Məhkəmə qərarları › İş №2(103)-4037/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4037/2021

28.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4037/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh MMC-nin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MMC-yə ünvan 1 ünvanında inşa edilən binanın A blokunun, İİ girişinin 7-ci mərtəbəsində ümumi sahəsi 61,6 kv.m olan 1 otaqlı, 102 saylı mənzilə dair sahiblik və istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, müqavilənin 3.4-cü bəndinə əsasən, icraçı mənzilə aid olan bütün hüquqları bina tikildikdən və ümumi müqavilə qiyməti tam ödənildikdən sonra şifarişçiyə verir. Sözü gedən binada tikinti işləri hələ də davam edir və bina istismara təhvil verilməmişdir. X3 və mübahisə predmeti olan müqavilə imzalanan vaxt direktor olmuş Valeh Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən istintaq edilmiş cinayət işi üzrə Cinayət Məcəlləsinin 313, 178.2, 308.2-ci maddələri ilə təqsirli hesab edilmiş, onlar 30.04.2019-ci il tarixdə həbs edilmiş və barələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin ittiham hökmü var. Bir neçə müqaviləni saxtalaşdırmaqla bağlı Azad Nağıyev və Valeh Əliyev əməllərinə əsasən 23.10.2019-cu il tarixdə CM-nin 320.1 və 320.2-ci maddələri ilə Binəqədi rayon Polis İdarəsində cinayət işi başlamışdır. X6 və Valeh Əliyev barəsində 15.05.2020-ci il tarixdə CM-nin 178.2.3, 178.3.2, 179.2.3, 179.3.2, 308.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır və cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin icraatındadır və istintaqı davam etdirilir. 23.10.2019-cu il tarixli cinayət işi və 15.05.2020-ci il tarixli cinayət işi birləşdirlmişdir. Şirkət hazırda onların yaratdığı problemlərlə məşğuldur və buna görə binanın tikintisini başa çatdıra bilmir. Birinci intsansiya məhkəməsində bildiriş onun olduğu ünvana göndərilmədiyi üçün cavabdeh məhəkəmə iclasının keçirləcəyi vaxt və yer barədə heç bir məlumatı olmamış, iclasda iştirak edə bilməyib. İcra məmurları ünvanlarına gəldikdən sonra qətnamədən xəbərləri olmuş və 10.02.2021-ci il tarixdə nümayəndə vasitəsi ilə qətnaməni əldə etmişlər. Kollegiya, cavabdeh tərəfi dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin direktoru Valeh Əliyev və İddiaçı arasında bağlanan “Mənzil tikintisi və satışına dair” 24.08.2017-ci il tarixli müqaviləyə əsasən, icraçı CavabdehMMC-e ünvan 1 ünvanında inşa edilən binanın A blokunun, İİ girişinin 7-ci mərtəbəsində ümumi sahəsi 61,6 kv.m olan 1 otaqlı, 102 saylı mənzili binada tikinti işləri başa çatdıqda sifarişçi İddiaçı təhvil verməyi öhdəsinə götürür. Qeyd olunan müqaviləyə əsasən, məzilin 1kvm-nin qiyməti 1100 manat, mənzilin ümumi müqavilə qiyməti isə 67760 manat müəyyən edilmiş və həmin vəsait tam nəğd formada ödənilmişdir. 24.08.2017-ci il tarixli 06/08 saylı maliyyə arayışına əsasən, İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. Hazırda iddiaçı, qeyd olunan ünvandakı mənzilin qiymətini tam ödəmiş, qeyd olunan müqavilə ilə sahiblik və sitifadə hüququ əldə etdiyini bildirərək, həmin mənzilin ona verilməsini tələb edir. Kollegiya mübahisənin hüquqi həlli bağlı qeyd edir ki, Mülki Məcllənin 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Belə ki, hazırki işdə Cavabdeh MMC müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən binanın A blokunun, İİ girişinin 7-ci mərtəbəsində ümumi sahəsi 61,6 kv.m olan 1 otaqlı, 102 saylı mənzili tikntisi başa çatdıqda sifarişçi İddiaçı təhvil verməsi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi icra etməmiş, binanın tikintisi başa çatdıqdan sonra mənzili müqavilədə nəzərdə tutulan formada İddiaçı təhvil verməmişdir. Həmçinin işdə olan 22.02.2021-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, aparılmış icra tədbirlədi nəticəsində 102 saylı mənzil tələbkar İddiaçı təhvil verilmiş və bu barədə tərəflərin iştirakı ilə akt tərtib edilərək icra işinə əlavə edilmiş, icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2844/2020-017 nömrəli, 06.11.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kollegiya hesab edir ki, İddiaçı qeyd olunan mənzilin qiymətini tam ödəmiş və 24.08.2017-ci il tarxli müqavilə əsasında mənzilə sahiblik, istifadə hüququ əldə etmişdir. Mənzilə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçiliyin aradan qaldırılması tələbi etməsi əsaslıdır. Həmin tələblər mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.4-cü maddəsinə söykənir. Həmin maddəyə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya, apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən iştirakının təmin olunmadığını və məhkəmə iclasaının yeri və vaxtı barədə ünvanına məlumat göndərilmədiyini bildirsə də, işdən görünür ki, məhkəmə tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilmişdir. Eyni zamanda, cavabdeh apelyasiya baxışında da məhkməyə istinad etdiyi hallara dair mötəbər sübutları təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2844/2020 saylı iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar