Məhkəmə qərarları › İş №2(103)-4042/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4042/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4042/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğvi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)-753/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istehlakçı kimi onun adına hesablanmış 9720 m3 itirilmiş qazın bərpası üçün hesabatın və hesablanmış məbləğin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Südçülük-tərəvəzçilik sovxozu ünvanda yerləşən evinə qazdan istifadəyə görə Smart-kart tipli sayğac quraşdırılmışdır. Qazdan istifadəyə görə müntəzəm olaraq, ödənişləri yerinə yetirmişdir. 2018-ci ilin oktyabr ayının əvvəlində sayğacın nasaz olduğunu bilən kimi Maştağa qəsəbəsində yerləşən Qaz istismar sahəsinə müraciət etmiş, müraciətinin nəticəsində aidiyyəti işçilər tərəfindən xx.xx.2018-ci il tarixində Qaz sayğacı dəyişdirilərək, yeni Smart-kart tipli sayğac quraşdırılmışdır. (Akt N 5526879) Nasaz sayğac Qaz istismar sahəsinin işçiləri tərəfindən aparılmışdır. Müntəzəm olaraq, qaz sərfinə uyğun ödənişləri edərək, təbii qazdan istifadə etmişdir. Lakin bir müddətdən sonra, daha doğrusu 2019-cu ilin ortalarında sayğaca ödədiyi vəsaitin tam oturmadığını görəndə Qaz istismar sahəsinə müraciət etmiş, aydın olmuşdur ki, Cavabdeh İB tərəfindən ona itirilmiş qazın bərpası adı ilə hesabat aparılmış və 9720 m3 artıq qaz sərfi üçün məbləğ hesablanmışdır. Bu barədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən qaz cihazlarının sayına, 180 günlük müddətə itirilmiş qazın 9720 m3 olduğu hesablanmışdır. Sayğaca hec bir müdaxiləsi olmamış və hesablanmış həcmdə qaz itkisinə yol verilməmişdir. Nasaz sayğacın təftişində onun iştirakı təmin olunmamış, tərtib edilmiş aktla tanış edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 753/2020 saylı qətnaməsi iləiddia təmin edilmişdir. Abonent kodu **********00000 olan İddiaçı yaşadığı ünvana quraşdırılmış sayğaca görə Cavabdeh tərəfinədən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı aktın ləğv edilməsi, İddiaçı (abonent kodu **********00000) xx.xx.2018-ci il tarixli ******* saylı aktı əsasında tərtib edilmiş 972.02 manatın silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. İdarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bu səbəbdən abonentdən qaz sərfiyyatına görə 92 manat borc hesablanaraq tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verib, apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlmədiyini işə onun iştirakı olmadan baxılmasını kollegiya mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə Smart G-4 markalı qaz sayğacı çıxarılmış, yenisi quraşdırılmışdır. Aktda “çıxış panelində dəlik aşkar olundu” qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan məlum olur ki, istehlakçı İddiaçı mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və “sayğacın çıxış plasmas borusu deşilmişdir” qeyd edilmişdir. Akta əsasən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2018-ci il tarixli qərara əsasən itirilmiş qazın dəyəri (1.2x6x180=1296 m3, 2.6x18x180=8424 m3) cəmi 9720 m3 həcmində hesablanmışdır. İş materiallarında olan abonent saldosuna əsasən iddiaçıya akt üzrə hesablanan borc 972,02 manat təşkil edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-753/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar