Məhkəmə qərarları › İş №2(103)-4072/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4072/2022

26.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4072/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı1, İddiaçı2 və nümayəndə (vəkil) X6, Cavabdeh1 (həmçinin digər Cavabdeh2 prosessual hüquqi varisi) və onun nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsindən İddiaçı2 və İddiaçı3, həmçinin Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3 və himayələrindəki azyaşlı uşaqlarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), ev 20Aya köçürülməsi və həmin evə istifadə hüquqlarınnı tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1992-ci ildə Ağstafa rayonunun A.Kəsəmən kəndində anadan olmuşdur. Onun 2 yaşı olanda, yəni 1994-cü ildə valideynləri Cavabdeh2 və Gülsüm Məmmədova Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 20A-da yerləşən evi satın almış və həmin vaxtdan sonra valideynləri və 3 qardaşı ilə birlikdə həmin evdə yaşamışlar. Qeyd olunan Mədən küçəsi hal-hazırda 28 May küçəsi adlandırılır. Valideyləri həmin evi qonşuluqda yaşayan Baxışəli Aslanov adlı şəxsdən alsa da, həmin ev neft torpaqlarında qanunsuz inşa olunduğundan mülkiyyətini təsdiq edən heç bir sənəd olmamışdır. O, həmin evdə böyümüş, 1999-cu ildən həmin evin yaxınlığında yerləşən M.Ə.Sabir adına 259 nömrəli orta məktəbin 1-ci sinfinə getmiş və 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2001-ci ilin yanvar ayında qardaşı X1 xəstəlikdən həmin evdə vəfat etmiş, onu Ağstafa rayonunun A.Kəsəmən kəndində dəfn etmişlər. Onlar dəfnlə əlaqədar rayonda olan zaman Bakı şəhərində yerləşən evlərində oğurluq hadisəsi baş vermiş və anasına aid olan qiymətli ziynət əşyaları və bir çox qiymətli əmlak oğurlanmışdır. Həmin hadisə xx.xx.2001-ci ildə baş vermişdir. Bu hadisə ilə əlaqədar 2001-ci ilin fevral ayında Sabunçu rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış, həmin cinayət işində atası Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayəti törətmiş X16 və X11 cinayət məsuliyyətinə cəlb edilərək Sabunçu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə müxtəlif cəzalara məhkum edilmişlər. Həmin hökmdə müəyyən edilmişdir ki, Sadiq Xıdırov özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə təkrar tanışı X11 ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək xx.xx.2001-ci il tarixdə saat 05:00 radələrində Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci mədən, yeni yaşayış sahəsində yerləşən vətəndaş Cavabdeh2 yaşadığı evə daxil olmuş, oradan sonuncuya məxsus əşyaları oğurlayaraq, zərərçəkmiş Cavabdeh2 cəmi ******* manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə, həmin hökmlə müəyyən olunur ki, 2001-ci ildə Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci mədən küçəsi yeni yaşayış sahəsindəki evdə onlar öz ailə üzvlərilə yaşamış və həmin ev onun valideynlərinə məxsusdur. 2004-cü ildə anası Gülsüm Məmmədova xərçəng xəstəliyindən dünyasını dəyişmiş, onun yas mərasimi də həmin evdə təşkil olunmuşdur. 2005-ci ilin əvvəllərində atası 2-ci dəfə ailə həyatı quraraq Cavabdeh1 ilə nikaha daxil olmuş və onu yaşadıqları Balaxanı qəsəbəsi, 2ci Mədən küçəsindəki evlərinə gətirmişlər. İlk vaxtlar Cavabdeh1 ilə ailə münasibətləri mehriban olmuş, lakin bir müddət sonra Leyli evdə qəsdən dava-dalaş salaraq atası ilə aralarında soyuqluq yaratmışdır. 2006-cı ildə qardaşı İddiaçı2 öz ailə üzvləri ilə birlikdə ata evini tərk edərək ünvan 1 ünvanına kirayə köçmüşlər. 2007-ci ilin əvvəllərində digər qardaşı Pərviz Məmmədov evdən qovulmuş yaşamaq üçün Ağstafa rayonunda olan evlərinə getmişlər. İddiaçı1 2017-ci ilin sonlarınadək mübahisəli evdə yaşamış, həmin vaxtlar Leyli tez-tez evdə İddiaçı1 ilə bağlı söz-söhbət yaradaraq onu evdən qovacağı ilə əlaqədar təhdid etmiş, habelə onu öz qardaşı qızı ilə evlənməyə məcbur etmişdir. O, bu tələbi yerinə yetirmədikdə atası ilə birləşərək onu söyərək döyüb evdən qovmuşlar. Bundan sonra İddiaçı1 məcbur olub işləmək üçün Rusiya Federasiyanı getmişdir. Rusiyada da işləri düz gətirmədiyinə görə bu yaxınlarda qayıtmışdır. Qayıtdıqdan sonra öz evlərinə getmiş, lakin Leyli ilə atası onu evə buraxmamış, Leyli həmin vaxt 102 xidmətini yığaraq evin ona məxsus olduğunu, yəni həmin evi özünün tikdirdiyini və onun orada yaşamağına icazə vermədiyini bildirmişdir. Hazırda onun yaşamağa yeri yoxdur. Leyli Məmmədovı isə atasını yoldan çıxararaq onu öz evində yaşamağına icazə vermir. Həmçinin Cavabdeh1 onun - İddiaçı2 həyat yoldaşı İddiaçı3 Usııb qızı və azyaşlı uşaqların da həmin evdə yaşamağına icazə vermir. Həmin ev 1994-cü ildə valideynləri tərəfindən alınmış və 23 il həmin evdə yaşamışlar. Cavabdeh1 həmin evi özünün tikdirməsinə dair dedikləri tam yalandır. Yuxarıda qeyd olunduğu kimi həmin ev 1994-cü ildə onların valideynləri tərəfindən vətəndaş Baxışəli Aslanovdan alınmış, Leyli isə həmin evə yalnız 2005-ci ildə gəlmişdir. Bunu qonşuluqda yaşayan şəxslər də təsdiq edə bilər. Bundan əlavə, 2001-ci ildə həmin evdə oğurluq faktının olması anasına məxsus qızıl-zinyət və digər əşyalarının oğurlanması onu təsdiq edir ki, qeyd olunan evdə valideynləri ilə birlikdə yaşamışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(008)- 2024/2020 saylı qətnaməsi ilə (hakim Anar Rzayev) iddia qismən təmin olunmuş, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi, geri qalan 20 manatının isə İddiaçı1 qaytarılması qət olunmuşdur. İddiaçılar İddiaçı2 və İddiaçı3 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni onlara aid hissədə ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişlər. Eyni zamanda Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunan hissəsində ləğv olunmasını, iddianın tam rədd olunmasını xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnamə çıxarıldıqdan sonra (02 oktyabr 2021-ci il) vəfat etdiyindən apellyasiya baxışı zamanı digər cavabdeh olan arvadı Cavabdeh1 onun prosessual hüquqi varisi kimi tanınmışdır (işdə iştirak edən şəxslərin buna hər hansı etirazı olmamışdır). Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın İddiaçı2 və İddiaçı3 aid hissədə rədd olunması hissələrində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişlər. Cavabdeh apellyasiya şikayətini - qətnamənin qismən, yəni iddiannı İddiaçı1 münasibətdə təmin olunması hissələrində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın tam rədd olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı2 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 cavabdehin apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, həmçinin iddiaçıların apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, iddiaçıların şikayətinin isə rədd olunmasını xahiş etmişdir. Mərhum Cavabdeh2 isə birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 onun övladları, digər İddiaçı3 isə gəlinidir. Hələ Ağstafa rayonunda yaşayarkən oğulları ilə arasında fikir ayrılığı olduğundan Ağstafa rayonundakı evini övladlarına verərək Bakı şəhərinə gəlib mübahisəli evi sənədsiz alıb, hazırkı vaxta kimi həmin ünvanda yaşayır. Ev alınarkən orada kiçik daxma olmuş, evin hasarı isə ümumiyyətlə mövcud olmamışdır. 2005-ci ildə iş üzrə digər Cavabdeh1 ilə ailə qurmuş və onun köməkliyi ilə evi genişləndirməyə və hasar çəkməyə başlamışdır. Övladlarının heç biri qeyd evin saxlanılmasında iştirak etməmişdir. İddiaçı2 Hökməli qəsəbəsində özünə məxsus evi var və 2005-ci ildən o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşamır. Digər İddiaçı1 isə orta məktəbi bitirdikdən sonra özü mübahisəli evi tərk edərək çıxıb getmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ağstafa rayonu Aşağı Kəsəmən kənd nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 033754 saylı, xx.xx.2005-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X18 arasında 02 nömrəli qeydlə nikah bağlanmış, arvada “Məmmədova” soyadı verilmişdir. İşdə olan Ağstafa rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ 33225 saylı, xx.xx.2006-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X12 arasında 122 nömrəli qeydlə nikah bağlanmış, arvada “Məmmədova” soyadı verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh1 ünvan 3 ünvanda qeydiyyatdadır. İşdə olan Sabunçu Rayon Məhkəməsinin 19 may 2005-ci il tarixli, 2-1314 saylı qətnaməsinin surətindən görünür ki, Səfərova (Məmmədova) Leyli Əli qızının Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 20 A saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X9 bildirmişdir ki, o, tərəflərin hər birini tanıyır, onlarla qonşudur. 1997-ci ildə o, həmin ünvana gələndə Cavabdeh2 ailəsi birlikdə həmin ünvanda yaşayırdı. İddiaçı2 2005-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki evdən köçmüş və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı1 əvvəllər mütəmadi olaraq həmin ünvanda görsə də, son vaxtlar hər bir onunla qeyd olunan ünvanda qarşılaşmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X4 bildirmişdir ki, 2001-ci ildən tərəflərlə qonşuluqda yaşayır. Onlar həmin ünvanda Cavabdeh2 və mərhum yoldaşı və uşaqları ilə birlikdə 2005-ci ilə qədər yaşamışlar. İddiaçı2 toyu olandan sonra Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki evdən köçmüş və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı1in isə yaşayış ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən mübahisəli ev olsa da, o, iki ildir ki, həmin evə daxil ola bilmir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o, 16 ildir ki, cavabdeh olan Cavabdeh1 tanıyır və sonradan Cavabdeh1 ilə quda olmuşdur. Onun yaxını kimi tez-tez Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən mübahisəli evdə olsa da, İddiaçı2 və İddiaçı3 həmin ünvanda yaşayan görməmişdir və onları ümumiyyətlə tanımır. İddiaçı1 qeyd olunan evdə görərkən isə o, kiçik uşaq olmuşdur. Uzun müddətdir ki, o, İddiaçı1 həmin ünvanda yaşayan görməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Cavabdeh2 onun qardaşı, iddiaçılar İddiaçı1 və İddiaçı2 qardaşı uşaqlarıdır. Onlar əvvəlcə Ağstafa rayonunda yaşamışlar. 1996-cı ildə qardaşı Cavabdeh2 Bakı şəhərinə gələrək 7 ay onların evində qalmışdır. Daha sonra isə qardaşı 1997-ci ildə Balaxanı qəsəbəsində kiçik bir yer alaraq oranı yaşayış yeri kimi istifadə etmişdir. Həmin vaxt onun övladları rayonda yaşayırdılar. Övladları atalarını bəyənməsə də, ev düzələndən sonra onlar da həmin ünvana köçdülər. Lakin İddiaçı2 qısa müddətdən sonra ailə həyatı quraraq həmin evdən başqa ünvana köçdü. İddiaçı1 isə həbi xidmətə gedənə qədən mübahisəli evdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 və X10 ifadələrində digər şahid X2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İlkin olaraq qeyd edilməlildir ki, işin mübahisəsiz hallarına görə, mübahisə predmet olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi uzun müddətdir ki, mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı2 və İddiaçı3 apellyasiya şikayətinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı həmin iddiaçılara münasibətdə rədd etməkdə haqlı olmuşdur. Belə ki, işin faktiki hallarından və tərəflərin izahatları, eləcə də şahid ifadələri ilə müəyyən olunur ki, İddiaçı2 və İddiaçı3 təqribən 2005-ci il tarixdən etibarən başqa ünvanda yaşayırlar və mübahisəli yaşayış sahəsi ilə bağlılıqları yoxdur. Eyni zamanda işdə olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Xırdalan şəhəri, Hökməli qəsəbəsi, ev 60, mənzil 1444 ünvanı üzrə İddiaçı2 adına abunə qeydiyyatı aparılmışdır. İddiaçılar da uzun müddətdir ki, qeyd edilən ünvanda yaşadıqlarını mübahisələndirmirlər (işdə həmin yaşayış sahəsinə dair fotoşəkillər də mövcuddur). Lakin, iddiaçılar apellyasiya şikayətində məcburiyyət qarşısında qalaraq mübahisəli evdə yaşamamalarını qeyd etsələr də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, eyni zamanda keçən uzun müddət ərzində evdə yaşamağa cəhd etmələri, bununla bağlı məhkəməyə və s. orqanlara müraciət etmələrinə dair də sübut təqdim etməmişlər. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edildiyi kimi mübahisəli yaşayış sahəsi özbaşına tikili olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, eləcə də tərəflər arasında münasibətlər 2009-cu il tarixdən əvvəl yarandığından məhkəmə kollegiyası həmin dövrdə qüvvədə olan qanunvericilik aktlarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. İşin hallarından göründüyü kimi, iddiaçların uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi, eyni zamanda hazırda da mübahisəli yaşayış sahəsinə zəruri ehtiyacın mövcudluğu müəyyən olunmadığından iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçıların mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır (eyni zamanda iddiaçılar mübahisəli evdə yaşayış yeri üzrə qeydiyyata da alınmamışlar). İddiaçılar isə qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırmağa çalışmışlır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə rədd etməkdə haqlı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı İddiaçı1 aid hissədə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə həmin hissədə ona əsaslanmışdır ki, İddiaçı1 mübahisəli evdə yaşamış, orata məktəbin İX sinfini həmin ünvanda yaşarkən bitirmiş və qeyd olunan ünvandan hərbi xidmətə getmiş, lakin son iki il ərzində cavabdehlərin hərəkətləri nəticəsinə mübahisəli evə yerləşə bilməmişdir. Birinci instansiya məhkəməsi yalnız bəzi şahid ifadələrinə əsaslansa da, şahidlər böyük əksəriyyəti həmin cavabdehin hərbi xidmətə yollandıqdan sonra mübahisəli evdə yaşamamasını, başqa yaşayış sahəsinə köçməsini bildirmişlər. Cavabdeh İddiaçı1 izahatında 2010-cu ildə hərbi xidmətə getməsi təsdiq etmişdir. Eyni zamanda işdə olan digər sübutlardan görünür ki, həmin cavabdehin mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi, Ağstafa rayonu, Aşağı Kəsəmən kəndində 0,12 ha torpaq sahəsi vardır. Bununla yanaşı, tərəflərin izahatları, işdə olan fotoşəkillərlə müəyyən olunmuşdur ki, cavabdehin mülkiyyətində Abşeron rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi üzərində ikimərtəbəli ev inşa olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışdan görünür ki, Xırdalan şəhəri, Hökməli qəsəbəsi, ev 60, mənzil 4702 ünvanı üzrə İddiaçı1 adına abunə qeydiyyatı aparılmışdır. Cavabdeh İddiaçı1 da bu halı təkzib etməmiş, "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında arayışının də mülkiyyətində olan torpaq sahəsində inşa olunmuş həmin daşınmaz əmlakdla bağlı olmasını bildirmiş, lakin həmin evdə yaşamamasını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıdakı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, cavabdeh İddiaçı1 da mübahisəli yaşayış sahəsinə köçürülməsinə qanuni əsas müəyyən edilmir. Bu hal cavabdehin uzun müddət orada yaşamaması, xüsusilə də mübahisəli yaşayış sahəsinə hər hansı əmlak hüquqlarının olmaması, mülkiyyətində müvafiq daşınmaz əmlakların olması və s. işin digər diqqətəlayiq halları ilə müəyyən olunur. Həmçinin, işdə olan digər sənədlərdən (təhqiqat və istintaq orqanlarının qərarları və s.) görünür ki, hazırki vəziyyətdə tərəflər arasında münasibətlər gərgin olmaqla, bir-birinə qarşı zorakı hərəkətləri mövcuddur. İddiaçıların hər hansı qanuni əsas olmadan mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, gələcəkdə ictimai təhlükəli əməllərin törədilməsi ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi isə iddianın təmin olunan hissəsində tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin qeyd edilən hissədə ləğvinə əsasdır. İddia həmin hissədə rədd olunmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin olunmamalı, cavabedhin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi” hissəsində ləğv olunmalı, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsasən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məzkəmə kollegiyası hesab edir ki, iddia tələbləri tam rədd olunduğundan birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinə dair hissədə də ləğv olunmalı, məhkəmə xərcləri (iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsümu) iddiaçıların özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsindən İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(008)- 2024/2020 saylı qətnaməsi qismən, yəni “İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20A saylı evə köçürülməsi” hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin olunmasın. Qətnamə, həmçinin məhkəmə xərclərinə dair hissədə ləğv olunsun, məhkəmə xərcləri (iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsümu) iddiaçıların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar