Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4033/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 02.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin müşahidə şurasının 01.06.2020-ci il tarixli qərarını “İnformasiya Texnologiyaları İnfrastrukturu” struktur bölməsinin ləğv olunması hissəsində qanunsuz hesab edilməklə, həmin hissədə qərarın ləğv edilməsi, cavabdehin ona ünvanladığı 12.06.2020-ci il tarixli bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində göstərilən tələblə yanaşı “İnformasiya Texnologiyaları İnfrastrukturu” struktur bölməsinin direktoru vəzifəsinin ixtisar edilməsinin qanunusuz hesab edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ya tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun vəzifəyə təyin olunması, cavabdehdən onun xeyrinə məcbur ödənişsiz məzuniyyətə göndərildiyi mart, aprel və may ayları üçün ödənilməmiş əmək haqqının, habelə 13 avqust 2020-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ASC-də rəsmi fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. 12 il bundan əvvəl sözü gedən bankın quruculuğunda iştirak etmiş və onun infrastrukturunun yaradılmasında böyük əməyi var. Bankdakı fəaliyyətinə İT departamentinin tərkibində Texniki xidmət şöbəsinin rəisi kimi başlamışdır. Qısa müddət sonra eyni departamentin direktoru vəsifəsinə, bir müddət sonra sahənin rəhbəri kimi baş direktor vəzifəsinə təyin edilmişdir. 2011-ci ildə rəhbərliyin dəyişilməsi və yeni rəhbərlik tərəfindən struktur dəyişdirilməsi ilə əlaqədar olaraq baş direktor vəzifələri ləğv edilmiş və yenidən İT departamentin direktoru vəzifəsinə geri qaytarılmışdır. Çalışdığı dövr ərzində qüsursuz fəaliyyət göstərmiş, dəfələrcə müvəffəqiyyətlərə nail olaraq maddi şəkildə mükafatlandırılmışdır. İşlədiyi dövr ərzində özünü nümunəvi işçi kimi göstərmiş olmağı ilə bərabər, bir dəfə olsun belə nizam-intizam qaydalarının pozuntusuna yol verməmiş, əksinə, dəfələrlə rəhbərlik tərəfindən fəaliyyəti müsbət qiymətləndirilmiş, bir sözlə, daima Bankın ona göstərdiyi yüksək etimadın doğrultması üçün çalışmış və bütün işini bu prinsip əsasında qurmuşdur. 2018-ci ildə Banka Baş icracı direktor təyin edilən Samir Şirinov hal hazırda da fəaliyyət göstərən bankın Müşahidə Şurası heyətinə təkid edərək, şəxsi qərəzlik zəminində İT departamentin 2 hissəyə bölünməsini tələb etmiş və ehtiyac olmadığı halda bu strukturun dəyişdirilməsinə nail olmuşdur. Beləliklə, İT departamenti İT inkişaf və İT İnfrastruktur adlı hissələrə bölünmüşdür. Bu bölünmədən sonra mən İT İnfrastruktur bölməsinə direktoru təyin olunmuşdur. Belə bir strukturun yaradılmasının məqsədəuyğun olmadığı iddaçı tərəfindən dəfələrlə bildirilsə də, buna məhəl qoyulmamış, üstəlik yuxarıda adı çəkilən iki departamenti idarə etmək üçün Baş Direktor vəzifəsi də təsis edilərək həmin vəzifəyə kadr təyin olunmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı fəaliyyətini davam etdirmiş və bunun nəticəsi olaraq 2018-ci il ərzində daha bir neçə böyük nailiyyətlərə imza atmışdır. Bütün bu müvəffəqiyyətlərə baxmayaraq baş icracı direktor Samir Şirinov öz vəzifə səlahiyyətlərindən istifadə edərək iddiaçının işdən kənarlaşdırmaq üçün əlinən gələni etmişdir. Samir Şirinov həmin ilin may ayında tutduğu vəzifəsindən kənarlaşdırılmış, lakin sonradan ona qarşı öz şəxsi ambisiyalarını bankın Müşahidə Şurasının üzvü kimi davam etdirmişdir. 2019-cu ilin iyul ayında onun təklifi ilə X7 üzvü kimi işə cəlb edilmiş İqbal Rüstəmovun İT sahəsinə kurator olaraq fəaliyyətə başlaması ilə iddiaçıya qarşı olan şəxsi münaqişəni onun vasitəsilə davam etdirmişdir. Bunun nəticəsində iddiaçının gündəlik işlərdən kənarlaşdınlmağı, işçiləri arasında iddiaçıya qarşı təbliğatın aparılması, yersiz narazılıqlar və s. 2019-cu ilin sonuna kimi davam etmişdir. Bundan əlavə İ.Rüstəmov tərəfindən Cavabdehın aid olduğu Holdinqdə aidiyyatı olmayan müxtəlif qurumların rəhbərlərinin iddiaçıya qarşı “mənfi rəy”də olduğu haqqında fikir digər strukturların rəhbərləri və işçiləri arasında geniş təbliğ olunub. Nəhayət 2020-ci ilin yanvar ayında iddiaçının öz vəzifəsinə uyğun olmadığı şifahi olaraq açıqlanaraq işdən tamamilə kənarlaşdırmağına qərar verildiyi bildirilib. Bu ilin mart ayının əvvəllərinə qədər əlindən gələn bütün səyləri ortaya qoysa da, bu müddət ərzində ona psixoloji təzyiq edilmiş, işlərdən kənarlaşdırılaraq dəfələrlə təhdidlərə məruz qalmışdır. Bundan əlavə baş direktor onu tez-tez otağına çağırıb işdən çıxmaq üçün ərizə verməli olduğunu bildirib. Nəhayət iddiaçı öz iradəsi xaricində işdən azad olma ərizəsi yazdırmağa nail olublar. İşdən çıxma haqqında ərizə 4 ay ödənişsiz məzuniyyətə göndərilməklə 1 iyul tarixinə yazdırılmışdır. Ərizə qanunsuz olaraq, öz iradəsi xaricində, kəskin təhdidlər altında altında yazdırılıb. Mart ayının əvvəlindən başlayan koronavirus pandemiyası ilə əlaqədar mart ayı daxil həmin aydan 3 ay ərzində əmək haqqı almadan, evdə qaldıqları üçün daha çox düşünərək öz yerinə qayıtmalı olduğumna qərar vermiş və ödənişsiz məzuniyyətin dayandırılması və işdən azad olmağı ilə bağlı ərizəni geri almaq üçün hüquq normaları çərçivəsində yeni ərizələr təqdim etdi və bu ərizələr qanun çərçivəsində qəbul edildi. 1 iyun 2020-ci ildən işinə başlayaraq sakit şəkildə tabeçiliyində olduğu Baş Direktor Rüfət Quliyevlə birlikdə fəaliyyətini davam etdirmişdir. Belə ki, ona qarşı şəxsi qərəzli mövqe tutan rəhbər şəxslər onun haqlı olduğunu nəzərə alaraq istənilən halda geri yerinə gələcəyini nəzərə almış və öz səlahiyətlərindən istifadə edərək bu vəziyyətdə nə ediləcəyini düşünərək onu istənilən halda işdən kənarlaşdırmaq üçün ‘tədbir” görmüşdür. Bu gedişlə 8 iyun 2020-ci il tarixində ididaçının hal hazırda çalışdığı vəzifənin ixtisara düşməsi ilə əlaqədar bildiriş verilmişdir ki, bu bildirşdə tamamilə uyğun olmayan “Baş Mütəxəssis” vəzifəsi təklif edilmişdir. Bildirişlə müəyyən olunmuşdur ki, direktoru olduğu “İnformasiya Texnologiyaları İnfrastrukturu” struktur bölmə Cavabdeh ASC-nin Müşahidə Şurasının 01.06.2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bildirişlə eləcə də müəyyən olunur ki, zamanında yersiz 2 hissəyə bölünmüş İT sahəsi yenidən birləşdirilib adı “İnnovasiyalar İdarəsi” qoyulmuş, mənə isə vəzifə təlimatı bəlli olmayan “Baş Mütəxəssis” vəzifəsi təklif edilmişdir. 2020-ci ilin 8 iyun tarixində təklif olunan vəzifənin uyğun olmadığını bildirsə də, bunu qəbul etmirəm kimi qələmə verərək, 12 İyun 2020-ci il tarixində tutduğu vəzifədən 9 həftə sonra azad ediləcəyi barədə bildiriş verilmişdir Bildirişdə eləcə də bildirilmişdir ki, 2020-ci ilin 8 iyun tarixində bildirişi qəbul etməkdən imtina etdiyinə görə 13 avqust 2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Bildirişlərdə sözü gedən strukturun ləğvi barədə məlumat verilsə də, təsadüf deyil ki, bu rəsmi olaraq yalnız iddiaçıya həm şifahi həm də yazılı, o cümlədən, elektron məktub vasitəsilə bildirilmişdir. Bildiyiniz kimi strukturun bu şəkildə ləğvi baş verərkən həmin gündən etibarən ləğv edilən strukturda çalışan bütün əməkdaşlara bildiriş verilməlidir, onlar ixtisar edilməsə də, ən azından yeni strukturda hansı vəzifəni daşıyacaqları və istənilən halda təklif formasında bildirişlər verilməli idi. Yalnız bu günə kimi bu barədə heç bir əməkdaşa bildirilməsə də, tələsik ilk olaraq iddiaçıya verilib və ard-arda şifahi, yazılı elektron müraciətlər edilərək tez cavab verməli olduğu bildirilib. İddianın təmin olunmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ASC-nin idarə heyətinin sədri tərəfindən imzalanmış 13.08.2020-ci il tarixli, 126-K saylı əmrin etibarsız hesab edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə tutduğu vəzifə və aldığı əmək haqqına uyğun vəzifəyə bərpa olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(004)-266/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, faktlar baxımından və hüquqi nöqteyi-nəzərindən qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Bu səbəbdən də, hazırkı apelyasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, digər hissələrdə dəyişdirilmədən saxlanılmasına, iddia tələblərinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.Bank, İddiaçı vəzifəyə bərpa edilməsi barədə qətnaməni əsassız və qanunsuz sayır.İlk olaraq bildirirlər ki, R.S. Daşdəmirovun çalışdığı struktur bölmənin ləğv edilməsi ilə bağlı olaraq onun ixtisar edilərək işdən azad edilməsi zamanı Bank tərəfindən qanunvericiliyin tələb etdiyi bütün prosessual normalar gözlənilmiş və bu proses zamanı heç bir pozuntuya yol verilməmiş, əmək qanunvericiliyi tələbləri çərçivəsində hərəkət edilmişdir.Bu, işin mübahisəsiz halıdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hətta qətnamədə də qeyd etmişdir ki, işə götürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə müvafiq olaraq əmək müqaviləsi ləğv olunmazdan əvvəl işçi ixtisarla bağlı lazımi qaydada xəbərdar olunmuşdur. (bax. Qətnamə-səh. 4, abzas 4). Bununla belə, məhkəmə hesab etmişdir ki, iddiaçının çalışdığı “İT infrastrukturu" struktur bölməsinin ləğvi (qətnamədə ixtisar kimi qeyd edilir) formal xarakter daşımışdır. Bunun əsası kimi isə məhkəmə yeni yaradılmış İdarənin vəzifələri ilə ləğv edilmiş strukturun vəzifələrinin bəzilərinin eynilik təşkil etməsini qeyd etmişdir. Əslində qətnamədə “bəziləri” sözü işlədilməyib, amma məhkəmə cəmi 10-na yaxın vəzifəni qeyd edərək onların hər iki strukturda təkrarlanğını bildirmiş və məhz buna istinad edərək strukturun ixtisar edilməsinin formal xarakter daşıdığını qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, məhkəmə qətnaməsi hakimin şəxsi mülahizələrinə yox, qanuna və sübutlarla əsaslanmalı, formal olmamalıdır. Qeyd etmək lazımdır ki, ləğv edilən strukturun 79 sayda vəzifə öhdəliyi, yeni yaradılmış strukturun isə 108 sayda vəzifə öhdəliyi olub. Bunların içərisindən 10 ədəd oxşar və ya eyni vəzifə öhdəlini seçib, onlara istinad edərək Bankda aparılmış struktur dəyişikliyinə kölgə salmaq və ixtisarın formal aparılmasını bildirmək ağlasığmaz bir haldır, bununla bərabər qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində “Fərdi əmək mübahisələrinin həlli qaydaları” adlı 45ci fəsil mövcuddur və həmin fəslə aid olan 300-cü maddənin tələblərinə görə əgər, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq, işçiyə əmək stajına müvafiq olaraq azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. Göründüyü kimi, qanunvericilik əmək mübahisəsini həlli zamanı məhkəməyə işçinin vəzifəyə bərpası barədə qətnamə çıxarmasını istənilən əsasla deyil, yalnız işəgötürənin əməlində yuxarıda qeyd edilən maddələrlə müəyyən edilmiş qaydaların pozuntusunu aşkarladığı halda icazə verir. Həmin maddələr isə özündə texniki və prosessual məsələləri əks etdirir. İşəgötürən Bank isə həm struktur bölmələrin ləğvi zamanı, həm də işçinin ixtisarı zamanı bu normaları pozmamışdır. Bir daha təkrarlayırıq ki, bu işin mübahisəsiz halıdır. Təkcə strukturların əsasnamələrində qeyd edilən bir neçə vəzifə öhdəliklərində oxşarlıq hallarının olması faktı isə məhkəməyə işə bərpa edilmə ilə bağlı qətnamə çıxarmasına hüquq və əsas vermir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Nə Əmək Məcəlləsində, nə də digər normativ aktlarda İşəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur, İşəgötürən müəssisədaxili təşkilati strukturu sərbəst öz mülahizəsinə və müəssisənin gələcək inkişafına yönələn strateji baxışma uyğun yaradır və idarə edir. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, müəsissədə idarəetməni təkmilləşdirmək, izafi xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir neçə struktur bölməni və müvafiq olaraq ştat vahidlərinin ləğv edilməsi barədə Bankda qərar verilmişdir. Ləğv edilmiş bir neçə strukturların sırasında İT-na aid olan “İnformasiya Texnologiyaları İnfrastrukturu” adlı struktur bölmə və “İT inkişaf’ adlı struktur bölmələri də ləğv edilmiş, onların əvəzində “İnnovasiyalar İdarəsi” adlı və daha geniş vəzifələrə malik struktur bölmə yaradılmasına qərar verilmişdir. Eyni zamanda Bankın ştat cədvəlinin də yeni redaksiyada tərtib edilməsi qərarlaşdırılmışdır. Bununla bərabər isə işəgötürən öz hüquqlarından istifadə edərək, Müşahidə Şurasının qərarı ilə yeni yaradılmış struktur bölmələrdə kadr təyinatları və dəyişiklikləri, habelə ştatların ixtisarı ilə əlaqədar əmək qanunvericiliyi ilə təsbit olunmuş müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən əmək müqaviləsi ləğv edilən işçilərə rəsmi xəbərdarlıq edilməsi məsələsini həyata keçirmişdir. Bir daha qeyd etmək lazımdır ki, İnformasiya Təhlükəsizliyi (İT) ilə bağlı fəaliyyət göstərən yuxarıda qeyd edilən hər 2 struktur ləğv edildiyindən həmin bölmələrin direktorları ixtisar edilmiş və yeni yaradılmış daha geniş səlahiyyətə və öhdəliyə malik İdarəyə isə Bankın Baş Direktoru rəhbər təyin edilmişdir. Hesab edirlər ki, yeni yaradılmış idarəyə yeni rəhbər təyin etməkdə müəssisə rəhbərliyi sərbəstdir və işəgötürən qanunla ona verilmiş bu hüququndan istifadə etmişdir. Burda heç bir şəxsi qərəzdən belə söhbət gedə bilməz. Hamıya məlum olan haldır ki, müəssisələr yuxarıda göstərilən bu və ya digər səbəblərə görə vaxtaşırı olaraq struktur dəyişiklikləri, fəaliyyətin optimallaşdırılması prosesesini keçirirlər. Bu, müasir zamanın, müasir idarəetmə prinsiplərinin təməl, qaçılmaz və vacib elementlərindən sayılır. Bank fəaliyyəti isə həmin optimallaşmanın daha çox aparılmasını tələb edir. Çünki maliyyə təşkilatları ölkənin maliyyə bazarlarında olan dəyişikliyə uyğun olaraq çevik idarəetmə prinsiplərinə əməl edirlər, nəticədə qanunvericiliyin tələblərindən kənara çıxmamaq şərti ilə işçi sayını artırır və ya azaldırlar. Bankda olan köhnə struktur formasının az effektli və təkmilləşməyə ehtiyac olması səbəbindən və daha səmərəli idarəetmə modelinə keçid məqsədi ilə təşkilati strukturun dəyişdirilməsi və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi bank rəhbərliyi tərəfindən qərarlaşdırılmış və bu işlər həyata keçirilmişdir. Məhkəmə tərəfindən Bankın bu qanuni hərəkətlərinin həyata keçirilməsinin işdən azad edilən işçinin hüquqlarının pozulmasına gətirib çıxarması kimi qiymətləndirilməsi isə öz özlüyündə əsassızdır. Bu məntiqlə yanaşsaq, o zaman dünyanın hər bir yerində müəssisələrdə həyata keçirilən optimallaşdırma prosesləri nəticəsində ixtisar edilən bütün işçilərin hüquqları pozulmuş sayılmalıdır. O zaman sual yaranır: Bəs ixtisar nə zaman və necə aparılsın ki, işçinin hüquqları bu məntiqlə pozulmuş hesab edilməsin?! Bunun yalnız bir çıxış yolu var, o da qanunda qeyd edilən ixtisar institutunun ləğv edilməsi. Nə qədər ki, həmin institut mövcuddur və müəssisələr ona istinad edərək, prosessual pozuntu etmədən, qanunun tələblərinə riayət edərək optimallaşdırma və ixtisar aparırlarsa, məhkəmələr formal və subyektiv mülahizələrə əsaslanaraq işçinin hüquqlarının pozulmasını qeyd etməkdə haqlı görünmürlər. Əksi olarsa, bu, səhv məhkəmə təcrübəsinin yaranmasına gətirib çıxara biləcək və o zaman qanuni əsaslarla ixtisar edilmiş bütün şəxslər bu cür məhkəmə qərarlarına istinad edərək məhkəmələrdə iddia qaldıra bilmək hüququ qazanacaqlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlarla əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll edilməsi zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin hazırki qətnaməsi isə qanunvericiliyin bu müddəaları pozularaq qəbul edilmişdir. Hətta məhkəmə qətnaməsinin “əsaslandırılma hissəsi yoxdur" deməyə belə tam əsasları mövcuddur. Ümumiyyətlə, məhkəmə qərtnaməsini oxuyarkən elə bir təəssürat yaranır ki, məhkəmə hazırki iddianı istəmədən təmin etmişdir. Çünki, əsaslandırma hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin cəmi bir - 77.1-ci maddəsinə (onu da natamam qeyd etmişdir və nəyə görə qeyd etməsi bəlli deyil, çünki o müddəada xəbərdarlıq müddətləri qeyd edilmişdir, o müddətlərin tərəfimizdən pozulmaması halı isə mübahisəsizdir) və bir də Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.12.1993-cü il tarixli Plenum qərarına istinad edilmişdir. Həmin istinadı isə məhkəmə iddiaçının iddia ərizəsində olduğu kimi, səhvləri ilə birlikdə ordan kopyalayaraq qətnaməyə köçürmüşdür. Belə ki, iddia ərizəsinə nəzər salsaq görərik ki, cavabdeh 23.12.1993-cü il tarixli sözügedən Plenum qərarına istinad edərkən onun 14-cü bəndini göstərmiş və qeyd etmişdir ki, həmin bəndə əsasən işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla əlaqədar mübahisə yarandıqda əmək mübahisəsinə baxan məhkəmə ixtisarın məqsədəuyğunluğu məsələsini müzakirə etmədən işçilərin sayının və ya ştatının ixtisar edilibedilmədiyini, işçinin işdə saxlanmaq üçün üstünlük hüququnun,nəzərə alınıb-alınmamadığını və s. yoxlamağa borcludur. Reallıqda isə orda elə cümlə yoxdur. İddiaçı öz iddia ərizəsində qəsdən 1993-cü ilin Plenum qərarına dəyişiklik etmiş və orada qeyd edilən “Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin 1-ci bəndinə əsasən” sözlərini “Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən” sözləri ilə dəyişmişdir. Məhkəmə də həmin cümləni iddiaçı yazdığı formada səhvləri ilə birlikdə iddiaçının ərizəsindən götürərək qətnamənin əsaslandırılma hissəsinə daxil etmişdir. Bu isə onu deməyə əsas verir ki. məhkəmə qanunvericiliyi araşdırmamış və bu səbəbdən də qətnamə qanuni və əsaslı sayıla bilməz. Məlumdur ki, 1999-cu ildən etibarən ölkəmizdə yeni Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvəyə minmiş və həmin Əmək Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi (Azərbaycan SSR X5, 1971-ci il, № 23, maddə 190) qüvvədən düşmüş hesab edilmişdir. Ali Məhkəmənin Plenum qərarı isə 23.12.1993-cü ildə qəbul edilmiş və özündə köhnə, o vaxt qüvvədə olan Əmək Qanunları Məcəlləsinin müddəalarını ehtiva edir. Məhkəmənin 2021-ci ildə mübahisəsinə baxdığı iş üzrə 1993-cü ildə qəbul edilmiş Ali Məhkəmənin Plenumunun qərarının hansısa bəndinə istinad etməsi, həm də bunu yuxarıda qeyd edilmiş formada etməsi tam qanunsuzdur. Bundan başqa, məhkəmə iddiadan kənara çıxaraq, iddiaçının iddia ərizəsində göstərmədiyi halda, işəgötürənin işdən çıxarılma barədə əmrini etibarsız hesab etmişdir. Nəticə etibarilə işəgötürənin Müşahidə Şurasının qərarı ilə müəyyən edilən və onun əsasında aparılan ixtisarın qanuni olduğu qənaətinə gələn məhkəmə tərəfindən sonda İdarə Heyətinin sədrinin imzaladığı işdən çıxarılma əmrinin etibarsız edilməsi, bununla belə Müşahidə Şurasının qərarının qüvvədə qalması işəgötürəni çıxılmaz və anlaşılmaz vəziyyətdə qoyur. Həm də məhkəmə etibarsız hesab etdiyi əmrin etibarsızlığının səbəbini, bu etibarsızlığın qanuni mənbəyinin nədən ibarət olmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Miilki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni qərarın 5-ci bəndinə əsasən məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Həmin qərarın 6.8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Göründüyü kimi 05 fevral 2021-ci il tarixli 2(004)-266/2021 saylı qətnamə aydın və dəqiq olmamaqla yanaşı, ziddiyyətlidir, iş üzrə müəyyən edilmiş həqiqi hallara əsaslanmır, onun qəbulu ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmır. Şərh edilənlərlən belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi bütün bunlara baxmayaraq iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, tərəflər arasında münasibətləri tənzimləyən müqavilə müddəalarına, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır.Bu səbəbdən Bakı şəhəri Yasamal rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(004)-266/2021 saylı qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, və apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək və apellyasiya şikayətinə etiraz etdiklərini bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, İş üzrə materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, ş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş 08.06.2020-ci il tarixli struktur bölmənin ləğv və ştatın ixtisar edilməsi ilə bağlı başqa vəzifə təklif edilməsinə dair bildirişə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı bankın “İnnovasiyalar idarəsinin Baş mütəxəssisi” vəzifəsi təklif olunması barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş 12.06.2020-ci il tarixli struktur bölmənin ləğv və ştatın ixtisar edilməsi ilə bağlı əmək münasibətlərinə xitam verilməsinə dair bildirişə əsasən Müşahidə şurasının 01.06.2020-ci il tarixli qərarı əsasında İddiaçı direktor olduğu “İnformasiya Texnologiyaları infrastrukturu” struktur bölməsi ləğv edilməsi, vəzifə üzrə ştatın ixtisar olunması və buna əsasən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin işdən azad olunma və əmək müqaviləsinin ləğv olunması haqqında 13.08.2020-ci il tarixli, 126-K saylı əmrdən müəyyən olunur ki, İddiaçı “İT infrastruktur” struktur bölməsinində tutduğu vəzifədən 13.08.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi son haqq-hesab aparılmaqla ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasının 01.06.2020-ci il tarixli iclasının protokolundan 17.08.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh ASC-nin ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi və “İT infrastruktur” bölməsinin ləğv edilməsi qərara alınmışdır. İddiaçı “İnformasiya Texnologiyaları İnfrastrukturu” struktur bölməsinin direktoru vəzifəsindən həmin struktur bölmə ləğv olunduğuna görə azad edilmişdir. İşə götürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə müvafiq olaraq əmək müqaviləsi ləğv olunmazdan əvvəl işçi ixtisarla bağlı lazımı qaydada xəbərdar olunmuşdur. Kollegiya qeyd edir ki, R.S. Daşdəmirovun çalışdığı struktur bölmənin ləğv edilməsi ilə bağlı olaraq onun ixtisar edilərək işdən azad edilməsi zamanı Bank tərəfindən qanunvericiliyin tələb etdiyi bütün prosessual normalar gözlənilmiş və bu proses zamanı heç bir pozuntuya yol verilməmiş, əmək qanunvericiliyi tələbləri çərçivəsində hərəkət edilmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi də hesab etmişdir ki, işə götürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə müvafiq olaraq əmək müqaviləsi ləğv olunmazdan əvvəl işçi ixtisarla bağlı lazımi qaydada xəbərdar olunmuşdur.Bununla belə, 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının çalışdığı “İT infrastrukturu" struktur bölməsinin ləğvi (qətnamədə ixtisar kimi qeyd edilir) formal xarakter daşımışdır. Bunun əsası kimi isə məhkəmə yeni yaradılmış İdarənin vəzifələri ilə ləğv edilmiş strukturun vəzifələrinin bəzilərinin eynilik təşkil etməsini qeyd etmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, ləğv edilən strukturun 79 sayda vəzifə öhdəliyi, yeni yaradılmış strukturun isə 108 sayda vəzifə öhdəliyi olub.Bunların içərisində 10 ədəd oxşar və ya eyni vəzifə öhdəliyinin olması Bankda aparılmış struktur dəyişikliyinin, ixtisarın formal olması kimi qiymətləndirilə bilməz, çünki Bankda aparılmış struktur dəyişikliyinin formal olması hər hansı sübutla təsdiq olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində “Fərdi əmək mübahisələrinin həlli qaydaları” adlı 45-ci fəsil mövcuddur və həmin fəslə aid olan 300-cü maddənin tələblərinə görə əgər, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq, işçiyə əmək stajına müvafiq olaraq azı doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. Göründüyü kimi, qanunvericilik əmək mübahisəsinin həlli zamanı məhkəməyə işçinin vəzifəyə bərpası barədə qətnamə çıxarmasını istənilən əsasla deyil, yalnız işəgötürənin əməlində yuxarıda qeyd edilən maddələrlə müəyyən edilmiş qaydaların pozuntusunu aşkarladığı halda icazə verir. Həmin maddələr isə özündə texniki və prosessual məsələləri əks etdirir. İşəgötürən Bank isə həm struktur bölmələrin ləğvi zamanı, həm də işçinin ixtisarı zamanı bu normaları pozmamışdır. Kollegiya qeyd edir ki, yalnız strukturların əsasnamələrində qeyd edilən bir neçə vəzifə öhdəliklərində oxşarlıq hallarının olması faktı isə məhkəməyə işə bərpa edilmə ilə bağlı qətnamə çıxarmasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Nə Əmək Məcəlləsində, nə də digər normativ aktlarda İşəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur, İşəgötürən müəssisədaxili təşkilati strukturu sərbəst öz mülahizəsinə və müəssisənin gələcək inkişafına yönələn strateji baxışma uyğun yaradır və idarə edir. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, müəsissədə idarəetməni təkmilləşdirmək, izafi xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bu zəmində digər zəruri islahatlar aparmaq məqsədi ilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir neçə struktur bölmənin və müvafiq olaraq ştat vahidlərinin ləğv edilməsi barədə Bankda qərar verilmişdir. Ləğv edilmiş bir neçə strukturların sırasında İT-na aid olan “İnformasiya Texnologiyaları İnfrastrukturu” adlı struktur bölmə və “İT inkişaf’ adlı struktur bölmələri də ləğv edilmiş, onların əvəzində “İnnovasiyalar İdarəsi” adlı və daha geniş vəzifələrə malik struktur bölmə yaradılmasına qərar verilmişdir. Eyni zamanda Bankın ştat cədvəlinin də yeni redaksiyada tərtib edilməsi qərarlaşdırılmışdır. Bununla bərabər isə işəgötürən öz hüquqlarından istifadə edərək, Müşahidə Şurasının qərarı ilə yeni yaradılmış struktur bölmələrdə kadr təyinatları və dəyişiklikləri, habelə ştatların ixtisarı ilə əlaqədar əmək qanunvericiliyi ilə təsbit olunmuş müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən əmək müqaviləsi ləğv edilən işçilərə rəsmi xəbərdarlıq edilməsi məsələsini həyata keçirmişdir. Odur ki, İnformasiya Təhlükəsizliyi (İT) ilə bağlı fəaliyyət göstərən yuxarıda qeyd edilən hər 2 struktur ləğv edildiyindən həmin bölmələrin direktorları ixtisar edilmiş və yeni yaradılmış daha geniş səlahiyyətə və öhdəliyə malik İdarəyə isə Bankın Baş Direktoru rəhbər təyin edilmişdir. Yeni yaradılmış idarəyə isə yeni rəhbər təyin etməkdə müəssisə rəhbərliyi sərbəstdir və işəgötürən qanunla ona verilmiş bu hüququndan istifadə etmişdir. Belə ki, müəssisələr yuxarıda göstərilən bu və ya digər səbəblərə görə vaxtaşırı olaraq struktur dəyişiklikləri, fəaliyyətin optimallaşdırılması prosesesini keçirirlər. Bu, müasir zamanın, müasir idarəetmə prinsiplərinin təməl, qaçılmaz və vacib elementlərindən sayılır. Bank fəaliyyəti isə həmin optimallaşmanın daha çox aparılmasını tələb edir. Çünki maliyyə təşkilatları ölkənin maliyyə bazarlarında olan dəyişikliyə uyğun olaraq çevik idarəetmə prinsiplərinə əməl edirlər, nəticədə qanunvericiliyin tələblərindən kənara çıxmamaq şərti ilə işçi sayını artırır və ya azaldırlar. Bankda olan köhnə struktur formasının az effektli və təkmilləşməyə ehtiyac olması səbəbindən və daha səmərəli idarəetmə modelinə keçid məqsədi ilə təşkilati strukturun dəyişdirilməsi və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi bank rəhbərliyi tərəfindən qərarlaşdırılmış və bu işlər həyata keçirilmişdir. Cavabdeh işəgötürən tərəfindən iddiaçıya qarşı qərəzli hərəkətin olması isə birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı hər hansı sübutla müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuşdur ki, məhkəmə qərarları qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Bundan başqa, 1-ci instansiya məhkəməsi iddiada tələbindən kənara çıxaraq, iddiaçının iddia ərizəsində göstərmədiyi halda, işəgötürənin işdən çıxarılma barədə əmrini etibarsız hesab etmişdir. Nəticə etibarilə 1-ci instansiya məhkəməsi işəgötürənin Müşahidə Şurasının qərarı ilə müəyyən edilən və onun əsasında aparılan ixtisarın qanuni olduğu qənaətinə gəlsə də, məhkəmə tərəfindən sonda İdarə Heyətinin sədrinin imzaladığı işdən çıxarılma əmrinin etibarsız edilməsini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya qeyd edir ki, iddia tələblərindən kənara çıxmağa əsas verən qanunda göstərilən müstəsna hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Miilki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İiddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4033/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4033/2021
29.04.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver