Məhkəmə qərarları › İş №2(103)-4064/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4064/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4064/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-390/2021 saylı 09.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 ailə üzvləri 21.03.2010-cu il təvəllüdlü X14 və 02.12.2011-ci il təvəllüdlü X24 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona “Azərkimya” DŞ ünvan 7ci il tarixli orderinə əsasən verilmişdir. Füzuli rayonundan məcburi köçkünlər X8 və X20 iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən mənzili zəbt etmişlər. Bununla bağlı, “Azərkimya” DŞ Bakı Şin Zavodu mənzildən çıxarılma tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2003-cü il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, X8 və X13 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsində mənzildən çıxarılmanın torpaqlar azad olunanadək təxirə salınması göstərilsə də, X8 və X20 Bakı şəhəri, Ramana qəsəbəsi Gülçülük sovxozunda iki mərtəbəli ev inşa etdirərək, könüllü olaraq, mənzildən çıxıb getmişlər. Lakin mənzili iddiaçıya və ya "Azərkimya" DŞ Bakı Şin Zavoduna təhvil verməyərək, öz övladlarını hazırkı iddia tələbi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1, mənzilə ehtiyacları olmadığı halda qanunsuz olaraq ona məxsus mənzili istifadələrində saxlamışlar. İddiaçı hal-hazırda işləmir, işlədiyi "Azərkimya" DŞ Bakı Şin Zavodunda ağır xəsarət aldığından, işləmək qabiliyyəti də yoxdur. Cavabdehlərin qanunsuz olaraq iddiaçıya məxsus mənzili zəbt etmələri səbəbindən, kirayə yaşamaq məcburiyyətində qaldığını qeyd etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdehlər könüllü olaraq ona məxsus evi boşaltmaqdan və təhvil verməkdən imtina edirlər. Nəticədə 20 ildən artıq müddətdir ki, mənzilindən istifadə və sahiblik edə bilmədiyini bildirmişdir. Onun istifadəsinə verilmiş mənzildə məcburi köçkünlərin məskunlaşması, bununla onun sahiblik və istifadə hüquqlarının pozulması barədə müxtəlif dövlət orqanlarına müraciət etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək, iddiasının təmin erilməsi barədə qətnamə çıxarılmasanı xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsalandırmışdır ki, işə baxan məhkəmə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, Nərimanov rayon Məhkəməsinin 2(005)-390/2021 saylı 09.02.2021-ci il il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 ailə üzvləri 21.03.2010-cu il təvəllüdlü X25 və 02.12.2011-ci il təvəllüdlü X31 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı iddia tələbinin subyektiv hüququn olmaması əsası göstərməklə rədd etmişdir və qeyd etmişdir ki, iddiaçının mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli evdən cavabdehlərin çıxarılması ilə bağlı tələbi üzrə məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəsini hüquqi cəhətdən əsaslandırmadan və işin faktiki hallarına düzgün qiymət vermədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Belə ki, "Azərkimya" DŞ Bakı Şin Zavod tərəfindən verilmiş 19-55/127 saylı 22.09.2000-ci il tarixli yataqxanada yaşayış sahəsinə dair verilmiş orderdən görünür ki, 2-ci qrup əlil, X10 Bakı şəhəri F.Xoyski küçəsi (indi Əşrəf Əliyev küçəsi), 148-də yerləşən yataqxananın 3 saylı otaq yaşamaq üçün vermişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 174 nömrəli, 17.09.2020-ci il tarixli arayışına əsasən Cavabdeh1, Cavabdeh2, X9, X25 və X31 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 148, 3 saylı mənzilində Füzuli Rayonundan məcburi köçkünlər məskunlaşmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 173 nömrəli, 17.09.2020-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 148, 3 saylı mənzilində N.Əliverdiyeva, Akif Əliverdiyev, M.Əliverdiyeva, Asif Əliverdiyyev İddiaçı ailə üzvləri olaraq qeydiyyatdadırlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-63/2003 nömrəli, 17.01.2003-cü il tarixli Qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı “xxxx” ASC Bakı Şin zavod və qeyrilərinin cavabdehlər X6 və X15 qarşı «otaqdan çıxarılmaya» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilərək, X8 və X20 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əşrəf Əliyev küçəsi 148 saylı binada yerləşən yataqxanasının 3 saylı otağından çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası “xxxx” ASC-nin 29 saylı Vəkil Bürosuna ünvanlanmış 11.11.2020-ci il tarixli, 01/4/01-7/6/16373 saylı sorğuya cavab məktubunun surətinə əsasən “xxxx” ASC-nin elektron abonent bazasında X13 adına ünvan 3 ünvanında **********464 saylı və ünvan 4a **********090 saylı, Cavabdeh1 adına ünvan 5 ünvanında **********010 saylı, Cavabdeh2 adına **********030 saylı abonent kodu aşkar edilmişdir, lakin X4 adına isə “xxxx” ASC-nin elektron bazasında abonent kodu aşkar edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsinin 29 saylı Vəkil Bürosuna ünvanlanmış 11.11.2020-ci il tarixli, 02/1466 saylı sorğuya cavab məktubunun surətinə əsasən komitədə olan məlumata görə, adları qeyd olunan X16, X20, X21 və X2 rayonu, Ə.Əliyev küçəsi, ev 148, mənzil 509 ünvanında, Cavabdeh2, X9, X19, X28 və Hacıyev X12 rayonu, Ə.Əliyev küçəsi, ev 148, mənzil 3 ünvanında məskunlaşmışlar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə, ünvan 1 ünvanında yerləşən mənzilin “Azərkimya” DŞ ünvan 7ci il tarixli orderinə əsasən ona məxsus olması mübahisələndirilmir. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1, Cavabdeh2, X9, X25 və X31 Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 148, 3 saylı mənzilində Füzuli Rayonundan məcburi köçkünlər məskunlaşmışlar və bu səbəbdən iddiaçı sahibliyində olan mənzilə dair sahiblik, istifadə vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ölkə Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı "Azərkimya" DŞ Bakı Şin Zavod tərəfindən verilmiş 19-55/127 saylı 22.09.2000-ci il tarixli yataqxanada yaşayış sahəsinə dair verilmiş orderə əsasən mübahisəli evdən istifadə etmək hüququ əldə etdiyindən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Cavabdehlər isə müəyyən olunduğu kimi mübahisəli evə qanuni əsaslar olmadan köçmüşlər. Digər tərəfdən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər”. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənləri nəzərə almadan iddianı təmin etməməklə, birinci instansiya məhkəməis səhv nəticəyə gəlmişdir. Kollegiya iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının qanunla qorunan hüquqları məhdudlaşdırılmamalıdır və bu səbəbdən `iddiaçının apellyasiya şikayəti təmin edilməli, Nərimanov rayon Məhkəməsinin 2(005)-390/2021 saylı 09.02.2021-ci il il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Nərimanov rayon Məhkəməsinin 2(005)-390/2021 saylı 09.02.2021-ci il il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 ailə üzvləri 21.03.2010-cu il təvəllüdlü X25 və 02.12.2011-ci il təvəllüdlü X31 və digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar