Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4069/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə müqavilənin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-261/2020 nömrəli, 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 7977,13 ABŞ dolları, faiz borcu üzrə 7061,10 ABŞ dolları, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi 15238 ABŞ dolları 23 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 20 manat xidmət haqqının və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər X4, İddiaçı və X1 müştərək qaydada tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Banka olan borcların ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin X4, İddiaçı və X3 ümumi qaydada tutularaq Banka ödənilməsi, Banka olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 65881 manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-164/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-261/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilmiş, ipoteka predmeti olan İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 113.48 kv.m-dən ibarət 186 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmiş, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmışdır.
3. Nəticə etibarilə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 80000 manat məbləğində müəyyən edilmişdir.
4. Sumqayıt Şəhəri İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir.
5. Hərracların keçirilməsi ilə bağlı “Birja Yenilikləri” qəzetində elanlar verilmiş, eyni zamanda xx.xx.2022-ci il il tarixində iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir.
6. Hərrac baş tutmadığından xx.xx.2022-ci il tarixli təkliflə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 51000 manata ipoteka saxlayana təklif olunmuşdur.
7. Hərracın yekunları barədə xx.xx.2022-ci il tarixli, 60/01 saylı protokola əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən 186 saylı fərdi yaşayış evi 51000 manata Cavabdeh2 QSC tərəfindən əldə edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 QSC, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 186 saylı evə dair Cavabdeh2 QSC ilə "xxxx" arasında bağlanmış müqavilənin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-164/2021 saylı icra sənədinə əsasən mülkiyyətçisi olduğu 186 saylı fərdi evin açıq hərracdan satılması məqsədilə xx.xx.2022-ci ildə 109/37 saylı sifarişli məktubla Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə müraciət etmişdir. Müraciətin əsasında Hərrac Mərkəzi “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən sifarişi aldığı gündən 5 gün müddətinə ona sifarişli poçt göndərişi ilə bildiriş göndərməli idi. X5 bildiriş göndərməmişdir. Hərrac Mərkəzi “İpoteka haqqında” Qanunun 42, 43, 44-cü maddələrinin, MM-in 415 və 416-cı maddələrinin tələblərini pozmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(004)-632/24 saylı iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia rədd edilmişdir.
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsində qanun pozuntusuna yol verilməmiş, iddiaçı hərracın keçirilmə yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-43-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır . Maddələr 41.2, 41.3 və 41.5. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Maddə 43.5 və 43.7. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı işdə olan materiallar nəzərdən keçirilərkən iş üzrə hərracın nəticələri üzrə tərtib olunmuş protokolun (iddiaçı onu müqavilə kimi təqdim edir) üçün əsas ola biləcək, tərəflərdən birinin hüquq və mənafelərini pozan hər hansı əsaslar müəyyən edilməmişdir. Hərrac prosesi qanunun tələblərinə uyğun keçirilmiş, prosesin bütün mərhələləri barədə iddiaçıya lazımi qaydada məlumatlar göndərilmiş, həmin bildirişlər onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imza edilərək qəbul edilmişdir.
23. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən isə sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə, qəzetlərdə və internet resurlarında elanlar dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin ləğv edilməsi və əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz.
24. Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulan bildirişlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında belə şərh verilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
25. Məhkəmə kollegiyasının qənaətinə görə hərracın nəticələri üzrə tərtib olunmuş protokolun (müqavilənin) ləğv edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
26. Məhkəmə kollegiyasının qənaətinə görə hərracların təşkili, keçirilməsi, eləcə də ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı hərracın nəticələrinin ləğvi üçün əsas verə biləcək hər hansı pozuntuya yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti rədd edilməlidir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 29 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.