Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4043/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(008)-872/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli, 60 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2022-cü il tarixli, e-2(008)- 2552/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Rafael qızı ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1271 nömrəli akt qeydi ilə tərtib olunmuş 27 avqust 2011-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları 01 iyul 2011-ci il təvəllüdlü X7 və 01 aprel 2014-cü il təvəllüdlü X1 İddiaçı Rafael qızının himayəsində saxlanılması qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və uşaqları 01 iyul 2011-ci il təvəllüdlü X7 və 01 aprel 2014-ci il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 27 avqust 2011-ci il tarixdə Cavabdeh Mirzəağa oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin gündən etibarən ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşayaraq birgə təsərrüfat aparmışlar. Yaşayış evinin kommunal xərcləri barədə qəbzlər də iddiaçının yoldaşının adına gəlmiş və onlar tərəfindən ödənilmişdir. Birgə nikahdan 01 iyul 2011-ci il təvəllüdlü X7 və 01 aprel 2014-cü il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan münaqişə nəticəsində iddiaçı xəsarət almış, bundan sonra cavabdeh iddiaçını və uşaqlarını məcburi şəkildə atasının müvəqqəti yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 1 may küçəsi, fərdi yaşayış evinə aparmışdır. İddiaçı uşaqlarla birlikdə məcbur qalıb həmin balaca evdə yaşamışlar. Uşaqlar Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən məktəbdə təhsil alırlar. Hər gün məktəbə gedib-gəlməkləri onlara çətinlik yaradır. İddiaçının və uşaqlarının atasının yanında qalmaqları mümkün deyil. Cavabdehə dəfələrlə bu barədə məlumat versə də, cavabdeh həmin yaşayış evinə köçməyə imkan vermir. İddiaçının hazırda yaşamağa, qalmağa heç bir yeri yoxdur.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(008)- 872/2023 nömrəli qətnaməsi ilə İddiaçı, uşaqları 01 iyul 2011-ci il təvəllüdlü X7 və 01 aprel 2014-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və köçürülmələri barədə iddia tələbi rədd edilmişdir.
6. Qətnamənin əsaslarına görə, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır. Qeyd olunan qanunvericilik normasında özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı iş materiallarından və izahatlara əsasən müəyyən olunan hallar odur ki, iddiaçı cavabdehlə mübahisəli evdə yaşayaraq birgə təsərrüfat apardığını qeyd etsə də, evin tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə sözügedən qanunsuz tikilinin onun həyat yoldaşına məxsus olmasına işarə edən hər hansısa kommunal ödənişlər, vergi ödənişləri də təqdim etməmişdir. Digər tərəfdən də, İddiaçı nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı artıq iki ildir atasına məxsus evdə yaşayır. Belə olan halda iddiaçının iki il ərzində həmin evə köçürülməsi tələbinin olmaması da onun yaşamağa yerinin olmasına dəlalət edir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 180-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin belə bir nəticəyə gəlməsi tam əsassızdır, əvvəla o həmin evdən xoşluqla deyil, cavabdeh tərəfindən qovularaq çıxarılmış və ağır bədən xəsarətləri almış, aldığı xəsarətlər üzündən o hərəkət qabiliyyətini də itirmiş, bununla bağlı məhkəməyə yetərincə sübutlar təqdim etmişdir. Mübahisəli evdə o 10 ilə yaxın bir müddətdə yaşamış və uşaqları da bu evdə yaşayan vaxt doğulmuşdur, bu ev onların birgə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur. Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.” Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən ona qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə o uşaqları ilə məhrum edildiyi evə köçürülməlidir. Bu konstitusion normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; MənzilMəcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətləretməyə) əsas yarada bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, apllyasiya şikayətinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır; Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə qətnamə bütövlüklə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
19. İşdən görünür ki, iddiaçının tələbi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədədir.
20. İddiaçının köçmək istədiyi yaşayış sahəsinin özbaşına tikili olması işin mübahisəsiz halıdır.
21. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad etməklə, yaşadıqları mənzildən qanunsuz məhrum edildiklərini bildirmişdir.
22. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin mübahisəli tikiliyə köçməsi cavabdehlə rəsmi nikaha girdikləri 27 avqust 2011-ci il tarixdən sonra olmuşdur ki, qüvvədə olan qanunvericiliyə əsasən, həmin vaxt yaranmış mübahisəli hüquq münasibətlərinə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normaları tətbiq olunmalıdır.
23. Həmin normalardan da göründüyü kimi, qanunverici yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsi və saxlanılması məsələləri ilə bağlı “yaşayış sahəsinin mülkiyyətçisi” anlayışından istifadə edir. Hazırkı halda iddiaçının istinad etdiyi yaşayış sahəsi isə özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.
24. Göründüyü kimi, qanunvericiliyə əsasən, hazırkı halda iddiaçının hər hansı istifadə hüququna istinad etməsi istisna olunur.
25. Digər tərəfdən, mübahisə predmeti olan tikili qanuni əsaslarla tikilmiş tikili olsaydı belə, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verdiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun istifadə hüququ saxlanmayacaqdı.
26. Göstərilən əsaslar olmadan, yəni hər hansı istifadə hüququna istinad etmədən, özbaşına tikiliyə köçürülmə tələbinin təmin olunması üçün isə iddiaçı ilk növbədə həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
27. Lakin hazırkı işdə iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmiş, nə də apellyasiya şikayətində bu sübutların mövcudluğunu əsaslandırmamışdır.
28. Qeyd olunanlara əsasən, kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.
29. Əlavə olaraq qeyd olunmaldır ki, iddiaçının konstitusion norma kimi “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” müddəasına əsaslanması da əsassızdır. Belə ki, əgər belə bir məhrum etmə mövcud olmuşdursa, bunun qanunsuz olduğunu nəticəsinə gəlmək üçün iddiaçı ilk növbədə yuxarıda sadalanan halları, yaşayış sahəsi ilə bağlı hər hansı hüquqlarının olduğunu sübut etməlidir.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(008)- 872/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, e-2(008)- 872/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev