Məhkəmə qərarları › İş №2(103)-4079/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4079/2023

12.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4079/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh1, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1063/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanına istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 2649/2018 nömrəli qətnaməsinə əsasən rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aiddir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanına məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh1 Bakı şəhəri, Şərifzadə 166 ünvanı, 2 otaqlı mənzilə gəlin köçmüş, həmin mənzil 2 ədəd 1 otaqlı mənzilə dəyişdirilmiş və tərəflər Şərifzadə küçəsi, ev 180 ünvanında yaşamışlar. Həmin mənzil iddiaçının adına mənzil kirayə müqaviləsi əsasında rəsmiləşdirilmiş və onun adına order verilmişdir. Mənzil dövlət mənzil fonduna aiddir. 1993-cü ilin sonu 1994-cü ilin əvvələrində iddiaçının cavabdeh ilə aralarında olan münasibətlər pisləşmişdir. Həmin vaxtdan cavabdeh tərəfindən iddiaçı evə buraxılmamışdır. İddiaçı həmin vaxtdan bacısı X2 evində yaşamışdır.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti 1994-cü ildə yaranmışdır və həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48 və 87ci maddələri çıxış edir.

6. Həmçinin qeyd etmişdir ki, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanına istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Sözügedən qətnamə preyudisial əhəmiyyətə malikdir. Mənzildə iddiaçı tərəfindən özünə məxsus olan 1 otağı uzun illər əvvəl satması, digər otaqda isə yaşamayaraq könüllü olaraq başqa ünvana köçməsi halı sübuta yetirilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 48 və 87-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

8. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2023 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən mənzil 1 otaqlı mənzildir. İşin hallarından da göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə birgə yaşayırlar. Nəzərə alınsa ki, İddiaçı uzun illər ərzində cavabdehlərə etdiyi psixoloji basqı, onların iş yerinə ünvanladığı və onların nüfuzuna təsir edən məktublar cavabdehlərdə stress, əsəb və psixloji gərginlik nəticəsində yaranmış xroniki xəstəliklərə səbəb olmuşdur. Bu isə öz yerində, cavabdehlərin iddiaçıya qarşı nifrət hissinin oyanmasına səbəb olmuşdur. Nəticə etibarilə, iddiaçının həmin 1 otaqlı mənzilə məcbur olaraq köçürülməsi, onunla cavabdehlər arasında yarana biləcək mübahisələrin qarşısının alınmasını qeyri mümkün edir, belə olan halda isə həmin mübahisələr ağır fəsadlar ilə nəticələnə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış qəbul edilmişdir. Cavabdehlər 1994-cü il tarixdən bü günədək həmin ünvanda yerləşən mənzilin istifadəsindən irəli gələn öhdəlikləri yalnız özləri icra etmişdir, öhdəlikləri isə ondan ibarət olmuşdur ki, həmin mənzil üzrə hesablanmış kommunal ödənişlər, həmçinin mənzilin təmiri və digər zəruri xərcləri onlar tərəfindən həyata keçirilmişdir. İddiaçı isə 29 il müddətində bir dəfə olsun belə, həmin xərclərin ödənilməsində iştirak etməmişdir

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat vermiş, şikayətin təmin olunmasını, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin mənzildə iddiaçı və cavabdeh tərəfin birgə yaşaması qeyri-mümkündür. İddiaçı və cavabdeh tərəf 29 ildir bir yerdə yaşamırlar. Mənzil 18 kv.m-lik mənzildir. İddiaçı və cavabdeh tərəfin bir-birinə qarşı münasibətləri yaxşı deyildir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, övladları iddiaçıya qarşı çox agressivdir. Lakin oğlu hər ay iddiaçıya 150 manat aliment ödəyir. Hətta lazım gələrsə üzərinə daha 50 manat da əlavə edilə bilər. Mübahisəli mənzil Xuruşovka binada, 5-ci mərtəbədə yerləşn 16 kv.m-lik mənzildir. Hal-hazırda orada o, qızı, qızının iki uşağı, oğlu yaşayır. 30 ildən artıqdır ki, boşanmışlar, iddiaçı rəsmi olaraq həmin evdə yaşamır. Order iddiaçının adınadır. 30 il ərzində bütün kommunal xərcləri o ödəmiş, bütün qəbzlər ondadır. İddiaçıya 10 min manat pul təklif etmiş, oğlu isə hər ay 150 manat aliment verir. 1 il qızı hər ay 100 manat olmaqla aliment vermiş, paralel olaraq oğlu 2018-ci ildən bugünə qədər 150 manat aliment verir. Daha sonra qızı tərəfindən ödənilən alimet məbləği məlum səbəblərdən dayanmışdır. İddiaçı bildiyi qədər hazırda kirayədə yaşayır, kirayədə yaşamamışdan qabaq bir otaqlı mənzili var idi, onu satmışdır. Hazırda iddiaçı bacısı ilə kirayədə yaşayır. Bacısı Turkiyədə yaşayır. İddiaçı özü pensiya alır və hər ay 150 manat oğlu ödəyir. O, iddiaçıya 10 min manat pul təklif edir, ona görə ki, onlardan əl çəksin. İddiaçı hər dəfə onlara mənəvi təzyiqlər göstərir. O, ikinci qrup əlildir, oğlu, qızı xəstədir, iddiaçı onları xəstə salıbdır. Bir otaqlı evin mübahisəsi gedir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, məhkəmə prosesi təxir olunan gündən bu günə qədər bir dəfə də olsun cavabdeh tərəfindən heç bir təklif olmayıbdır. Cavabdeh tərəf sadəcə məhkəmə prosesini uzatmaq istəyir. Bu ev məsələsi bir dəfə də qalxmışdır. Mübahisəli mənzildə 3 nəfər qeydiyyatdadır. Onlar mənzilin satılaraq üç nəfər arasında bölünməsini xahiş edir. Cavabdeh tərəf bundan əvvəl istifadə hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etmişdilər və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı əsasında iddia rədd edilmişdir. Mənzil dövlət mənzil fondunda olduğuna görə onu satmaq mümkün deyildir. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia qaldırmışlar ki, mənzilin özəlləşdirilməsi üçün tərəflərin məcburi razılığı verilsin. Daha sonra iddia geri götürüldü. İddiaçı və cavabdeh hər biri bərabər hüquqlu adamlardır. Belə olduğu halda cavabdeh çıxsın və iddiaçı mənzildə yaşasın.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

18. 157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiqedilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

19. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

20. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

21. 62-1-ci maddəsinə əsasən üvəqqəti başqa yerə getmiş vətəndaş geri qayıtdıqda yaşayış sahəsinin dərhal azad olunmasını tələb etmək və buraya köçmək ixtiyarına malikdir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 19 aprel 2018-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə əsasən “.... hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövrdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.”

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (82.3-cü maddə).

24. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.1 və 217.3- cü maddələri).

25. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (233.3-cü maddəsi).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərhedilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

30. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədən sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

31. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.

32. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələr müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir

33. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2649/2018 nömrəli qətnaməsi ilə araşdırılmış hallardan göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində istifadə hüququna malik olan şəxsdir. İstinad olunan məhkəmə aktının qəbul edilməsinə əsas olmuş faktiki halların dəyişməsi, yeni halların əmələ gəlməsi də iş materiallarından müəyyən olunmur.

34. Beləliklə iddiaçının Bakı şəhəri, Şərifzadə küçəsi, 180 saylı ev, 60 saylı mənzildən istifadə etmək ixtiyarına malik olması işin mübahisələndirilməyən halı olduğu üçün kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, iddiaçı malik olduğu istifadə hüququnu mənzilə köçməklə həyata keçirmək niyyətindədir.

35. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2023 saylı, 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar