Məhkəmə qərarları › İş №2(103)-4062/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4062/2024

22.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4062/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40 və X41) qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: “öhdəliyin icra edilməməsi, əqdin etibarsızlığı, əqdin əhəmiyyətsizliyi,əqdin bəyənilməsi mübahisələndirilən əqdlər, məhkəmə aktının əsaslandırılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, vəkili X8, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 15 saylı mənzilinin 35,5 kv.metr-dən ibarət hissəsi xx.xx.2010-cu il tarixdən X22 adına, 2 otaqdan ibarət 38 kv.m olan hissəsi isə digər şəxsin adına qeydiyyata alınmışdır.

2. xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X37 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilin İ mərtəbəsində ona məxsus olan 35.5 kv.metrdən ibarət olan 2 otaqlı mənzili 14000 manata X2, həmin hissə xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyəti hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3273/18 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsi ilə X25 iddiası təmin edilmiş, X4, X26, X9, X23, X14, X27, X35, İddiaçı, X28, X29 və X10 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 saylı evin, birinci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.m olan, 15 saylı mənzilə istifadə hüquqları itirilməsi qət edilmiş; X22 X34 və 7 saylı DNK-na qarşı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 3 saylı evin, 1-ci mərtəbədə yerləşən 35,5 kv.metr 15 saylı 2 otaqlı mənzilinə dair bağlanmış 27 avqust 2010-cu il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5477/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-663/2019 nömrəli mülki iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə X25 cavabdehlər X3, X15, X7, X12, X11, X16, X24, İddiaçı, X17, X18 və X19 qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərin Baki şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsindəki 3 nömrəli evin, 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, yaşayış sahəsi 35,5 kv.metr olan, 15 nömrəli mənzildən özlərinə məxsus əşyalarla birlikdə çıxarılmaları və həmin mənzili boşaldaraq X34 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə qətnamədən verilmiş apellyasiya və kasasiya şikayətləri təmin edilməmişdir.

5. “Əmlak istifadəçisi” qismində İddiaçı ilə “Tikinti şirkəti“ qismində Cavabdeh (bundan sonra– MMC) arasında xx.xx.2019-cu il tarixdə 287 saylı müqavilə bağlanmışdır. Müqavilənin preambulasının ikinci abzasında “Əmlak istifadəçisi” bəyan etmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsində ailəsi ilə birlikdə uzun müddət daimi yaşamış və bu yaşayış sahəsinə dair hər hansı sənədi olmamışdır. Müqaviləyə əsasən “Əmlak istifadəçisi” istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən 46 kv.m yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yenidən inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür (bənd 1.1.1). “Tikinti şirkəti” isə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən və “Əmlak istifadəçisinin” istifadəsində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə inşa edilən binada 50,0 kv.m. ümumi sahəsi olan təmirli mənzilin İddiaçı istifadəsinə verilməsini, təmirli mənzillə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə aylıq 600 manat məbləğində kirayə haqqını hər ay üzrə əvvəlcədən, ayda 1 dəfə ödəməyi, yeni tikiləcək yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 36 ay müddətinə qədər başa çatdıraraq, təmirli mənzili “Əmlak istifadəçisi”nə təhvil verməyi öhdəsinə götürmüşdür (bənd 1.1.2, 1.2, 2.2.5). 18 iyul 2019-cu il tarixdə tərəflər arasında müqavilədə nəzərdə tutulan mənzilin təhvil-qəbuluna dair akt imzalanmışdır.

6. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X40 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilində paylı mülkiyyət hüququ üzrə ona məxsus olan İ mərtəbə 2 otaq 37.7 kv.m payını 251000 manata X5, həmin pay xx.xx.2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyəti hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır.

7. "xxxx" MMC Cavabdeh MMC-dən ayrılma nəticəsində yaranmış və xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqaviləyə əsasən, cavabdehlərdən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin oktyabr ayınadək 24 ay müddət ərzində yığılmış hər ay 600 manat olmaqla, ümumilikdə 14.400 manat məbləğində kirayə haqqının və 134 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi və cavabdehlərin üzərinə müştərək qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında yerləşən 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzilin iddiaçının istifadəsinə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər müqavilə şərtlərini icra etməmişdir. Belə ki, hazırkı tarixədək tikinti şirkəti tərəfindən yalnız 15 ay müddətində aylıq 600 manat (kommunal xərclər çıxdıqdan sonra 400 manat) məbləğində kirayə haqqı ödənilmiş, digər ayların kirayə haqları ödənilməmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş yeni binanın tikinti işlərinin bitməsinə və istifadəyə verilməsinə baxmayaraq, müqavilədə nəzərdə tutmuş təmirli mənzil istifadəsinə verilməmişdir.

10. "xxxx" MMC qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd olunmasını, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 iyul 2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC yenidən təşkil olunaraq, tərkibindən yeni hüquqi şəxsin ayrılması nəticəsində "xxxx" MMC yaranmış və hazırkı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ, N.Quliyev küçələrinin kəsişməsində inşa edilən “Triumf Palace” yaşayış kompleksi "xxxx" MMC-nin balansındadır. Müqavilə bağlandığı zaman iddiaçı özünə və ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini və 37 saylı MKİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (müddəti bitmiş) arayışı Cavabdeh MMC-yə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin onun istifadəsində olduğunu bildirmiş və bu səbəbdən Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və müvəqqəti yaşamaq üçün aylıq kompensasiyalar ödənilmişdir. Lakin sonradan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinin xüsusi mülkiyyətdə olduğu məlum olanda iddiaçı bildirmişdir ki, mənzilin sənədləşmə işlərində problem var və yaxın vaxtlarda problemi həll edərək, mənzilin sənədlərini tikinti şirkətinə təqdim edəcək. Bu səbəbdən 2020-ci ilin sentyabr ayından sonra iddiaçıya aylıq kompensasiyanın ödənilməsi dayandırılmış və bununla bağlı 2 il ərzində iddiaçı tikinti şirkətinə heç bir iddia və etirazlarını bildirməmiş, yəni xx.xx.2019-cu il tarixli müqavilə artıq əhəmiyyətsiz olmuşdur. Bir müddət keçəndən sonra, iddiaçı bildirmişdir ki, mənzilə dair sənədləşdirmə işləri tamamlanmış, həmin mənzilin Elşad Rzayevə məxsus olmasına dair çıxarışı təqdim edərək, mənzilə görə kompensasiyanın verilməsi barədə bir neçə ay Cavabdeh MMC ilə danışıqlar aparmış və sonda əldə olunmuş razılığa əsasən faktiki sahəsi 46 kv.m. olan mənzilə görə 251000 manat məbləğində kompensasiya ödənilməklə, xx.xx.2021-ci il tarixdə notariat kontorunda alqısatqı müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə cavabdeh qismində cəlb olunandan sonra mülki işin sənədlərlə tanış olan zaman, iddiaçı tərəfindən nümayəndəyə verilmiş etibarnaməyə nəzər yetirərkən məlum olmuşdur ki, onun qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, İddiaçı küçəsi 9 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin inzibati binasıdır. Cavabdeh MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzilinə dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri barədə məlumatı olsaydı, iddiaçı ilə müqavilə bağlamazdı. Bu müqavilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə yalan, həqiqətə uyğun olmayan məlumatlar verildiyinə görə, bir sözlə aldatma yolu ilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilədə qeyd olunan mənzil X25, sonradan X30, hal hazırda isə X31 mülkiyyətində olduğuna görə, xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilə artıq öz əhəmiyyətini itirmişdir. X41 mənzilin mülkiyyətçisi olduğu andan mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququna malikdir, ondan öncə isə bu hüquq yuxarıda qeyd olunan şəxslərə məxsus olmuşdur. Mübahisəli mənzil hələ X.Kubişova məxsus olan zaman məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının həmin mənzilə dair istifadə hüququ artıq itirilmişdir.

12. İşə baxılarkən "xxxx" MMC-nin vəsatəti əsasında, X40 3-cü şəxs qismində cəlb olunmuşdur.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilkin iddianın rədd edilməsi və ödənilmiş rüsumun iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilərək, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanılan 11 iyul 2019 cu il tarixli, 287 nömrəli müqavilənin etibarsız hesab edilməsi və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Məhkəmə işə əlavə edilmiş məhkəmə aktları əsasında müəyyən etmişdir ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, 15 saylı mənzilə olan istifadə hüququ itirilmiş, həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə onun mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin halların baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq, qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən iddiaçının mənzilə mülkiyyət hüququ olmamış və həmin mənzildə yaşamamışdır. Məhkəmə qeyd edilənlərə əsasən subyekt tərkibinə görə əqdin etibarsız hesab edilməsi üçün əsasların olduğu qənaətinə gəlmişdir. Belə ki, mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan iddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlamışdır. Göründüyü kimi əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur, əqd etibarsız hesab olunmalıdır. Mübahisələndirilən müqavilənin bağlanması zamanı iddiaçı MMC-yə düzgün olmayan məlumatlar vermiş, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlanmış, beləliklə MMC, həqiqəti bildiyi təqdirdə bağlamayacağı əqdlər əsasında üzərinə öhdəliklər götürmüşdür. Şübhəsizdir ki, məqsədi gəlir əldə etmək olan tikinti şirkəti, tikintini həyata keçirəcəyi ərazidə heç bir əmlaka sahib olmayan şəxslərə mənzil və pul ödəmək öhdəliyi götürməz; hərgah, əgər bu cür şəxslərlə müvafiq müqavilələr bağlamışsa, həmin müqavilələrin aldatma olmadan bağlanması qənaətinə gəlməmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Məhkəmə göstərilənlərə əsasən hesab etmişdir ki, MMC-nin irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iddiaçının müvafiq iddia tələbini irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürmüş olması arqumentinə münasibətdə isə qeyd etmişdir ki, mülki işin materiallarında olan 11 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 46,0 kv.m. ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun əvəzində Cavabdeh MMC isə həmin ərazidə inşa edilən hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili İddiaçı istifadəsinə verməyi, təmirli mənzil ilə təmin edilən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədilə kompensasiya şəklində aylıq 600 manat məbləğində kirayə haqqını ayda 1 dəfə ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixli aktdan müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən sözügedən mənzilin cavabdehə təhvili prosesi baş tutmuşdur. İddia ərizəsindən də görünür ki, cavabdeh ilk vaxtlar müqavilə üzrə öhdəliklərini yerinə yetirərək, kirayə haqqını ödəmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, həmin mənzil əslində başqa şəxsin xüsusi mülkiyyətindədir. Bu hal onlara 2020-ci ilin sentyabrında məlum olmuş, bu tarixdən sonra da kirayə haqlarını ödəməmişlər. Sonra iddiaçı mənzilin xüsusi mülkiyyət hüququ əsasında Elşad Rzayevə məxsus olduğu bildirilmiş, Cavabdeh MMC ilə evin mülkiyyətçisi olan E.Rzayev arasında alqı-satqı müqaviləsi bağlanaraq, cavabdeh 251000 manat məbləğində pul ödəməklə mənzili əldə etmişdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmişdir. İddiaçı istifadəsində olan, lakin əslində heç bir subyektiv hüququnun olmadığı məhkəmə qətnamələri və qərarları ilə təsbit edilmiş mənzilin əslində xüsusi mülkiyyətçisi olduğunu cavabdehdən gizlətmişdir. Nəticədə cavabdeh həmin mülkiyyətçi ilə yenidən müqavilə bağlayaraq, ona mənzilin qarşılığında pul məbləği ödəmək məcburiyyətində qalmışdır. Çünki mənzil faktiki olaraq iddiaçı tərəfindən təhvil verilsə də, mənzil üzərində olan hüquqlar başqa şəxsə məxsus olmuşdur. Mənzil müqavilənin bağlandığı dövrdə X25 xüsusi mülkiyyətində olduğundan, iddiaçının isə heç bir icarə, əmlak kirayəsi müqaviləsi olmadan həmin mənzildə yaşaması işin mübahisəsiz halı olduğundan, məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının həmin mənzil barədə belə bir müqavilə bağlamaq, mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Beləliklə, müqavilə səlahiyyətsiz şəxs tərəfindən imzalanmış, müqavilə subyekt tərkibi ilə bağlı qanunvericiliyin tələbləri pozularaq imzalanmışdır. Müqavilə tərəflərindən birinin, yəni iddiaçının mənzil üzərində sərəncam vermək hüququ, əqd bağlamaq səlahiyyəti olmadığı halda belə bir müqaviləni imzalaması müqaviləni bağlanılan andan etibarsız edir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanılan əqd iddiaçının səlahiyyəti olmadığından bağlandığı andan etibarsızdır və müddətin ötürülmüş hesab edilməsi barədə etiraz əsassızdır. Qarşılıqlı iddia tələbi təmin edilərək, tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edildiyindən, ilkin iddia tələbləri təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 354.2, 404-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli, “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli, “B.Qasımovun şikayəti üzrə” 2019-cu il 9 dekabr tarixli və “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli qərarlarına, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 119, 124.2, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5032/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), G.Axundova, F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından və işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından açıq-aşkar müəyyən olunur ki, iddiaçının Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilədə qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 3, mənzil 15 ünvanında yerləşən yaşayış sahəsinə hər hansı əşya (əmlak) hüquqları mövcud olmamış, yaşayış sahəsi digər şəxsin (X42) mülkiyyətində olmuş, sonuncunun iddiası üzrə iddiaçının həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixli, 287 saylı müqavilə imzalanan zaman artıq iddiaçının qeyd edilən yaşayış sahəsinə hüquqi və faktiki aidiyyəti olmamış, əqdi bağlamaqda səlahiyyətsiz şəxs olmuşdur. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı müqaviləni bağlayan zaman qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən əşyaya (yaşayış sahəsinə) hər hansı hüquqlarının olmadığını bilmiş, lakin bu barədə müqavilənin digər tərəfinə məlumat verməmiş, əksinə yaşayış sahəsinə hüquqlarının olması görüntüsünü yaratmaq üçün Nərimanov rayon MKTB-nin arayışını təqdim etmişdir. Apellyasiya icraatı zamanı üçüncü şəxs qismində icraata cəlb olunmuş X31 nümayəndəsi (vəkili) bildirmişdir ki, X41 Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş (bu hal işdə olan sənədlərlə tam təsdiq olunur), mübahisəli mənzili 251000 manat ödəməklə almış, həmin məbləğ faktiki mübahisəli yaşayış sahəsinin kompensasiyası kimi çıxış etmişdir. Göründüyü kimi, cavabdeh əqdə bağlı olmamasını, onun etibarsızlığı ilə bağlı iradə ifadəsini hələ 2020-ci ilin sentyabr ayında iddiaçıya bildirmiş, sonuncu da uzun müddət bu halı mübahisələndirməmiş, cavabdehlərə qarşı hər hansı tələb irəli sürməmiş, mövcud vəziyyətlə razılaşmışdır. Lakin üzərindən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı etibarsız müqaviləyə istinad edərək, cavabdehlərə qarşı hazırkı tələblərini irəli sürmüşdür. Məhz bu səbəbdən də cavabdeh əqdin əhəmiyyətsizliyi faktının təsbiti üçün qarşılıqlı iddia vermək məcburiyyətində qalmışdır. İddiaçı yaşayış sahəsinə əşya hüquqlarının olmaması, məhkəmə aktlarının mövcudluğu və s. halları mübahisələndirmir, etirazının əsası kimi- müqavilə bağlanan zamanı mübahisəli yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmamasının digər tərəfə bəlli olmasını göstərir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd edilən dəlili vəziyyəti dəyişdirməməklə, müqaviləni etibarlı hala gətirmir. Eyni zamanda, iddiaçı, mübahisəli yaşayış sahəsinin qanuni mülkiyyətçisi (eləcə də sonrakı mülkiyyətçiləri) tərəfindən həmin müqavilənin bağlanmasına razılığı ifadə edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin faktiki hallarından, təqdim olunmuş sübutlardan və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, qarşılıqlı iddia əsaslıdır, bu hal ilk iddianın rədd olunması ilə nəticələnir.

19. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 324, 337, 389.1, 560.1 560.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1064/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5032/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərtnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəlləyə müvafiq olaraq, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (§ 31). Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (§ 31-32). Bu baxımdan əhəmiyyətsiz əqdin etibarsızlığının təsbiti üçün onun mübahisələndirilməsi tələb olunmur və mübahisə halında məhkəmə xidməti vəzifəsinə görə həmin hala qiymət verməlidir. Eyni zamanda əhəmiyyətsiz əqd özlüyündə etibarsız olduğu üçün həmin halın təsbitindən sonra eyni əqdin iradə ifadəsinin zədələnməsi baxımından yoxlanılması hər hansı hüquqi nəticə kəsb etmir, əksinə əqdin əhəmiyyətsizliyi ilə bağlı gəlinmiş qənaəti şübhə altına alır. Baxılan iş üzrə "xxxx" MMC iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əqdi eyni zamanda həm əhəmiyyətsiz olması əsası ilə, həm də aldatma nəticəsində bağlanması əsası ilə mübahisələndirmiş, işə baxmış məhkəmələr də əqdin hər iki əsasla etibarsız olduğu barədə qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi ilk növbədə hesab etmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi olmayan, həmin mənzilə dair hər hansı hüququ olmayan iddiaçı bu mənzil üzrə sərəncam verilməsinə dair Cavabdeh MMC ilə müqavilə bağlamış, bununla da əqdin subyektiv tərkibinə aid edilən şərt pozulmuşdur (əhəmiyyətsiz əqd). Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli müqavilədə iddiaçının statusu “Əmlak istifadəçisi” kimi göstərilmiş, iddiaçı həmin müqavilədə yaşayış sahəsində ailəsi ilə birlikdə uzun müddət daimi yaşadığını və bu yaşayış sahəsinə dair hər hansı sənədi olmadığını yazılı bəyan etmiş (1.1.1-ci bənd) və müqaviləyə əsasən yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMCyə təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə ərazidə inşa edilən binada 50 kv.m. ümumi sahəsi olan təmirli mənzilin iddiaçının istifadəsinə verilməsini, mənzillə təmin edilən günədək ona kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 18 iyul 2019-cu il tarixdə tərəflər arasında müqavilədə nəzərdə tutulan mənzilin təhvil-qəbuluna dair akt imzalanmışdır. Mülki Məcəlləyə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (§ 27). Baxılan mübahisə üzrə iddiaçı tərəfindən mübahisəli mənzilə dair sərəncam əqdi bağlanmamış və Cavabdeh MMC iddiaçının yaşayış sahəsinə heç bir hüququnun olmadığını bildiyi halda həmin sahənin ona təhvil verilməsi qarşılığında könüllü şəkildə iddiaçını mənzil və kirayə haqqı ilə təmin etmək öhdəliyi götürmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllə ikitərəfli müqavilənin bağlanmasının əsas şərtlərindən biri kimi tərəflərin razılaşdırılmış iradə ifadəsinin mövcud olmasını zəruri hesab edir və nəzərdə tutur ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (§ 28, 26). Sadalanan maddi hüquq normalarının tələbləri əsasında belə qənaətə gəlmək olar ki, tikini şirkətləri tərəfindən çoxmənzilli yaşayış binalarının inşası zamanı sökülməsi nəzərdə tutulan yaşayış sahələrində hər hansı qanunla qorunan mülkiyyət və istifadə hüquqları olmadan faktiki yaşayan şəxslərin də mənzillə təmin olunması və ya digər qaydada kompensasiya ödənilməklə həmin sahənin boşaldılması barədə tərəflərin iradə ifadələrinə uyğun etibarlı müqavilələr bağlana bilər və bu cür müqavilələr həmin tərəflər üçün öhdəliklər yaradır. Bu baxımdan hazırkı iş üzrə mübahisələndirilən əqdin subyektiv tərkibə aid edilən şərtin pozulması əsası ilə əhəmiyyətsiz olduğu barədə məhkəmələrin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əqdi əhəmiyyətsiz hesab etməklə yanaşı, müqavilənin etibarsız olduğu barədə qənaəti, həmçinin onun bağlanması zamanı iddiaçının MMC-yə düzgün olmayan məlumatlar verdiyi, müqavilələr məhz onun verdiyi düzgün olmayan məlumatlar əsasında MMC-də formalaşmış yanlış qənaət nəticəsində bağlandığı ilə əsaslandırmışdır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi məhkəmə tərəfindən əhəmiyyətsiz hesab edilmiş əqdin həm də aldatma və ya vacib əhəmiyyətli yanılma əsasları ilə (mübahisələndirilən əqd) yoxlanılması məhkəmənin daha əvvəl gəldiyi nəticə ilə ziddiyyətin yaranmasına səbəb olmuşdur. Digər tərəfdən yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilədə iddiaçının mübahisəli yaşayış sahəsinə dair hər hansı sənədinin olmadığını bəyan etməsi işin mübahisəsiz müəyyən edilmiş halıdır. Buna baxmayaraq, məhkəmənin müqavilənin aldatma əsasında bağlandığı barədə gəldiyi qənaət açıq-aşkar əsaslandırılmamışdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh 2020-ci ilin sentyabr ayından etibarən müqavilədə nəzərdə tutulan kirayə haqqını ödəməməklə müqaviləni mübahisələndirmiş və əqd etibarsız hala gəlmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki qanunvericilikdə müqavilə tərəflərindən birinin müqavilə öhdəliklərinin icrasından birtərəfli imtina etməsini əqdi mübahisələndirmək barədə iradə ifadəsi hesab etməyə, yaxud əqdi etibarsızlığına səbəb olan hal kimi qiymətləndirməyə imkan verən normalar nəzərdə tutulmamışdır. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddiaçıya kirayə haqqı ödəməklə bağlı müqavilə öhdəliyinin icrasından birtərəfli imtina etməsini onun əqdi mübahisələndirməsi və əqdin etibarsız hala gəlməsi kimi qiymətləndirmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi istinad olunan maddi hüquq normalarının tələblərinə uyğun olmamış, məhkəmə öz mövqeyini işin hallarına uyğun gəlməyən və bir-biri ilə ziddiyyət təşkil edən dəlillərlə əsaslandırmağa çalışmışdır. Halbuki mülki prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (§ 43-45). 69. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Beləliklə, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı ilkin iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir.

b) Hazırki icraatda apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

24. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1,vəkili X20 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə iclasında ”Triumf 2022” MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi.

26. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X40 və X6 göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərkibi MPM-in 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 152.4. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Maddə 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Maddə 531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı: Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və həm ilkin, həm də qarşılıqlı iddianın rədd edilməsi üçün əsasdır.

32. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

34. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

35. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

36. Həm ilkin, həm də qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

37. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə həm ilkin, həm də qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik hər iki iddia qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddialar haqlı sayılmır.

38. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti olmayan göstərişlər verilmişdir.

39. İşə baxan kassasiya instansiyası məhkəməsi birinci, eləcə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddiaçı ilə MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il tarixli 287 saylı müqavilənin etibarsız olması ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan qəti olmayan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən, yəni həqiqətin müəyyən edilməsini tələb edən arqumentlər çoxluq təşkil edir.

40. Belə ki, hazırkı apellyasiya icraatı zamanı iş materiallarından, tərəflərin apellyasiya baxışı zamanı izahatılarından, ”Triumf 2022” MMC-nin cinayət təqibi qaydasında araşdırma aparılması üçün müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmasından və qəbul edilən 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məzmunundan bəlli olur ki, mübahisə predmeti olmuş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əİizadə küçəsində yerləşən 3 saylı evin 15 saylı mənzili X22 mülkiyyətində olmuş və 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Buna baxmayaraq, həmin mənzildə ilkin İddiaçı və ailə üzvləri yaşamaqda davam etmişlər. Qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olduqları üçün alqı-satqı müqaviləsinin onların razılığı olmadan bağlandığını əsas gətirib Xəlil Kubişovun mənzildən çıxmaları barədə tələbini yerinə yetirməmişlər. Bundan sonra, Xəlil Kubişov həmin şəxslərin mənzildən istifadə hüquqlarının itirilməsinə, Əli Məmmədov isə 27 avqust 2010-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını və çıxarışın ləğvinə dair məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli qətnaməsi ilə Xəlil Kubişovun iddiası təmin, Əli Məmmədovun iddiası isə rədd edilmiş, bu qətnamə Ali Məhkəmənin xx.xx.2018ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. X42 həmçinin sözügedən mənzildə yaşayan şəxslərin mənzildən çıxarılmasına dair də iddia ilə məhkəməyə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə mənzildə yaşayan şəxslərin, o cümlədən İddiaçı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq Xəlil Kubişova təhvil verilməsi qət edilmişdir. Bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə, sonuncu qətnamə isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu ərəfədə, konkret olaraq Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsindən sonra İddiaçı ilə Cavabdeh MMC arasında hazırda qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilən 11 iyul 2019-cu il tarixli müqavilə bağlanmış, müqavilənin şərtinə görə İddiaçı faktiki istifadəçisi olduğu mənzili sökülməsi üçün MMC-yə təqdim etməyi, MMC isə həmin mənzilin əvəzində 50 kv.m ümumi sahəsi olan təmirli mənzili inşa edib mənzil istifadəçisinə verməyi və təhvil verilənədək hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşlər. Bununla yanaşı, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə istifadə hüququ itirildiyi və çıxarıldığı mənzili yenidən əldə etmək üçün X42 ilə danışıqlar aparmış və 51000(əlli bir min) manata alqı-satqı etməyə razılaşmışlar. Lakin İddiaçı qeyd olunan məbləğdə vəsaiti olmadığı üçün 2020-ci ilin avqust ayında, mənzili uşaqlıqdan tanıdığı və qonşu ünvanda yaşayan X30 adına alqı-satqı ediləcəyi, mənzildə isə özünün yaşayacığı barədə Xəlil Kubişovla razılaşmışlar. Buna səbəb isə mənzilin əldə edilməsi üçün İddiaçı Elşad Rzayevdən 52000(əlli iki min) manat borc alması olmuşdur. Elşad Rzayev də İddiaçı güvənmədiyi üçün, daha doğrusu borc verdiyi pulun təminatı üçün borc qaytarılanadək mənzilə dair mülkiyyət hüququnun onun adına qeydə alınmasını, yəni alqı-satqı müqaviləsinin onunla bağlanmasını istəmişdir. Alqı-satqı müqaviləsi nəticəsində xx.xx.2020-ci ildə mübahisəli mənzil Elşad Rzayevin adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq, mənzil sökülənədək orada İddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamaqda davam etmişlər. Mübahisəli mənzillə bağlı İddiaçıla Cavabdeh MMC ilə arasında danışıqlar davam etmiş və nəhayət MMC-nin qanuni təmsilçisi olan X41 ilə X40 arasında faktiki İddiaçı istifadəsində və sahibliyində sözügedən mənzilə dair 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və mənzil faktiki olaraq tikinti şirkətinə 251000(iki yüz əlli bir min)manata satılmışdır. Həmin məbləğdən 52000(əlli iki min) manat Elşad Rzayevə borc əvəzi qaytarıldıqdan sonra qalan 199000(yüz doxsan doqquz min) manat qeyd olunan mənzilin sökülməsinə görə İddiaçı əldə etmişdir.

41. Məhkəmə tərkibi xüsusilə vurğulayır işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı öhdəlik hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsini və mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. Bu mənada, işin yuxarıda qeyd olunan həqiqi hallarını, yəni prosesslərin bu cür davam etməsini tərəflər də mübahisələndirmədi, demək ki, bu işin mübahisəsiz halına çevrildi. Eyni zamanda cinayət təqibi zamanı aparılan araşdırma zamanı alınsa da X25, X30 və onun arvadı X21 hazırki mübahisəyə dair verdikləri məlumatları(izahatları) və cinayət işinin başlanmasının rədd edilməsi qərarında göstərilənlər də hadisələrin bu cür cərayan etdiyini təsdiq edir.

42. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli, 287 nömrəli müqavilənin etibarlı əqd olmadığı barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Çünki qeyd olunan müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən bağlanmış müqavilə kimi qiymətləndirilə bilməzdi. Ona görə ki, İddiaçı müqavilə şərtlərində özünü mülkiyyətçi qismində göstərməmiş, “əmlak istifadəçisi” kimi müqavilə tərəfi olmuşdur. Bu cür müqavilələrə məhkəmə təcrübəsində rast gəlinir. Yəni, tikinti şirkətləri bəzən mənzildə(evdə) yaşayan yaxud qeyri-yaşayış sahəsinə sahiblik edən, ancaq yaşayış yaxud qeyri-yaşayış sahəsinə(obyektlərinə) hər hansı bir hüququ olmayan, lakin ona faktiki sahiblik edən(həmin sahələrdən bu və ya digər səbəbdən könüllü çıxmaq istəməyən) şəxslərlə söküntünü operativ həyata keçirmək yaxud digər məqsədlə bu cür müqavilələr bağlayırlar. Bunu tərəflərə qadağan edən hüquq norması da yoxdur. Çünki hazırkı işdə olduğu kimi bu cür şəxslər mülki dövriyyənin subyektləridir və mülki hüquq münasibətlərinin iştirakçısı kimi azad surətdə Mülki Məcəllədə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilə bağlaya bilərlər. Ancaq bu da o demək deyil ki, sonradan bu və ya digər səbəbdən yaşayış yaxud qeyri-yaşayış obyektlərinə faktiki sahiblik edən həmin şəxslərin o sahələrə hər hansı bir hüquqularının olmadığı əsası ilə müqavilənin etibarsızlığını tələb etmək olar. Bu cür mövqe və hüquqi yanaşma hüquqa uyğun sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin ilkin iddianın bu əsasla, yəni müqavilənin istər aldatma nəticəsində, istərsə də səlahiyyətsiz şəxs tərəfindən bağlandığı üçün etibarsız olduğuna görə rədd etməsi düzgün olmamışdır.

43. Lakin bu qənaət də o demək deyil ki, ilkin iddia əsaslıdır və başqa əsasla rədd edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan işin həqiqi halları ilə müəyyən edildi ki, ilkin iddiaçı bu cür iddianı irəli sürərkən açıq-aşkar haqlı olmamış, hüquqdan pis niyyətlə qarşı tərəfə ziyan vurmaqla sui-istifadə edərək, artıq xx.xx.2019-cu il tarixli müqavilə üzrə qarşı tərəfin öhdəliyinin icra nəticəsində xitam verildiyini bilə-bilə məhkəməyə müraciət etmişdir. Belə ki, MMC qeyd olunan müqavilə üzrə söküləcək mənzilin əvəzində cəmi 50 kv. metr ümumi sahəsi olan mənzilin İddiaçı istifadəsinə verməyi öhdəsinə götürərək 2020-ci ilin sentyabr ayınadək hər ay 600 manat kompensasiya da ödəmişdir. Yalnız həmin aydan qeyd olunan mənzilin mülkiyyətçilərinin dəyişməsi ilə əlaqədar ödənişlər dayandırılmış, ancaq İddiaçıla MMC arasında söküləcək mənzillə bağlı danışıqlar mütəmadi davam etmiş, nəticə etibarı ilə 29 sentyabr 2021-ci il tarixdə hər hansı bir hüquqla ona məxsus olmasa da faktiki istifadəsində və sahibliyində olduğuna görə tikinti şirkətinin rəhbərinə 251000(iki yüz əlli bir min) manata satılmasına nail olmaqla qeyd olunan vəsaiti əldə etmişdir. İddiaçı bu vəsaitin 52000 manat hissəsini Elşad Rzayevə verməsi də, o demək deyil ki, qeyd olunan vəsaitdən ilkin iddiaçı olaraq tam yararlanmamışdır. X50 aldığı 52000 manat borcun hesabına uzun illər əvvəl, yəni 2010-cu ildən 2020-ci ilin avqust ayına kimi Xəlil Kubişovun mülkiyyətində olmuş həmin mənzilin, 51000 manata yenidən Elşad Rzayevin adına qeydə alınmasını təmin edərək faktiki olaraq öz istifadəsində və sahibliyində qalmasının davam etməsinə nail olmuş, yekunda isə həmin mənzilin MMC-yə kifayət qədər böyük məbləğə satılmasını reallaşdıraraq əldə edilmiş vəsaitdən tam yararlanmışdır. Bu fakt ilkin iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı.

44. Bununla yanaşı, Mülki Məcəllənin 529.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq MMC xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin icrasını faktiki olaraq 29 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yerinə yetirmiş, yəni mənzilə görə 251000(iki yüz əlli bir min) manat ödəmiş, İddiaçı isə öhdəliyin bu cür icrasını qəbul etmişdir. Əgər İddiaçı bu cür icranı öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Ancaq İddiaçı qeyd olunan mənzilin sökülməsinə görə aldığı 251000(iki yüz əlli bir min) manatı, MMC-nin icra etməli öhdəlik olmadığını ümumiyyətlə məhkəmələrdə heç vaxt mübahisələndirməmişdir. Demək ki, özü də qəbul edir ki, 251000(iki yüz əlli bir min) manat məhz xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icrasına görə ona verilmişdir. Mülki Məcəllənin 529.8-ci maddəsinin dispozisiya şərtlərini də hazırkı mübahisəyə tətbiq etdikdə də bəlli olur ki, tərəflər xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyə icra əvəzinə pul ödənilməsi ilə xitam vermişlər. Çünki 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə tərəflər(əslində Elşad Rzayev faktiki İddiaçı iradəsi və tapşırığı ilə müqaviləni imzalamışdır) faktiki olaraq pulun miqdarını müəyyənləşdirmişlər. Hətta Mülki Məcəllənin 531.1-ci maddəsinin dispozisiya şərtlərini hazırkı mübahisəyə tətbiq edilməsinin mümkünlüyü nəzərdən keçirildikdə belə yenə də öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə, yəni 29 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilmişdir. Başqa sözlə, birinci müqavilə üzrə söküləcək mənzilin əvəzinə yeni mənzilin verilməsi əvəzinə, müqavilənin icra üsulu dəyişdirilərək alqı-satqı müqaviləsi üzrə pul ödəməklə əvvəlki öhdəliyə xitam verilmişdir. Düzdü, sual oluna bilər ki, 29 sentyabr 2021-ci il tarixli müqavilə eyni şəxslər arasında bağlanmamışdır. Lakin yuxarıda artıq bu məsələyə hüquqi qiymət verildi və qeyd olunan müqavilə üzrə əslində Elşad Rzayev faktiki İddiaçı iradəsi və tapşırığı ilə müqaviləni imzaladığından mənzilin sökülməsinə görə ödənilən vəsaitin tam olaraq İddiaçı ödənilməsi işin mübahisəsiz halıdır.

45. Göründüyü kimi, İddiaçı mülki hüquqlarını hüquqa uyğun həyata keçirməmişdir. Çünki hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı faktiki olaraq digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququnu həyata keçirmişdir. Yəni, mübahisə predmeti olmuş mənzilin əvəzində faktiki olaraq 251000(iki yüz əlli bir min) manat almasına baxmayaraq, təkrarən əsassız varlanma niyyəti ilə artıq xitam verilmiş xx.xx.2019-cu il tarixli müqaviləyə istinad edərək hazırkı ilk iddianı irəli sürmüşdür. Bununla da, mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmişdir.

46. Məhkəmə tərkibi qarşılılıqlı iddianın əsaslılığı məsələsi ilə bağlı yuxarıda ilkin iddia ilə bağlı hüquqi dəyərləndirmə apararkən mahiyyət etibarı ilə bu iddiaya da münasibət bildirdi. Yəni, "xxxx" MMC də xx.xx.2019-cu il tarixli müqavilənin etibarsızlığını tələb edərkən haqlı olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən də, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Göründüyü kimi, MMC bu cür qarşılıqlı iddianı irəli sürmək əvəzinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyinin icra nəticəsində xitam verilməsini təsbit edilməsinə nail olmalı idi. Ancaq MMC nail olmaq istəyi məqsədə çatmaq üçün düzgün vasitə(yol) seçməmişdir.

47. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Demək ki, xx.xx.2019-cu il tarixli müqavilənin səlahiyyəti olmayan şəxs tərəfindən və ya aldatma nəticəsində bağlanılması həqiqi olsa belə yenə də qarşılıqlı iddia əsaslı ola bilməzdi. Çünki MMC-nin ən azından həmin müqavilədən 2020-ci ilin sentyabr ayından məlumatı olmasına baxmayaraq 2 ildən artıq müddətdə həmin müqavilə tərəfi olan İddiaçıla müqavilə predmeti barədə danışıqlar aparması, yalnız ilkin iddia irəli sürüldükdən sonra qarşılıqlı iddianın verməsi həmin əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına (forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da qarşılıqlı iddianın rədd edilməsi üçün müstəqil əsas sayılırdı.

48. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilkin və qarşılıqlı iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk və qarşılıqlı iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, öhdəliyə icra nəticəsində xitam verilməsi və hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

49. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair ilkin iddiası; İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı əqdin əhəmiyyətsiz hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməməli; hər iki iddia təmin edilmədiyindən iddia ərizələrinin, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-511/2023 nömrəli, 15 may 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair ilkin iddiası, İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı əqdin əhəmiyyətsiz hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Hər iki iddia təmin edilmədiyindən iddia ərizələrinin, eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar