Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4038/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “məzilin faktiki bölgüsü və mənzilə köçürülmə” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4218/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “məzilin faktiki bölgüsü və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Ramana qəsəbəsi, Qarayev kücəsi, 9/8 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin 3/1 hüssəsinin yarısına payın faktiki bölgüsünün müəyyən edilməklə mənzilə köçürülməyə cavabdeh tərəfindən maneənin aradan qaldırılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Sabuncu rayon Mahkamasinin xx.xx.2018-ci il tarixli qətnamasi asasında cavabdehlə aralarında olan nikah münasibatlarinə xitam verilmişdir. Sabuncu Rayon Mahkamasinin 27 .12.2021-ci il tarixli 2(008)-4683/2021-saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerlaşən yaşayış evi və torpaq sahəsinin 3/1 hissəsinin yarısına mulkiyyət huququ tanınmışdır. ünvan 3 ünvanında yerlaşən yaşayış evi və torpaq sahəsinin 3/1 hissəd pay müəyyən olunmaqla mülkiyyətinə keçmişdir. Məhkəmə qatnaməsi mövcud olmasına baxmayaraq yayayış sahəsinə köçməyinə maneələr törədilir. Bununla əlaqədar yaranan problemlərlə bağlı, mübahisələrin alternativ həlli qaydada tənzimlənməsinə, əgər bu alınmazsa mübahisanin məhkəma vasitasi ilə davam etdirilməsinə zarurat yaranmışdır. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ila həll edilməsini va mediasiyaya dair xərclərin tərəflar arasında barabar şəkildə bölünməsini təklif etsə də nəticəsiz olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4218/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Şəbnur Qədirova) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun izah olunması, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun qaytarılması qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iddia ərizəsi müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuş, iddia tələbi dəqiq və aydın göstərilməmişdir. İddiaçının həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4683/2021-saylı qətnaməsi ilə iddiaçının mülkiyyət hüququna keçmiş ünvan 4 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin 3/1 hissədə payın faktiki bölgüsünün müəyyən edilməsi, həmin pay bölgüsü müəyyən edildikdən sonra cavabdeh tərəfindən oraya köçürülməsi üçün yaradılan maneənin aradan qaldırılması olmaqla aydın şəkildə göstərilmişdir. İddianın predmeti pay bölgüsü və iddiaçıya yaradılan maneə olduğundan qiymətləndirilməyən iddia tələbi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4683/2021 saylı qətnaməsi ilə iddiaçının mülkiyyət hüququna keçmiş ünvan 4 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin 3/1 hüssədə payın faktiki bölgüsünün müəyyən edilməsi, həmin pay bölgüsü müəyyən edildikdən sonra cavabdeh tərəfindən oraya köçürülməsi üçün yaradılan maneənin aradan qaldırılması olmaqla sübutlar isə məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin iddia ərizəsi verilərkən MPM-nin 149.2.2-ci maddəsində gostərilən tələblərə riayət edilmişdir. Məhkəməsinin 31 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı nəzərdən keçirildikdə müəyyən olunur ki, iddia ərizəsi iki əsasla geri qaytarılmışdır. 1) iddia ərizəsinin qanunla müəyyən olunmuş forma-məzmuna riayət edilmədən verilməsi 2) iddia tələbinin dəqiq və aydın göstərilməməsi. Kollegiya hesab edir ki, iddia ərizəsi tərtib olunarkən onun icraata qəbul edilib baxılmasına maneə törədən nöqsanlara yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsindən görünür ki, cavabdehin soyadı, adı və atasının adı göstərilsə də, onun ünvanına dair məlumatlar qeyd olunmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehin yaşadığı ünvanın göstərilməməsinə görə məhkəmə iddia ərizəsini geri qaytararkən qanunun tələbinə əsassız formal yanaşma tətbiq edərək iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında isə məhkəmələrin diqqətinə çatdırmişdır ki, məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Qeyd edilənlərdən aydın olur ki, məhkəmələr əsassız formal yanaşmalar tətbiq edərək fiziki və hüquqi şəxslərin məhkəmə müdafiəsi hüququnu çətinləşdirən məhdudiyyətlərə yol verməməlidir. Əks yanaşma, məhkəməyə əlçatanlığın və yuxarıda sadalanan digər dəyərlərin təmin edilməsi baxımından arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxarmaqla, dövlətin bu sahədə məqsədlərinə çatmasına əngəl törədərdi. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlardan əlavə kollegiya diqqətə çatdırır ki, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə proses iştirakçıları ilə bağlı bir sıra məlumatların, o cümlədən onların yaşayış yeri ilə bağlı məlumatın əldə edilməsi məhkəmələr üçün əlçatan olmuşdur. Birinci instansiya məhkəməsi isə bunları nəzərə almamışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən “iddia tələbinin dəqiq və aydın göstərilməməsi” əsası ilə də razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, MPM-nin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddia ərizəsində iddiaçının tələbi, habelə tələbini əsaslandırdığı hallar göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4683/2021 saylı qətnaməsindən görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin 3/1 hissəsinin yarısına iddiaçının mülkiyyət hüququ tanınmış və iddiaçının bu hüququnun realizəsinə cavabdeh tərəfindən əngəl törədildiyi üçün o, həmin qətnaməyə əsaslanaraq hazırki iddia tələbini irəli sürmüşdür. İddia tələbindən aydın olur ki, iddiaçı sözügedən qətnamə əsasında mülkiyyətinə keçmiş payın faktiki bölgüsünün müəyyən edilməsini, həmin pay bölgüsü müəyyən edildikdən sonra cavabdeh tərəfindən ora köçürülməsi üçün yaradılan maneənin aradan qaldırılmasını xahiş edir. Bununla da kollegiya hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbdə hər hansı qeyri-müəyyənliyə yol verilməmiş, onun məhkəmədən təmin olunmasıı xahiş etdiyi tələblər dəqiq və aydın göstərilmişdir. Bundan əlavə kollegiya diqqətə çatdırır ki, iddia tələbinin dəqiq və aydın olmadığını hesab edən birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaq əvəzinə, mülkiprosessual qanunvericilikdə məhkəmələr üçün müəyyən edilmiş pozitiv öhdəliklərini yerinə yetirə bilərdi. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Qeyd edilənlər kontektsində kollegiya bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiq və aydın olmadığı təqdirdə iddiaçının MPM-nin 53-cü maddəsində təsbit olunmuş prosessual hüququnun realizəsi vasitəsi ilə tələbin dəqiqləşdirilməsini təklif edə bilərdi. Belə ki, həmin maddədə göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir. Beləliklə, kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv olunmalı və birinci instansiya məhkəməsinə qaytarılmalı, məhkəmə hazırki qərardadda şərh edilmiş göstərişləri diqqətə almaqla iddia ərizəsinin icraata qəbul edilməsinin mükünlüyünə yenidən hüquqi qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsini icraata qəbul etmək səlahiyyəti birinci instansiya məhkəməsinə aiddir. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti isə bununla bağlı olaraq yalnız iddia ərizəsinin icraata qəbul edilməməsinin əsaslılığını və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4218/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4038/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4038/2024
20.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver