Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4030/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 20 saylı əmək müqaviləsinə uyğun olaraq, Cavabdeh İnformasiya Texnologiyaları şöbəsində kiçik mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsinə xx.xx.2023cü il tarixli, 134/K nömrəli əmrlə xitam verilmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh ilə xx.xx.2022-ci il tarixli 20 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və bu müqavilə ilə ona informasiya texnologiyaları şöbəsinə təhkim edilmiş əmlak və avadanlıqlar etibar edilmişdir.
2. Aparılan daxili audit yoxlaması zamanı aydın olmuşdur ki, Cavabdeh olduğu xx.xx.2022-ci il tarixində alınan, alış və qalıq dəyəri 1.090,32 manat olan 254410, 254411, 254412, 254413 və 254414 barkod nömrəli BİOLGİOSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR._HP markalı toplam 5 ədəd 5.451,60 (beş min dörd yüz əlli bir manat altmış qəpik) dəyərində kompüterləri, xx.xx.2022 - ci il tarixdə alınan, alış və qalıq dəyəri 1.952,12 manat olan 254377 barkod nömrəli Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P markalı və xx.xx.2022 – ci il tarixdə alınan, alış və qalıq dəyəri 1.952,12 manat olan ******* barkod nömrəli Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P markalı toplam 2 ədəd 3.904,24 manat dəyərində noutbukları, ümumilikdə 7 ədəd alış və qalıq dəyəri 9.355,84 manat olan avadanlıqlar mövcud deyildir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.355,84 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh ilə xx.xx.2022-ci il tarixli 20 saylı tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və bu müqavilə ilə ona informasiya texnologiyaları şöbəsinə təhkim edilmiş əmlak və avadanlıqlar etibar edilmişdir. Bundan sonra, aparılan daxili audit yoxlaması zamanı aydın olmuşdur ki, Cavabdeh olduğu xx.xx.2022-ci il tarixində alınan, alış və qalıq dəyəri 1.090,32 manat olan 254410, 254411, 254412, 254413 və 254414 barkod nömrəli BİOLGİOSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR._HP markalı toplam 5 ədəd 5.451,60 (beş min dörd yüz əlli bir manat altmış qəpik) dəyərində kompüterləri, xx.xx.2022 - ci il tarixdə alınan, alış və qalıq dəyəri 1.952,12 manat olan 254377 barkod nömrəli Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P markalı və xx.xx.2022-ci il tarixdə alınan, alış və qalıq dəyəri 1.952,12 manat olan ******* barkod nömrəli Laptop LenovoTP L15 G2 İ5 8G 512G 10P markalı toplam 2 ədəd 3.904,24 manat dəyərində noutbukları, ümumilikdə 7 ədəd alış və qalıq dəyəri 9.355,84 manat olan şirkətə məxsus əmlak cavabdeh tərəfindən götürülərək öz evinə aparılmış və sonradan avadanlıqların geri gətirilməsi cavabdehdən tələb olunsa da, geri gətirilməmişdir. Əlavə olaraq, qeyd edilən avadanlıqların ofisdə olmaması aşkar edildikdən sonra cavabdeh ilə əlaqə saxlanılmış və o, həmin avadanlıqları proqram yazmaq məqsədi ilə evinə apardığını etiraf etmişdir. Bununla bağlı həmin avadanlıqların Cavabdeh təhvil verilməsi barədə təhvil-təslim aktı tərtib edilmişdir. Bundan sonra isə cavabdeh davamlı olaraq işə gəlmədiyi üçün onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 134/K nömrəli əmrlə xitam verilmişdir. Sonradan Cavabdeh olduğu və evində olduğunu bildirdiyi kompyuter avadanlıqlarının geri qaytarılması tələb olunsa da, o müxtəlif bəhanələrlə komputer avadanlıqlarını şirkətə gətirməmişdir. Bununla əlaqədar iddiaçı "xxxx" ASC Bakı şəhəri Səbail rayon Prokurorluğuna müraciət etsə də, Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 04 dekabr 2023-cü il tarixli №138-c-23 saylı qərarı ilə məsələ üzrə cinayət işinin başlanmasına dair tələb rədd edilmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-613/2025) iddia rədd edilmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ona maddi ziyanın məhz cavabdehin təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır, məhkəmə prosesində məhkəmə dəfələrlə iddiaçıya cavabdehin təqsirini isbatlayan sübutları məhkəməyə təqdim etməyi təklif etsə də, iddiaçının nümayəndəsi bu halın sübuta ehtiyacı olmadığını bildirmiş və maddi məsuliyyət barədə ərizənin artıq maddi ziyanın məhz cavabdehə aid olduğunu göstərmişdir. Halbuki, Cavabdeh işdən çıxdıqdan sonra iddiaçı dərhal kompyuterlərin olmadığını müəyyən etmişdisə, müəssisədə olan kamera görüntülərinə baxış keçirərək, onların sonuncu dəfə hansı vəziyyətdə olması, kim tərəfindən aparılmasını müəyyən edə bilərdi. Lakin, iddiaçı elə maddi məsuliyyət barədə ərizənin olmasına arxayın olaraq, onlara dəymiş maddi ziyanın ödənilməsini Cavabdeh tələb edəcəyini düşünmüş və Hacıyevin doğrudan da təqsirli olub olmadığını araşdırmağa cəhd də etməmişdir. Halbuki, Hacıyev "xxxx"-dan kompyuterləri aldıqda sənədlərə imza edərkən sadəcə alınan kompyuter və digər avadanlıqların təhvil alınmasının həqiqiliyini təsdiqləmişdir. Bu imza gələcəkdə həmin avadanlıqların hər hansısa şəkildə zədələnməsi və sair hal üçün hər zaman məsuliyyət daşıyacağını ehtiva etmirdi. Çünki, maddi ziyanın işçi tərəfindən vurulması zamanı hər bir halda işçinin təqsiri də hər bir halda müəyyən olunmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyil, bu səbəbdən iddia təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 191, 194, 198, 199, 203, 205-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, audit xidməti əməkdaşları avadanlıqların mövcud olmasından əmin olmaq üçün cavabdehdən avadanlıqların evdən foto şəkillərinin çəkilib onlara təqdim edilməsini istəmiş, cavabdeh də 5 ədəd kompyuter avadanlığının (254410, 254411, 254412, 254413 və 254414 barkod nömrəli) fotoşəkillərini çəkib xx.xx.2023-cü il tarixində saat 10.55-də ona məxsus e-mail adresindən (Elektron ünvan 1) audit xidməti əməkdaşı Anar Hüseynova göndərmişdir. Bundan sonra cavabdeh kompyuter avadanlıqlarını geri təhvil verməyi yubatmış, hər dəfə müxtəlif bəhanələrlə kompyuter avadanlıqlarını geri təhvil verməmişdir. Bundan sonra iddiaçı aprel 2023-cü il tarixində Cəmiyyət daxilində İnventarizasiya Komissiyası yaratmış və İnformasiya Texnologiyaları sahəsində maddi texniki vəsaitlərinin mövcud vəziyyətini yoxlamışdır. Bunu görən Cavabdeh qəfil olaraq işdən getmiş və bir daha işə geri qayıtmamışdır. Məhkəmə əmək mübahisəsinə baxarkən iş üzrə tətbiq edilməli olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.2, 199.1.a-cı maddələrini, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3; 448.1; 448.4; 450.2-ci maddələrini tətbiq etməmiş, iş üzrə tətbiq etdiyi AzərbaycanRespublikası Əmək Məcəlləsinin 191.1; 191.2; 201.1; 203.1 və 203.2-ci maddələrini, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023cü il tarixli Qərarını iş üzrə səhv tətbiq və təfsir etmiş, bununla da qanunsuz, əsassız və ədalətsiz məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə bu cür spesifik əmək mübahisələrində sübut etmə yükünü düzgün bölüşdürməmiş, saxlanca götürülmüş əmlakın salamatlığına dair işçinin təqsirililik prezumpsiyasını tətbiq etməmişdir. İddiaçı ona görə maddi məsuliyyəti cavabdehə aid edir ki, çünki mübahisə predmeti olan kompyuter avadanlıqları AR Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinin “a” bəndinin tələblərinə əsasən saxlanmaq və əmək funksiyalarının icrası zamanı istifadə olunması üçün cavabdehə təhvil verilmiş, lakin cavabdeh həmin avadanlıqları iddiaçıya geri təhvil verməmişdir. Həmin avadanlıqlarıncavabdehə təhvil verilməsi isə iş materiallarındakı təkzibedilməz sübutlarla (məsələn, təhvil-təslim aktı, audit rəyi, email yazışmaları, şahid ifadələri, ekspert rəyi, hətta şəxsin özünün izahatı və s.) tam sübut edilir. Birinci instansiya məhkəməsi təqsir məsələsinə formal yanaşmış, qətnamədə dəfələrlə “işçinin təqsiri sübut olunmalıdır” deyərək iş materiallarını araşdırmaqdan imtina etmiş, nəinki ədalətli, hərtərəfli, tam, obyektiv araşdırma aparmamış, ümumiyyətlə, iş üzrə heç bir araşdırma aparmamışdır. Çünki birinci instansiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13 (on üç) növdə sübutu nəzərə almadan, elan etmədən, tədqiq etmədən, qiymətləndirmədən məhkəmə iclasları aparmış və qətnamənin əsaslandırıcı hissəsində də bu sübutlara yoxmuş kimi heç bir qiymət verməmişdir. Hazırkı işdə də cavabdeh İT mütəxəssisi olduğu üçün əmək funksiyalarının icrasında istifadə etməsi üçün iddiaçı tərəfindən ona 7 (yeddi) ədəd kompyuter avadanlığı təhvil verilsə də, cavabdeh bir gün qəfil işə gəlməmiş və işdən ayrılmamışdan əvvəl həmin avadanlıqları iddiaçıya geri təhvil verməmişdir. Bu halda iddiaçı öz üzərinə düşən sübutetməni həyata keçirsə də (kompyuter avadanlıqlarının işçiyə təhvil verilməsini və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlamasını sübut etsə də), cavabdeh tərəfindən həmin avadanlıqların lazımi və salamat qaydada işəgötürənə geri təhvil verməsi sübuta yetirilməmişdir. İddiaçı daxili audit, Auditorlar Palatasının rəyi, İnventarizasiya komissiyası, hüquq-mühafizə orqanlarına müraciət edib araşdırma aparmışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının hazırkı işə ümumiyyətlə heç bir bağlılığı və aidiyyəti yoxdur. Məhkəmə ümumiyyətlə kompyuter avadanlıqlarının kimin risk dairəsi daxilində olması barədə heç bir araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi işə iş materiallarında olan sübutlar əsasında baxmalı, sübutları qarşılıqlı şəkildə tədqiq etməli, heç bir sübuta qabaqcadan müəyyən edilmiş bir qüvvə tanımamalı olduğu halda, məhkəmə mübahisənin taleyini bir sübutdan, yəni kamera görüntülərindən asılı etmişdir, hansı ki həmin kamera görüntü qeydləri müddət keçməsinə görə mövcud olmamışdır. Kamera görüntülərinə baxmağa zatən bir zəruriyyət yox idi, çünki cavabdeh özü etiraf edirdi ki, kompyuter avadanlıqları ondadır, bununla bağlı e-mail yazmış, avadanlıqların fotoşəkillərini şirkət əməkdaşlarına göndərmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak edərək izahat vermiş və izahatında apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün saymışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 191 (1-ci hissə). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 191 (2-ci hissə). Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199 (1-ci hissə). İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Maddə 203 (1-ci hissə). İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
15. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. "Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə deyillər. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, intizam sanksiyalarının yalnız işçiyə münasibətdə tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Belə ki, mülki hüququn təməl prinsipini hüquq subyektlərinin tam bərabərliyi təşkil edir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia rədd olunduğundan və qətnamə apellyasiya qaydasında yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
17. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, cavabdeh əmək müqaviləsi əsasında "xxxx" ASC-də kiçik mütəxəssis vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qəbul etməyi, yalnız əmək funksiyalarının icrası üçün istifadə etməyi və verildiyi andakı vəziyyətinə uyğun olaraq gələcəkdə qoruyub saxlamağı barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2023-cü ilin aprel ayı üzrə aparılmış invertarizasiya nəticələrinə dair aktlarla müəyyən olunur ki, dəyəri 9355,84 manat olan ümumilikdə 7 ədəd əmlak yoxdur.
18. Mübahisəli hal iddiaçı tərəfindən invertarizasiya nəticəsində müəyyən olunan çatışmazlıqlara görə maddi ziyanın cavabdeh tərəfindən ödənilməli olub-olmamasını müəyyən etməkdən ibarətdir.
19. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir.
20. Birinci instansiya məhkəməsinin iddia tələbini rədd edərkən əsas istinad etdiyi hallardan biri cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın mövcudluğu olmuşdur.
21. Lakin həmin qərardan aydın olur ki, cinayət işinin başlanmasının rədd edilməsinə səbəb araşdırmanın əhatə etdiyi dövr ərzində göstərilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə müvafiq qurumlara göndərilmiş məktubların cavablarının alınması və nəticəsindən asılı olaraq Cavabdeh əməllərinə düzgün hüquqi qiymət verilməsinin mümkün olmaması olmuşdur (i.v. səh 86).
22. Göründüyü kimi, cinayət işinin başlanması kifayət qədər araşdırma aparılmasının qeyri-mümkün olması səbəbindən rədd edilmişdir və bu baxımdan həmin qərar hazırkı işin taleyinə həlledici təsir edə bilməz. Əksinə, həmin qərara əlavə olunmuş bəzi sübutlar, o cümlədən Cavabdeh və iddiaçı təşkilatın əməkdaşı Anar Hüseynovun izahatları hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
23. Apellyasiya baxışı zamanı 138-c-23 №-li araşdırma materialına əlavə olunmuş izahatlar, o cümlədən Cavabdeh və X2 izahatlarının surəti Bakı şəhəri Səbail Rayon Prokurorluğundan əldə edilmişdir.
24. 138-c-23 №-li araşdırma materiallarında audit yoxlamasını həyata keçirmiş X2 izahatı bu şəkildə olmuşdur: “Yoxlama dövründə təxminən mart-aprel aylarında mən dəfələrlə istifadə etdiyim ***- ***-**-** nömrə ilə Cavabdeh istifadəsində olan ***-***-**-** nömrəsi ilə danışmışam. Hər dəfə Məmməd evə təmir etmək üçün apardığını deyirdi. Mən ona avadanlıqları fiziki olaraq görmək istədiyimi dedikdə istifadəsində olan “Elektron ünvan 2" elektron poçt ünvanı vasitəsi ilə mənim istifadəmdə olan "Elektron ünvan 3" elektron poçt ünvanına 254410, 254411, 254412, 254413, 254414 barkod nömrəli kompüter avadanlıqlarının şəkillərini çəkib atmışdı. Həmin şəkilləri və yazışmanı izahatıma əlavə edirəm. Buna baxmayaraq yoxlama qurtaranadək Cavabdeh həmin kompüter avadanlıqlarını gətirib təhvil verməmişdir” (həmin materiallardan çıxarış, səh 183-184).
25. Səbail rayon prokurorluğunda aparılan araşdırma zamanı Cavabdeh Hüseynov Anarın bu izahatına münasibəti öyrənilmişdir. Cavabdeh bildirmişdir ki, “Mən işlədiyim dövrdə təmir üçün evə apardığım kompüterlər olmuşdur. Lakin apardığım bütün kompüterləri gətirib yerinə qoymuşam. Təmirə apardığım kompüterlərin hər biri barədə məlumatlar vermişəm. Anar Hüseynovla danışıqları zamanı da həmin kompüterləri evə təmirə apardığımı demişdim, hətta şəkillərini də çəkib ona atmışdım. Təxminən bir gün sonra gətirib kompüteri ofisə qoymuşam, bununla bağlı da Azərsun Holding şirkətinin audit şöbəsinin əməkdaşları da öz kompüterlərində qeydlər aparmışlar” (həmin materiallardan çıxarış, səh 208-209).
26. Beləliklə, Anar Hüseynovun izahatından və Cavabdeh etirafından aydın olur ki, 254410, 254411, 254412, 254413, 254414 barkod nömrəli kompüter avadanlıqları Cavabdeh tərəfindən evə aparılmış və daha sonra isə geri gətirilərək təhvil verilməmişdir.
27. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, "xxxx" ASC-nin İnformasiya Texnologiyalar şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləmiş Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-dən “BİLGİSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR._HP” markalı 15 ədəd kompüterlərin alışını həyata keçirmiş, "xxxx" ASC tərəfindən həmin kompüter avadanlıqlarından nə qədərinin cəmiyyətə təhvil verməsini təsdiqləyən hər hansı sənədləşmə aparılmamış, buna səbəb olaraq şirkətdə malmaterialın saxlanıldığı anbarın olmaması göstərilmiş, həmçinin "xxxx" ASC-nin müraciətində göstərdiyi 254428 barkod nömrəli Laptop Lenovo TP L15 G2 15 8G 512G 10P markalı noutbukun da ümumiyyətlə Cavabdeh təhvil verilməsini təsdiqləyən hər hansı bir sənədləşmə aparılmamışdır.
28. Beləliklə, cinayət işi materiallarındakı izahat və etiraflardan müəyyən olunur ki, noutbukların Cavabdeh təhvil verilməsini təsdiqləyən hər hansı sübut yoxdur və ona görə də həmin noutbukların ondan tələb olunmasının hüquqi və faktiki əsası da yoxdur.
29. Göründüyü kimi, cavabdeh 254410, 254411, 254412, 254413, 254414 barkod nömrəli kompüter avadanlıqlarını evə apardığını və daha sonra geri gətirdiyini bildirmişdir. Bu baxımdan cavabdeh həmin komputer avadanlıqlarını evə apardığını göstərməklə iddiaçını həmin hissədə tələbini sübuta yetirmək vəzifəsindən azad etmiş olur. Lakin o, həmin avadanlıqları geri qaytardığını sübut etməli olduğu halda bunu edə bilməmişdir və məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh bu hissədə də iddiaçını həmin əmlakların cavabdehdə olmasını sübut etmək vəzifəsindən azad etmiş olur. Belə ki, qanunun tələbinə əsasən həmin hissədə sübutetmə yükü cavabdehin üzərinə düşür.
30. 2 ədəd “Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P” markalı noutbuklara gəldikdə isə iddiaçı həmin əmlakların cavabdehdə olmasını, ümumiyyətlə həmin əmlakların nə vaxtsa cavabdehə təhvil verilməsini sübut edə bilməmişdir. Bu, cinayət işi başlanmasının rədd olunması haqqında qərarda da aydın şəkildə öz əksini tapmışdır.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
32. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun saymır və hesab edir ki, məhkəmə işin hallarına düzgün qiymət verməmiş, bu isə düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
33. Belə ki, Mülki Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.
34. Yuxarıda qeyd olunduğu kimi, hazırkı işdə cavabdehin iddianı qismən etiraf etməsi təhqiqat materialları ilə müəyyən edilir. Həmçinin cavabdeh işlədiyi müddət ərzində ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qəbul etməyi, yalnız əmək funksiyalarının icrası üçün istifadə etməyi və verildiyi andakı vəziyyətinə uyğun olaraq gələcəkdə qoruyub saxlamağı barədə müqaviləyə imza etmişdir
35. B-9/8046 saylı, xx.xx.2023-cü il tatixli ekspert rəyindən görünür ki, "xxxx" ASC-də yaranmış çatışmazlıq məbləği 7675 manat müəyyən edilir: - 5 ədəd “BİLGİSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR._HP” markalı kompüterlər – 4375.00 (5 əd*875,0 man) - 2 ədəd “Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P” markalı noutbuklar – 3300,00 (2 əd*1650,0 man)
36. u səbəbdən də iddia 5 ədəd “BİLGİSAYAR_8GB_1C7P4ES_HP290 G4 MİCR._HP” markalı kompüterlərə (4375.00 manat) görə vurulmuş ziyan hissəsində təmin edilməlidir.
37. Kollegiya belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5 ədəd komputer avadanlıqlarının dəyərini təşkil edən 4375.00 AZN pul tutulub iddiaçıya ödənilməlidir. 2 ədəd “Laptop Lenovo TP L15 G2 İ5 8G 512G 10P” markalı noutbuklara (3300,00) münasibətdə isə Kollegiya hesab edir ki, iddiaçı həmin hissədə tələbini sübuta yetirə bilmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır.
38. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.
39. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
42. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə kassasiya qaydasında mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az, yəni 4980,84 manat olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 4375.00 (dörd min üç yüz yetmiş beş) manat pul alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.