Məhkəmə qərarları › İş №2(103)-4086/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4086/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4086/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən yaşadığı evdə sayğacın dəyişdirilərək yeni sayğac quraşdırıldığını, köhnə qaz sayğacı aparıldıqdan sonra ona sayğacda problem aşkar edildiyini, bu səbəblə 972 manat əlavə sərfiyyat haqqını ödəməli olduğunun bildirildiyini, halbuki sayğaca heç bir müdaxilə etmədiyini bildirmiş, buna görə də Cavabdeh əməkdaşları tərəfindən əsassız hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, sayğaca müdaxilə olunduğu aşkar edilmiş, bu səbəblə qaz sərfiyyatına görə 972 manat abonentdən tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən hala heç bir hüquqi qiymət verməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2018-ci il tarixli aktla müəyyən olunan halına görə, İddiaçı evinin təbii qazla təchizatını təmin edən qaz sayğacı sayğacın çıxış plastmas borusunun deşilməsi səbəbindən yeni sayğacla əvəz olunmuş, xx.xx.2018ci il tarixli aktda isə itirilmiş qazın dəyəri kimi 972 manat borcun hesablanması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edildiyi irəli sürülən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2731/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar