Məhkəmə qərarları › İş №2(103)-4070/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4070/2023

14.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4070/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-118/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilərək, onun "xxxx" MMC-də süzmə sexinə “sex rəisi” vəzifəsinə işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-118/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 01 dekabr 2021-ci il tarixli əmrin ləğv olunması, İddiaçı cavabdeh "xxxx" MMC-də tutduğu süzmə sexi rəisi vəzifəsinə bərpa edilməsi, cavabdeh "xxxx" MMC tərəfindən məcburi işburaxmaya görə əmək haqqının hesablanıb İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 100 manat dövlət rüsumunun və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat pulun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 118/2023 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə elekton məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC-nin elektron kabinetinə isə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını xx.xx.2023cü (xx.xx.2023-cü) il tarixdən başlanmalı və xx.xx.2023-cü (xx.xx.2023-cü) il tarixdə bitməli idi. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 227.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-118/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar