Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4041/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyin nümayəndələri X2 və X3 iştirakları iştirakları ilə İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı “cavabdehin iddiaçının ixtisar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmrin ləğv edilməsi, iddiaçının ixtisar edilməmişdən öncəki tutduğu vəzifəyə bərpa edilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin İddiaçı ixtisar edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, 14 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının ixtisar edilməmişdən öncəki tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1967-ci il tarixdə Cəbrayıl rayonu, Soltanlı kəndində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır. Universiteti bitirdikdən sonra 1987-ci il tarixdə əmək fəaliyyətinə Cəbrayıl rayonunda yerləşən internat məktəbində müəllimə kimi başlamışdır. 01 mart 1989-cu il tarixdən iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 31 il azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimə işləmişdir və Tarifləşmə cədvəlinə əsasən 14-cü dərəcəyə qədər yüksəlmişdir. Heç bir əsas və səbəb olmadan liseyin rəhbərliyi 14 avqust tarixində iddiaçı ilə bağlanmış olan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı diaqnostik qiymətləndirilmədən keçmişdir, lakin onunla 0,5 ştat vahidi ilə 29 avqust 2018-ci il tarixdən 01 iyul 2019-cu il tarixədək əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək əmək müqaviləsi bağlanmışdır. Daha sonra həmin müqavilə 28 avqust 2019-cu ildən 01 iyul 2020-ci ilədək uzadılmışdır. 14 avqust 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə bağlanmış sonuncu əmək müqaviləsinin müddəti 01 iyul 2020-ci il tarixdə bitməli olmuş, lakin işəgötürən 14 avqust 2020-ci il tarixdə, bir ay yarımdan sonra əmək müqaviləsinə birtərəfli şəkildə xitam vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, müəyyən olunmuş hallar üzrə səhv nəticəyə gəldiyini, əsassız qərar verdiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatlarında göstərmişlər ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədris 1 kurs ixtisar olunaraq 4 kursdan 3 kursa azaldılmışdır. Bu səbəbdən 4-cü kursun müəllimləri arasında diaqnostik qiymətləndirmə aparılmış, qiymətləndirmədən ən az bal toplayan 3-4 müəllim, həmçinin iddiaçı ixtisar olunmuşdur. Bundan sonra iddiaçı uzun illər liseydə müəllimlik etdiyinə görə ona bir növ güzəşt edilmiş və sosial məzuniyyətdə olan işçinin yeri ona təklif olunmuşdur. İddiaçı isə könüllü olaraq buna razılıq vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 02 mart 1989-cu il tarixdən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tədris hissəsinin laborantı vəzifəsinə qəbul edilmişdir. 05 sentyabr 1995-ci il tarixdən iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi liseydə azərbaycan dili və ədəbiyyat müəlimi vəzifəsinə keçirilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə 01 iyul 2015-ci il tarixdən 01 iyul 2016-cı il tarixədək, 01 iyul 2016-cı il tarixdən 01 iyul 2017-ci il tarixədək, 01 iyul 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək tədris şöbəsində ana dili və ədəbiyyat müəlllimi vəzifəsinə təyin olunması ilə bağlı əmək müqavilələri bağlanmışdır. İş materiallarına əlavə edilmiş 01 iyul 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin bitmə tarixi 01 iyul 2019-cu il qeyd edilmişdir. 01 iyul 2019-cu il tarixdə yenidən iddiaçı ilə müqavilə bağlanmış, iddiaçı əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. Müqavilənin müddəti bir il müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh təşkilata öz vəzifəsinin ixtisara düşməsi ilə bağlı əsas işçinin sosial məzuniyyətinin bitməsinədək ana dili və ədəbiyyat müəllimi vəzifəsinə keçirilməsi ilə bağlı müraciət etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2018-ci il tarixli qərarına əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil müddəti 3 ildən 2 ilə qədər azadılmışdır. Həmin qərarın əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2018-ci il tarixli əmri qəbul edilmişdir. Müdafiə Nazirinin 1-ci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 25 avqust 2018-ci il tarixli əmrinə əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseyin quruluşunda təşkilati ştat tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əmrə əsasən 25 avqust 2018-ci il tarixli əmrə əlavə ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə dəyişikliklər siyahısı tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı 01 iyul 2018-ci il tarixli müqaviləni imzalamaqla ona təklif edilən işlə razı olduğunu təsdiq etmiş və iki il ərzində bu halı hər hansı qaydada mübahisələndirməmişdir. 01 iyul 2018-ci ildə ilk dəfə, 01 iyul 2019-cu ildə isə ikinci dəfə eyni qaydada sosial məzuniyyətdə olan işçinin yerinə işləməyə razılaşmış və müqaviləyə imza atmışdır. İş materiallarından görünür ki, 14 avqust 2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin e bəndinə əsasən xitam verilmişdir. Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının işdən azad olunması zamanı qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajı on ildən artıq olduqda azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. İxtisara düşmüş işçilərə özlərinə yeni iş yeri axtarılması ilə bağlı işəgötürən tərəfindən şərait yaradılmalıdır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sadalanmış, bunlar müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Göründüyü kimi, Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil müddəti 3 ildən 2 ilə qədər azadılmışdır. Həmin qərarın əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2018-ci il tarixli əmri qəbul edilmişdir. Müdafiə Nazirinin 1-ci müavini Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin 25 avqust 2018-ci il tarixli əmrinə əsasən, Cəmşid Naxçıvanski adına Hərbi liseyin quruluşunda təşkilati ştat tədbirlərinin görülməsi nəzərdə tutulmuşdur. Qeyd olunan əmrə əsasən 25 avqust 2018-ci il tarixli əmrə əlavə ilə Cəmşid Naxçıvanski adına Hərbi liseydə dəyişikliklər siyahısı tərtib edilmişdir. Bununla əlaqədar cavabdeh Cəmşid Naxçıvanski adına Hərbi Lisey tərəfindən müəllimlər arasında diaqnostik qiymətləndirmə aparılmış, qiymətləndirmədən ən az bal toplayan 4 müəllim, həmçinin İddiaçı ixtisar olunmuşdur. Bununla belə cavabdeh tərəfindən iddiaçı uzun illər liseydə müəllimlik etdiyi nəzərə alınaraq, ona bir növ güzəşt edilmiş və sosial məzuniyyətdə olan işçinin yeri ona təklif olunmuşdur. İddiaçı isə könüllü olaraq buna razılıq vermiş, bununla əlaqədar tərəflər arasında 01 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əsas işçinin sosial məzuniyyətdən qayıtdığı müddətədək ana dili və ədəbiyyat müəllimi vəzifəsi ilə bağlı müqavilə bağlanmışdır. Kollegiya qeyd edir ki, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi nəzərdə tutulmuş, həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində isə tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinə xitam verilməsi imkanı təsbit edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı ilə yeni bağlanmış əmək müqaviləsində, iddiaçının tutduğu tam oklad müəllimi vəzifəsindən sosial məzuniyyətdə olan digər işçinin yerinə keçirilməsi nəzərdə tutulmuş, sonradan sosial məzuniyyətdə olan işçi məzuniyyətdən qayıtdıqdan sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi mümkünsüz olmuşdur. İddiaçı müqavilədə onun sosial məzuniyyətdə olan işçinin yerinə işə götürüldüyünün o müqaviləni imzaladıqdan sonra qeyd ediliyini irəli sürsə də, iddiaçı bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-495/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2(103)-4041/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4041/2021
05.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver