Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4039/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər qonşudur. Belə ki, ünvan 1 ünvanında yerləşən 0,0290 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydə alınıb və bu barədə reyestr çıxarışı verilib (iş v. 8). O cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” adlı sənəd verilib (iş v. 11). Cavabdehlər iddiaçının qonşuluğunda - Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev № 49A ünvanında yaşayırlar. Cavabdeh1 həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, Cavabdeh2 isə başqa ünvanda qeydiyyatdadır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,0290 ha torpaq sahəsinin 2/3 hissəsindən çıxarılsınlar, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililər sökülsün, torpaq sahəsi iddiaçının sahibliyinə və istifadəsinə verilsin, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinə özbaşına daxil olması qadağan olunsun. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,0290 ha torpaq sahəsindən çıxarılsınlar, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililər cavabdehlər tərəfindən və ya onların hesabına sökülsün, həmin torpaq sahəsi iddiaçının sahibliyinə və istifadəsinə verilsin, cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girmək qadağan edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Müəyyən olunur ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 0,0290 ha torpaq sahəsinə qanunsuz sahiblik edirlər. İşin bu halı ekspert rəyi ilə təsdiq olunur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə 2 rəy verilib. 1-ci rəyə, yəni xx.xx.2022-ci il tarixli 10/3778 nömrəli rəyə görə, iddiaçı tərəfindən tanıdılmış, cavabdehlərin istifadəsində olan ümumi hasarlanmış torpaq sahəsinin daxilində yerləşən sahənin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə uyğun gəldiyi müəyyən edilir (iş v. 74). Rəydə daha sonra qeyd olunub ki, həmin çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahsinin cavabdehlərin istifadəsində olan ümumi hasarlanmış torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilir. 2-ci rəyə, yəni xx.xx.2023-cü il tarixli 10/8228 nömrəli rəyə görə, iddiaçının mülkiyyətində olan 290 kv.m torpaq sahəsi cavabdehlər tərəfindən daş hasarla bərkidilmiş 556 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir (iş v. 116). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsində olan cavabdehlərə məxsus tikililərin cavabdehlər tərəfindən və ya onların hesabına sökülməsini, habelə həmin torpaq sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsini qət etməklə düzgün nəticəyə gəlib. “Tikililərin sökülməsi” torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsinin formasıdır, yəni tikililər sökülmədən torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi mümkün deyil. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinin göstərişi iddiaçıya imkan verir ki, torpaq sahəsində yerləşən, cavabdehlərə məxsus tikililəri sökülməsini tələb etsin. Bununla yanaşı, birinci instansiya məhkəməsi cavabdehlərə iddiaçıya məxsus torpaq sahəsinə özbaşına girməyi qadağan etməklə düzgün nəticəyə gəlib. Belə ki, Mülki Məcəllənin 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. İddia ərizəsində cavabdehlərin iddiaçının mülkiyyətində olan 0,0290 ha torpaq sahəsinin 2/3 hissəsindən çıxarılması tələb olunsa da, bu, ifadə qüsurudur. Belə ki, iddiaçı “2/3 hissə” ifadəsini cavabehlərin faktiki sahiblik etdiyi torpaq sahəsinə münasibətdə işlədib. Yəni iddiaçı hesab edib ki, cavabdehlərin faktiki sahiblik etdiyi torpaq sahəsinin 2/3 hissəsi ona məxsusdur. Lakin ekspert rəyi ilə müəyyən edilib ki, cavabdehlər tərəfindən daş hasarla bərkidilmiş 556 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən 290 kv.m torpaq sahəsi iddiaçıya məxsusdur. Ona görə də birinci instansiya məhkəməsi iddianı 290 kv.m torpaq sahəsinə münasibətdə təmin edib. Beləliklə, Cavabdeh1 apellyasiya şikayəti əsassızdır, qətnamə həmin cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Digər Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamənin ona aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4039/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4039/2023
21.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver