Məhkəmə qərarları › İş №2(103)-4072/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4072/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4072/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və Kazımov Elşən Calədddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, 2(004)-2686/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MMC-nin direktoru X6 (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 0505 nömrəli, 05 may 2024-cü il tarixli müqaviləyə əsasən İcraçı Sifarişçinin seçdiyi ali təhsil qurumuna qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, Sifarişçi isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 2400 manat təşkil edir. Məbləğ müqavilə bağlandıqdan dərhal sonra birdəfəlik 2400 manat ödəniləcəkdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilə üzrə “sifarişçi” qəbul almadıqda icraçı ödənişi tam şəkildə geri qaytarır.

2. 06 may 2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Milliön aparatı vasitəsilə X1 (son 8 rəqəm: ********) 2400 manat pul köçürtmüşdür.

3. 20 iyul 2024-cü il tarixli ödəniş qəbzinə əsasən 523915******6632 saylı kart nömrəsindən 416973******3715 saylı kart nömrəsinə 50 manat pul köçürülmüşdür.

4. Cavabdeh MMC-nin İddiaçı “Elektron ünvan ” e-mail adresinə ünvanladığı məktubuna əsasən onun üçün universitet siyahisi tərtib olunmuş, universitet siyahısında olan universitetlərin daha ətraflı araşdırılması, suallar yaranan zaman ona müraciət etməyi xahiş olunmuş, ona köməklik göstəriləcəyi bildirilmiş, universitetlərin seçilməsində minimum limitlərinin 7 universitet olmalı göstərilmiş, maksimum limitlərinin olmadığını, universitetləri daha ətrafli araşdırandan sonra seçilmiş universitetlərin qeyd edilməsi və təsdiqi barədə maila yazması xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2450 manat və dövlət rüsumu qismində ödənilmiş 45 manat, ümumilikdə 2495 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC-nin direktoru X6 arasında, 5 may 2024-cü il tarixdə 0505 nömrəli müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh MMC icraçı Sifarişçinin seçdiyi ali təhsil qurumuna qəbul olunmasına vasitəçilik xidmətləri göstərməyi, o, sifarişçi həmin müqavilə üzrə razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə tərəfindən ərizəyə əlavə olunan ödənişi təsdiq edən qəbzin surətində və yazışmalardan alınan ekran görüntülərində öz əksini tapdığı kimi 06 may 2024-cü il tarixdə X2 Cavabdeh MMC-yə bağlı olan bank hesabı kimi təqdim etdiyi **********601125 nömrəli X5 məxsus bank hesabına 2400 vəsait ödəniş terminalı vasitəsi ilə ödənilmişdir. O cümlədən şirkətə bağlı +**********25 nömrəsi ilə olan “whatsapp” yazışmasında viza qeydiyyatı üçün xərc kimi 50 manat vəsait tələb edilmiş və həmin vəsait köçürmə yolu ilə ərizəyə əlavə olunan ödənişi təsdiq edən qəbzin surətində öz təsdiqini tapdığı kimi şirkətə bağlı bank hesabı kimi tətbiq edilən digər karta ödənilmiş, lakin qəbul gəlmədiyinə görə, viza görüşü də baş verməmişdir. Yuxarıda qeyd olunan müqavilənin 3.4-cü maddəsinə əsasən həmin müqavilə üzrə Sifarişçi qəbul almadıqda, İcraçı ödənişi tam şəkildə geri qaytarır. Müqavilənin 5.9-cu maddəsinə əsasən İcraçı tərəfindən müəyyən olunan təhsil müəssisələrindən yay semestri üçün 01 aprel tarixinə, qış semestri üçün isə 01 oktyabr tarixinədək cavab məktubu göndərilməzsə, bu imtina kimi qiymətləndirilir. Müqavilənin bağlanıldığı vaxtdan bu günə qədər tərəfimdən seçilən 13 ali təhsil müəssisəsinin heç birindən qəbul almamış və həmin müəssisələrdən qəbulla bağlı imtina məktubu gəlmişdir. 13 fevral 2024-cü il tarixdə və Bakı şəhəri, 507-511 İsmayıl bəy Qutqaşınlı, Bakı ünvanda yerləşən ofislərində X7 və şirkətin digər nümayəndəsi ilə görüş keçirmişlər və bu görüşdə X7 2024-cü tədris ili və transfer pəncərəsi üzrə 144 tələbənin hamısının qəbul aldığı, yanlız onun qəbul almadığını bildirmişdir. Yuxarıda qeyd olunan maddə üzrə ödənişin geri qaytarılmasını tələb etdiyində, Şirkət nümayəndələri bu maddənin “müqaviləni tətbiq elədikləri 4 il çərçivəsində ilk dəfə problem yaratdığını” və ödənişdən 1500 manat hissəni qaytaracaqlarını bildirmişdir. Lakin Müqavilənin yuxarıda qeyd olunan bəndinə əsasən ödəniş tam şəkildə geri qaytarılmalıdır. Müqavilə öhdəliklərinin icrasını tələb etdiyində X7 48 saat sonra geri dönüş edəcəyini və bu müddət keçəndən sonra 1500 manat qaytaracaqlarını bildirmişdir. Müqavilənin 5.5-ci maddəsinə görə həmin müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki-hüquqi məsuliyyət daşıyırlar. 10 mart 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlamağına baxmayaraq müqavilə üzrə öhdəliklərin icrası təmin edilməmişdir

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, 2(004)- 2686/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh MMC-dən 2450 manat məbləğində pul vəsaitinin tutularaq və 45 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 21, 329.2, 385.1, 390.1, 390.5, 404.2, 442, 443.1, 443.2, 448.1, 448.2, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv, iddianın rədd olunması xahiş edilmişdir.

10. Apellyasiya şikayətlərinin dəlillərinə görə məhkəmə sübutlara qeyri-obyektiv yanaşmışdır. Məhkəmə, cavabdeh tərəfin izah etdiyi kimi, müqavilə bağlanandan sonra riskli universitetlərin seçildiyini və bu barədə iddiaçının məlumatlandırıldığını nəzərə almamışdır. Cavabdeh MMC-nin nümayəndəsi Fuad müəllimi xəbərdar etmiş və o, riskləri öz üzərinə götürmüşdür. Bu fakt müqavilə münasibətlərinin formalaşması zamanı mühüm əhəmiyyət kəsb edir. Məhkəmə 3.4-cü bəndin məzmunca “qəbul olmadığı halda ödənişin tam qaytarılması” kimi birtərəfli və dəyişdirilməz şəkildə şərh edilməsi ilə yanaşmışdır. Halbuki bu bənddə “tərəflərin razılığına əsasən” ifadəsi yer alır ki, bu da birbaşa razılaşdırılmış istisnaların mövcudluğunu nəzərdə tutur. Həmin razılıq tədris prosesi və risklər barədə əvvəlcədən qarşılıqlı razılaşdırılmış şəkildə formalaşmışdır. Qətnamə yalnız iddiaçının təqdim etdiyi sənədlərə və izahlara əsaslanmış, cavabdeh tərəfin təqdim etdiyi risklər, kommunikasiya mesajları və razılaşmalar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 329.2. Əqdllər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

18. Apellyasiya şikayətində qeyd olunur ki, məhkəmə 3.4-cü bəndin məzmunca “qəbul olmadığı halda ödənişin tam qaytarılması” kimi birtərəfli və dəyişdirilməz şəkildə şərh edilməsi ilə yanaşmışdır. halbuki bu bənddə “tərəflərin razılığına əsasən” ifadəsi yer alır ki, bu da birbaşa razılaşdırılmış istisnaların mövcudluğunu nəzərdə tutur.

19. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, həmin bəndin məzmunu aşağıdakı kimidir: “Tərəflərin razılığına əsasən bu müqavilə üzrə sifarişçi qəbul almadıqda, icraçı ödənişi tam şəkildə geri qaytarır”.

20. Göründüyü kimi bu bənddə analaşılmayan, müxtəlif formalarda təfsir oluna bilən hər hansı bir söz və ya söz birləşməsi mövcud deyildir, “Tərəflərin razılığına əsasən” ifadəsi məhz həmin şərtlə bağlı razılığı nəzərdə tutur.

21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, 2(004)- 2686/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2025-ci tarixli, 2(004)- 2686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar