Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-405/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (X6 qanuni nümayəndəsi) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13, X9 və X8 cəlb edilməklə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-405/2024 (Açar sözlər: miras payının müəyyən edilməsı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X16 və X10 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı (X6 qanuni nümayəndəsi), onun nümayəndəsi və vəkili Vəkil2 Tafiq oğlu, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (X6 qanuni nümayəndəsi) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13, X9 və X8 cəlb edilməklə Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-228/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Qanun üzrə vərəsələrdən olan xx.xx.2012-ci il təvəllüdlü X11 İddiaçı ilə mərhum Cavad Mirqiyasovun qeyri-rəsmi nikah münasibətlərindən doğulmuşdur. Cavabdeh ilə mərhum Cavad Mirqiyasov xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisə predmeti olan əmlaklar birgə nikah dövründə əldə edilməklə cavabdehin adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Hazırda iddiaçı qanun üzrə vərəsə olan azyaşlı övladının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan - mərhum Cavad Mirqiyasov ilə cavabdehin birgə nikah dövründə əldə edilməklə cavabdehin mülkiyyətində olan əmlaklara dair mərhumun ½ hissədə payının olması və həmin payın miras kütləsinə daxil olması nəzərə alınaraq, övladı Xədicə Mirqiyasovanın 1/10 hissədə pay hüququnun müəyyən edilməsini xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (X6 qanuni nümayəndəsi) Cavabdeh qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin; ünvan 2, 0,1 ha torpaq sahəsinin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilin, ünvan 1, 7 saylı evin və ünvan 1 ünvanında yerləşən qarajın mərhuma çatası ½ hissəsinə azyaşlı övladı X6 miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh adına mərhum X4 ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilə; ünvan 2, 0,1 ha torpaq sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilə xx.xx.2012-ci il təvəllüdlü qızı X6 1/10 hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vəfat etmiş X4 ilə 06 iyun 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə əmlaklar əldə etmişlər. Miras qoyan X4 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı ilə mərhumun isə nikahdan kənar birgə münasibətindən xx.xx.2012-ci il təvəllüdlü X11 adından bir övladı vardır. İddiaçı miras əmlakın qəbulu ilə bağlı şifahi qaydada notariat kontoruna müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən ona süni maneələr yaradılmış, belə ki, cavabdehin və digər vərəsələrin notariat kontoruna gəlməmələri səbəbiylə miras əmlak açılmamışdır. Həmçinin məhkəmədə iddia tələbinin verilməsi ilə bağlı sübutların toplanılmasında cavabdeh maneə yaradaraq digər qanun üzrə vərəsələr barədə, eləcə də əmlakların siyahısı barədə müvafiq sənədləri iddiaçıya verməkdən imtina etmişdir. Yalnız məhkəmə tərəfindən verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, mərhumun qanun üzrə birinci növbədə beş vərəsəsi vardır: iddiaçının öz övladı xx.xx.2012-ci il təvəllüdlü X11; anası X13, rəsmi nikahda olduğu hazırda cavabdeh olan Cavabdeh, cavabdehlə rəsmi nikahından olan övladları - X9 və X8. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil; ünvan 2, 0,1 ha torpaq sahəsi və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzili mərhum X4 cavabdehlə birgə nikahı dövründə alğı-satqı müqaviləsi əsasında əldə edilməklə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. O, verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa vaxtında müraciət olunsa da, cavabdeh gəlmədiyindən bu mümkün olmamışdır. Notariusa müaciət vaxtını isə dəqiq bilmir və müraciətinə dair məhkəməyə sübut təqdim edə bilmir. Çünki iddiaçı 5 saylı Notariat Kontoruna müraciət etsə də sənədlərin tələbi ilə maneələr yaranmışdır. Hətta onun tərəfindən verilmiş sorğuya cavabda iddiaçının notariusa müraciət etmədiyi bildirilsə də, iddiaçı rəsmi olaraq notariusa müraciət etdiyini bildirir. Hesab edir ki, C.Mirqiyasovun ölməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlaklar ümumi mülkiyyət hüququ ilə mərhuma aid olan hissədə miras əmlakına daxil olmuşdur. Ona görə də cavabdehin ona aid hissəsi çıxılmaqla və digər qanun üzrə vərəsələr nəzərə alınmaqla mərhuma aid hissə vərəsələr arasında bölündükdə vərəsələrin hər birinə 1/10 hissə pay düşür. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir.
5. Məhkəmə araşdırması zamanı X13, X9 və X8 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-228/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Günel Əkbərli) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 1145, 1159.1.1, 1162, 1243.2, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 37.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, X6 adına mərhum atası X5 02 fevral 2022-ci il tarixdə vəfat etdikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 05 saylı Notariat ofisində "mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə" rəsmi qeydiyyatdan keçmiş ərizəsi mövcuddur. Bu sənədlərdən də görünür ki, iddiaçı hər hansı vərəsəlik ilə bağlı müddəti ötürməyib və cavabdehlərin yaratdıqları maneələrə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 05 saylı Notariat ofisində artıq vərəsəlik işi açılmışdır. 03 dekabr 2012-ci il təvəllüdlü X6 mərhum X2 övladı olması da mülki iddianın mübahisəsiz halı olaraq nəzərə alınmalıdır. İddia tələbində göstərdiyi əmlaklar mərhum ilə cavabdehin birgə nikahı dövründə əldə olunduğundan miras kütləsinə daxildir. Hesab edir ki, bu kimi hallar da mülki işin mübahisəsiz hallarına daxil edilməlidir. Məhkəmə gedişatında da iddiaçı azyaşlı övladı X6 05 saylı notariat ofisinə müraciət etdiyini bildirsə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi icraatında işlərin çoxluğunu bəhanə gətirərək Ədliyyə Nazirliyi xidmətlər baş idarəsinin məhkəmə sorğusuna cavabına əsaslanaraq iddiaçının notariat kontoruna müraciətinin olmadığı və yaxud müddəti ötürdüyü kimi fərziyyələri qətnamədə səsləndirmişdir. Əfsuslar olsun ki, iddiaçının Bakı şəhəri 05 saylı notariat ofisinə rəsmi müraciət etməsi kimi hallar olduğu halda məhkəmənin cavabdehin maraqları baxımından Ədliyyə Nazirliyi xidmətlər baş idarəsinin məhkəmə sorğusuna yazdığı və elektron məhkəmə sistemində yerləşdirdiyi iddiaçının iddiası əlehinə olan əks cavab ilə kifayətlənməsi qəbul edilməzdir. İddiaçının həm iddia tələbi ilə bağlı, həm də azyaşlı övladına münasibətdə bu ziddiyyətin aradan qaldırılması üçün azyaşlı X6 mərhum atasının ölümündən sonra "mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə" ərizəsi Bakı şəhəri 05 saylı notariat ofisində rəsmi olaraq qeydiyyata alınmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təsdiq olunmasını xahiş etmişdir.
12. Apellyasiya baxışı zamanı iddiaçı (X6 qanuni nümayəndəsi) təqdim olunan barışıq sazişi ilə razı olduğunu bildirmiş və onun təsdiq olunmasını xahiş etmişdir.
13. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili təqdim olunan barışıq sazişi ilə razı olduqlarını bildirmiş və onun təsdiq olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
16. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
17. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlərdir (övladlığa götürənlər).
18. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
19. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin toplusu daxildir.
20. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
21. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılır: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
22. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o, mirası tamamilə qəbul etmişdir.
25. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
26. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
27. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
37. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
38. Belə ki, iş materiallarındakı Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, mərhum X4 və hazırda cavabdeh Pərvanə Nail qızı xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuşlar.
39. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ- İİİ seriyalı, 038090 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X11 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında İddiaçı qeyd olunmuşdur.
40. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 254407 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir
41. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, mübahisə predmeti olan 1) Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə; 2) Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzil (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə; 3) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir.
42. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2011-ci il tarixdə qeydiyyat aparılmışdır. Səbail Rayon İcra Hakimiyyətinin Başçısnın xx.xx.1997-ci il tarixli, 1605 saylı sərəncamından müəyyən edilir ki, həmin torpaq sahəsinin Mirqiyasova (Rəfiyeva) Pərvanə Nail qızının adına rəsmiləşdirilməsinə və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
43. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzil Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. 12 saylı notariat kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli 4Ə-01-28 saylı müqavilədən müəyyən edilir ki, həmin mənzil alğı-satqı yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir.
44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzil (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) Cavabdeh mülkiyyətindədir və bu barədə xx.xx.2017-ci il tarixdə qeydiyyat aparılmışdır. 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2010-cu il tarixli, 4Ə-1071 saylı müqavilədən müəyyən edilir ki, həmin mənzil alğısatqı yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir
45. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktuba əsasən müəyyən edilir ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2023-cü il tarixədək aparılmış araşdırma nəticəsində mərhum X3 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır
46. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, X3 anası - xx.xx.1949-cu il təvəllüdlü X13, arvadı - xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh, övladları – xx.xx.1993-cü il təvəllüdlü X9, xx.xx.1994-cü il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X7r.
47. Beləliklə ki, işin mübahisəsiz halı odur ki, miras qoyan X4 xx.xx.2022-ci il tarixdə ölmüş və onun qanun üzrə vərəsələri anası - X13, arvadı - Cavabdeh, övladları – X9, X8 və X7r. Qanun üzrə vərəsələrdən olan xx.xx.2012-ci il təvəllüdlü X11 İddiaçı ilə mərhum Cavad Mirqiyasovun qeyri-rəsmi nikah münasibətlərindən doğulmuşdur. Cavabdeh ilə mərhum Cavad Mirqiyasov xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisə predmeti olan əmlaklar birgə nikah dövründə əldə edilməklə cavabdehin adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Vərəsəlik işi hazıradək açılmamışdır və vəsiyyətnamə yoxdur.
48. Hazırda iddiaçı qanun üzrə vərəsə olan azyaşlı övladının adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan - mərhum Cavad Mirqiyasov ilə cavabdehin birgə nikah dövründə əldə edilməklə cavabdehin mülkiyyətində olan əmlaklara dair mərhumun ½ hissədə payının olması və həmin payın miras kütləsinə daxil olması nəzərə alınaraq, övladı Xədicə Mirqiyasovanın 1/10 hissədə pay hüququnun müəyyən edilməsini xahiş edir.
49. Cavabdeh isə mübahisə predmeti olan əmlakların miras kütləsinə daxil olmadığını, həmin əmlakların birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə əldə edilmiş vəsait hesabına alınmadığını, eyni zamanda mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddətin ötürüldüyü bildirərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş edir.
50. Kollegiya ilk növbədə cavabdehin Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən iddiaçının 6 ay ərzində vərəsəliyi qəbul etməməsi barədə dəlillərinə, o cümlədən bu mövqe ilə razılaşan birinci instansiya məhkəməsinin qətnaməsinə münasibətdə aşağıdakıları qeyd edir.
51. Hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5874/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.
52. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
53. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
54. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə birinci instansiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərar məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1136 və 1159-cu maddələrinə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğu, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi baxımından araşdırılmalı və buna uyğun qanuni qərar qəbul edilməlidir.
55. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
56. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Mülki Məcəllənin 1246-cı maddəsinə əsaslanmış, məhz mirasın qəbulu ilə bağlı müddətlərin ötürülməsi səbəbindən iddia tələbini rədd etmiş, işin digər halları ilə bağlı isə iddiaçının övladının adından pay tələb etdiyi əmlakların miras əmlakın kütləsinə daxil olması, o cümlədən X6 atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakından pay almaq hüququnun olmasını qeyd etmiş, cavabdeh tərəfindən qeyd edilən hallar hər hansı formada mübahisələndirilməmişdir.
57. Kollegiya hər bir halda işin bütün hallarına qiymət vermək məqsədilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
58. İş materiallarından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X11 İddiaçı ilə mərhum Cavad Mirqiyasovun qeyri-rəsmi nikah münasibətlərindən doğulmuş və atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, doğum haqqında şəhadətnamə ata qrafasında mərhum Cavad Mirqiyasovun adı qeyd olunmuşdur. Bu da o deməkdir ki, X6 mərhum Cavad Mirqiyasovun qanun üzrə vərəsəsi olması işin mübahisəsiz halını təşkil edir. Belə ki, Mülki Məcəllənin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun.
59. İş materiallarından görünür ki, mübahisə predmeti olan əmlaklar miras kütləsinə daxil olmaqla cavabdehlə mərhum Cavad Mirqiyasovun birgə nikah dövründə əldə edilmişdir.
60. Lakin cavabdeh həmin əmlakın birgə nikah dövründə əldə edilməsinə baxmayaraq birgə vəsait hesabına alınmamasını iddia etməsinə və sübutetmə vəzifəsinin onun üzərində olmasına baxmayaraq buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin onların əmlak üzərində payları müəyyən edilməsə də, məhkəmə hesab edir ki, həmin əmlaklar üzərində ər və arvadın ½ hissədə bərabər payları olmuşdur.
61. Bu da onu deməyə əsas verir ki, mübahisə predmeti olan və cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzilin (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin ½ hissəsi mərhum Cavad Mirqiyasov ölməsi məqamında onun miras kütləsinə daxil olmuşdur. Odur ki, iddiaçının övladı X6 atasının qanun üzrə vərəsəsi olaraq miras əmlakından pay almaq hüququ olmuşdur.
62. İşin faktiki hallarından və materiallardan məlum olur ki, mərhum X3 qanun üzrə vərəsələri anası - X13, arvadı - Cavabdeh, övladları – X9, X8 və X11 olmaqla ümumilikdə 5 nəfərdən ibarətdir.
63. Bu da onu deməyə əsas verir ki, mərhum Cavad Mirqiyasovun hər 5 vərəsəsi, o cümlədən hazırki iş üzrə iddiaçının qanuni nümayəndə olaraq təmsil etdiyi övladı X11 miras qoyana məxsus olan əmlakların həcminə görə onlardan 1/5 hissədə pay əldə etmək hüququna malikdirlər.
64. Beləliklə, yuxarıda qeyd edildiyi kimi mübahisə predmeti olan əmlaklar üzrə mərhum miras qoyan Cavad Mirqasımovun özünün ½ hissədə payı olduğundan və onun övladı X6 da atasına düşən payın 1/5 hissəsinə hüququ olduğundan, iddiaçının tələbi haqlıdır və kollegiya hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilin, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi ev 22, 95 saylı mənzilin (yeni qaydalarla Ə.Cavad küçəsi 32, M1, m1) və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində X6 1/10 hissədə pay hüququ müəyyən edilməlidir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
66. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
67. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
68. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
69. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, miras əmlakların 1/10 hissəsi üzərində X6 miras payı müəyyənləşdirilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-228/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi təmin edilsin. Cavabdeh adına olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 111, 33 saylı mənzilə, ünvan 2, 0,1 ha torpaq sahəsinə və Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 22, 95 saylı mənzilə xx.xx.2012-ci il təvəllüdlü qızı X6 1/10 hissədə vərəsəlik hüququ (payı) tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova