Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4081/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair 23001390 ş №-li, 11.11.2021-ci il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş №2(008)-1307/22) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ildən DGK əməliyyat axtarış idarəsində müxtəlif ərazilərdə və müxtəlif vəzifələrdə nümunəvi əməkdaş olaraq xidmət etmişdir. 29.06.2020-ci il tarixli, 1000/346Ş əmri ilə DGK nin Cavabdeh gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Bakı şöbəsinin böyük mühafizəçisi vəzifəsinə keçirilmiş, 23001390 ş №-li, 11.11.2021-ci il tarixli əmr ilə həmin vəzifədən xaric edilmidir. Komitədə işləyən zaman Zamanov Razim və kadrlar şöbəsinin rəisi Hacıyev Abbasla birlikdə dəfələrlə iddiaçıya üzbəüz və Whatsaap proqramı vasitəsilə hədə-qorxu gələrək ərizə yazaraq işdən çıxmağını tələb etmiş, 19.10.2021-ci il tarixdə Hacıyev Abbas 5 gün ərzində könüllü işdən çıxmadığı halda maddə ilə işdən çıxarılacağını bildirmişdir. İddiaçı könüllü çıxmaq istəmədiyini bildirmiş və işdən azad olması barədə əmri tələb etmiş, əmrin ona poçt vasitəsilə çatdıralacağı deyilmişdir. İddiaçı sonradan bilmişdir ki, 21.10.2021-ci il tarixdə xidməti yerində olmadığı üçün “Gömrük orqanlarında Xidmət haqqında” Əsasnamədə nəzərdə tutulmuş müvafiq maddə ilə işdən azad edilmişdir. 16.11.2021-ci il tarixdə DGK-nin sədrinə müraciət ünvanlamışdır. Müraciətə cavab olaraq ona bildirilmişdir ki, iddiaçı işlədiyi dövrdə 21.10.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək üzrlü səbəb olmadan işə çıxmadığından, əvvəllər tədbiq edilmiş intizam tənbehindən nəticə çıxartmadığından işdən azad olmuşdur. Cavabdeh iddiaya etiraz edərək onun əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovniki İlkin Əhmədin xidməti zərurətlə əlaqədar Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə təhkim edilən İddiaçı 21.10.2021-ci il tarixdə heç bir səbəb göstərmədən və heç bir məlumat vermədən xidmət yerinə çıxmaması barədə 22.10.2021-ci il tarixli raportu daxil olmuşdur. Qeyd olunan raportun araşdırılması məqsədilə, Birlik tərəfindən Dövlət Gömrük Komitəsinin Daxili təhlükəsizlik İdarəsinə müvafiq məktub göndərilmişdir. 10.11.2021-ci il tarixli 34/190/053288 nömrəli “Arayış”da müəyyən edilmişdir ki, iddiaçı 21.10.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək işlədiyi orqana üzrlü səbəb təqdim etmədən işə çıxmamış, məlumatlandırılmasına baxmayaraq, barəsində aparılan xidməti araşdırmada iştirak etməmiş, iş yeri ilə əlaqəni itirmiş, bununla da iş rejiminin və həmin hərəkət və ya hərəkətsizliyi nəticəsində müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində irəli sürülən eyni məzmunlu dəlillərlə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, əvvəla əmrdə onun gah 17 may 2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar işə çıxamadığı göstərilmiş, gah da həmin tarixdə xidmətdə olduğu zaman vəzifəsindən kənar işlə məşğul olduğu, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğu göstərilmişdir. Əgər 19 may 2021-ci il tarixdə Samura təyin olunmuşsa, necə olur ki, 17 may 2021-ci il tarixində o, Samurda xəstəliyi ilə əlaqədar xidmət işini təşkil etmir və yaxud da həmin tarixdə Samurda Xidmətdə olan zaman xidməti vəzifəsindən kənar bir işlə məşğul olur. Göründüyü kimi, 21 may 2021-ci il tarixli irad tutulması barədə əmr tamamilə qanunsuzdur və məqsəd barəsində intizamsız işçi görüntüsü yaratmaqdan ibarətdir. Hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. İşə Sabunçu rayon Məhkəməsində baxılan zaman həmin yazışmalar və danışıqlar sübut qismində məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutlara hər hansı münasibət bildirməmiş, ümumiyyətlə sübutlara əhəmiyyət verməmişdir. Əvvəla, xidməti araşdırma zamanı onun həyat yoldaşının səhhətində problem yaranmış, bu faktı təsdiq edən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X2 Stansiyası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli məktubu təqdim olunmuşdur. Onun əmisi Daxili Təhlükəsizlik idarəsinə gedərək bu barədə məlumat vermiş və iddiaçının araşdırmaya gələcəyini bildirmişdir. Bu səbəbdən o, xidməti araşdırmaya 3-4 gün gec getmişdir. Xidməti araşdırma ərəfəsində dindirmə zamanı səbəbsiz yerə onun xidmət yerinə çıxmağına qadağa qoyulduğu barədə məlumat vermişdir. Daxili Təhlükəsizlik İdarəsinin rəisi tərəfindən aldığı göstərişə əsasən Cavabdehnə getmiş İlkin Əhməddən xidməti vais kartını almış və yenidən xidmət yerinə göndərilmişdir. 22.10.2021-ci ildə Cavabdeh direktoru Ehtiram Xəlilova raport yazan Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi İlkin Əhməd də, 19 və 20 oktyabr tarixlərində onun əmisinə zəng edərək, Fəxri Hüseynova edilən təzyiqlərin ona da edildiyini və onun gəlib könüllü şəkildə işdən çıxma barədə ərizə yazmalı olduğunu bildirmişdir. X4 Hüseynovun bilavasitə rəisidir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 29.06.2020-ci il tarixli, 1000/346Ş əmri ilə DGK-nin Cavabdeh gömrük infrastrukturunun mühafizəsi xidməti üzrə Bakı şöbəsinin böyük mühafizəçisi vəzifəsinə keçirilmişdir. “Azərterminalkompleks”in direktorunun 27.08.2020-ci il tarixli 2300/236ş əmri ilə işə çıxmadığına görə törətdiyi xəta onun nəzərinə çatdırılmış və gələcəkdə oxşar xətalara yol verəcəyi təqdirdə ciddi intizam məsuliyyətinə cəlb edilməsi haqqında xəbərdarlıq edilmişdir; 21.05.2021-ci il tarixli, 2300/147ş №-li əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə irad tutulmuşdur. “Azərterminalkompleks”in gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili şöbəsinin rəisi, gömrük xidməti polkovniki İlkin Əhmədin xidməti zərurətlə əlaqədar Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq xidməti işinin təşkili üzrə “Samur” şöbəsinə təhkim edilən iddiaçının 21.10.2021-ci il tarixdə heç bir səbəb göstərmədən və heç bir məlumat vermədən xidmət yerinə çıxmaması barədə 22.10.2021-ci il tarixli raport “Azərterminalkompleks”in rəhbərliyinə göndərilmişdir. Bununla əlaqədar Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, 10.11.2021-ci il tarixli 34/190/053288 nömrəli arayış tərtib edilmiş, həmin arayış Gömrük Komitəsinin sədri tərəfindən təsdiq edilmişdir. Arayışa əsasən iddiaçı 21.10.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək işlədiyi orqana üzrlü səbəb təqdim etmədən işə çıxmamış, məlumatlandırılmasına baxmayaraq, barəsində aparılan xidməti araşdırmada iştirak etməmiş, iş yeri ilə əlaqəni itirmiş, bununla da iş rejiminin və həmin hərəkət və ya hərəkətsizliyi nəticəsində müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. “Azərterminalkompleks” direktorunun 11.11. 2021-ci il tarixli 2300/390Ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən kobud şəkildə pozduğuna görə iddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 8ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı həmin əmrin qanunsuz olduğunu bildirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi əmrin ləğv edilməsi və işə bərpa olunması barədədir. Məhkəmə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 64, 69, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrinə istinad edərək iddia tələbini əsassız saymış və rədd etmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı həqiqətən 21.10.2021-ci il tarixdən 03.11.2021-ci il tarixədək iş yerində olmamışdır, iddiaçı özü də bu halı təsdiq edir. Lakin iddiaçının mövqeyinə görə, o, şifahi olaraq işdən kənarlaşdırıldığından xidməti yerinə gedə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı hətta hər hansı bir səlahiyyyətli əməkdaş tərəfindən onun işdən kənarlaşdığı bildirilmiş olsaydı belə, o, işdən kənarlaşdırılması barədə əmri rəsmi qaydada alana qədər mütləq qaydada iş yerinə getməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 64-cü maddəsinə əsasən gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1. irad; 2. töhmət; 3. sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; 4. aşağı vəzifəyə keçirilmə; 5. xüsusi rütbənin bir pillə aşağı salınması; 6. vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);
7. gömrük orqanlarından xaric etmə; 8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. Bu Əsasnamənin 69-1-ci maddəsinə əsasən, Əsasnamənin 69-cu maddəsinin 7- ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası kimi istinad olunan hallarla eyni məzmunlu olmaqla həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apellyator öz tələbinin və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 09 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.