Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4061/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh İB tərəfindən ona (abonent kodu: **********40000) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış 2182 manat cərimənin silinməsi, yaşadığı fərdi yaşayış evinə qazın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh İB, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, itirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3628,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. 321,46 manat iddiaçının əvvəldən mexaniki qaz sayğacından qalan borcudur ki, həmin borc da 2012-ci ildə karta keçirilmişdir (karta keçirilən vaxt borc 460,40 manat olub və ödənildikdən sonra 321,60 manat qalıb). İddiaçının bu günə 3950,26 manat borcu var. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh” İB-nin hazırkı iş üzrə İddiaçı qarşı dəymiş zərərin ödənilməsinə dair iddia tələbi qismən təmin edilərək, ondan Birliyin xeyrinə dəymiş zərərin əvəzi kimi 3628,80 manat tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin işə baxılarkən Birlik tərəfidən iddiaçı barəsində tərtib edilmiş digər aktlarla bərabər, hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli akta da hüquqi qiymət verilmiş və iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində Cavabdeh” İB-yə zərər dəyməsi faktı müəyyən olunmuşdur. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia isə rədd olunmalıdır. Belə ki, işdə olan sənədlərə görə, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 9Q ünvanında yerləşən evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixli qərarla sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, qaz işlədicilərinə daxil borunun en kəsiyindən keçən qazın maksimal saatlıq qaz sərfi 2.5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 8100m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Abonentin saldosundan görünür ki, bununla əlaqədar, Cavabdeh İB tərəfindən iddiaçıya dəymiş ziyana görə 2182.20 manat borc hesablanmışdır. Hazırda, iddiaçı, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə aşkar edilərək, aktlaşdırılmış sayğacdan kənar xətdən xəbərdar olmadığını, onun tərəfindən sayğaca heç bir müdaxilə edilmədiyini bildirərək, cavabdeh tərəfindən əsassız hesablanmış borcun silinməsini tələb edir. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-6230/2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh İB-nin xeyrinə 3628,80 manat məbləğində dəymiş zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. Qətnamədə qeyd olunmuşdur ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ...,xx.xx.2018-ci il tarixli, ******* saylı, ...aktların surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunmuş, fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmiş, abonentin təbii qazdan qeyri-qanuni yolla istifadə etməsi nəticəsində iddiaçıya cəmi 3628,80 manat zərər vurulmuşdur. Göründüyü kimi, Cavabdeh İB-nin İddiaçı qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair işə baxılmaqla, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə, hazrkı iş üzrə mahisələndirilən xx.xx.2018-ci il tarixli, ******* saylı akta hüquqi qiymət verilmiş və sonuncunun təbii qazdan qeyri-qanuni yolla istifadə etməsi təsdiqlənmişdir. Odur ki, bu hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusat üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İddiaçı, sayğacdan kənar xəttdən xəbəri olmadığını, buna görə də cavabdehə dəymiş zərərin onun təqsiri üzündən yaranmadığını və cavabdeh tərəfindən ona əsassız borc hesablandığını bildirsə də, nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016-cı il tarixli qərarları). Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iddianı təmin olunması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına uyğun deyil. Ona görə də, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin2(008)-697/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-4061/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4061/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver