Məhkəmə qərarları › İş №2(103)-407/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-407/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-407/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X14” MMC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icrası) X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “X14” MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icrası” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1842/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 16 saylı evin, 7 saylı mənzili İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyətində olmuşdur. Onunla cavabdeh “X14” MMC (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinə əsasən iddiaçı ona məxsus bu mənzili (ümumi sahəsi 73,20 kv.m (yaşayış sahəsi 35.1 kv.m. və 38.1 kv.m. yardımçı sahə), 103,76 kv.m. həyət sahəsi ilə birlikdə sökülərək həmin ərazidə cavabdeh tərəfindən inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzllli yaşayış binasının tikintisi üçün cavabdehə təhvil verməyi üzərinə öhdəlik götürmüşdür. Müqavilənin dəyəri 210.140 manat nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təhvil verilən yuxarıda göstərilən mənzilin dəyərinin 210.140 manat hissəsinin əvəzinə cavabdeh Bakı şəhəri, İ.Hidayətzadə 130 ünvanınd inşa ediləcək yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasında ümumi sahəsi 87,10 kv.m. ibarət olan 1 ədəd 2 otaqlı və ümumi sahəsi 94,77 kv.m. olan bir ədəd 2 otaqlı mənzili inşaat işləri başa çatdıqdan sonra təmirli vəziyyətdə iddiaçının adına rəsmiləşdirib oa təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, tərəflər razılaşmışdılar ki, həmin müqavilənin müddəti birinci tərəfin (iddiaçının) mənzili təhvil verdiyi gündən başlayaraq 2 il müəyyən edilmiş və müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 manat təzminat ödəyəcəkdir (müqavilənin 8-ci bəndi). İddiaçı ona məxsus olan mənzili xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil vermiş və bununla bağlı tərəflər arasında həmin tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazə sənədinə əsasən cavabdeh tərəfindən ünvan 2 ünvanında çoxmərtəbəli binanın tikintisinə icazə verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq (pretenziya) göndərərək, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinin şərtlərinə istinadən, müqavilənin bağlandığı gündən 2 ildən artıq vaxtın keçdiyini, razılaşmalarına əsasən müqavilənin müddəalarının tələbini pozan tərəfin qarşı tərəfə 50.000 manat təzminat ödəməyi barədə üzərlərinə öhdəlik götürdüklərini bildirmiş və müqavilənin tələbləri pozulduğundan 10 iş günü müddətində 50.000 manat təzminat ödənilməsini cavabdehdən tələb etmişdir. Həmin xəbərdarlıq (pretenziya) xx.xx.2024-cü il tarixdə rəsmi olaraq cavabdehə təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh “X14” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı (Dövlət) notariat ofisində aralarında bağlanmış müqavilənin tələblərinin cavabdeh tərəfindən pozulduğuna görə 50.000 manatın, dövlət rüsumuna görə tərəfindən ödənilmiş 242 manatın və hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən Vəkil1 bank hesabına ödədiyi 300 manat, cəmi 50.542 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinə istinad edərək onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzili o, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təhvil vermiş və həmin gündən hazıradək öz hesabına kirayə haqqı ödəməklə kirayə tutduğu mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Aralarında bağlanmış müqavilənin bağlandığı gündən 2 ildən artıq vaxt keçmişdir. Həmin müqavilənin 8-ci bəndinin tələbinə görə, bu müqavilənin müddəlarının tələbini pozan tərəf qarşı tərəfə 50.000 manat təzminat ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilənin tələbləri Cavabdeh MMC tərəfindən pozulmuşdur. Müqavilə tələblərinə riayət olunması ilə bağlı cavabdehə Xəbərdarlıq (pretenziya) göndərilsə də bu günə kimi cavabdeh öhdəliklərini icra etməmişdir Bu səbəbdən cavabdehlə aralarında yaranmış mübahisəni məhkəmə qaydasında həll etmək məcburiyyətindədir. Bununla yanaşı, Azərbaycan Respublikası MPM-nin Vİİİ fəslinin tələblərinə müvafiq olaraq bu işə baxılması üçün dövlət rüsumuna görə tərəfindən dövlət büdcəsinə ödənilmiş 242 manat və bu işə görə hüquqi yardım göstərilməsi ilə bağlı fərdi qaydada fəaliyyət göstərən Vəkil1 bank hesabına ödənilmş 300 manat cavabdehdən tutularaq ona ödənilməlidir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1842/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X3)

5. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, müqavilənin 8-ci bəndinə əks edilmiş “ müqavilə imzalandıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 manat təzmina ödəməyi öhdəsinə götürür” müddəası hər hansı pozuntunu deyil, tərəfin qərəzli şəkildə, təqsirli olaraq törətdiyi pozuntunu nəzərdə tutur. Lakin hazırki mülki iş üzrə mənzil təhvil verildiyi müddətdən 2 il ərzində cavabdeh tərəfindən mənzilin təhvil verilməməsi cavabdehin iradəsindən kənar, onun təqsirinin olmadığı hallara – digər sakinlərlə razılıqların əldə edilməsi üçün əlavə vaxt tələb edildiyinə, binanın tikintisini başlamaq üçün müvafiq struktulardan razılıqlarının alınması və s. ilə əlaqədar olmuşdur. Məhkəmə hesab etmişdir ki, bu halların mövcudluğuna baxmayaraq, cavabdehdən 50.000 manat təzminatın tutulması, cavabdehin mənafeyinə uyğun gəlməməklə yanaşı, mülki hüququn ədalətlilik prinsipinə də zidd olmuş olar.

6. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə kirayə haqqı verilməsi nəzərdə tutulmamışdır, eyni zamanda, iddiaçı tələbinin bu hissəsinin əsaslandırılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 6.2ci, 14.2-ci, 385-386-cı, 404-405-ci, 425-ci, 427-ci, 442-ci, 448-ci, 752-ci, 759-cu, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217-ci, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin mövqeyinə görə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi özündən asılı olmayan səbəblərdən icra edə bilməmişdir. Belə ki, ümumiyyətlə mülki hüquqda bəzən təqsir olmadan da şəxs məsuliyyət daşıya bilər. Məhkəmə bu qərara gələrkən müqavilənin şərtlərini diqqətdən kənarda qoyaraq şəxsi mülahizələri əsasında qətnamə qəbul etmişdir. Ümumqəbul edilmiş hal ondan ibarətdir ki, müqavilə tərəflər üçün hüquq və vəzifələr yaradır və həmin hüquq və vəzifələr mütləq icra edilməlidir (“pakta sunt servando”). Müqavilədə əvvəl ümumi hallar nəzərdə tutulur, sonra isə həmin hallardan istisnalar qeyd edilir. Tərəflər arasında bağlanmış müqavilədə də istisna hallar nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 7-ci bəndinin tələbinə görə, “Müqavilənin müddəti birinci tərəfin ona məxsus mənzili təhvil verdiyi gündən 2 il nəzərdə tutulur. Bu müddət fors-major hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər“. Göründüyü kimi, müqavilədə fors major hallar olduqda tərəflər qarşılıqlı razılaşma əsasında həmin halları dəyişmək imkanına malikdirlər. Digər tərəfdən, müqavilə məhz onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır. Qeyd edilən müqavilədə tərəflərin öhdəlikləri başqa şəxslərin fəaliyyəti əlaqələndirilməmişdir. Halbuki məhkəmə qətnamənin əsaslandırıcı hissəsində məhz müqavilənin icra edilməməsini başqa şəxslərin fəaliyyəti ilə əlaqələndirmişdir. Təbii ki, cavabdeh müqaviləni vaxtında icra edə bilməmə imkanlarını müqavilədə qeyd-şərt yazmaqla bildirməli idi. Müqavilənin məzmununu tərəflər müəyyənləşdirdiyi üçün müqavilədə qeyd-şərt yazmaq imkanını cavabdehdən heç kəs almamışdır (Mülki Məcəlləninin 390-cı maddəsi). Cavabdeh müqaviləni başqa şəxslərdən asılı olaraq icra edə bilməmə imkanları barədə müqavilə bağlamamışdan əvvəl bildirsəydi, bəlkə də o, müqaviləni bağlamaqdan imtina edərdi. Çünki, bu xarakterli münasibətlərdə müqavilənin müddəti xüsusi önəm daşıyır. Bundan başqa, məhkəmə müqavilənin cavabdeh tərəfindən vaxtında icra edilməməsini onun qərəzi ilə bağlı olmadığını bildirmişdir. Binanın istismara qəbul edilməməsində cavabdehin təqsirinin olmaması ilə bağlı məhkəmənin mövqeyini düzgün deyil. Belə ki, cavabdeh binanın vaxtında qəbul edilməsi üçün bütün lazımı fəaliyyət göstərsə idi, təbii ki, bina vaxtında istismara qəbul edilərdi. Bundan başqa, cavabdeh binanın istismara qəbul edilməsinin gecikmə etimalını əvvəlcədən müəyyənləşdirməli və bu barədə müqavilədə qeyd-şərt yazılmalı idi. Habelə, müqavilənin vaxtında icra edə bilməməsi barədə ona məlumat vermə onun vəzifəsi idi. Cavabdehin müqavilənin mühüm şərtlərini pozaraq mənzili vaxtında təhvil verməməsi məhz onun təqsirli hərəkətlərinin nəticəsidir. Beləliklə, müqavilə hüquqi nəticə yaradan sənəddir. Həmin sənədi imzalayan şəxs vicdanlılıq nümayiş etdirərək onun risk dairəsinin tələb etdiyi ölçüdə üzərinə düşən öhdəliyi yerinə yetirməlidir (Mülki Məcəllənin 425, 448-ci maddələri). Məhkəmə tərəflər arasındakı münasibətləri birbaşa tənzimləyən normalara deyil, Mülki Məcəllənin 404-cü maddəsini rəhbər tutmuşdur. Sübut etmə baxımından da məhkəmənin mövqeyi ilə razılaşmaq mümkün deyil. Məhkəmə cavabdehin məhkəməyə təqdim etdiyi sənədin-kağız parçasının kserosurətini yazılı sübut kimi qəbul edərək həmin sənədi mötəbər bir sübut kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edilən sənədi sübut növü kimi qəbul etməməli və geri qaytarmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh “X14” MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçının iddia ərizəsində göstərdiyi halların eynisidir. Qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsaslar göstərilməmişdir. İddiaçı iddia ərizəsində şirkətlə arasında bağlanmış müqavilənin 8-ci bəndində göstərilən öhdəliyin şirkət tərəfindən yerinə yetirilməməsini əsas götürərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçıya əvvəlcədən də məlum idi ki, şirkət müqavilədə göstərilən öhdəliyi pozmamışdır. İnşaatın başlanmasının gecikdirilməsi şirkətdən asılı olmayan səbəblərə görə baş vermişdir. Belə ki, inşaatın başlanması üçün AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icasəsi olmalıdır. Belə bir icazənin olmadığı halda tikinti işləri aparıla bilıməz və aparılacağı halda isə məsuliyyət yaradır. Şəhərsalma və Arxitektura Komitəsi isə öz növbəsində tikinti sahəsinin tam boşaldılması və tikinti ərazisinin təmizlənməsini müəyyən etdiyi halda tikinitinin aparılmasına rəsmi icazə verir. Şəhərsalma və Arxitektura komitəsi tikinti işlərinin aparılmasını Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 495 saylı qərarına uyğun verir. Nəzərə almaq lazımdır ki, praktikada tikinti sahəsindəki sakinlərlə razılığa gəlinməsi halları və eləcə də tikinti sahəsinin tikinti məqsədi üçün təmizlənməsi işləri cox ağır gedir. Bu hal hamıya məlumdur. İddiaçı ilə xx.xx.2022-ci il tarixində müqavilə bağlanmışdır. İddiaçı evini xx.xx.2022-ci ildə təhvil vermişdir. Lakin iddiaçıya da məlum idi ki, təkcə onun kiçik ölçülü mənzilinin sökülməsi coxmərtəbəli binanın tikilməsinə imkan vermir. İddiaçıya da məlum idi ki, onun digər qonşuları ilə də şirkət arasında mənzillərinin əvəzi ödənilmək şərti ilə danışıqlar aparılmışdır. Sakinlərlə aparılan danışıqları uzun xarekterlidir və sakinlərin tez-tez fikirlərini dəyişmələri ilə müşayət olunur. İddiaçıya da məlumdur ki, onun qonşusu olan X7 ona məxsus mənzilin sökülməsinə üzun müddət razılaşmamışdır. Ünvandan da görünür ki, İddiaçı ünvanı İ.Hidayətzadə küçəsi üv 16, mənzil 7-dir. X8 ünvanı isə İ.Hidayətzadə küçəsi ev 16, mənzil 5-dir. Namiq Nağıyevlə mənzilinin təhvil verilməsi barəsində razılıq xx.xx.2022-ci il tarixində əldə edilmişdir. Mənzilin sökülməsi barəsində razılığa gəlinməsi tikintinin dərhal başlanılması deyildir. Çünki, həmin mənzilin sökülməsi və ərazinin təmizlənməsi də müyyən vaxt aparır. Binanın tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2022-ci il tarixində icazə vermişdir. Həmin tarixdə rəsmi icazənin verilməsi də sübut edir ki, sakinlərin köçürülməsi və ərazinin təmizlənməsi həmin vaxta başa çatmışdır. Qeyd edilən hallar əvvəlcədən də iddiaçıya məlum olmuşdur. Lakin iddiaçı qeyd edilən halları bilmiş olmasına baxmayaraq, əsassız olaraq iddia qaldırmışdır ki, bu da onun işə vicdanlı yanaşmadığını göstərir. Yuxarıda qeyd edilənlərlə sübut edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün dəlil və əsas yoxdur. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. İştirak etdiyi məhkəmə iclasında cavabdeh “X14” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 462.3-cü maddsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər; 462.5-ci maddəsinə əsasən əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquq normaları düzgün tədbiq edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.

23. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində yerləşən 16 saylı evin, 7 saylı mənzilinin mülkiyyətçisi olmuşdur. Bu mənzilin yerləşdiyi sahə yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün səlahiyyətli qurum tərəfindən cavabdehə ayrılmışdır. Bununla bağlı yaşayış binasının inşa edilməsi üçün cavabdeh həmin ərazidə yaşayan şəxslər, o cümlədən iddiaçı ilə razılığa gəlmək məqsədi ilə danışıqlara başlamış və nəticədə onunla iddiaçı arasında xx.xx.2022-ci il tarixdə razılaşma müqaviləsi bağlanmışdır.

24. Həmin razılaşmanın şərtlərinə əsasən iddiaçının mülkiyyətində olan tikili və həyət sahəsi ümumilikdə 150,10 kv.m hesablanmış və sökülərək, həmin ərazidə cavabdeh tərəfindən yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi üçün cavabdehə təhvil verilmiş, bunun müqabilində cavabdeh mənzilin təhvil verildiyi gündən başlayaraq 2 il müddətində 1 ədəd ümumi sahəsi 87,10 kv.m. ölçüdə, 2 otaqlı və 1 ədəd ümumi sahəsi 94,77 kv.m ölçüdə 2 otaqlı mənzili inşa edib təmirli vəziyyətdə iddiaçının adına rəsmiləşdirərək, ona təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzil xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Eyni zamanda, müqavilənin 8-ci bəndi üzrə tərəflər öz üzərlərinə öhdəlik götürmüşdülər ki, müqavilə imzaladıqdan sonra hər hansı tərəf bu müqavilənin müddəalarını pozarsa qarşı tərəfə 50.000 manat təzminat ödəyəcəkdir.

25. Hazırda iddiaçı nəinki şərtləşdirilmiş 2 illik müddət ərzində, hətta bugünədək müqavilədə göstərilən mənzillərin ona təhvil verilmədiyini, bununla da cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğunu iddia edir və müqavilənin 8-ci bəndində göstərilən 50.000 manat təzminatın cavabdehdən tutulmasını tələb edir.

26. Cavabdeh iddianı qəbul etmir, müqavilədə göstərilən öhdəliklərin tərəfindən pozulmadığını, ərazidə yaşayan digər sakinlərlə xeyli sonra razılığın əldə edildiyini, bu səbəbdən tikintiyə icazənin gec alındığını və tikintinin gec başlandığını, gecikmədə onun təqsirinin olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

27. Bununla belə, məhkəmə kollegiyasının qənaətinə əsasən xx.xx.2022-ci il tarixdə razılaşma müqaviləsi bağlanmaqla tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı öz üzərinə düşən öhdəliyi icra edərək, xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan əmlakı cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının mənzilini təhvil aldığı gündən, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq, 2 il müddətinə müqavilədə göstərilən mənzilləri inşa edib cavabdehə təhvil verməmişdir.

28. Məhkəmə kollegiyası müqavilədə göstərilən 2 illik müddətlə bağlı qeyd edir ki, cavabdeh ona ayrılmış ərazi və orada yerləşən tikililər, habelə onların mülkiyyətçiləri və sahibləri barədə tam məlumatlı olmuşdur. Bu baxımdan xx.xx.2022-ci il tarixdə müqavilə bağlanan zaman hər hansı səbəbdən hələ ki, razılıq əldə edilməyən və müqavilənin bağlanması mümkün olmayan sakinlər (məsələn, iddiaçının özünün istinad etdiyi X7), onların sayı, habelə bunun səbəbləri və razılığın müddət tələb edəcəyi cavabdeh üçün aşkar idi. Digər tərəfdən tikinti işləri ilə məşğul olan cəmiyyət olaraq, cavabdeh mənzillərin təhvil alınmasından sonra da hələ tikinti işləri başlayanadək əlavə müddət tələb edən görülməli işlər barədə xəbərdar idi (məsələn, tikililərin sökülməsi və ərazinin təmizlənməsi, tikintiyə icazənin alınması və sair). Cavabdeh apellyasiya şikayətinə qarşı etirazda da qeyd edilənləri təsdiq edərək, göstərir ki, praktikada tikinti sahəsində yaşayan sakinlərlə razılığa gəlinmə halları və tikinti sahəsinin tikinti məqsədi üçün təmizləməsi işləri çox ağır gedir, sakinlərlə aparılan danışıqlar uzun xarakterlidir və sakinlərin tez-tez fikirlərini dəyişmələri ilə müşaiyət olunur. Hətta bu halın hamıya məlum olduğunu da vurğulayır.

29. Bununla belə, 27-ci bənddə göstərilənlər barədə tam məlumatlı olmasına baxmayaraq, iddiaçı məzmun etibarı ilə özü tərəfindən tərtib edilmiş razılaşma müqaviləsinə bu bəndi də daxil etmiş və üzərinə belə bir öhdəlik götürmüş və müddət etibarı ilə də bu öhdəliyini lazımi qaydada icra etməyərək, razılaşdırılmış mənzilləri təmirli vəziyyətdə xx.xx.2024-cü il tarixinə (mənzil xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir) təhvil verə bilməmişdir. Digər tərəfdən müqavilənin 7-ci bəndində 2 illik müddətin fors-major hallarda tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilmənin mümkünlüyü də təsbit edilmişdir. Lakin müəyyən edilmiş müddətlərin çərçivəsindən çıxdığını bilən və görən cavabdeh müddətlərin dəyişdirilməsi ilə bağlı da iddiaçıya müraciət etməmişdir.

30. Cavabdehin istinad etdiyi hallar, yəni həmin ərazidə yaşayan X7 ilə razılaşma müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlanması, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən obyektin tikintisinə icazə sənədinin xx.xx.2022-ci il tarixdə verilməsi heç bir halda mənzillərin cavabdehdən asılı olmayan səbəblərə görə 2 il ərzində təhvil verilməməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, bu halların mövcudluğu cavabdehin təqsirini istisna etmir. Halbuki, bu hallar nəzərə alındığı təqdirdə belə, bu tarixlərdən də iki illik müddət artıq ötmüş olur və hər bir halda cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Hüquqi nəticə etibarı ilə buna görə bilavasitə cavabdeh məsuliyyət daşıyır.

31. Məhkəmə kollegiyası iddia üzrə cavabdehdən tələb edilən 50.000 manat məbləğində təzminatla bağlı xx.xx.2022-ci il tarixli razılaşma müqaviləsinin 8-ci bəndinə istinadən qeyd edir ki, təzminat adlandırılsa da, tərəflər hüquqi nəticə etibarı ilə müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulunun ödənilməsini razılaşdırmışdılar. Başqa sözlə, tərəflərin qarşılıqlı iradə ifadəsinə əsasən öhdəliklərin icrası bu qaydada təminat altına alınmışdır. Bu müddəa iddiaçı ilə müqayisədə, daha çox müəyyən edilmiş müddətlər ərzində mənzillər inşa etmək və təmir edərək, iddiaçıya təhvil vermək öhdəliyi daşıyan cavabdehin maddi maraqlarına uyğun deyil. Buna baxmayaraq, bu müddəa məzmun etibarı ilə yenə də cavabehin özü tərəfindən həmin müqaviləyə daxil edilmiş və nəticədə razılaşdırılmış şərt kimi təsdiq edilmişdir. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımı qaydada icra edilməməsini əsas gətirib, bu məbləğin tam şəkildə cavabdehdən tutulmasını tələb edir. Öhdəliyin lazımi qaydada icra edilməməsi də bu məbləğin tutulması üçün bilavasitə əsas yaradır.

32. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfindən öhdəliyin pozulması dərəcəsini (bina, o cümlədən iddiaçıya təhvil verilməli olan mənzillər tam inşa edilib, təmir edilmə ərəfəsindədir), habelə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla hesab edir ki, mövcud vəziyyətdə dəbbə pulunu müqavilə üzrə razılaşdırılmış həddə tutulması üçün hər hansı əsas yoxdur. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsaslı hesab edir və dəbbə pulunun 5.000 manat məbləğində (həddində) müəyyənləşdirilməsinin əsaslı və ağlabatan olması qənaətinə gəlir.

33. Məhkəmə kollegiyası iddianın qismən təmin edilən hissəsində qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 70 manat hissəsi tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir.

34. Məhkəmə kollegiyası iddia tələbinin vəkilə çəkilən xərclərə görə 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.

35. Məhkəmə kollegiyası 34-cü bənddə göstərilənlərlə yanaşı, hazırki iş üzrə birinci instansiya məhkəməsində iddiaçıya hüquqi xidmət göstərən vəkilin iddia ərizəsini tərtbi etməsini, habelə ümumilikdə 4 məhkəmə iclasında iştirak etməsini nəzərə alıb, hesab edir ki, göstərdiyi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır.

36. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5.000 manat məbləğində pul (dəbbə pulu), iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi, habelə tələb edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1842/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “X14” MMC-dən İddiaçı xeyrinə 5.000 (beş min) manat məbləğində pul (dəbbə pulu), iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat və göstərdiyi hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbəğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar