Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4063/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş (Açar sözlər: «əmrin ləğvi və s.») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-in nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 saylı, 05 may 2025-cü il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh ASC-də mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədə onun 10 dekabr 2024-cü il tarixdə vəzifədən azad edilməsi xahiş olunub.
3. xx.xx.2024-cü il tarixli Monitorinq haqqında aktda qeyd edilir ki, İddiaçı öz portfelində olan müştərilərin məlumatların fayllarını özünə məxsus komputer vasitəsilə DVD-yə köçürərək götürmüşdür.
4. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında göstərib ki, qeyd olunan məlumatları diskə köçürməkdə məqsəd komputeri format etmək və format etdikdən sonra yenidən komputerə yerləşdirmək olub. Ərizə yazmaq barədə fikrə gəldiyi müddətdən sonra heç bir məlumat diskə göndərilməyib. Diskə köçürülən məlumatlar filialın içərisində sındırılıb və məhv edilib.
5. 19 dekabr 2024-cü il tarixli 181/K saylı əmri ilə Cavabdeh ASC-nin Xırdalan filialının Mikro və aqro kreditlər üzrə baş mütəxəssisi İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün işdən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı - Cavabdeh ASC-yə qarşı əmrin ləğv edilməsi, öz ərizəsi ilə çıxmaq barədə əmr verilməsi və vurulmuş ziyana görə maddi və mənəvi kompensasiya tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, onun öz ərizəsinə əsasən işdən çıxmasına dair əmrin verilməsi, 2000 manat mənəvi ziyanın, 350 manat vəkil xərcinin və 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edib.
7. İddiada göstərilib ki, 20 noyabr 2018 ci ildə Cavabdeh ASC-də kiçik mütəxəssis kimi işə başlayıb. İşlədiyi müxtəlif illərdə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində işləyib. İşlədiyi 6 il müddətində işini vicdanla, dürüst şəkildə görmək üçün daim çalışıb. Keçən dövrün nəticələrinə baxılsa, Abşeron filiallarında işləyən əməkdaşlar arasında istər Portfel göstəricisi, istər müştəri sayı, istər keyfiyyət göstəricisi, istərsədə aylıq performans üzrə ən yaxşı göstəricilər onun olub. Bunu nəticəsi olaraq, rəhbərlik tərəfindən bank üzrə 2021-ci ilin ən yaxşı aparıcı kredit mütəxəssisi, 2022-ci ilin ən yaxşı baş kredit mütəxəssisi, 2023-cü ilin ən yaxşı baş kredit mütəxəssisi nominasiyaları üzrə təltif olunub. Nəticələrini daim yüksək saxlamaq üçün, rəhbərliyin ondan olan gözləntilərin qarşılamaq üçün iş günlərindən əlavə qeyri-iş günlərində də hətda məzuniyyət günlərimdə də işə çıxıb nəticələrin yüksək olması üçün dəstək vermişdir. Bank üçün etdiyi xidmətlərin heç biri nəzərə alınmayaraq, Cavabdeh ASC onu 19 dekabr 2024cü il tarixli əmr ilə xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin (ç) bəndini əsas tutaraq (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam vermişdir. Cavabdeh ASC 19 dekabr 2024-cü il tarixli əmri tam olaraq qanunsuzdur. Belə ki, əmrdə vəzifələrini kobud şəkildə pozmağı əsaslandırılmamışdır. Guya Cavabdeh ASC işlədiyi müddətdə əldə etdiyi, yəni özünə məxsus olan bank məlumatlarının DVD diskə köcürərək əldə etməyi olmuşdur. Bununla bağlı, işlədiyi müddətdə ona müraciət edən müştərilərin məlumatları ona məxsus olan komputerdə qovluq şəkilində olurdu. Bankda olan komputerlər tez-tez donurdu və bu barədə dəfələrlə şöbə və filial müdrinə məlumat vermişdi. Problemin nədən ibarət olmasını mütəxəsislərdən soruşanda onlar məlumatlar çox olanda belə halların baş verməsi mümkün olduğunu bildiriblər. Dəfələrlə onun və digər işçilərin haqlı etirazlarını nəzərə alaraq işçilərə məxsus komputeri baş ofisə göndərmişdilər. Göndərildikdən sonra komputerdə olan məlumatlar silinirdi. Məlumatların silinməsini bildiyi üçün müştərilərinə məxsus olan məlumatları DVD diskə köcürürdü. Bundan əlavə ən əsası ondan ibarətdir ki, bankın əsas gətirdiyi arqumentlər tam olaraq əsassızdır. Belə ki, bankın daxili təlimatlarına uygun olaraq butün bank müştəri məlumatları qovluq olaraq DVD diskə köcürülərək arxivə verilməlidir. Təlimata uygun olaraq məlumatları DVD diskə köcürmüşdü. xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək müqaviləsinə xitam verilməsini xahiş etdikdə bank əsassız olaraq onun bankdan çıxmagını istəmədiklərini açıq sürətdə bildirərək qanunsuz olaraq onu öz ərizəsi ilə yox, ƏM-nin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verilmişdir. Ərizə yazdıqdan sonra ona təhkim olunmuş komputerdən istifadə etməmiş və komputeri bank əməkdaşları tərəfinən bloklanmışdır. Etiraz edərək ona hər hansı bir müştərinin məlumatlarının lazımlı olmadığını, çünki bütün müştərilərinin məlumatlarını əldə etməyin cətin olmadığını bildirib. Məlumatları deyəndə müştəriyə məxsus sənədlər (şəxsiyyət vəsiqəsinin sürəti, avtomaşının qeydiyyat şəhadətnaməsi və mənzilə dair və s) nəzərdə tutulmuşdur. Bankın iddia etdiyi məsələ ilə bağlı razılaşmır və bankın və ya hər hansı bir müştərinin məlumatlarının 3-cü şəxsə ötürülməməsi ilə bağlı məsuliyyəti tam üzərinə götürür. Müqaviləyə xitam verməmişdən öncə kurasiyasında olduğu rəhbərlik və ona işdə qalmağı, qalacağın təqdirdə Yanvardan vəzifənin artımı olacağını bildirilib. Bu da onu göstərir ki, ona qarşı görülən tədbir qanunsuzdur. Dəfələrlə Cavabdeh ASC-nin rəhbərliyinə müraciət edərək ona olan haqsızlığın aradan qaldırılması və bu günə kimi əldə etdiyi nailiyyətlərin heçə alaraq qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin (ç) bəndinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və öz ərizəsi ilə işdən çıxmağı barədə əmr verilməsini dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq bu günə kimi heç nətiçəsi olmamışdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 saylı, 05 may 2025-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin qismən təmin edilərək Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 09 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçinin (tərəflərdən birinin) təşəbbüsü ilə xitam verilməsi əsası ilə əmr verilməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, qanunvericiliyin tələbindən göründüyü kimi işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsas təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, iddiaçının işdən çıxarılması üçün əsas olan cavabdehin istinad etdiyi hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Bundan başqa, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mənafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə məqsədi ona məxsus komputer format olunarkən müştərilərin məlumatlarının qorunub saxlanması olmuşdur. Eyni zamanda o da müəyyən olunur ki, məlumatlar köçürülmüş həmin disk zatən bankın fililalından kənara çıxarılmamış və filialın yerləşdiyi binada məhv edilmişdir. Buradan da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə hər hansı bir qərəzi yaxud işəgötürənin kommersiya sirrini yaymaq kimi bir məqsədi olmamış və zatən həmin diskin iş yerində məhv edilməsi ilə də belə bir hal yaşanmamışdır. İddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır. Bu səbəbdən, cavabdehin 19 dekabr 2024-cü il tarixli əmri ləğv edilməli və cavabdehin üzərinə işçi ilə bağlanmış əmək müqaviləsinə işçinin (tərəflərdən birinin) təşəbbüsü ilə xitam verilməsi barədə əmr verilməsi öhdəliyi qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh ASC-in (nümayəndəsi Nümayəndə) apellyasiya şikayətində qətnamənin qismən təmin edilməsinə dair hissədə ləğv, iddianın isə həmin hissədə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçı işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVD-yə köçürüb. Bank tərəfindən bu hal daxili yoxlama zamanı müəyyən edilib, aktlaşdırılıb, faktla bağlı iddiaçının izahatı alınıb və onun əmək müqaviləsi bu əsasla, ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunub. İddiaçının DVD-yə köçürdüyü məlumatlar bank sirrini təşkil edən məlumatlardır (MM-in 967.1-ci və “Banklar haqqında”Qanunun 41.1-ci maddəsi). İddiaçı Banka işə qəbul olunan zaman imzaladığı xx.xx.2018-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3-cü bəndinə əsasən bank, kommersiya sirrinin qorunub saxlanılmasını təmin edəcəyinə dair öhdəlik götürüb. Bundan başqa, iddiaçının əmək müqaviləsi ləğv olunana qədər işlədiyi mikro və aqro kreditlər üzrə baş mütəxəssisin vəzifə təlimatının 2.1.15-ci bəndinə görə müştəri ilə əlaqəli məlumatların bankdan kənar şəxslərə və təşkilatlara çıxmasının qarşısını almaq iddiaçının vəzifə öhdəliyi olub. Həmin Təlimatın 4.2-ci bəndinə görə baş mütəxəssis “Banklar haqqında” Qanunla müəyyən edilmiş bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıyır. İddiaçı işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVD-yə köçürməklə qanunvericiliyin, tam maddi məsuliyyət haqqında müqavilənin və vəzifə təlimatının tələblərini pozub və bununla da bankı həm hüquqi, həm də iqtisadi cəhətdən riskə məruz qoyub. İddiaçının əldə etdiyi və bank sirri sayılan məlumatlar onun əmək funksiyasının icrası zamanı bilavasitə özü tərəfindən toplanılıb və ya ona verilən məlumat daşıyıcılarından əldə olunub. Bu halda bank kommersiya sirrinin sahibi (“Kommersiya sirri haqqında”Qanunun 2.0.3-cü maddəsi), iddiaçı isə kommersiya sirrinin konfidentidir (həmin Qanunun 2.0.4-cü maddəsi). Göründüyü kimi, kommersiya sirrinin sahibi olan Bank, iddiaçını əmək müqaviləsi ilə işə qəbul etdikdən sonra yuxarıda qeyd edilən sənədlərə imza etdirməklə onu kommersiya sirrinin konfidenti edib və bununla da iddiaçını kommersiya dəyərinə malik olan məlumatların dövriyyəsinə buraxıb. Birinci instansiya məkəməsi tərəflərin izahatlarına və iş materiallarına əsaslanaraq (???) belə hesab edib ki, “bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə məqsədi ona məxsus komputer format olunarkən müştərilərin məlumatlarının qorunub saxlanması olmuşdur. Eyni zamanda o da müəyyən olunur ki, məlumatlar köçürülmüş həmin disk zatən bankın fililalından kənara çıxarılmamış və filialın yerləşdiyi binada məhv edilmişdir. Buradan da görünür ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə hər hansı bir qərəzi yaxud işəgötürənin kommersiya sirrini yaymaq kimi bir məqsədi olmamış və zatən həmin diskin iş yerində məhv edilməsi ilə də belə bir hal yaşanmamışdır”. Birincisi, iddiaçının müştəri məlumatlarını DVD-yə köçürdüyü kompüter onun öz şəxsi əmlakı deyil, bankın ona təhkim etdiyi invertardır. Kompüteri işçi özü format edə bilməz. Belə bir ehtiyac olduqda işçinin məlumatı və birbaşa rəhbərinin də razılığı əsasında komputer bankın müvafiq struktur bölməsinin əməkdaşı tərəfindən format olunur və bu zaman bütün məlumatlar qorunur. Odur ki, format olunacaq komputerdəki məlumatları qorumaq zərurəti barədə iddiaçının göstərdikləri inandırıcı deyil. İkincisi, məlumatların köçürüldüyü diskin bankın fililalından kənara çıxarılmaması işin hallarına uyğun gəlmir. Belə ki, məlumatlar diskə 2024-cü il oktyabrın 22, 24 və 25-də, noyabrın 6 və 16-da köçürülüb. Bu fakt aşkar olunana qədər diskin istənilən sayda surəti çıxarıla və ya ordakı məlumatlar başqa kompüterə köçürülə bilərdi. Üçüncüsü, xx.xx.2024-cü ildə öz xahişi ilə işdən çıxmaq barədə ərizə ilə banka müraciət edən iddiaçının əvvəlki 1 ay ərzində özünə lazım olan, gələcək iş yerində istifadə edə biləcəyi məlumatları DVD-yə köçürməkdə məqsədinin nədən ibarət olduğu aşkardır (iddiaçının hazırda başqa bankda işlədiyi də nəzərə alınarsa). Diskin filialda məhv edilməsi onun bu məqsədinin qarşısını tam alan vasitə deyil. O da istisna olunmur ki, disk məhv olunana qədər ordakı informasiya başqa məlumat daşıyıcısına köçürülə bilər. Odur ki, işçinin bankın müştərilərinin məlumatlarını ayrıca bir diskə köçürməkdə hər hansı bir qərəzinin, yaxud işəgötürənin kommersiya sirrini yaymaq kimi bir məqsədinin olmaması barədə gəldiyi qənaət əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında Cavabdeh ASC-in nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 12 “c” bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2 “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Maddə 69.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Maddə 69.3. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək , hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72 “d” bəndi. Qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi yəni iddianın təmin olunduğu hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia bu hissədə haqlı sayılır.
22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
23. Əvvəla, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. Əslində isə iddiaya etirazın mahiyyəti daha çox iddiaçının 72-ci maddənin “d” bəndini, yəni qəsdən istehsal, kommersiya və ya dövlət sirrini yayması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olub ki, bu hal da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasına aiddir. İddiaçı ilə qeyd olunan əsasla əmək müqaviləsinə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. Ancaq işdə hər hansı bir mötəbər sübut mövcud deyildir. Bu cür vəziyyətdə iddiaçıya ən ağır intizam tənbehi verilməsi üçün ən azından onda göstərilənlərin həqiqiliyi yoxlanılmalı və təsdiq edilməli idi. Ancaq cavabdeh tərəfindən nəinki həmin halların həqiqiliyinin yoxlanılmasına dair məhkəməyə mötəbər sübut təqdim edilmiş, üstəlik məhkəmə tərəfindən də iddiaçının hansısa intizam xətasına yol verildiyi müəyyən edilməmişdir. Əksinə, iddiaçının öz əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə təltif edildiyi iş materialları ilə təsdiq olunub. Bu cür vəziyyətdə cavabdehin iddiaya etirazı ümumiyyətlə başadüşülən olmamışdır. Çünki bu halları, yəni etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür, ancaq cavabdeh tərəf bu halları sübut edə bilmir.
24. Bundan başqa, iddiaçının işlədiyi filialın rəhbərinə məlumat vermədən bankın müştərilərinə aid olan məlumatları istifadəsində olan iş kompüterindən DVD-yə köçürməsi iddiaçının həmin məlumatları qəsdən yayması yaxud bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. İddiaçının bank, kommersiya sirrini qorunub saxlanılmasını təmin edəcəyinə dair öhdəlik götürməsi də bu öhdəliklərin pozulduğunu bəyan etmək üçün əsas deyildir. Ən azından cavabdeh tərəf bu barədə bir sübut belə məhkəməyə təqdim etməyib. İddiaçı da anlayıb ki, müştəri ilə əlaqəli məlumatların bankdan kənar şəxslərə və təşkilatlara çıxmasının qarşısını almaq vəzifə öhdəliyi olub və bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıyır. Ancaq onun bu öhdəliyini pozub bankı həm hüquqi, həm də iqtisadi cəhətdən riskə məruz qoyması təsdiq olunmur.
25. Bundan əlavə, məlumatların köçürüldüyü diskin bankın fililalından kənara çıxarılmamasının işin hallarına uyğun gəlməməsi, yəni bu fakt aşkar olunana qədər diskin istənilən sayda surəti çıxarıla və ya ordakı məlumatların başqa kompüterə köçürülə bilməsi barədə dəlillər ehtimal xarakteri daşıyır. Üstəlik xx.xx.2024-cü ildə öz xahişi ilə işdən çıxmaq barədə ərizə ilə banka müraciət edən iddiaçının əvvəlki 1 ay ərzində özünə lazım olan, gələcək iş yerində istifadə edə biləcəyi məlumatları DVD-yə köçürməkdə məqsədinin nədən ibarət olduğunun aşkar (iddiaçının hazırda başqa bankda işlədiyi də nəzərə alınarsa) olması barədə dəlillər də eyni xarakter daşıyır. Bir daha qeyd olunur ki, iddiaçının cavabdehin kommersiya sirrini, üstəlik qəsdən yayması yaxud bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi təsdiq olunmalıdır, ancaq təsdiq olunmur. Əksinə iddiaçının bəyan etdiyi, yəni cavabdeh qurumun onun başqa işəgötürənlə əmək münasibətlərinə daxil olmaq istəyinə qısqanclıqla yanaşdığına görə onunla qeyd olunan əsasla əmək müqaviləsinə xitam verməsi işin halları ilə tam təsdiq olunur. Əks halda uzun müddət qüsursuz əmək funksiyasının yerinə yetirən iddiaçıya qarşı iş yerini dəyişmək istədiyinə görə birdən-birə ən ağır intizam tənbehinin verilməsi həyatda həmişə baş verən hallara uyğun gəlmir.
26. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair cavabdeh quruma yazılı ünvanladığı ərizədə məlumatlar mövcuddur, cavabdeh tərəf bunu təkzib etmir.
27. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyata keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırkı mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb edir, ancaq cavabdeh olan işəgötürən isə nəinki bunu təmin etmir, həm də buna hər vəchlə maneə olmağa çalışaraq(işdə olan məlumatlar və.s) qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə, özü də əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilərdi.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 saylı, 05 may 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh ASC-in apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-704/2025 saylı, 05 may 2025-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.