Məhkəmə qərarları › İş №2(103)-4059/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4059/2024

21.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4059/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3025/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3025/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzildən çıxarılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2155/2024 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, işsiz və imkansız olmasının nəzərə alınmasını və həmin qərardaddan kassasiya şikayətinin verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2155/2024 nömrəli qərardadı ilə Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-2155/2024 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3025/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ödənilmiş 50 manat dövlət rüsumu geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 2(006)-3025/2023 nömrəli qətnamədən şikayətin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ona münasibətdə ötürülməmiş hesab edilməsini və bərpa edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3025/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3025/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilmişdir Həmin qərardaddan Cavabdeh şikayət verərək, qərardadının ləğv edilməsini, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını, əks təqdirdə qərardaddan şikayətin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin 24 aprel 2024-cü il tarixli qərardadı əsassızdır. Qərardadla onun Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunan məhkəmədə müdafiə olunmaq hüququ pozulmuşdur. Mübahisələndirdiyi məhkəmə qətnaməsi ona rəsmi qaydada verildiyi tarixdən hesablandıqda o, müddəti ötürməmişdir. Elektron portala yerləşdirilməsindən də xəbəri olmamışdır. Çünki portala daxil olmaq mümkün olmamışdır. Hazırki vəziyyətdə isə tamamilə qanunsuz olaraq onun Konstitusiyanın 60-cı maddəsi ilə tənzimlənən hüququnun kobud şəkildə pozulmasına cəhd olunur. Birinci instansiya məhkəməsi qətnamənin ona rəsmi qaydada verildiyi tarixi araşdırmadan qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil. Qətnaməni rəsmi qaydada məhkəmədən aldığı təsdiq olunur. Birinci instansiya məhkəməsinin qətnaməsinin portalda yerləşdirilməsindən xəbərdar olduğu həqiqi hallara uyğun deyil. Belə ki, elektron portalı apellyasiya şikayəti göndərilən tarixdən fəaliyyətdə olubdur. Birinci instansiya məhkəməsinin qərardadda qeyd etdiyi hallar təsdiq olunmur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3025/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3025/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus elektron kabinetə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2023-cü il tarixdə başlamış və xx.xx.2022-ci il tarixdə (13-14 yanvar qeyri-iş günləri olmuşdur) bitmişdir. Cavabdeh həmin müddət ərzində elektron sistemə, o cümlədən xx.xx.2023-cü il tarixdə yaradılmış elektron kabinetinə daxil ola bilmədiyini qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Əksinə, dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizənin verilməsi, habelə birinci instansiya məhkəməsinin qərardadının mübahisələndirməsi öz növbəsində elektron sistemin cavabdeh üçün əlçatan olduğunu, o cümlədən onun həmin sistemdə yaradılmış elektron kabinetdən istifadə etdiyini təsdiq edir. Cavabdehin xx.xx.2024-cü il tarixdə qəbzə rəsmi imza etməklə qətnaməni əldə etməsi isə nə şikayət etmə müddətinin axımının bu tarixdən başlanmasını özündə ehtiva edir, nədə ki, ötürülmüş müddətin bərpası üçün əsas yaradır. Belə ki, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin hazırda cavabdeh tərəfindən göstərilən hal bu hallara aid deyil. Nəticə etibarı ilə bu cavabdeh xx.xx.2024-cü il tarixədək apellyasiya şikayətinin verilməməsi müddətinin ötürülməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 3025/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3025/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3025/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar