Məhkəmə qərarları › İş №2(103)-4032/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4032/2023

19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4032/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı mülki iş (Açar sözlər: «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-390/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən 1979-cu il tarixində 54 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Sənayedə quraşdırma” ixtisasına qəbul olmuş və 1980-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış A № 669119 nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilir ki, BBTİ 16 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 1957-ci il təvəllüdlü Ərizəçi ondan ötrü ki, o həqiqətən xx/xx.1976-cı il tarixdən xx/xx.1978-ci tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. SSRİ MN-nin xx.xx.1978-ci il tarixli 92 saylı əmri ilə ehtiyata buraxılmışdır.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən xx.xx.1975-ci il tarixində 18 nömrəli Bakı Peşə Məktəbinin “Bənna” ixtisasına qəbul olmuş və xx.xx.1976-cı il tarixində həmin ixtisası əyani formada bitirmişdir.

5. Maraqlı şəxs Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli ərizəçiyə ünvanladığı “yaşa görə əmək pensiyası haqqında” məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. X2 Sisteminin Pensiya altsisteminə əsasən sığorta stajınız olmadığı və fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması içün iş stajı əmək kitabçası üzrə X1 Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd olunan yarımbəndlərin tələblərinə uyğun olaraq bildiririk ki, ümumi iş stajınızı təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 3 saylı Bakı “DOST” mərkəzinə təqdim etdikdən sonra Ərizəçi yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq Ərizəçi xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73- cü addələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

Birinci instansiya məhkəməsində icraat:

6. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ilin avqust ayı tarixindən xx.xx.2004-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-16” tikinti idarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizəçi ərizəsində göstərir ki, 1975-ci ilin avqust ayında Texniki Peşə Məktəbində qaynaqçı peşəsi üzrə təhsil almağa başlamışdır. 1976-cı ilin may ayında təhsilini bitirib, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmiş, SSRİ MN-nin xx.xx.1978-ci il tarixli, 92 saylı əmri ilə ehtiyata buraxılmışdır. 1979-cu il tarixində 54 nömrəli Bakı Texniki Peşə Məktəbinin "Sənaye quraşdırma" ixtisasına qəbul olunmuş, 1980-ci ildə A seriyalı 669119 saylı diplom almaqla oranı bitirmişdir. xx.xx.1978-ci il tarixdən Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-16" Tikinti İdarəsində qaynaqçı peşəsi üzrə işə qəbul olunmuş və xx.xx.2004-cü ilə qədər həmin idarədə qaynaqçı işləmişdir. Orada onunla bərabər Eminov İlham, Hacıyev Akif və Fərzullayev Ədalət işləyiblər. 2006-cı ildə Moskva şəhərində bazarda çalışarkən saxlanc yerilərində baş tutmuş yanğın nəticəsində onun əmək kitabçası və hərbi bileti yanaraq məhv olmuşdur. Əmək pensiyası almaq yaşına çatanda o, müvafiq quruma müraciət etmiş, ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" AR Qanununun 31.2-1-ci maddəsinə əsasən sığorta olunanın əmək kitabçası üçün 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışı əsasında təsdiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, xx.xx.2022-ci il tarixli, BA00520-2022 saylı cavab məktubunda ona bildirilmişdir ki, "BBTİ 16 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Beləliklə də onun xx.xx.1978-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Bakı Baş Tikinti İdarəsinin nəzdində olan "SU-16" tikinti idarəsindəki iş stajını tədiq edən sənədləri olmadığına görə əmək pensiyası ala bilmir. Bundan başqa, o, Azərbaycanın Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1990-cı ildən 1993-cü ilə kimi iştirak etmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi Bakı Baş Tikinti İdarəsinin nəzdində olan “SU-16” tikinti idarəsində qaynaqçı işləməsinin başqa yolla müəyyən edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, hesab edir ki, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-390/2023 saylı, 10 mart 2023cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə ərizənin qismən təmin edilərək Ərizəçi 07.19xx-xx.2002-ci illərdə BBTİ 16 saylı Tikinti İdarəsində qaynaqçı işləməsi faktının müəyyən edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi 1975-2004-cü illərdə BBTİ 16 saylı Tikinti İdarəsində qaynaqçı işlədiyini, lakin, 2006-cı ildə Moskva şəhərində bazarda çalışarkən saxlanc yerlərində baş tutmuş yanğın nəticəsində əmək kitabçasının yandığını bildirərək, məhkəmədən həmin dövrdə orada işləməsi faktının təsdiq edilməsini xahiş etmişdir. O, bu faktı təsdiq etmək üçün Dövlət Arixivinə müraciət etsə də həmin müəssissəsin arxiv sənədləri tapılmamışdır. Lakin, ərizəçinin vəsatəti ilə həmin dövrdə bu müəssisədə işləmiş şahidlər X3, X6 və X4 Ərizəçi həqiqətən onlarla birlikdə, eyni müəssəsidə işlədiyini, ərizəçinin qaynaqçı olduğunu bildirmişlər. İlk növbədə, nəzərə alınmalıdır ki, hazırkı halda Ərizəçi əmək kitabçası yandığına görə və işlədiyini iddia etdiyi müəssisənin arxiv sənədləri aşkar edilmədiyinə görə bu fakt yalnız məhkəmə qətnaməsi ilə təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə hesab edir ki, Ərizəçi əmək kitabçası yandığından və arxiv sənədləri olmadığından onun Bakı Baş Tikinti İdarəsinin 16 saylı idarəsində qaynaqçı kimi əmək fəaliyyətini yalnız onunla birlikdə həmin idarədə işləmiş və əmək kitabçasında bu barədə qeyd edilmiş şəxslərin şahid kimi izahatları təsdiq edə bilər. Nəzərə alınmalıdır ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qətnamənin ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və mövqeyini bununla əsaslandırmışdır ki, ərizəçi sözügedən idarədə xx.xx.1975-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi işlədiyini iddia edir. Lakin şahid ifadələrindən də göründüyü kimi, şahidlər ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləməmişdir. Bundan başqa, sözügedən qərarın 1.3-cü bəndinə görə, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Lakin işin faktiki halları ilə müəyyən olunur ki, bu faktın təsdiq olunması Ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmur. Belə ki, ərizəçi həmin faktın təsdiq edilməsinin zəruriliyini ona yaşa görə əmək pensiyası təyin edilməsinə səbəb olacağı ilə əsaslandırmasına baxmayaraq, nəzərə alınmalıdır ki, həmin fakt təsdiq olunsa belə, ərizəçinin qanunvericiliklə müəyyən olunmuş sığorta stajı tamamlanmır. Bu da ona yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz edir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinə isə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçularm, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

14. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.

15. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ərizənin qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni ərizənin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. Ərizənin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Əvvəla, ərizəçinin 1981-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Bakı Baş Tikinti İdarəsinin 16 saylı Tikinti İdarəsində qaynaqçı işləməsini həmin İdarədə işləmiş şahidlər ifadələri ilə təsdiq edir. Şahid ifadələrini mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar olmalıdır. Maraqlı şəxs şahidlərin ərizəçinin iddia etdiyi tam tarixlərdə orada işləmədiyini göstərsə də birinci instansiya məhkəməsi ərizəçinin iddia etdiyi tarixləri deyil, şahidlərin ərizəçi ilə birlikdə işlədikləri dövrü nəzərə alaraq hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən etmişdir. Başqa sözlə, üç şahiddən ikisinin ifadəsi ilə ərizəçinin 1981-ci ilin iyul ayından, ikisinin ifadəsi ilə isə 2002-ci ilin yanvar ayınadək fasiləsiz olaraq qeyd olunan İdarədə qaynaqçı işləməsi faktı təsdiq edilir. Şahid ifadələrini təkzib edən hər hansı sübut müəyyən edilmədi, bu ifadələrin sübut kimi qəbul olunmasını istisna edən hallar da mövcud deyil. Əksinə ərizəçinin apellyasiya baxışı zamanı təqdim etdiyi 14 yanvar 1984cü il tarixli “İnşaatçı” qəzetində işlədiyi İdarədən aldığı yataqxana tipli yeni mənzilə köçürülməsi barədə məlumatla və 09 oktyabr 1987-ci il tarixli orderlə yeni 4 otaqlı mənzil alması barədə sənədlərlə onun qeyd İdarədə fasiləsiz işlədiyini təsdiq etmiş olur.

25. Maraqlı şəxs bu faktın təsdiq edilməsinin ərizəçi üçün hər hansı hüquqi nəticəyə səbəb olmadığını, yəni həmin fakt təsdiq olunsa belə, ərizəçinin qanunvericiliklə müəyyən olunmuş sığorta stajı tamamlanmadığını, bu da ona yaşa görə əmək pensiyası təyin edilməsini mümkünsüz etdiyini göstərsə də bu dəlillər ərizənin rədd edilməsi üçün əsas ola bilməzdi. Çünki, hazırki icraat üzrə ərizəçinin sığorta stajının tamamlanıbtamamlanmaması və ona yaşa görə əmək pensiyası təyin edilməsi məsələsi həll edilmir. Yəni, ərizəçi xüsusi icraat qaydasında müraciət edərkən tələbi maraqlı şəxsi ona pensiya təyin etməyə məcbur etmək olmamışdır. Hər bir halda qeyd olunan dövr üzrə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ərizəçiyə əmək pensiyası təyin edilməsi zamanı müsbət təsiri olacağı istisna edilmir. Başqa sözlə ərizəçi mülki mühakimə icraatı qaydasında iş stajının müəyyən olunmasına nail olmaq istəyir. Çünki, pensiya təyin edən qurum pensiya təyin etmək üçün ərizəçidən iş stajını təsdiq edən sənəd yaxud bu faktı təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktı tələb edir. Buna görə də ərizəçi işlədiyini iddia etdiyi qurumu və müddəti göstərməklə iş stajının, yəni konkret hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini istəyir. Çünki, təsdiq olunarsa hüquqi fakt kimi bunun əhəmiyyəti ola bilər. Ərizəçi isə bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ancaq qeyd olunduğu kimi bu istəyinin qanunla müəyyən edilmiş qaydada reallaşmasına inzibati orqan olan maraqlı şəxs səlahiyyətləri çərçivəsində yardım etmir, əksinə məhkəmənin müəyyən etdiyi faktı da mübahisələndirməklə ərizəçinin düşdüyü vəziyyətin bir qədər də ağırlaşdırılmasına şərait yaradır ki, bu da pensiya yaşına çatmış ərizəçinin hüquqlarının pozulmasına səbəb olur.

26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 390/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-390/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar