Məhkəmə qərarları › İş №2(103)-4050/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4050/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4050/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(001)-107/2020 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2015-ci il tarixli 397/E saylı kredit müqaviləsinə, Cavabdeh2 ilə bağlanmış 15.10.2015-ci il tarixli 397/EZ saylı zaminlik müqaviləsinə əsəsən onlardan 80.000 ABŞ dolları əsas borc, 45.818 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 130.818 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsümunun tutularaq ASC-nin xeyrinə ödənilməsinə; tutmanın ASC ilə Cavabdeh2 arasında bağlanan 15.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 120.000 manat qiymətləndirilməsinə, Cavabdeh2 həmin fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməsi və 1 ay müddətində evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında 15.10.2015-ci il tarixli 397/E saylı kredit müqaviləsi bağlanaraq borcalana 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə, 80.000 ABŞ dolları məbləğində kredit verilmiş, müqavilənin təminatı qismində İddiaçı ASC-nin “Azadlıq” filıalı ilə Cavabdeh2 arasında bağlanan 15.10.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi banka ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə götürülmüş kredit üzrə İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh2 arasında 15.10.2015-ci il tarixli 397/EZ saylı zaminlik müqavilələri bağlanılmışdır. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazıradək kredit müqavilələri üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(001)- 107/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 15.10.2015-ci il tarixli, 397/E saylı kredit müqaviləsi üzrə əsas borca görə 80000 ABŞ dolları, faiz borcuna görə 45818 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, cəmi 126318 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 İddiaçıASC-yə ödənilməsi, tələbin Cavabdeh2 ipoteka predmeti olan mülkiyyətindəki Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 193000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına X2 İddiaçıASC-yə olan borcun ödənilməsinin təmin edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq X1 İddiaçıASC-yə ödənilməsi, ekspertiza xərcinin dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər apelyasiya şikayəti vermişlər. İddiaçı tərəfin apelyasiya şikayətində qətnamənin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin 193000 manat müəyyən edilməklə açıq hərracda satılması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə ipoteka predmeti olan mənzilin hazırki satış qiymətinin müəyyən olunması məqsədi ilə keçirilmiş 2 qiymətləndirmə ekspertizasının rəylərini tədqiq edərkən səhv nəticəyə gəlmişdir, 2020-ci ilə olan mənzilin likvid dəyərini yox, 2019-cu ilə məxsus bazar dəyərini əsas götürmüşdür. Cavabdehlərin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, müqavilə bağlandıqdan sonra mütəmadi olaraq ödənişlər aparılmış, öhdəliklərini yerinə yetirmişdir. 2015-ci ildə devalvasiya baş verdikdən sonra kredit müqaviləsi üzrə öhdəliyin icrası mümkünsüz hal aldığından müqavilə şərtlərinə yenidən baxılmalı olsa da, Bank tərəfindən müraciətləri təmin olunmamışdır. Məhkəmə onların maddi durumunu, baş vermiş fors major halları nəzərə almamışdır. Borc məbləği girov predmeti hesabına ödəniləcəksə, ipoteka ilə yüklü edilmiş əmlakın satış qiyməti borc məbləğini tam şəkildə ödəməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 Malik oğlu arasında 15.10.2015-ci il tarixdə 80000 ABŞ dollarının 36 ay müddətinə illik 23 faizlə (faktiki illik faiz dərəcəsi 23.74) verilməsinə dair kredit müqaviləsi bağlanmış və kreditorla borcalan arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsinə əsasən güzəşt müddəti 6 ay təşkil etmiş, ilk 6 ay 1533 ABŞ dolları ödənilməklə faiz borcundan çıxılması nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinin təminatı qismində 15.10.2015-ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. Bundan başqa 15.10.2015-ci il tarixli 397EZ saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 15.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Borcalan tərəfindən kredit müqaviləsi üzrə cəmi 4600 ABŞ dolları pul məbləği ödənilmiş və həmin məbləğ faiz borcundan çıxılmışdır. 14.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 80000 ABŞ dolları əsas borc, 45818 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 130818 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır. İddiaçı apelyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini, cavabdehlər isə devolvasiyanın baş verməsinin nəzərə alınmadığını qeyd etmiş və ilkin satış qiymətini mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 10051 saylı, 06.11.2019-cu il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 15.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.10.2017-ci il il tarixə 75451,11 ABŞ dolları əsas, 34659,31 ABŞ dolları faiz borcu vardır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15.10.2017-ci il tarixdən sonra heç bir ödəniş aparılmaması müəyyən edilmişdir. Tədqiqat nəticəsində ödənilmiş 4600 ABŞ dolları məbləğində pulun 4548.89 ABŞ dollarının əsas borca, 51,11 ABŞ dollarının faiz borcuna silinərək, kredit müqaviləsində nəzərdə tutulmuş 6 aylıq güzəşt müddəti nəzərə alınmamış və ödənilmiş 4600 ABŞ dollarının faiz borcundan silinməli olması nəzərdən yayınmışdır. Kredit müqaviləsi üzrə əsas borc üzrə ödəniş həyata keçirilmədiyindən əsas borcun əvvəldən olduğu kimi, yəni 80000 ABŞ dolları məbləğində müəyyən edilməsi və kredit borcunun tələb həddində əsas borca görə 80000 ABŞ dolları, faiz borcuna görə 45818 ABŞ dolları tutulması barədə məhkəmənin qənaəti doğrudur. Cərimə məbləğinə aid hissədə də Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq cərimə məbləğini azaldaraq 500 ABŞ dolları həddində tutmuşdur. Kollegiya 2015-ci ildə manatın devalvasiyaya uğraması ilə bağlı Bank tərəfindən müraciətlərinin təmin olunmaması ilə bağlı cavabdehlərin dəlilinə münasibətdə qeyd edir ki, güzəşt etmək bankın vəzifəsi yox, hüququdur. Apelyasiya şikayətlərinin ilkin satış qiyməti ilə bağlı dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.11.2018-ci il tarixli 2(001)-8625/2018 saylı və 28.11.2019-cu il tarixli 2(001)-913/2019 saylı qərardadlarına əsasən iş üzrə iki məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. “xxxx” MMC-nin 21.01.2019-cu il tarixli, 239M saylı rəyi ilə Cavabdeh2 mülkiyyətində olan, Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 193000 manat müəyyən edilmişdir. “xxxx” Hüquq və Consulting Şirkətinin 03 mart 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 mülkiyyətində olan, Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 138000 manat təşkil etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.10.2015-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmeti qarşılıqlı razılığa əsasən 120000 manat dəyərində qiymətləndirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(103)-4050/2021 saylı qərardadı ilə Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmış, qiymətləndirmə işlərinin aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin 31 may 2021-ci il tarixli 14/0689 nömrəli qiymətləndirmə hesabatına ilə Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin 31 may 2021-ci il tarixə likvid dəyərinin 121000 manat təşkil etdiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, bu hissədə qətnamə dəyişdirilməli və Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 121000 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilməsi, mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdehlərin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2020 saylı iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin. Abşeron rayonu, Digah qəsəbəsi, S.Məmmədov küçəsi, 9-cu döngə, 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 121000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN:**********; Hesab №AZ33İBAZ********************; Bank: “xxxx” ASC Yasamal filialı, kod 805562; VÖEN:**********; Müxbir hesab:AZ03NABZ********************; SWİFT BİK:İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar