iddiaçının yaşayış evindən istifadə hüquqlarını məhdudlaşdırır. İddiaçıya məxsus yaşayış evinin giriş qapısının iş materiallarına əlavə edilmiş texniki pasporta uyğun açıldığından, həmin yaşayış evinin giriş qapısının digər hissədən açılmasına dair cavabdehin tələbləri əsaslı sayıla bilməz. Belə ki, iddiaçının mülkiyyətində olan yaşayış evinin yalnız, 1 giriş qapısı vardır. Həmin qapı isə məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmışdır. Belə olan halda, qarşılıqlı iddia ərizəsinin hüquqi əsası olmadığından birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin keçirdiyi ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən ödənil miş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, məhkəmə qətnaməsi qarşılıqlı iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanıldığından ekpertiza tədqiqatının dəyəri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1549/2021 saylı 03 mart 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı 6C saylı yaşayış evinin giriş qapısının qarşısında sökülmüş iki pilləli pilləkən bərpa edilsin. İki pilləli pilləkənın ölçüləri yerdən 40 sm hündürlükdə olmaqla, birinci pilləkənın uzunluğu 60 sm, hündürlüyü 20 sm, eni 80 sm, ikinci pilləkənın uzunluğu 40 sm, hündürlüyü 20 sm və eni 50 sm müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4029/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4029/2021
07.12.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver