Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4085/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı ilkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “xxxx” ilk iddiasına, cavabdeh MMC-nin iddiaçıya qarşı “dəyərini ödəməklə mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən 1 otaqlı 2 saylı mənzilin yerləşdiyi və cavabdeh MMC tərəfindən sökülmüş binanın yerində tikiləcək yeni yaşayış binasının 1-ci mərtəbəsində iddiaçının adına təmirli və sökülmüş mənzilin sahəsindən (29 kv.m) 30 % artıq yaşayış sahəsi olan mənzilin ayrılmasının və bununla əlaqədar müvafiq sənədləşmələrin aparılmasının, habelə mənzilin söküldüyü gündən, yəni 2016-cı ilin fevral ayından başlayaraq həmin mənzilə müvafiq yeni mənzilin verildiyi günədək hər ay 500 manat məbləğində kirayə haqqının ona ödənilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində üçüncü şəxs kimi Səbail Rayon İcra Hakimiyyəti göstərilmişdir. İddia ərizəsi baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra, cavabdeh MMC iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi və “qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək ilkin iddia tələbinin rədd olunmasını və ilk iddia ərizəsində qeyd edilən ünvanda yerləşən və iddiaçıya məxsus mənzilə görə onun tərəfindən iddiaçıya kompensasiya ödənilməklə iddiaçının həmin mənzilə olan hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Rayon Məhkəməsi qarşılıqlı iddianı icraata götürərək ona ilk iddia ilə birlikdə baxmışdır. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilk iddia ərizəsində qeyd edilən mənzilin mülkiyyətçisidir. Həmin mənzil hətta borcalan X1 borcuna görə xx.xx.2016-cı il tarixli, 02 nömrəli “İpoteka müqaviləsi” əsasında “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 №-li qərarının 1.3cü bəndinə əsasən Səbail Rayon İcra Hakimiyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Lakin sakinlərin, o cümlədən iddiaçının razılığı olmadan 2016-cı ilin fevral ayında sözügedən daşınmaz əmlakın yerləşdiyi ünvanda cavabdeh MMC tərəfindən aparılmış söküntü işləri nəticəsində digər əmlaklarla yanaşı iddiaçıya məxsus olan mənzil də tamamilə məhv edilmişdir. Cavabdeh MMC tərəfindən əmlak sökülərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilmiş qərarının tələblərinə əməl edilməmişdir. Bu barədə iddiaçı tərəfindən cavabdeh MMC-yə dəfələrlə müraciət olunsa da, həmin müraciətlər nəticəsiz qalmışdır. Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd edildiyi kimi iddiaçıya məxsus mənzil “xxxx” ASC qarşısında ipoteka ilə yüklü edildiyi üçün MMC iddiaçıya təklif etmişdir ki, mənzilin satılması və ya hər hansı bir müqavilənin bağlanması ilə bağlı Bankın razılığı tələb olunur. Həmin dövrdə iddiaçı ilə Bank arasında məhkəmə çəkişmələri davam edirdi. Bunu bildikdən sonra MMC hər iki tərəflə görüşlər keçirmiş, amma qarşılıqlı razılıq əldə edilməmişdir. İddiaçıya məxsus əmlak MMC tərəfindən sökülməmişdir. Bunu sübut edən faktlardan birincisi həmin dövrdə gedən məhkəmə prosesində Bankın nümayəndəsi iddianın təmin tədbiri kimi tikintiquraşdırma işlərinin dayandırılmasını tələb etdiyi halda hazırki iş üzrə iddiaçının nümayəndəsi təmin tədbirinə etiraz etmişdir. Bunu sübut edən ikinci hal isə əmlakda olan avadanlıqların və əmlakın sökülməsi zamanı sökülmüş tikinti materiallarının ilkin iddiaçının yaxın qohumları tərəfindən aparılmasıdır. Nazirlər Kabinetinin 86 saylı qərarında sakinlərə 30 % artıq yaşayış sahənin verilməsi barədə heç bir göstəriş yoxdur. İşə baxmış Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, iddiaçıya məxsus olan mənzilin 29 kv.m-dən ibarət olan ümumi sahəsinə cavabdeh MMC tərəfindən 35.500 manat məbləğində kompensasiya ödənilməklə, iddiaçının həmin mənzilə mülkiyyət, istifadə və sahiblik hüquqlarına xitam verilməsini, qarşılıqlı iddianın qaldırılması üçün MMC tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdeh MMC-yə ödənilməsini qət etmişdir. Hər iki tərəf həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İlk iddianın məzmununa uyğun əsaslandırılmış iddiaçının apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, qanunvericiliyə əsasən mülkiyyətçi mənzilin sökülməsindən imtina etdikdə, binanın sökülməsi yolverilməzdir, bu zaman mənzil hərracda satılmalı və mülkiyyətçi başqa yaşayış sahəsi ilə təmin olunmalıdır. Qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmış cavabdeh MMC-nin apellyasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, MMC kompensasiyanın məbləği ilə razı deyil. Həmin hissədə qətnamə dəyişdirilməli və kompensasiyanın məbləği 25.000 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı və cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Onların gəlməməsi işə baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Rayon Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 117 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72, 74, 76, 76 “A” ünvanlarda yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx.xx.2016-cı il tarixli aktını və Cavabdeh MMC-nin 02/16 saylı, xx.xx.2016-cı il tarixli müraciətini nəzərə alaraq aşağıdakılar qərara alınmışdır:
1. “Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Neftçi Qurban küçəsi 72, 74, 76, 76 “A” saylı ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsü Cavabdeh MMC tərəfindən yerinə yetirilsin və həmin MMC-yə sahəsi 0,5 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihəndirilməsi və tikintisinə icazə verilsin.
2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarının 1.1-ci bəndində və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50, 51, 66, 67 və 68-ci maddələrinə uyğun olaraq Rayon İcra Hakimiyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində Sifarişçinin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alındıqdan və tikintinin aparılması təşkilatlarla müvafiq qaydada razılaşdırıldıqdan sonra tikinti işlərinə başlaya bilər. xx.xx.2017-ci il tarixli “Obyektin tikintisinə 1 nömrəli icazədən” görünür ki, icazə vərəqəsində tikinti obyektinin ünvanı kimi Bayıl qəsəbəsi, Q.Abbasov küçəsi 72, 74, 76 və 76 “A”, sifarişçi kimi Cavabdeh MMC göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 72, 2 saylı mənzil xx.xx.2011-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. “X5” Şirkətinin işə baxmış Rayon Məhkəməsinə təqdim etdiyi ƏEM/N 34-942/19 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus mənzilinin xx.xx.2019cu il tarixinə hesablanmış təmirli vəziyyətdə bazar dəyəri 35.500 manat təşkil edir. Göstərilənlərə əsasən işin halları kimi müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının icrası ilə əlaqədar qəzalı vəziyyətdə olan Neftçi Qurban küçəsi 72, 74, 76, 76 “A” saylı ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binasının söküntüsü, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihəndirilməsi, tikintisi, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.9, 169.1, 246.1, 246.5-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.1, 17.2, 18, 83, 84.0.1, 84.0.3, 85, 86, 88.1, 88.2, 88.3-cü maddələrinə istinad etməklə yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı sökülmüş mənzilin sahəsindən (29 kv.m) 30 % artıq yaşayış sahəsi olan mənzilin ayrılmasını və 2016-cı ilin fevral ayından başlayaraq həmin mənzilə müvafiq yeni mənzilin verildiyi günədək hər ay 500 manat məbləğində kirayə haqqı tələb etdiyi, MTK isə mənzilin əvəzinə kompensasiya təklif etdiyi üçün tərəflər razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Məhkəmə, mübahisənin obyektiv həlli üçün ilk növbədə iddiaçının mülkiyyət hüququnun pozulması halının olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi iddiaçının mülkiyyət hüququna xitam verilməsini nəzərdə tutduğundan, habelə mülkiyyət hüququnun pozulması (mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə) apellyasiya şikayətinin əsas dəlilini təşkil etdiyindən mülkiyyət hüququnun müdafiəsi ilə bağlı X3 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin hazırkı işə tətbiq edilib-edilməməsi məsələsi müəyyən edilməlidir. Qeyd edilən 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin icraatında olmuş “Ceyms və başqaları Birləşmiş Krallğa qarşı” iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən cavabdeh MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. Bu mənada Məhkəmə, mülkiyyətinə müdaxilənin qanuni, əsaslı, yəni qanuni məqsəd daşımadığı ilə bağlı iddiaçının arqumentlərinin formal mülahizələrdən ibarət olduğunu vurğulamaqla həmin dəlilləri düzgün hesab etmir; əksinə işin hallarından aydın olur ki, iddiaçının başlıca etirazı daha artıq ölçüdə mənzilin verilməsi və kirayə qaldığı müddətə görə kirayə haqqının verilməsidir. Cavabdeh isə mülkiyyətə müdaxilə əvəzində kompensasiya təklif edir. Buna görə də Məhkəmə, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq araşdıracaq ki, mülkiyyət hüququna müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi, yaxud həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayır, ya yox. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Avropa Məhkəməsinin icraatında olmuş “Sporronq və Lonnrot İsveçə qarşı” iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyrimütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Avropa Məhkəməsinin icraatında olmuş “Papachelas Yunanıstana qarşı” iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Avropa Məhkəməsinin icraatında olmuş “Scordino İtaliyaya qarşı” iş). Məhkəmə, hazırki işdə ödənilən kompensasiya məbləğinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsas müəyyən etməmişdir. Əksinə, işin müəyyən edilmiş hallarına əsasən mənzillərin yerləşdiyi binaların istismara tam yararsız olması müəyyən olunmuş, müvafiq dövlət orqanları tərəfindən istismara tam yararsız olan həmin binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi, sakinlərin yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması cavabdeh MMC-yə həvalə edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş “X5” Şirkətinin qiymətləndirmə rəyinə əsaslanmaqla kompensasiyanın məbləğini 35.500 manat müəyyən etmişdir. Məhkəmə müəyyən olunmuş kompensasiya məbləğini iddiaçının mülkiyyətinə həyata keçiriləcək müdaxiləyə mütənasib hesab edir. İddiaçı mənzilin söküldüyü gündən yeni mənzil ilə təmin olunacağı günədək 500 manat məbləğində kirayə haqqı tələb edir. Digər tərəfdən, mənzilin sökülməsi və iddiaçının kirayədə qalmasını təsdiq edən sübutları iddiaçı tərəf məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdeh MMC-nın apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, cavabdeh MMC kompensasiyanın məbləği ilə razılaşmır, kompensasiyanın 25.000 manat müəyyən olunmasını xahiş edir. Lakin işə baxmış Rayon Məhkəməsi “X5” Şirkətinin qiymətləndirmə rəyinə əsaslanmaqla kompensasiyanın məbləğini 35.500 manat müəyyən etmişdir. Məhkəmə həmin məbləği mülkiyyət hüququna müdaxiləyə mütənasib hesab edir. Ödənilən kompensasiya məbləğinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gələn cavabdeh MMC bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün apellyatorlar tərəfindən ödənilmiş dövlət rüsumları MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.