Məhkəmə qərarları › İş №2(103)-4075/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4075/2020

03.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4075/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1024/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinin ləğvinə dair K-1562 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 790 manat, mənəvi zərərə görə isə 5000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1024/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, uzun müddət idi ki, “xxxx” MMCnin X7 EATS 561/562/563-cü krossunun texniki vəzifəsində işləmişdir. 2018-ci ilin yanvar ayından o və onunla bərabər bir neçə işçi qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. O, məhkəməyə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş, lakin təmin edilməmiş, kassasiya şikayəti isə qismən təmin edilərək baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin yeni qətnaməsi ilə cavabdehin xx.xx.2018-ci il tarixli əmri ləğv olunmaqla ona məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəsifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Cavabdeh müəssisənin xx.xx.2019-cu il tarixli əmri ilə onun xx.xx.2019-cu il tarixdən əvvəlki yerinə və vəzifəsinə bərpa edilməyi və həmin əmrdə onun əvvəlki iş yerində əvvəl işlədiyi vəzifənin ləğv olunduğu üçün onun 1 ay ərzində əmək funksiyalarına uyğun əmək haqqı saxlanılmaqla əmək funksiyalarından azad olunmağı, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qeyd olunmuşdur. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində bildiriş təqdim edilmiş və onun əvvəlki iş yerində əvvəlki vəzifəsinin xx.xx.2018-ci il tarixdə ləğv edildiyi göstərilmiş, bu səbəbdən onun əmək funksiyasının icrasını Cəmiyyətin EATS- 545 (Lökbatan) stansiyasında texniki vəzifəsi üzrə icra etmək təklif edilmiş və 1 aydan gec olmayaraq münasibət bildirməyi qeyd olunmuşdur. Həmin bildirişlə bağlı xx.xx.2019-cu il tarixdə ərizə təqdim etmiş və çıxarılmış qətnaməyə uyğun olaraq işə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona yenə də xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məzmunlu ərizə təqdim edilmiş və əvvəlki bildiriş ilə 1 aydan gec olmayaraq razılıq ərizəsi təqdim etmədiyi təqdirdə onun əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixində cavabdehin K-1562 saylı əmri ilə əmək müqaviləsinə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad edilməklə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, “xxxx” MMC xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan hüquqi şəxsdir. İddiaçı “xxxx” MMC-də aylıq əmək haqqı 464.10 manat müəyyən edilməklə xx xxxxxx 2018-ci il tarixədək texnik vəzifəsində çalışmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)13485/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnamaməsindən verdiyi apelyasiya şikayəti təmin olunaraq “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli, K-277 saylı əmrinin ləğv olunması, İddiaçı məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən qətnamə icra olunan tarixədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3869/2019 saylı xx.xx.2019cu il tarixli qərarının surətinə əsasən müəyyən edilir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13485/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx MMC-nin xx.xx.2019-cu il tarixli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixdən “xxxx” MMCnin X7 EATS 561/562/563-ün krossun texniki vəzifəsinə 357 manat aylıq vəzifə maaşı ilə bərpa edilmişdir. İddiaçı vəzifə maaşına kollektiv sazişə əsasən ödənilmiş 107.10 manat xx.xx.2019-cu il tarixdən əmək haqqına əlavə kimi müəyyən edilmiş və ona məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən xx xxxxxxx 2019-cu il tarixədək 9282 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin əmrdə qeyd edilmişdir ki, “xxxx” MMC-nin strukturuna daxil olan X7 vergi uçotundan çıxarılmasını və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin “xxxx” MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2018-ci il tarixli 0071 saylı əmrinə əsasən X7 EATS 561/562/563-ün krossun texnik vəzifəsi ləğv olunduğunu nəzərə alaraq İddiaçı əvvəlki vəzifə funksiyalarına uyğun əmək haqqı saxlanılmaqla 1 ay ərzində əmək funksiyalarının icrasından azad edilmişdir. xx.xx.2019-cu il tarixdə “xxxx” MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli, K-1280 nömrəli əmrlə işə bərpa olunmasına, “xxxx” MMC-nin yeni struktur dəyişiklikliyi barədə xəbardar edilmiş və bildirilmişdir ki, onun əvvəl işlədiyi X11 ləğv edilərək vergi uçotundan çıxarılmışdır. Buna uyğun olaraq İddiaçı keçmiş X7 EATS-561/562/563 krossunda əmək fəaliyyətinin davam etdirilməsinin mümkün olmaması səbəbindən ona fəaliyyətini Cəmiyyətin 6 saylı Rabitə xidmətləri mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS-545 (Lökbatan) stasiyasında texnik vəzifəsi üzrə icra edilməsi təklif edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli “xxxx” MMC tərəfindən ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cəmiyyətin 6 saylı Rabitə xidmətləri mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS-545 (Lökbatan) stasiyasında təklif olunan texnik vəzifəsinə münasibət bildirməsi üçün bir ay müddətinin olduğu və xx.xx.2019-cu il tarixinədək əmək şərtlərinin dəyişdirilməsi ilə bağlı razılıq ərizəsini təqdim etmədiyi təqdirdə onun əmək müqaviləsinə müvafiq qanunvericiliyə uğun xitam verilməsi barədə xəbərdar olunmuşdur. “xxxx” MMC-nin K-1562 xx.xx.2019-cu il tarixli əmri ilə (iş materiallarına əlavə edilmiş əmrin surətinə əsasən müəyyən edilir) İddiaçı xx xxxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş və onunla “xxxx” MMC arasında bağlanmış müqaviləyə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin “xxxx” MMC 02 saylı rabitə xidmətləri mərkəzinin strukturunun təsdiq edilməsinə dair xx.xx.2018-ci il tarixli əmrin surətindən görünür ki, 561/562/563-stansiyalarında kross üzrə mühəndis, mexanik, əməliyyatçı vəzifələri mövcuddur. İş materiallarında olan İddiaçı aid əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə 561/562/563-ün krossuna 7-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı qəza keçirdiyini, vaxtının olmadığını bildirərək məhkəmə qərarı ilə işə bərpa edilməsi barədə məlumatları daxil etmək üçün əmək kitabçasını İnsan resurslarının idarə edilməsi departamentinə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə istinad edərək əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixinədək “xxxx” MMC-də texnik vəzifəsində çalışmışdır. Lakin “xxxx” MMC-nin müvafiq əmrinə əsasən onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı onunla MMC arasında bağlanmış əmək müqaviləsinin xitamı ilə nəticələnən əmri məhkəmə qaydasında mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13485/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən əmr qanunsuz hesab olunaraq İddiaçı “xxxx” MMC-də əvvəlki vəzifə maaşı saxlanılmaqla işə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3869/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13485/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi öz qüvvəsində saxlanılmışdır. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin “xxxx” MMC-nin strukturunun yeni redaksiyada təsdiq edilməsi barədə xx.xx.2018-ci il tarixli 0071 saylı əmrinə əsasən İddiaçı bərpa edildiyi X7 EATS 561/562/563-ün krossun texnik vəzifəsi ləğv olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı iddia etdiyi vəzifə müvafiq əmr əsasında ləğv edildiyindən onun “xxxx” MMC arasında bağlanmış əmək müqaviləsinin ləğvinə dair K-1562 saylı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi barədə tələbi təmin edilə bilməz. “xxxx” MMC tərəfindən İddiaçı 6 saylı Rabitə xidmətləri mərkəzinin Stansiya qurğularının istismarı şöbəsinin EATS-545 (Lökbatan) stasiyasında texnik vəzifəsi təklif olunsa da o, bu təklifi qəbul etməmiş və israrla öz vəzifəsinə bərpa olunmağı tələb etmişdir. Yalnız bundan sonra “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli əmrlə xitam verilmişdir. Həmçinin məhkəmə baxışı zamanı iddiaçının işə bərpa edilməsi üçün cavabdehə müraciət edilmiş, barışığa səy göstərilmiş, bu məqsədlə məhkəmə baxışı təxirə salınmış, cavabdeh tərəf digər yaxın telefon qovşağında işə bərpa olunması üçün iddiaçı ilə danışıqlara cəhd göstərmiş, lakin bir nəticə əldə edilməmişdir. “xxxx” MMC-nin əmək müqaviləsinə onunla İddiaçı arasında bağlanmış müqaviləyə xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli, K-1562 saylı əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir və mövcud olmayan vəzifə ştatına İddiaçı bərpa edilməsi mümkün deyildir. Əmrin ləğv edilməsi barədə İddiaçı tələbi təmin edilmədiyindən iddia tələbi cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 790 manat, mənəvi zərərə görə isə 5000 manat məbləğində pulun tutulması hissəsində də təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1024/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar