Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4085/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X10” X17rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(005)-973/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X10” X26 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05 oktyabr 1995-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin İşlər İdarəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin yeni strukturuna uyğun olaraq Ümumi şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2.İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. 3.Dövlət qulluğuna xitam verilməsi haqqında K-22 saylı, xx.xx.2021-ci il tarixli əmrin surətindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X16 Şöbəsinin böyük məsləhətçisi X3 2021-ci il 01 noyabr tarixindən öz arzusu ilə “X18” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 4.xx.xx.2021-ci il tarixli, 36 saylı əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı ilə cavabdeh təşkilat arasında AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X10 X20 rəhbərliyində baş mütəxəssis vəzifəsinə 1 ay müddətinə təyin edilməsi ilə bağlı müqavilə bağlanmışdır. 5.xx.xx.2021-ci il tarixli, 36 saylı əmrin surətindən görünür ki, X5 AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X10 X25 Rəhbərliyində baş mütəxəssis vəzifəsinə bir ay müddətinə 2021-ci il 17 noyabr tarixindən təyin edilmişdir. 6.70 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, X5 X10 X25 rəhbərliyində baş mütəxəssis vəzifəsindən 1 ay müddətinə Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə 01 iyun 2022-ci il tarixindən keçirilmişdir; 7.İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçirilməsinə etiraz etməmişdir. 8.70 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, X5 X10 X25 Rəhbərliyinin baş mütəxəssisi vəzifəsindən 1 ay müdddətinə Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə 01 iyun 2022-ci il tarixindən keçirilmişdir. 9.K-041 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq, X5 AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X10 X20 Dövlət Əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin baş mütəxəssisi, 31 mart 2023-cü il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 10.K-80 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X10 Publik Hüquqi X1 hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi X14 xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sosial məzuniyyətdə olduğu üçün onun vəzifəsinə müvəqqəti olaraq bir ay müddətinə 05 aprel 2023-cü il tarixindən X5 təyin edilmişdir; 11.K-091 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, X5 X10 X25 Hərracların təşkili şöbəsinin aparıcı mütəxəssisi 07 avqust 2023-cü il tarixindən əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı cavabdeh “X10” X17rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində X10 X26 tərəfindən məcburi işburaxma müddəti üzrə 07 avqust 2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəlinə uyğun olaraq əmək haqqı və 2023-cü ilin yanvar ayından işə bərpa edilən günə qədər əmək haqqına əlavə (əmək haqqının 50 faizi miqdarında) hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi və İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində X10 X20 31 Mart 2023-cü il tarixli (Nazirlər Kabinetinin 209 nömrəli 25 May 2022-ci il tarixli qərarına əsasən) və 07 Avqust 2023-cü il tarixli əmrləri ləğv edilməklə X12 arasında bağlanmış 17 Noyabr 2021-ci tarixli və 05 Aprel 2023-cü il tarixli əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X10 X26 ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddətsiz müqavilə hesab edilməsi, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 14.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 05 oktyabr 1995-ci il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsi, Hərracların Təşkili üzrə Auksion Mərkəzi, X8 məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Ümumilikdə 28 il, dövlət qulluğunda isə 23 il stajı var. Ailənin yeganə gəlir mənbəyi onun əmək haqqıdır. 3 övladı var, həyat yoldaşı hazırda heç bir yerdə işləmir. Övladlarının hər 3-ü tələbədir. xx.xx.2021-ci il tarixində qeyd etdiyi müəssisənin idarə heyətinin sədri Emin Rəsulov bu vəzifəyə təyin olunduqdan sonra onu sıxışdırmağa başlayıb. Emin Rəsulov onu öz iş otağına çagıraraq onunla işləyə bilməyəcəyini bildirərək könüllü öz ərizəsini yazaraq işdən getməsini tələb etmişdir. O, bununla razılaşmayıb, bundan sonra Emin Rəsulov öz planının B variantı əsasında müddətli əmək müqaviləsi variantına keçərək 1 aylıq əmək müqaviləsi bağlamış və sonradan müqavilənin bitməsini əsas gətirərək 28 il 7 ay çalışdığı müəssisədən uzaqlaşdırmışdır. Əmək müqaviləsi bağlanarkən ona dövlət müəssisəsinin hüquqi bazası əsasında PHŞ yarandığı və müqavilələrin yeniləndiyi barədə məlumat verilərək yeni formada müqaviləyə imza etdirilmişdir. İmza edilən zaman hüquqları məhdudlaşdırılaraq teztələsik ona “bura imza et, sənədlər toplanılır, xidmətdə təcili müqavilələri gözləyirlər” deyərək müqavilənin tam mətni ilə tanış olmağa imkan verilməmiş, onu çaşdıraraq qeyri-müəyyən duruma salmışdırlar. O, müqavilənin bir nüsxəsini tələb etsə də, kadrlar şöbəsi xidmət tərəfindən müqavilələr qeydiyyata alındıqdan sonra ona veriləcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə kadrlar şöbəsinə yaxınlaşıb əmək müqaviləsini tələb etsə də, kadrlar şöbəsi müxtəlif tarixlər deyərək sənədlərin hələ ki xidmətdə olması kimi yalnış məlumatlar verərək onu gözlətmişdir. Bundan sonra ona məlumat göndərilərək müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. O hüquqlarının pozulduğunu və müəssisə rəhbərliyinin onu aldatdığını müəyyən edib. Əmək müqaviləsinin forması dəyişərkən dəyişdirilmiş əmək müqaviləsində işə götürənin adı dəyişdirilmiş formada qeyd edilməlidir və müqavilənin başqa hissələri dəyişdirilmədən mövcud olduğu şəkildə saxlanılmalıdır. Aldatma yolu ilə əmək müqaviləsinin bütövlükdə məzmununun dəyişdirilməsi qanunaziddir və işçi olaraq birbaşa onun hüquqlarını pozur. Hazırda aldatma yolu ilə bağlanmış müqavilə onun iradəsini ifadə etmir və qanunsuz hesab edilməlidir. İndiki durumda əmək münasibətlərinə xitam verilməsinin əsasını da bu qanunsuz müqavilə təşkil edir. İşçi ilə işəgötürən arasında yeni əmək müqaviləsi bağlandıqda bu münasibətlər AR Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənməlidir. AR Əmək Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Mövcud vəziyyətdə əmək müqaviləsinin məzmunu işəgötürən tərəfindən dəyişdirilmiş quruluşu qanunvericiliyin tələblərinə əməl edilməməklə onun razılığı olmadan, aldatma yolu ilə iradəsinə zidd müəyyən edilmişdir. Əmək müqaviləsinin onunla işəgötürən arasında əmək münasibətlərinin müddətini müddətsiz olduğu halda işəgötürən tərəfindən aldatma yolu ilə 1 ay müddətinə bağladığı müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Mövcud vəziyyətdə onunla işəgötürən arasında 16 il bundan öncə bağlanmış əmək müqaviləsi işəgötürəndən tələb edilməlidir. Qanunvericiliyin tələbinə əsasən müddətsiz əmək müqaviləsi olan işçilərlə yenidən müddətli əmək müqaviləsinin birbaşa müddətli bağlanılması qanunvericiliyin tələblərinə ziddir. Müəssisə ləğv edildikdə 10 ildən çox əmək stajı olan işçilərə ən azı 9 təqvim həftəsi öncə xəbərdar edilməlidir və orta aylıq əmək haqqının azı 2 misli miqdarında əmək haqqı ödənilməlidir. Müəssisənin hüquqi forması dəyişdirilməmiş, sadəcə köhnə müəssisə ilə yeni yaradılmış müəssisə arasında Azərbaycan Respublikasının qanunlarına zidd olaraq hüquqi hiylə işlədilərək işçilərə müəssisənin guya formasının dəyişdirilməsi kimi yalnış məlumatlar verilmiş və rəhbərliyə lazım olmayan işçilər bu formada müəssisədən kənarlaşdırılmışlar. 28 il çalışdığı müəssisə ləğv edilmişdirsə, ona edilən 9 təqvim həftəsi öncəsi xəbərdarlıq məktubu və əmək haqqının 2 mislinin ödənilməsi barədə məlumat məhkəməyə təqdim edilməlidir. Əlavə olaraq işəgötürən Hərracların Təşkili üzrə Auksion Mərkəzi onu və 50 nəfər əməkdaşdan ibarət əmək kollektivini aldadaraq müəssisənin hüquqi formasının dəyişməsi əsası ilə əmək müqaviləsinin dəyişməsini əsas gətirərək onlara bir neçə sənədləri imzalatdırmışdır. Bundan sonra ona məlum olmuşdur ki, işəgötürən aldatma yolu ilə AR Əmək Məcəlləsinin 68-ci maddənin A bəndinə əsasən tərtib etdiyi ərizəni imzalatmış və X18 qanunun 33.1.1-ci maddəsini (dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əsasını) tətbiq etmişdir. Halbuki müəssisə Hərracların Təşkili üzrə Auksion Mərkəzi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndini (müəsssisə ləğv edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsini) və AR X18 Qanununun 33.1.2-ci maddəsini (Dövlət orqanı ləğv edildikdə dövlət qulluğuna xitam verilməsini) tətbiq etməklə əmək müqavilələrinə xitam verilməli idi. Belə olan halda işəgötürən əmək kollektivini öncədən xəbərdar etməklə, əmək haqqının iki mislini ödəmək şərti ilə işçiləri işdən azad etməli idi. Müəssisədə dövlət qulluqçusu kimi illərlə çalışan 50-dən çox əməkdaş eyni vaxtda öz istəyi ilə dövlət qulluğunda tutduğu vəzifədən imtina etməsi heç bir məntiqə sığmır. 15.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdeh təşkilatda 28 il çalışmışdır. Onu aldadaraq müddətli əmək müqaviləsi bağlamışlar. Bağlanmış müqavilə heç bir halda onun iradəsini ifadə etmir. Ona müqavilə yeniləndiyindən, X27 təşkil edildiyindən yeni müqavilə bağlamaq zərurətinin olduğu bildirilmiş və təcili müqaviləyə qol çəkməsi xahiş edilmişdir. Onun heç müqaviləni oxumaq imkanı olmamışdır. Müddətli müqavilə bağlamaq niyyəti heç vaxt olmamışdır. Qarşı tərəfin məqsədi onu bu yolla işdən kənarlaşdırmaq olmuşdur. Bu səbəbdən əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. 16.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 may 2024-cü il tarixli, 2(005)-973/2024 saylı qətnaməsi ilə (hakim-Nərgiz Tağıyeva) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X10 X20 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 07 avqust 2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X10 X26 arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və İddiaçı əvvəllər tutduğu vəzifəsinə bərpa edilməsi, cavabdeh “X10” X19 07 avqust 2023- cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pulun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X10 X19 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 17.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı, 05 oktyabr 1995-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin İşlər İdarəsinə işə qəbul edilmiş, müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin yeni strukturuna uyğun olaraq Ümumi şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X10 X20 rəhbərliyində baş mütəxəssis vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. Daha sonra həmin təşkilatda müxtəlif vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışmışdır. xx.xx.2023-cü il tarixində isə əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasının qanunazidd olduğuna istinad edərək, əmrin ləğv edilməsi, əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir. 18.Hazırkı işdə əmək müqaviləsinin xitamına dair əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsinin müddətinin qurtarmasına istinad edilmişdir. 19.Məhəmə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi, işin daimi xarakterə malik olub-olmaması araşdırılmalıdır. Çünki qeyd olunduğu kimi, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 20.Hazırki işin hallarından göründüyü kimi, iddiaçı sonuncu müqavilələr bağlanmazdan əvvəl müəssisədə 25 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə əvvəl bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddədə göstərilən əsaslar olmamışdır. 21.Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsini hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi iş materialları ilə müəyyən edilmir. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın “f” bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir. İddiaçı isə müddətli müqavilə bağlanarkən aldadıldığını, təsirə məruz qaldığını bildirmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. Bu nöqtəyi nəzərdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 1 ay müddətinə əmək müqaviləsi bağlamışdır. İddiaçının 1995-ci ildən işlədiyi, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması, əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və dərhal cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. 23.Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanması qanunvericiliyin tələblərinə ziddir. Hazırki işdə bu hal müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi daşımışdır. Müddətli əmək müqaviləsinin bağlanması iddiaçının əsl niyyəti və iradəsini ehtiva etmir. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur. 24.Hazırki iş üzrə əmək müqaviləsinin müddətli bağlanması və ləğv edilməsi əsassız və əmək qanunvericiliyinin tələblərinə zidd olduğundan məhkəmə hesab etmişdir ki, iddia əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, işə bərpa və iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində təmin edilməlidir. 25.Məhkəmə həmçinin hesab etmişdir ki, hazırki iddia ərizəsinə görə ödənilməli olan 100 manat dövlət rüsumunun 50 manatı iddiaçı tərəfindən mediasiya prosesi üçün ödənildiyindən qalan 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 26.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 8-ci bəndlərinə; Azərbaycan Respublikasını Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə, 68-ci maddəsinin “b” bəndinə, 45, 47, 73.1, 56, 74-cü maddəsinin 2ci bəndinə, 300-cü maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 27.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X10 X26 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 28.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi hakim Məcəllənin bu maddəsinə Əmək Məcəlləsi, maddə: 45.1, 45.4, 47, 73) əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. İşə sədrlik edən hakim yalnız iddiaçının formal mülahizələrini əsas götürmüşdür. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir, Həmin müqaviləyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Göründüyü kimi 1 həftəlik tələbi nəzərə alınmışdır. Cavabdeh tərəf olaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq işə sədrlik edən hakim cavabdeh tərəfindən təqdim olunan sübutları qeyri-mötəbər, lakin iddiaçı tərəfindən təqdim olunan sübutları heç bir əsas olmadan əsaslı hesab etmişdir. Cavabdeh tərəf olaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, iş üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Müddətin keçməsi ilə bağlı təqdim etdikləri ərizəni müqavilənin etibarlılığına şübhə ilə yanaşdıqları məqsədilə verdikləri güman edilmişdir. Bununla da tam təsdiq olunur ki, 1-ci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, cavabdehin zərərinə qiymətləndirilmişdir. 1-ci instansiya məhkəməsi cavabdeh tərəfindən rəhbər tutduğu qanunlara və nоrmativ hüquqi aktlara uyğun təqdim olunmuş sübutları nəzərə almamış və düzgün qiymətləndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 29.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 30.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzsunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 31.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etmədi, əsaslı olduğu üçün birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 32.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X10” X25 nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 33.Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 34.Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 35.Maddə 45.1.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 36.Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 37.Maddə 45.4.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 38.Maddə 47, “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. 39.Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 40.Maddə 68.2. “b” Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. 41.Maddə 73.1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 42.Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 43.Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları 44.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. 45.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab etmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 46.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49.Maddə 124.1.İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 50.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası iddiaçını və 3-cü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(005)-973/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı, 05 oktyabr 1995-ci il tarixində Əmlak Məsələləri Dövlət Komitəsinin İşlər İdarəsinə işə qəbuledilmiş, müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2016-cı il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin yeni strukturuna uyğun olaraq Ümumi şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış və iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X10 X20 rəhbərliyində baş mütəxəssis vəzifəsinə 1 ay müddətinə təyin edilmişdir. Daha sonra həmin təşkilatda müxtəlif vəzifələrdə müddətli əmək müqaviləsi əsasında çalışmışdır. xx.xx.2023-cü il tarixində isə əmək müqaviləsinin müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasının qanunazidd olduğuna istinad edərək, əmrin ləğv edilməsi, əmək müqavilələrinin müddətsiz bağlanmış hesab edilməsini, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini məhkəmədən xahiş edir. 55.Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda 25 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə “mütərəqqi koorporativ idarəetmə standartları” tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. 56.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. 57.Hətta bu hal Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında da bir daha bir daha vurğulanmışdır. Belə ki, həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilir. 58.Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilir ki,...Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. -Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. -İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. 59.Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 25 ildən artıq müddətdə müxtəlif vəzifələrdə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq, işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. 60.Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, iş materiallarından da görünür ki, iddiaçı Gülnarə Məmmədova öz razılığı ilə işəgötürənlə müqavilə bağlamışdır. Göründüyü kimi hakim Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əhəmiyyət verməmiş və yanlış nəticəyə gəlmişdir. 61.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1995-ci ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və 16 gün sonra, cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür. 62.Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir. 63.Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 1995-ci ildən fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur. 64.Göründüyü kimi müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur. 65.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(005)-973/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 66.Kollegiya apellyatorun onun tərəfindən təqdim olunmuş sübutlara qiymət verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən elektorn qaydada daxil olmuş bütün sənədlərə qiymət verilmişdir. 67.Birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumu ilə bağlı məsələ prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 68.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 69.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 70.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 71.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 72.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X10” X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(005)-973/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-4085/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4085/2024
14.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver