Məhkəmə qərarları › İş №2(103)-4040/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4040/2021

21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4040/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-5848/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Abbas qızına qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə X9 ilə Cavabdeh Abbas qızı arasında bağlanmış nikah haqqında 105 nömrəli aktın bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X2 ilə cavabdeh arasında xx.xx.1986-cı il tarixdə Suraxanı rayonu qeydiyyat şöbəsində nikahın bağlanması haqqında 105 nömrəli akt tərtib edilmişdir. Lakin, atası ilə cavabdeh arasında həmin nikah bağlanan zaman, atasının əvvəlki nikahı qüvvədə olmuşdur. Belə ki, X2 ilə X13 arasında xx.xx.1982-ci il tarixdə Nərimanov rayonu qeydiyyat şöbəsində nikahın bağlanması haqqında 255 nömrəli akt tərtib edilmişdi. Bu nikah yalnız xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. X2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Hesab edir ki, X2 ilə cavabdeh arasında xx.xx.1986-cı il tarixdə Suraxanı rayonu qeydiyyat şöbəsində 105 nömrəli aktla qeydiyyata alınmış nikah etibarsız hesab edilməlidir. İddia tələbində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3, 25.1, 25.2, 25.3, 25.4-cü maddələrinə istinad olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-5848/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri 40 saylı notariat ofisinin notariusu Ş.Hüseynova tərəfindən Cavabdeh Abbas qızına vərəsəlik şəhadətnaməsinin verilməsindən, məhz iddiaçının iddia ərizəsindəki əsaslarla, yəni X9 və cavabdeh arasında nikah bağlanan zaman, X3 əvvəlki nikahının qüvvədə olması səbəbindən imtina olunmuşdur. AR Ailə Məcəlləsinin 26.1.6.-cı maddəsinə əsasən, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər də nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. AR Ailə Məcəlləsinin 12.0.3.-cü maddəsinə əsasən isə, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Beləliklə göründüyü kimi, etibarsız nikah nəticəsində iddiaçının da hüquqları pozulmuş, yəni vəfat etmiş X2nun miras əmlakında pay hüququnun həcmi azalmışdır. Buna görə də AR Ailə Məcəlləsinin 26.1.6-ci maddəsinə əsasən, İddiaçı da nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik digər şəxslər sırasına daxil olmalıdır. Xətai rayon Məhkəməsi cavabdehin iddianı etiraf etməsini göstərsə də, MPM-nin 191.3-cü maddəsinə zidd olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə Ailə Məcəlləsinin 26-cı maddəsini səhv təfsir etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, Ailə Məcəlləsinin 26.1.6-ci maddəsinə əsasən, İddiaçı da nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik digər şəxslər sırasına daxil olmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Abbas qızı apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, iddianı heç vaxt etiraf etməmişdir. Qətnamədə onun tərəfindən iddianın etiraf edilməsi yanlış olaraq qeyd olunub. O, Aydın Məmmədovla 1986-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından uşaqları anadan olmuşdur. Aydın Məmmədov onunla ömrünün son gününə kimi xx.xx.2020-ci ilə kimi bir yerdə yaşamışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Abbas qızının nümayəndəsi Vəkil apellyasiya şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi, Cavabdeh Abbas qızının izahatına uyğun məzmunda izahat verdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin və nümayəndənin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında görünür ki, xx.xx.2020-ci il tarixli 05/3038/70 nömrəli arayışa əsasən X9 və X4 nikahı haqqında xx.xx.1986-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 105 nömrəli akt ilə tərtib olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. xx.xx.2020-ci il tarixli 05/3037/70 nömrəli arayışa əsasən X9 və X6 nikahı haqqında xx.xx.1982-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində 255 nömrəli akt ilə tərtib olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Rəhimova soyadı verilmişdir. Nikahın pozulması haqqında AZ-İ seriyalı 248582 nömrəli şəhadətnaməyə əsasən X9 və X6 nikahı ləğv edilmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 126 nömrəli akt qeydi tərtib edilmişdir. Ölüm haqqında AZ-İİ seriyalı 089436 nömrəli şəhadətnaməyə əsasən X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə xx.xx.2020-ci il tarixdə 635 nömrəli akt qeydi tərtib edilmişdir. Doğum haqqında Xİİ-ЖГ seriyalı 387621 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X2, anası Cavabdeh Abas qızıdır. Nikahın bağlanması haqqında İİİ-ЖГ seriyalı 456991 nömrəli şəhadətnaməyə əsasən X9 və X4 nikahı haqqında xx.xx.1986-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində 105 nömrəli akt ilə tərtib olunmuşdur, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X7 verdiyi izahatında göstərmişdir ki, Cavabdeh bacısıdır. O İddiaçı mərhum Məmmədov Aydının oğlu olaraq tanıyır. İddiaçı anası ilə mərhum Məmmədov Aydın 1980-ci ildə boşanmışdırlar. Daha sonra Məmmədov Aydın bacısı Cavabdeh ilə 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. Onların nişanı və toyu təntənəli şəkildə qeyd edilmişdir. Məmmədov Aydın ömrünün sonunadək onun bacısı İradə ilə birlikdə yaşamışdır. Birgə nikahdan onların övladları da olmuşdur. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X10 verdiyi izahatında göstərmişdir ki, İddiaçı onun atasının X1 ilə olan birinci nikahdan oğludur. İddiaçıı 3-4 dəfə görüb. Cavabdeh isə onun anasıdır. Atası ilə anası 1986-cı ildə ailə qurmuşdurlar. Onlar atası rəhmətə gedən vaxta qədər bir evdə yaşamışdırlar. X12 adlı qadınla nikahından heç bir xəbərləri yoxdur. O qadını heç bir zaman görməmiş və tanımamışdır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, X9 və X11 xx.xx.1986-cı il tarixdə nikah qeyd etdirməklə ailə qurmuşdur. X9 və X6 nikahı haqqında xx.xx.1982-ci il tarixdə Nərimanov rayon qeydiyyat şöbəsində 255 nömrəli akt ilə tərtib olunmuşdur. X9 və X6 nikahı ləğv edilmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 126 nömrəli akt qeydi tərtib edilmişdir. X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X10 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X2, anası Cavabdeh Abas qızıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən həmin məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Kollegiya həmçinin qeyd edir ki, xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 51-ci maddəsinə əsasən bu Məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Həmin Məcəllənin 17-ci maddəsinin 2-ci hissəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Göründüyü kimi, hazırki mübahisə üzrə münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsi, həmçinin Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsində nikahın etibarsızlığını tələb etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin şəxslərin maraq dairəsindən asılı olaraq iki qrupa bölmək olar. Birinci qrupa nikahın etibarsız hesab olunmasında şəxsi marağı olan şəxslər (ər-arvad, yetkinlik yaşına çatmayan ərarvad, onların valideynləri (onları əvəz edən şəxslər), ikinci qrupa isə hakimiyyət səlahiyyətlərini yerinə yetirən başqa şəxslərin hüquqlarını müdafiə edən orqanlar (icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) aid edilə bilər. Qüvvədən düşmüş məcəllədə həmçinin prokurorun nikahın etibarsızlığını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu nöqteyi-nəzərdən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə İddiaçı X9 ilə Cavabdeh Abbas qızının nikahının etibarsız hesab edilməsi barədə iddia ilə müraciət etməkdə subyektiv hüququ yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya apellyatorun “Ailə Məcəlləsinin 26.1.6-ci maddəsinə əsasən, İddiaçı da nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik digər şəxslər sırasına daxil olması” ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Ailə Məcəlləsinin 26.1.6-cı maddəsində nəzərdə tutulduğu halda etibarsızlıqla bağlı tələbi bu barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu irəli sürə bilər. Ər (arvad) əvvəl dövlət qeydiyyatına alınmış nikahı pozmadan yeni (ikinci dəfə) qeydə alınmış nikaha daxil olarsa, əvvəlki nikah üzrə ər (arvad) (bunlar hüquqları pozulmuş digər şəxslər hesab olunur) nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər. Kollegiya apellyatorun cavabdehin iddianı etiraf etdiyi halda, məhkəmə tərəfindən iddianın rədd edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, MPM-nin 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq, qətnamənin ləğv edilməsi əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddianın etiraf edilməsinə qiymət verilməməsi, MPM-nin 387.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara daxil olmamaqla, qətnamənin ləğv edilməsi üçün əsas deyildir, ona görə ki, məhkəmə düzgün qətnamə qəbul etmişdir. Belə ki, MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Digər tərəfdən, apellyasiya mərhələsində cavabdeh ərizə təqdim edərək, onun tərəfindən birinci instansiya məhkəməsində iddianın etiraf edilmədiyini, hazırda da iddianı etiraf etmədiyini bildirmişdir. Beləliklə, kollegiya apellyatorun məhkəmənin Ailə Məcəlləsinin 26-cı maddəsini düzgün təfsir etməməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)- 5848/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar