Məhkəmə qərarları › İş №2(103)-4039/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4039/2024

17.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4039/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğluna, Cavabdeh6 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğluna, Cavabdeh6 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-724/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 7, 14 saylı mənzili 25.000 manata İddiaçı satmışdır.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 7, 4 saylı mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Cavabdeh2 tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

4. X1 tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

5. Cavabdeh6 tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

6. Cavabdeh5 Hüsaməddin qızı tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğluna, Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğlunun və Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 7 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılmaları xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yenəşən mənzili 31 yanvar 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 alaraq mülkiyyətinə keçirmişdir. Alqı-satqı müqaviləsindən daha sonra Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidemətindən ******* saylı, xx.xx.2017-ci il tarixli Çıxarış əldə etmişdir. Cavabdehlər onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar və eyni zamanda faktiki olaraq həmin mənzildə yaşayırlar. Mənzili əldə etdiyi ilk vaxtlar ona bildirdilər ki, maddi imkanları olmadıqları üçün başqa yerə gedib yaşaya bilmirlər. O da onların bu xahişlərini nəzərə alaraq onun mənzilində müəyyən müddət qalıb təmənnasız yaşamaqlarına şərait yaratmışdır. Bir müddət bundan qabaq ona məlum oldu ki, mülkiyyətində olan mənzilində faktiki yaşayan cavabdehlərin maddi imkanı da yaxşıdı və hər biri də işlə təmin olunublar. Bu xəbərdən sonra onlardan xahiş etmişdir ki, uzun müddət təmənnasız yaşayaraq ona satdıqları mənzili boşaltsınlar. Ancaq onlar bu xahişini yerinə yetirərək mənzilindən çıxmırlar.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-724/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nörəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin əsasən Cavabdeh4 ünvan 1 saylı mənzili 25.000 manata İddiaçı satmışdır. xx.xx.2017-ci il tarixdən daşınmaz əmlaka mülkiyyət hüququ İddiaçı məxsus olmuşdur. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğlu, Cavabdeh6 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüquqlarını pozmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13.1 və 29.2ci maddələri; Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5, 157.2, 157.4 və 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. Cavabdeh4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-724/2024 saylı iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddiannın rədd edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-724/2024 saylı, xx.xx.2024-ci tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 134-138, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri nəzərə alınmamışdır. Onlar Məhkəmə tərəfindən yalnız xx.xx.2023-cü il tarıxdə keçiriləcək məhkəmə iclası barədə bildiriş alıblar. Həmin məhkəmə iclasına gəldikləri zaman iddiaçı onlara 2021-ci ildə olduğu kimi iddia tələbini geri götürəcəyini və danışıqlar yolu ilə onlarla razılığa gələcəyini bildirdi. Onun sözlərinə etibar edib məhkəmə zalına girmədən məhkəməni tərk etdilər. Bundan sonra onlara keçiriləcək məhkəmə iclasları barədə heç bir bildiriş almamışlar. 2021-ci ilddə İddiaçı yalan olduğundan etibarsız sayılmalı olan alqı-satqı müqaviləsinə istinad edərək, ona verdiyi pul borcunu şişirdilmiş faizlərə birlikdə tələb edərək onların yaşadığı ünvandan çıxarılmalarına dair iddia tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Həmin 2(008)-1307/2021 saylı 17 fevral 2021-ci il tarixli məhkəmə işi iddiaçının ərizəsi əsasında dayandırılmışdır. Lakin təəssüflər olsun ki, bu faktlar birinci instansiya məhkəməsi tərəfindən lazımınca araşdırılmamışdır və qəbul edilmiş qanunsuz və əsassız qətnamədə istinad edilən Alqı-satqı müqaviləsinin etibarsızlığına (başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd kimi) düzgün qiymət verilməmişdir. Bundan başqa qeyd etmişdir ki, 29 noyabr 2023-cü il tarixdə məhkəmə iclasında İddiaçı iddia həcminin artırılmasına dair ərizəsi ilə müraciət edərək, cavabdehdən mənzili ilə bağlı boşaldılması və ona adında öz mənzilin olması ilə bağlı dəyən 25.200 manat və digər ailə üzvlərinin dövlət tərəfindən verilən çörək pulunun ödənilməsinə dair vurulan ziyanın hesablanıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizədə iddiaçı alğı-satqı nətıcəsində onun mülkiyyətinə keçən evin onun adında olması nəticəsində Dövlət tərəfindən qaçqın və məcburi köçkünlərə ayrılan çörək pulunu özü və ailə üzvləri ala bilmədiklərini dəlil gətirmişdir. İddiaçı bununla açıq-aşkar evin ona məxsus olmadığını, əksinə o evin adına rəsmləşdirildiyindən maddi ziyana düşdüyünü aşkar bəyan etmişdir. Bu ərizəsi ilə iddiaçı bir daha alğı-satqı müqaviləsinin formal olaraq bağlandığını və sadəcə verdiyi pul borcunun əvəzində qirov predmeti kimi istifadə edildiyini üzə çıxarmışdır. Lakin birinci instansiya məhkəməsi bu kimi vacib və mühüm əhəmiyyətli xüsusatı görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu cür yanaşmanın məntiqi nəticə isə onların hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul edilməsi olmuşdur. Məhkəmədə keçiriləcək hazırlıq iclası günü İddiaçı iddia ərizəsini geri götürəcəyi onlara verdiyi vədi və sonradan heç bir bildirşin gəlməməsi bir daha onların qəbul edilən qətnamədən xəbərinin olmamsını sübut edir. Hesab edir ki, bununla da onların məhkəmədə iştirak etmək və hüqüqlarını müdafiə etmək və s. kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd etmişdir ki, yaşadığı ünvana-Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişi gəldikdə onlar məhkəmə qətnaməsinin olduğunu biliblər. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiya Məhkəməsi bu qədər şübhəli məqamları görməzdən gələrək güya reallıqda satılan mənzilin alqı-satqı müqaviləsində dəyərindən bir neçə dəvə az qiymətləndirilməsinə də fikir verməmişdir. Sadəcə iş materiallarında araşdırılmalı olan sənədləri sadalamaqla kifayətlənib iddianı təmin etmişdir. Yuxarıda qeyd olunan pozuntuların məntiqi nəticəsi kimi, bildirişlər rəsmi qaydada verilməmiş, məhkəmənin gedişatından, vaxtından və qərarlarından məlumat olmamışdır. Bütün yuxarıda qeyd olunan bir daha qəbul edilən qətnamənin mülki icraatın bərabərlik çəkişmə prinsiplərinə zidd qəbul edilməsini göstərir. Birinci instansiya məhkəməsi faktiki olaraq qəbul etdiyi qətnaməsində araşdırmadan istinad etdiyi alğı-satqı müqaviləsi, sozün əsl mənasında yalan əqdir. Belə ki, həmin əqd iddiaçının faizlə verdiyi borc əvəzinə cavabdehdən ona verilən pulun əvəzinə yaşadıqları və heç bir vaxt satılmayan və satmaq niyyətləri olmayan mənzilin girov götürülməsini nəzərdə tutulmuşdur. Yalan əqd isə öz növbəsində alğı-satqı müqaviləsinin etibarsızlığına dəlalət edir və ondan irəli gələn heç bir hüquqi nəticəyə səbəb olmamması qətnamənin əsassız olmasını bir daha təsdiq edir.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasoiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, müqaviləni mübahisələndirmək üçün qarşılıqlı iddia ərizəsi ilə müraciət olunmalı idi, lakin sadəcə etiraz ərizəsi verilmişdir. Halbuki alğı-satqı müqaviləsi qanunauyğun şəkildə notariusda ödəniş edilərək bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən müddətdə evdən çıxmaq ilə bağlı üzərinə öhdəlik götürülmüşdür. Hazırda öhdəlik icra olunmur. Burada kənar bir pozuntu mövcud deyildir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh4 münasibətdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

21.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

22.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

23.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 24.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 25.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 26.404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 27.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 28.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 29.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. 30.567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 31.570.1.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. 32.575-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. 33.576-cı maddəsinə əsasən, əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 34.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

35. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 36.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunur ki, ... əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

37.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəmənin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanan 31 yanvar 2017-ci il tarixli alğı-satqı müqaviləsinə və ona əlavə edilmiş sənədlərə əsasən Cavabdeh4 mülkiyyətində olan mübahisəli 2 otaqlı mənzili İddiaçı satmışdır. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh4 ailə üzvləri ərizə təqdim edərək mənzilin satılmasına razı olduqlarını bildirmiş və müqavilədə göstərilən müddətdə (30 aprel 2017-ci il tarixədək) qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. 41.Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 19 dekabr 2017-ci il tarixli çıxarışına əsasən, ünvan 1 ünvanında yenəşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır.

42. Göründüyü kimi iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin və onunla yaşayan digər şəxslərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almasına, mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına, cavabdehin müqavilə şərtlərini pozaraq ailə üzvləri ilə birlikdə mənzili tərk etməmələrinə istinad etmişdir.

43. Cavabdeh apelyasiya şikayətində etirazın qanuni əsası olaraq Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etmiş, İddiaçı ilə onun arasında bağlanmış AN-İ seriyalı, ******* saylı 31 yanvar 2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin əslində alqısatqı müqaviləsi olmadığını, İddiaçı ona borc olaraq faizlə verdiyi pulun qatarılmasının təminatı kimi qeyd edilən mənzili sonuncunun adına rəsmiləşdirdiyini, borcunu vaxtında qaytara bilmədiyinə görə mənzilin adına olmasından istifadə edərək onun yaşadığı mənzildən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

44. Yuxarıda da qeyd edildiyi kimi, tərəflərin arasında daşınmaz əmlakın alğı-satqısı barədə müqavilənin bağlanması mübahisəsiz haldır. Lakin cavabdeh həmin müqavilənin alğı-satqı məqsədi ilə deyil, iddiaçıdan aldığı borcla bağlı yaranmış münasibətləri pərdələmək üçün bağlandığını bildirir. İddiaçı isə cavabdehin bu dəlilini rədd edir və israrla mənzili ona qaytarmasını, yəni bağladığı alqı-satqı müqaviləsinin lazımi qaydada icra etməsini tələb edir.

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır.

46. Sadalanan hüquq normalarından göründüyü kimi, iddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır. Apellyasiya şikayətinin dəlilləri alqı-satqı müqaviləsinin etibarlılığı ilə bağlı məsələlərə aiddir. Başqa sözlə, şikayətin məzmunu sırf alqı-satqı müqaviləsinin etibarlı olmadığı ilə bağlıdır. Lakin mübahisəli mənzilin cavabdeh tərəfindən iddiaçıya satılması və hazırda mülkiyyət hüququ əsasında sonuncuya məxsus olmasının qanuniliyinin yoxlanılması hazırki işin və apellyasiya icraatının predmeti deyildir. Buna görə də, qətnamənin yoxlanılması məhz hazırki mövcud vəziyyətə uyğun həyata keçirilməlidir.

47. Belə ki, iddianın təmin olunmaması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

48. Məhkəmə kollegiyası bu mövqeyinə uyğun həmçinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 54, 55, 56-cı bəndlərinə istinad edir.

49. Belə ki, sözügedən Qərardaddan göründüyü kimi, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Buna görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs, hazırki iş üzrə cavabdeh tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin, yəni alqı-satqı müqaviləsinin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.

50. Əksinə, cavabdeh iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, hazırki tələbə uyğun qeydin hüquqi səbəbini təşkil edən alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

51. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətində istinad olunan dəlilləri əsassız sayaraq qeyd etməyi zəruri sayır ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və alıcı tərəfindən müqavilə qiymətinin ödənilməsi, satıcı tərəfindən qarşılıqlı olaraq əmlakın verilməsini şərtləndirir. Satıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni alıcının müəyyən məbləğdə ödədiyi pul-müqavilə qiyməti müqabilində əşyanı öz mülkiyyətinə keçirmək hüququnu pozduqda sonuncunun alğı-satqı müqaviləsinin icrasından imtina etmək və ya həmin əmlakın borcludan alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. Müqavilə predmetinin təhvil verilməsi satıcının alqı-satqı müqaviləsi üzrə yaranmış öhdəliyinə xitam verən bir hərəkətdir.

52. İddiaçının mübahisəli əmlakı faktiki sahibliyinə ala bilməməsi, Cavabdeh4 əmlakın verilməsinə dair daşıdığı öhdəliyi lazımi qaydada icra etməməsi işin mübahisələndirilməyən hallarıdır. Belə ki, mənzilin keçmiş mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil satıcı tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, cavabdeh müqaviləyə uyğun şəkildə həmin mənzili təhvil verməkdən imtina edir.

53. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

54. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-724/2024 saylı, 31 yanvar 2024cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissəsə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh4 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar