Məhkəmə qərarları › İş №2(103)-4037/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4037/2025

22.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4037/2025 22.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə və cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh Agentliyinin verdiyi xx.xx.2025-ci il tarixli, 3-29-6913-1-113K/2025 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - Sabirabad Şəhəri 4 nömrəli Uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması, xx.xx.2025-ci il tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindən Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində çalışmışdır. İddiaçı həmin vəzifədə fəaliyyəti dövründə öz peşəsinə vicdanla, məsuliyyətlə yanaşmış, öhdəliklərini düzgün şəkildə icra etmişdir. Lakin cavabdeh Agentliyin xx.xx.2025-ci il tarixli əmri əsasında iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hesab edir ki, əmr əsassız olmaqla, qanunvericiliyin bir sıra tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü övladının səhhətində ciddi problemlər var. Uşağa İİİ qrup əlillik təyin edilmişdir. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə isə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin cavabdeh Agentlik bunu nəzərə almamışdır. Bundan başqa, iddiaçının barəsində intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən faktlar həqiqəti əks etdirmir. Belə ki, əmrdə iddiaçının öz vəzifə öhdəliklərini icra etmədiyi, uşaq bağçasının tərbiyəçi X2 müavinət əldə etmə hüququna mane olduğu, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etmiş olduğu qeyd edilmişdir. Yuxarıda adıçəkilən xx.xx.2025-ci il tarixli ərizədə əks olunan faktlar şəxsin korrupsiya cinayətini törətməsini təsdiqləmir. Nəzərə alınmalıdır ki, həmin ərizə yazılarkən iddiaçı bülletendə olmuşdur və bu hal ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə təsdiq olunur. Həmin “Əmək qabiliyyətinin olmaması vərəqəsində” qeyd edilir ki, iddiaçı, bol suçiçəyi xəstəliyinə yoluxduğuna görə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdən azad edilmişdir. Buna baxmayaraq, iddiaçı xəstə olduğu vaxt idarəyə gətirilmiş və ona ərizə yazdırılmışdır. Göründüyü kimi, ərizə qanunazidd şəkildə tərtib olunmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla yanaşı, iddiaçı öz vəzifə öhdəliklərini daima vicdanla yerinə yetirmiş, korrupsiya əməli törətməmişdir. xx.xx.2025-ci il tarixli ərizədən də göründüyü kimi qeyd olunan əməlləri X3 törətmişdir. H.Qəfərov iddiaçıya 1 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə təyin olunmaq üçün 10.000 manat pul vəsaitinin tələb olunduğunu bildirmişdir. Pul verilməli olmasını bildirən şəxs H.Qəfərov olmuşdur. İddiaçının korrupsiya pozuntusu törətməsindən söhbət gedə bilməz. Lakin, cavabdeh Agentlik həmin məsələni ciddi araşdırmadan əsassız əmr qəbul etmişdir. Həmçinin, əmrdə qeyd olunmuşdur ki, uşaq bağçasının tərbiyəçi Məlahət Cəfərovanın əmək qabiliyyətli olmamasına dair vərəqələri iddiaçı aidiyyəti üzrə təqdim etməmişdir. Halbuki cavabdeh X6 əmək qabiliyyətli olmamasına dair məsələni ümumiyyətlə araşdırmamışdır. Belə ki, Məlahət Cəfərova dəfələrlə bülletenə çıxmış, əmək fəaliyyətini icra etməmişdir. Lakin işçinin il ərzində işə çıxmaması və əmək qabiliyyətli olmaması cavabdehə maraqlı olmamışdır. Məlahət Cəfərovanın hansı hallarda işə çıxmaması, niyə görə 3 dəfə ardıcıl olaraq Məlahət Cəfərovaya “Əmək qabiliyyətinin olmaması haqqında vərəqələrin” verməsi, daha əvvəllərdə çoxsaylı olaraq işə çıxmaması araşdırılmamışdır. Ən vacib məsələ isə ondan ibarətdir ki, sözügedən məsələlər ilə bağlı iddiaçının barəsində ən ağır inzibati tənbeh görülmüş, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının korrupsiya hüquqpozmasına yol verməsi sübuta yetirilmir. Ümumiyyətlə korrupsiya hüquqpozmasının müəyyən olunması üçün qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalı idi. Amma belə bir hökm yoxdur. Bununla yanaşı iddiaçının himayəsində əlilliyi olan övladı vardır. Bu isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini birbaşa qadağan edir.

4. Cavabdeh Agentliyin nümayəndəsi Asim Abdullayev iddia tələbinə etiraz edərək, Agentliyin iddiaya qarşı verdiyi etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir.

5. Agentliyin iddiaya qarşı verdiyi yazılı etirazda isə qeyd edilmişdir ki, Sabirabad Şəhər 4 nömrəli uşaq bağçasında uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması, maddi qiymətlilərin anbar uçotu kitabına işlənilməsi vəziyyətinin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə monitorinq keçirilmiş, monitorinq zamanı, müəssisənin tərbiyəçisi Məlahət Cəfərovanın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xəstəliyi ilə bağlı bağça müdiri olan iddiaçıya xəstəlik vərəqləri təqdim etməsinə baxmayaraq, həmin dövrlər üçün iddiaçı uşaq bağçasının əmr kitabında nömrə və tarix qeyd etmədən verdiyi əmrə əsasən Məlahət Cəfərovanın işə çıxmamasını üzrsüz səbəb kimi rəsmiləşdirmiş və əmək haqqını saxlamış, iş buraxmaya görə aktlar tərtib edərək işçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin” 1.1 bəndinin tələblərinə əsasən ödənilməli olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət almaq hüququndan qanunsuz olaraq məhrum etmişdir. Bundan əlavə uşaq bağçasının müdiri olan iddiaçı həmin bağçanın tərbiyəçi Məlahət Cəfərovanın digər aylarda da müxtəlif vaxtlarda işburaxma hallarına yol verməsi ilə bağlı bağçanın əmr kitabında əsassız əmrlər vermiş, verilmiş əmrlərin məzmununda Məlahət Cəfərovanın əmrin verilmə tarixindən sonrakı dövrlər üçün işə gəlməməsi qeyd olunmuşdur. Əlavə olaraq iddiaçı xx.xx.2025-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinə şifahi formada müraciət etməklə Sabirabad Şəhər 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində çalışan, sinif yoldaşı olmuş X1 ondan müxtəlif tarixlərdə korrupsiya hüquqpozmalarına şübhə yaradan vədlərlə ümumilikdə 18.000 manat məbləğində vəsait alması, lakin həmin vədləri yerinə yetirməməsi barədə məlumat vermiş və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçı həmin müraciətində Sabirabad rayonunun Şəfəq adlı sakinindən 4.000 manat məbləğində pulunun özü tərəfindən aldığını etiraf etmişdir. Eyni zamanda iddiaçının himayəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olmasına münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (3 ulduzlu) qərarının 36-cı hissəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Həmin Qərarın 31-ci hissəsində qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadən qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq, belə halların təkrarən baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir. Nəticədə, qanunvericiliyin tələblərinə əsasən, Əmək Məcəlləsinin 10-cu, 11-ci, 57ci, 70-ci və 71-ci maddələrinin tələblərinə əsasən Sabirabad Şəhər 4 nömrəli uşaq bağçasının sabiq müdiri olan iddiaçının təhsil müəssisəsinə rəhbərlik və nəzarətində ciddi nöqsanlara yol verdiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyi, Əmək qanunvericiliyini, Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu üçün onunla bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən də iddia tələbinin əsassız olduğunu nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Agentlik iddiaçının yol verdiyi qanun pozuntularını nəzərə alaraq iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə bağlı əmr qəbul etməkdə haqlı olmuşdur. İddiaçının vəkili (nümayəndəsi) bildirir ki, iddiaçının korrupsiya hüquqpozmasına yol verməsi sübuta yetirilmir. Ümumiyyətlə korrupsiya hüquqpozmasının müəyyən olunması üçün qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalı idi. Amma belə bir hökm yoxdur. Buna görə də əmr əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin bu dəlili əsassızıdır. Çünki qanunvericinin tələbindən göründüyü kimi, korrupsiya əməllərinin törədilməsi hər bir halda cinayət məsuliyyəti yaratmır. Lakin hazırkı işdə iddiaçının korrupsiya əməlləri törətməsi birbaşa onun ərizəsində öz əksini tapmışdır. Həmin əməllərin cinayət tərkibi yaradıb-yaratmaması müvafiq orqanların araşdırması nəticəsində bəlli olacaq məsələdir. Amma bu o demək deyildir ki, iddiaçı korrupsiya hərəkətlərinə yol verməyib və onun mülki-hüquqi məsuliyyəti yaranmayıb. Məhz iddiaçı tərəfindən yol verilmiş əmək qanunvericiliyinin tələblərinin pozulması və həmçinin korrupsiya hərəkətlərinə yol verilməsi əsas götürülməklə o, müvafiq maddə ilə işdən çıxarılmışdır. Yəni cavabdehin iddiaçı barədə işdən çıxarılma barədə əmri düzgün olmuşdur. İddiaçı tərəfin digər dəlili ondan ibarətdir ki, cavabdeh Agentliyin rəhbərliyi iddiaçı barədə daha əvvəl digər intizam xarakterli tədbirlər görə bilərdi, lakin o, birbaşa iddiaçını işdən çıxarmışdır. İddiaçı tərəfin bu dəlili əsassızıdır. Belə ki, iddiaçı özü də bilir ki, o, əmək qanunvericiliyinin tələblərini dəfələrlə pozmuş və korrupsiya hərəkətlərinə yol vermişdir. Lakin bu əməllərin işdən çıxarılma barədə intizam tənbeh tədbiri ilə deyil, digər intizam tədbirləri ilə (məsələn töhmət, şiddətli töhmət və s.) cəzalandırılmalı olduğunu vurğulayır. Halbuki, intizam tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq olunmalı olması barədə qanunda göstəriş yoxdur. Əmək qanunvericiliyində işçi ilə bağlanmış “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tətbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir. Məhkəmə həmçinin iddiaçının himayəsində əlilliyi olan övladının olması və bununla da, müvafiq maddə ilə işdən çıxarılmasının qadağan edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək, qeyd edir ki, həqiqətən də Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinin mənasına görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin nəzərə alınmalıdır ki, “X.Mirzəliyevin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Buna görə də iddiaçı tərəfin göstərdiyi bu dəlil əsassız hesab edilməlidir. Göründüyü kimi iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsi əsassızdır. Bu səbəbdən də bu tələb və ondan irəli gələn digər tələblər – “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” tələblər təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinin və iddiaçının vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəmənin analoji iş üzrə xx.xx.2024-cü il tarixli qərarını olduğu kimi öz qətnaməsinə köçürmüş, lakin vahid məhkəmə təcrübəsi formalaşdıran Konstitusiya Məhkəməsinin qərardadını nəzərə almamışdır. Halbuki həmin qərardad məhz Əmək Məcəlləsinin 72 və 79-cu maddələrinin şərhi ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinə ünvanladığı ərizədə göstərmişdir ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10.000 manat pul vermişdir. Göründüyü kimi, 2023-cü ilin mart ayından əmr çıxarıldığı xx.xx.2025-ci il tarixə kimi 2 ilə yaxın vaxt keçmişdir. Yəni, birinci instansiya məhkəməsi korrupsiya hüquqpozması faktı ilə bağlı tam qərəzli yanaşmış, 6 aylıq müddəti nəzərə almamış, korrupsiya hüquqpozması hesab etdiyi əməldən 6 aydan artıq müddətin keçməsinə baxmayaraq iş materiallarını araşdırmadan birtərəfli yanaşmışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verilmiş izahatlar barədə məlumat

10. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

11. Cavabdeh Agentliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2014-cü il təvəllüdlü övladına İİİ qrup əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Sabirabad Şəhəri 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində işləmişdir.

14. Cavabdeh agentlik tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş əmrdən görünür ki, həmin əmrlə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur.

15. Əmrdə qeyd edilmişdir ki, Mil-Muğan Regional Təhsil İdarəsinə tabe olan Sabirabad Şəhəri 4 nömrəli uşaq bağçasında uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması maddi qiymətlilərin anbar uçotu kitabına işlənilməsi vəziyyətinin araşdırılması ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə monitorinq keçirilmişdir. Monitorinq nəticəsində Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasının müdiri olan iddiaçının özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, iddiaçı, müəssisənin tərbiyəçisi Məlahət Cəfərova tərəfindən ona 0424598, ******* və ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqələrini” təqdim etsə də, iddiaçı həmin “Vərəqələri” aidiyyəti üzrə təqdim edilməməklə Məlahət Cəfərovanın müavinət əldə etmək hüququna mane olmuşdur. Həmçinin, iddiaçı, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsini etiraf etmişdir. Qeyd olunanlara dair tərtib edilmiş təsdiqedici sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “e” və “f” bəndlərinin və əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngi pozulmuş, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir.

16. Həmin əmrin və əmrin ləğvi üçün əsasların olmaması barədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsassız hesab edilərək ləğv edilməsi barədə iddiaçı tərəfin tələbi aşağıdakı dəlillərə söykənir: 16.1. İddiaçının himayəsində yetkinlik yaşına çatmamış, İİİ qrup əlil olan övladı var. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə, onunla bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsi qadağandır. Lakin cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışlar. 16.2. İddiaçının barəsində intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən faktlardan biri, yəni iddiaçının öz vəzifə öhdəliklərini icra etməməsi, uşaq bağçasının tərbiyəçi Məlahət Cəfərovanın ona təqdim etdiyi 3 ədəd “Əmək qabiliyyətinin olmaması vərəqələrinin” aidiyyəti üzrə təqdim edilməməsi faktı cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, Məlahət Cəfərova dəfələrlə bülletenə çıxmış, əmək fəaliyyətini icra etməmişdir. X9 hansı hallarda işə çıxmaması, niyə görə 3 dəfə ardıcıl olaraq Məlahət Cəfərovaya “Əmək qabiliyyətinin olmaması haqqında vərəqələrin” verməsi, daha əvvəllərdə çoxsaylı olaraq işə çıxmaması cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi tərəfindən araşdırılmamışlar. 16.3. İddiaçının barəsində intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən digər faktın, yəni iddiaçının xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etməsi cavabdeh Agentlik və işə baxmış Rayon Məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının həmin ərizəsində əks olunan faktlar onun korrupsiya cinayətini törətməsini təsdiqləmir. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar. 16.4. İddiaçının korrupsiya hüquqpozmasına yol verməsi sübuta yetirilmir. Ümumiyyətlə korrupsiya hüquqpozmasının müəyyən olunması üçün qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalı idi. Amma belə bir hökm yoxdur. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar. 16.5. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. İş materiallarından görünür ki, iddiaçı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdirinə ünvanladığı ərizədə göstərmişdir ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10.000 manat pul vermişdir. Göründüyü kimi, 2023-cü ilin mart ayından əmr çıxarıldığı xx.xx.2025-ci il tarixə kimi 2 ilə yaxın vaxt keçmişdir. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar. 16.6. Sözügedən məsələlər ilə bağlı iddiaçının barəsində ən ağır inzibati tənbeh görülmüş, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Halbuki, onun barəsində daha yüngül tənbeh görülə bilərdi. Lakin cavabdeh Agentlik və Rayon Məhkəməsi bunu nəzərə almamışlar. 16.7. İşə baxmış Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəmənin analoji iş üzrə xx.xx.2024-cü il tarixli qərarını olduğu kimi öz qətnaməsinə köçürmüş, lakin vahid məhkəmə təcrübəsi formalaşdıran Konstitusiya Məhkəməsinin qərardadını nəzərə almamışdır. Halbuki həmin qərardad məhz Əmək Məcəlləsinin 72 və 79-cu maddələrinin şərhi ilə bağlıdır.

17. Göstərilənləri nəzərə alan Məhkəmə iddiaçının bildirdiyi və hazırkı qətnamənin 16.1 və 16.7-ci bəndində göstərilən dəlilləri ilə bağlı bildirir ki, həqiqətən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinin mənasına görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin işəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli 2(102)-929/2024 nömrəli qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydaları”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüququ mövqeyə görə, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

20. İş materiallarından göründüyü kimi, iddiaçının işdən çıxarılmasına səbəb olmuş hal ilə qoruma altına alınmış hal (iddiaçının öhdəsində əlilliyi olan uşağın olması) arasında səbəbli əlaqə mövcud deyil.

21. Belə olan, qəbul edilməlidir ki, iddiaçının göstərdiyi bu iki dəlil əsassızdır.

22. İddiaçının bildirdiyi və hazırkı qətnamənin 16.2-ci bəndində göstərilən dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçı, onun rəhbərliyi altında olmuş uşaq bağçasının işçinin - Məlahət Cəfərovanın öz əmək funksiyalarını yerinə yetirməsinə, onun işə davamiyyətinə və s. işəgötürən olaraq nəzarət etməli və Məlahət Cəfərovanın onun üzərinə “Əmək müqaviləsi”, Əmək Məcəlləsi və başqa qanunlar ilə qoyulmuş vəzifələrin pozulduğunu aşkar etdiyi halda Məlahət Cəfərovanın barəsində Əmək Məcəlləsində, o cümlədən Əmək Məcəlləsinin 186-cı maddəsində, hətta 70-ci maddəsində nəzərdə tutulmuş qanuni tədbirləri görməli idi.

23. Lakin işin hallarından və iddiaçının özünün bildirdiklərindən müəyyən edilir ki, o bu kimi qaydaya əməl etməmiş, Məlahət Cəfərovanın barəsində Əmək Məcəlləsində nəzərdə tutulmuş qanuni tədbirləri görməməklə, yəni üzərinə düşən əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliyi yerinə yetirməməklə özü Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbini pozmuşdur.

24. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinə görə isə, işçi (hazırkı halda uşaq bağçasının müdiri) özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işçi ilə bağlanmış əmək müqaviləsi işəgötürən (iddiaçıya münasibətdə işə götürən olan cavabdeh Agentlik) tərəfindən ləğv edilə bilər.

25. Bundan başqa qeyd edilməlidir ki, əmək funksiyasını qanunla nəzərdə tutulmuş qaydada həyata keçirməmiş iddiaçı, ona uşaq bağçasının işçi olan Məlahət Cəfərovanın təqdim etdiyi 3 ədəd “Əmək qabiliyyətinin olmaması vərəqələrinin” aidiyyəti üzrə təqdim etməməklə özbaşınalığa yol vermişdir ki, bu da qanunla qadağa edilir.

26. Bu baxımdan müəyyən edilir ki, nə cavabdeh Agentlik, nə də ki, işə baxmış Rayon Məhkəməsi Məlahət Cəfərovanın hərəkətləri araşdırmaq və onlara hüquqi qiymət verməli deyildilər. Bunu iddiaçı özü, uşaq bağçasının müdiri vəzifəsində işlədiyi zaman etməli idi.

27. Belə olan, qəbul edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlil əsassızdır.

28. İddiaçının hazırkı qətnamənin 16.3 və 16.4-cü bəndlərində göstərilən dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, şəxs tərəfindən korrupsiya əməllərinin törədilməsi həmin şəxsin mütləq qaydada cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnmir.

29. İddiaçının özünün də məhkəmələrə verdiyi izahatlardan müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət edərkən, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etmişdir.

30. Məhkəmə bildirir ki, iddiaçının ərizəsində qeyd edilən həmin əməllərin cinayət tərkibi yaradıb-yaratmaması müvafiq orqanların araşdırması nəticəsində bəlli olacaq məsələdir. Amma bu o demək deyildir ki, iddiaçı korrupsiya hərəkətlərinə yol verməyib və onun mülki-hüquqi məsuliyyəti yaranmayıb. Məhz iddiaçı tərəfindən yol verilmiş əmək qanunvericiliyinin tələblərinin pozulması və həmçinin korrupsiya hərəkətlərinə yol verilməsi əsas götürülməklə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

31. Belə ki, iddiaçı tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətdə qeyd etdi əməllər onun əmək funksiyasına və ya əmək müqaviləsi üzrə öhdəliklərinə daxil olmamışdır. Həmin əməllərin edilməsi isə iddiaçı tərəfindən əmək funksiyaların və öhdəliklərin kobud şəkildə pozulması deməkdir.

32. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlilləri də əsassızdır.

33. Məhkəmə, hazırkı qətnamənin 16.5-ci bəndində göstərilən dəlil ilə bağlı qeyd edir ki, iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanlandığı xx.xx.2025-ci il tarixli müraciətdə iddiaçı bildirmişdir ki, sonuncu dəfə o, 2023-cü ilin mart ayında Hüseyn Qəfərova 10.000 manat pul vermişdir.

34. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin tələbinə görə, intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən 2 il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

35. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinə ünvanlanmış müraciətdə qeyd edilən iddiaçının hərəkəti adi intizam xətası deyil, vəzifə hüquqpozması ilə bağlı intizam xətasıdır. Buna görə də qəbul edilməlidir ki, həmin intizam xətası ilə əlaqədar iddiaçının barəsində xx.xx.2025-ci il tarixdə intizam tədbirini görülməsi yuxarıda qeyd edilən 2 il çərçivəsində olmuşdur.

36. Bundan başqa qeyd edilməlidir ki, hazırkı qətnamənin 22-27 bəndlərində qeyd edilən hal (yəni “iddiaçının uşaq bağçasının işçi olan Məlahət Cəfərova ilə bağlı etdiyi hərəkət”) özü-özlüyündə iddiaçının barəsində xx.xx.2025-ci il tarixdə intizam tədbirini görülməsi üçün kifayət qədər əsaslı səbəb olmuşdur.

37. Bu baxımdan qəbul edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsaslı deyil.

38. Hazırkı qətnamənin 16.5-ci bəndlərində göstərilən dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: “a” töhmət vermək; “b” sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; “c” kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; “ç” əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

39. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tətbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Əmək Məcəlləsi işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi seçmək və onu tətbiq etmək hüququ verilmişdir. İşəgötürən olan cavabdeh Agentlik də hüququndan istifadə edərək bu seçimi etmişdir.

40. İddiaçıya münasibətdə tətbiq edilmiş “əmək müqaviləsinin ləğv edilməsi” növündə intizam tənbehin əsaslılığına gəldikdə isə Məhkəmə qeyd edir ki, iddiaçının etdiyi hər iki hərəkət, yəni “iddiaçının uşaq bağçasının işçi olan Məlahət Cəfərova ilə bağlı etdiyi hərəkət” və “iddiaçının korrupsiya ilə əlaqədar yol verdiyi hüquqpozmadan ibarət hərəkəti” istər ayrı-ayrılıqda, istərsə də birlikdə cavabdeh Agentliyə kifayət qədər əsas vermişdir ki, iddiaçının barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş tənbehi tətbiq etsin.

41. Göründüyü kimi iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır.

42. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi” hissəsi əsassızdır. Bu baxımdan qəbul edilməlidir ki, işə Baxmış Rayon Məhkəməsi qeyd edilən bu tələbi və bu tələbdən irəli gələn digər tələbləri – “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi haqqında” tələbləri təmin etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

43. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Buna görə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabdeh Agentlik hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz, iddiaçı isə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

46. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar