Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4082/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(008)-1886/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Zöhrab oğlu, X2, X3, X5, X4, X7 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev küçəsi 17 A saylı evə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev küçəsi 17 A saylı evi alarkən cavabdehlər orada qeydiyyatda olmamış, mənzili satmaq istəyərkən ona məlum olmuşdur ki, tanımadığı cavabdehlər onun məlumatı olmadan həmin evə qeydiyyata düşmüşlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(008)- 1886/2021 saylı qərardadına əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardad onunla əsalandırılmışdır ki, iddia ərizəsində göstərilən tələb müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir. Odur ki, iddiaçıya izah edilmişdir ki, o müvafiq məsələnin həlli məqsədilə müvafiq polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməli, yalnız belə müraciətdən aidiyyəti orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə pasport qeydiyyatından çıxarılma məsələsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad etmişdir. Halbuki həmin qərarın hazırkı iddia tələbinə təsiri yoxdur. Həmin qərarda istifadə hüququ olmayan şəxslərin pasport qeydiyyatından çıxarılmaları izah edilmişdir. İddia tələbində isə keçmiş mülkiyyətçi və ailə üzvlərinin istifadə hüquqlarının itirilməsi xahiş olunur. İstifadə hüququnun itirilməsi isə məhkəmə qətnaməsi ilə mümkündür və müvafiq icra hakimiyyətinə müraciət etmək zəruri deyil. Çünki icra hakimiyyəti orqanının belə bir səlahiyyəti yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(008)- 1886/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(008)-1886/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Birinci instansiya məhkəməsinin mövqeyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına da uyğundur. Konstitusiya Məhkəməsinin həmin Qərarında formalaşmış hüquqi mövqeyinə görə, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Eyni zamanda mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının əsas tələbi ona məxsus mənzildə faktiki yaşamayan və istifadə hüquqları olmayan, mənzildə formal qeydiyyatda olan cavabdehlərin pasport qeydiyyatından çıxarılmaqla istifadə hüququnun itirilməsidir. İddiaçının tələbi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğundan ərizənin qəbulundan haqlı olaraq imtina edilmiş və iddiaçıya müvafiq məsələnin həlli məqsədilə müvafiq polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etməli olduğu izah edilmişdir. Həmçinin belə müraciətdən aidiyyəti orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət hüququnun olduğu da iddiaçıya izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 2(008)- 1886/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4082/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver