Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4029/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, (ləğv prosesində olan) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “zaminliyə xitam verilməklə borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh (ləğv prosesində olan) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi və etiraz barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında xx.xx.2017-ci il tarixdə bağlanılmış “Zaminlik müqaviləsinə” xitam verilməsi və onun hesabından 3.503.41 manat məbləğində borcun silinməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 43 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan X3 xx.xx.2017-ci il tarixdə "xxxx" ASC ilə “Kredit müqaviləsi” bağlayaraq Bankdan kredit götürmüşdür. Həmin vaxt, Çiçək Mustafayevanın həmin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq X2 və hazırkı iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə “Zaminlik müqavilələri” bağlamışlar. Çiçək Mustafayeva “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetrimədiyinə, yəni Banka olan borcunu qaytarmadığına görə, Bank, “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair mülki işə baxmış Göyçay Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 2(046)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Çiçək Mustafayevadan ümumilikdə 10.239,69 manat kredit borcunun tutularaq Banka ödənilməsini, digər cavabdehlərə o, cümlədən hazırkı iş üzrə iddiaçıya qarşı hissədə iddianın təmin edilməməsini qət etmişdir. Göyçay Rayon Məhkəməsi iddianın zaminlərə qarşı olan hissəsinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, Bankın iddia ərizəsi, “Zaminlik müqaviləsinin” müddətinin bitməsindən 3 il keçdikdən sonra verilmiş, bununla da zaminlərə qarşı 1 illik müddət Bank tərəfindən ötürülmüşdür. Həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Bundan sonra, iddiaçı, istehlak və digər kreditlərin alınması üçün müxtəlif banklara müraciət etdiyi zaman, onun şəxsi hesab vərəqəsində zamin öhdəliyi kimi 3.503,41 manat borc məbləği olduğu və bu səbəbdən ona kreditin verilməyəcəyi bildirilmişdir. Bununla əlaqədar iddiaçı, müxtəlif tarixlərdə ərizələrlə ləğv prosesində olan Banka, onun ləğvedicisi təyin edilmiş Fonda və Cavabdeh3 MMC-yə müraciətlər edərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun zaminliyinə xitam verilməsini və adına olan borc məbləğinin silinməsini xahiş etsə də, müraciəti təmin edilməməşdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bunun üçün dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh Bank iddia tələbinə qarşı Rayon Məhkəməsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvəyə minməsi hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərin əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0 4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarlar). Göründüyü kimi, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Müddətin keçməsi kredit müqaviləsi üzrə mövcud olan borc öhdəliyinin kreditor tərəfindən zamin olan iddiaçıdan tələb etmək hüququnun xitam olunmasına deyil, həmin pul tələbi hüququnun məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının mümkünsüzlüyünə səbəb olur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddiasından da göründüyü kimi, iddiaçı, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətlərin tətbiq edilməsini və zaminliyə xitam verilməklə borcun silinməsini xahiş etmişdir. Zaminə qarşı müddətin keçməsi ilə bağlı iddia irəli sürülə bilməməsi tələb hüququnun özünün xitamı, öhdəliyin götürülməsi anlamına gəlmir. Hazırki işdə də əsas öhdəlik üzrə borc mövcud olduğundan kreditorun tələb hüququ qalmışdır. Lakin kreditor bu hüququ məcburi qaydada həyata keçirmək imkanını itirmişdir. Bu baxımdan zaminin borclu kimi öhdəliyinə xitam verilməklə borcunun silinməsi iddiası təmin edilə bilməz. c) apellyasiya şikayəti və apellyasiya şikayətinə etiraz barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlərin iddiaçıya verdikləri rəsmi cavab məktublarında açıq bəyan edilir ki, onun hesabında olan borcun silinməsi ilə yekun məhkəmə aktı olmadığından həmin borc silinməyəcək. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, iddia tələbini təmin etməməklə iş üzrə tərəflər arasında yaranmış mülki mübahisəni həll etməmiş və bununla da, iddiaçının gələcəkdə banklardan kredit almaq hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat
8. İddiaçı, cavabdeh Əmanətlərin Sığortalanması Fondun nümayəndəsi və Cavabdeh3 MMC-nin nümayəndəsi işə apellyasiya apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. Cavabdeh Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, işdə olan sənədlərdən görünür ki, hazırkı iş üzrə iddiaçının tanışı olan (hazırkı iş üzrə tərəf olmayan) X3 xx.xx.2017-ci il tarixdə "xxxx" ASC ilə “Kredit müqaviləsi” bağlayaraq Bankdan kredit götürmüşdür. Həmin vaxt, Çiçək Mustafayevanın həmin “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X2 və hazırkı iş üzrə iddiaçı xx.xx.2017-ci il tarixdə Bank ilə “Zaminlik müqavilələri” bağlamışlar. Çiçək Mustafayeva “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetrimədiyinə, yəni Banka olan borcunu qaytarmadığına görə, Bank, “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir.
12. Göyçay Rayon Məhkəməsinin 2(046)-115/2024 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Banın iddiasının qismən təmin edilməsi, Çiçək Mustafayevadan ümumilikdə 10.239,69 manat kredit borcunun tutularaq Banka ödənilməsini, digər cavabdehlərə o, cümlədən hazırkı iş üzrə iddiaçıya qarşı hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsi iddianın zaminlərə qarşı olan hissəsinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, Bankın iddia ərizəsi, “Zaminlik müqaviləsinin” müddətinin bitməsindən 3 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmiş, bununla da zaminlərlə bağlı 1 illik müddət ötürülmüşdür.
13. İşin hallarından görünür ki, iddiaçının şəxsi hesab vərəqəsində zamin öhdəliyi kimi 3.503,41 manat borcun olması barədə məlumat mövcuddur. İddiaçı, Göyçay Rayon Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli qətnaməyə istinad edərək, həmin borcun onun şəxsi hesab vərəqəsindən silinməsini cavabdehlərdən xahiş etsə də, iddiaçının müraciəti müsbət həllini tapmamışdır. Buna görə də, iddiaçı, hazırkı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir.
14. Göstərilənləri, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticəni və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1 və 477.0.4-cü maddələrinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
15. Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət bir qayda olaraq müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir.
16. Məhkəmə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində göstərilən mövqeyini nəzərə alaraq bildirir ki, Mülki Məcəllənin 527.1-ci maddəsinə görə, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
17. Qeyd edilənlər onu göstərir ki, hazırkı iş üzrə iddiaçının Bank qarşısında heç bir borcu (öhdəliyi) yoxdur.
18. Bununla belə, Məhkəmə nəzərə alır ki, iddiaçının hazırkı tələbləri irəli sürməkdə məqsədi, yəni təmin etmək istədiyi mənafe Bank qarşısında borc öhdəliyinin olmamasının təsbit edilməsidir. İddiaçı, bunu apellyasiya şikayətində də ifadə etmişdir. İddiaçının “zaminliyə xitam verilməsi və borcun silinməsi barədə qərar qəbul edilsin” tələbi də əslində bu mənafeyi təmin etməyə yönəlmiş təsbitetmə iddiasıdır. Ona görə də, Məhkəmə iddiaçının tələbini və haqlı mənafeyini, məhkəmə qətnaməsi ilə zaminliyin xitam olunması əsası ilə rədd edilmiş kreditorun tələbinə hüquqi qiymət verildiyinə görə zaminlik müqaviləsinin tərəflər üçün öhdəlik yarada bilməyəcəyi barədə yuxarıdakı mövqeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, iddiaçının cavabdeh Bank qarşısında borc öhdəliyinin olmaması barədə Bank və onun ləğvedicisi olan Fond tərəfindən məlumat kredit reyestrini aparan təşkilata – Cavabdeh3 MMC-yə göndərilməlidir. f) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
19. Beləliklə, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
20. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 aprel 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu, (ləğv prosesində olan) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3nə qarşı “zaminliyə xitam verilməklə borcun silinməsi tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsi Cavabdeh2 ASC-nin və onun ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun yarısı, yəni 21 manat 50 qəpik iddiaçının özünə aid edilsin. Qalan 21 (iyirmi bir) manat 50 (əlli) qəpik Cavabdeh2 ASC-dən və Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Hazırkı qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.