Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4061/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4947/2020 saylı, 23 noyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı "Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2880 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 2910 manat məbləğində borcun məcburi qaydada tutularaq “Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X4 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********. İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ilə (məhkəmə etirazı qarşılıqlı iddia ərizəsi kimi qəbul etmişdir) məhkəməyə müraciət edərək, '‘Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən heç bir əsası olmayan 30.01.2020-ci il tarixli, 026772 saylı aktın ləğv edilməsi və qeyri-qanuni hesablanmış 2880 manat borcun hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4947/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi və cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. "Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Cavabdeh qarşı iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki: 1.Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin təqsiri və qanuna zidd davranışları , cavabdehin öz həyətində fərdi istixana quraşdıraraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı talayıb fərdi istixanasına özbaşına qaz xətti çəkməsi, qaz xəttini işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktla da rəsmiləşdirilmiş zərər məbləğidir. Cavabdeh qaz xəttinə qanunsuz qoşulmaqla təbbi qazı talamışdır. Məhkəmə iclasında cavabdeh vaxtıilə törətmiş olduğu faktı inkar etmişdir. 20.11.2020-ci il tarixində keçirilmiş məhkəmə iclasında cavabdeh barəsində akt tərtib etmiş əməkdaşlardan biri şahid qismində məhkəmə iclasında iştirak etmiş, lakin məhkəmə şahidi dindirməmişdir. 2.Qəbul edilmiş qətnamənin izahatlar bölməsində cavabdehin izahatında göstərilmişdir ki, iddiaçının nümayəndəsi ilə birlikdə məhkəmədən kənar həmin bağ sahəsinə baxış keçirmişlər və həmin əməkdaşlar şifahi olaraq ona aktın əsassız yazıldığını demişlər. Məhkəmə qətnaməsinin təsviri hissəsində göstərilən bu hala münasibətdə bildirmək istəyir ki: o və ya ondan başqa heç kim cavabdehin iştirakı ilə onun bağ sahəsinə məhkəmədən kənar baxış keçirməmişdir. Cavabdehin izahatında qeyd olunan bu hal yalandır. 3.Məhkəmənin “yerində müayinə” keçirmək kimi səlahiyyəti olsa da, özü də yerində müayinə ilə bağlı bu kimi prosessual hərəkətə yol vermədi. Məhkəməyə hamılıqla birlikdə yerində müayinənin aparılması təklif edilmişdir. 4.Təbii qaz cavabdehin ünvanına ona məxsus fərdi yaşayış evini qazla təchiz etmək məqsədilə çəkilmiş, lakin cavabdeh özünə məxsus fərdi yaşayış evinin həyətində qanunsuz istixana quraşdırmış və qanunsuz qaz xəttini də məhz həmin istixanaya çəkmişdir. Məhkəmə, işin bu kimi həqiqi halını da nəzərə almamışdır. 5.Məhkəmə qətnaməsində cavabdehin məhkəmə iclasında qarşılıqlı iddia təqdim etdiyi və qarşılıqlı iddianın da təmin edildiyi göstərilərək borcun cavabdehə məxsus abonent kodundan silinməli olduğunu qeyd etmişdir. Müvafiq mülki iş üzrə məhkəmə iclaslarında Birliyin nümayəndəsi qismində o, iştirak etmiş, cavabdehin təqdim etmiş olduğu qarşılıqlı iddia ona şəxsən təqdim edilməmiş, eləcə də Birliyin hüquqi ünvanına göndərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı kənar xəttin aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırlmasına dair hərəkət etməsi müəyyən olunmur və aktın tərtib olunması vaxtı kənar xəttin olması iş materialları ilə sübut olunmur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkil təqdim edilmiş, lakin həmin fotoşəkillərin cavabdehə məxsus olan evə aid olması müəyyən edilmir. Göstərilənlərə əsasən, 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən 2880 manat dəymiş zərəin tutulmasına dair iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Odur ki, **********0363 nömrəli abonent koduna hesablanmış 2880 manat borcun silinməsi vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. İşdə olan: 17.12.2019-cu il tarixli, AK-0192660/12-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə”nin surətindən görünür ki, Cavabdeh ilə “Azəriqaz” İB arasında cavabdehə məxsus Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağları yaşayış massivində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır. **********00363 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağlan yaşayış massivində yerləşən cavabdehə məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2020-ci il üçün 2880 manat borc yaranmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.01.2020-ci il tarixli ******* saylı saylı aktın surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ilkin iddianın təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası (faktiki hallar), bu hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da ilk iddianı rədd etməklə birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmamışdır. Əvvəla, iddia ərizəsinin məzmunundan bəlli olur ki, iddiaçı cavabdehdən 2800 manat tələb etsə də bu məbləği qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi tələb edilir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti texniki ekspertizanın 10/2284 saylı, 20 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağları yaşayış massivində Cavabdeh məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilmədi. Yuxarıda göstərilən hər iki, yəni 108 mm-lik və 76 mm-lik daşıyıcı qaz xətləri üzərində sonluğu qaynaqla bağlanmış iki ədəd borucuq vardır. Qeyd olunan borucuqların sonluğunun açıq olduğu halda, həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, cavabdehin yaxud digər abonentin həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Göründüyü kimi, ekspertiza rəyi ilə cavabdehə məxsus fərdi yaşayış evinə baxış keçirilərkən həmin ünvanda daşıyıcı qaz xəttinin diametri bir tərəfdə 108 mm, digər tərəfdə isə borunun diametri 76 mm olduğu, daşıyıcı qaz xəttindən sayğaca və sayğacdan həmçinin istixanaya diametri 20 mm-lik polad boru ilə qaz xəttinin çəkildiyi müəyyən edilmişdir. Ekspertiza zamanı sayğacdan kənar qoşulma halıbilavasitə aşkar edilməsə də, daşıyıcı qaz xətləri üzərində sonluğu qaynaqla bağlanmış iki ədəd borucuğun olması və qeyd olunan borucuqların sonluğunun açıq olduğu halda, həmin borucuqlar vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə edilməsinin texniki cəhətdən mümkün olması öz təsdiqini tapmışdır. Beləliklə, apellyasiya baxışı zamanı xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də mübahisəli ünvana və qaz xətlərinə baxış keçirməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi də ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün əsaslar tapmadı. Cavabdeh iddia ərizəsinə etirazını məhkəmə qarşılıqlı iddia ərizəsi kimi qəbul etsə belə, ilk iddianın təmin edilməsi, avtomatik olaraq həmin etirazın yaxud qarşılıqlı iddianın rədd edilməsinə səbəb olur. Çünki, iddiaçı qeyd olunan məbləği cavabdehdən tələb edir, cavabdeh isə iddiaçıdan həmin məbləğin silinməsini tələb edir. Bu cür vəziyyətdə tələbin birinin təmin edilməsi, digərinin rədd edilməsi üçün əsas sayılır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4947/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4947/2020 saylı, 23 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. 2880 manat maddi ziyan və 30 manat dövlət rüsumu əvəzt olmaqla, cəmi 2910(iki min doqquz yüz on) manat Cavabdeh alınaraq iddiaçı "Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 102 (yüz iki) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4061/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4061/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver