Məhkəmə qərarları › İş №2(103)-4046/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4046/2023

12.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4046/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddianın təmin etmə tədbiri barədə qərardad ləğv edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-496/2020 saylı, xx.xx.2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan torpaq sahəsində dair Cavabdeh2 adına verilmiş AN 4148 60 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və iddiaçının torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə həbs (özgəninkiləşdirilməsinin, ipoteka ilə yüklü edilməsinin, bağışlanılmasının və hər hansı tikinti işləri aparılmasının) qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-4431/2019 saylı qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və həmin torpaq sahəsində təmir-tikinti işləri aparılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-496/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakışəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakışəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7757/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi iddia tələbinin Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü”nün və çıxarışın ləğv edilməsinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə icraata xitam verilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7757/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində təmin edilməməsi qət edilmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-496/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 4431/2019 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və həmin torpaq sahəsində təmir-tikinti işləri aparılması ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır.

8. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi ilə iddia təmin edilmədiyindən, həmçinin həmin qətnamədən verilmiş apellyasiya şikayət üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia tələbinin bir hissəsinə xitam verilməklə qalan hissəsi təmin edilmədiyindən və Bakı Apellyasiya Məhkəməsinin qərarları qanuni qüvvəsini aldığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-4431/2019 saylı iddia təmin tədbiri barədə qərardad ləğv edilməli, Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 0,12 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və həmin torpaq sahəsində təmir-tikinti işləri aparılması ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qoyulmuş qadağa götürülməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

9. İddiaçı şikayətlə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 496/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən, işin faktiki hallarını araşdırmamışdır. Ona görə də məhkəmənin qərardadı ləğv edilməli, təminat tədbirinə dair ərizə isə rədd edilməlidir. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Qeyd edilən torpaq sahəsi faktiki olaraq, onun sahibliyindədir. Cavabdehlərlə aralarında olan mübahisə hələ də davam etməkdədir. Tərəfindən torpağın plan sxeminin ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Lakin qərar hələ qüvvəyə minməmişdir. Ona görə də hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı ləğv edilməlidir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-496/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).

15. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).

16. Həmin Məcəllənin 162.1-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.

17. Həmin Məcəllənin 162.3-cü ci maddəsində qeyd edilir ki, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 4431/2019 saylı qərardadı ilə qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin qoyulmasını xahiş etmişdir.

20. Ərizə birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 496/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakışəhər Ərazi İdarəsinə) qarşı “torpaq sahəsinin plan sxeminin ləğv edilməsi və torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7757/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(003)-496/2020 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması və torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində təmin edilməməsi qət edilmişdir.

22. Göründüyü kimi, İddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması və iddiaçının torpağından istifadə ilə bağlı cavabdehlər tərəfindən maneələrin yaradılmaması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməmişdir, iddia tələbinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yerləşən 0,12 ha torpaq sahəsinin üzərində həbsin olması cavabdehin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

24. İddiaçı şikayətində mübahisəli torpaq sahəsi ilə bağlı verilmiş çıxarışın inzibati qaydada mübahisələndirildiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı zəruri hesab edərsə, inzibati icraat qaydasında müvəqqəti təminat tədbirinin görülməsini məhkəmədən xahiş edə bilər.

25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin etmə tədbiri barədə qərardadın ləğv edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-496/2020 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar