Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4086/2024 08.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə Açar sözlər:(“mənzildən çıxarılma”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2343/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və ailə üzvləri olan yetkinlik yaşına çatmayan X5 ilə birlikdə ünvan 1 ünvanındakı evdən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2343/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və ailə üzvləri olan yetkinlik yaşına çatmayan X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehlər tərəfindən iddiaçının mənzilə daxil olmasına və mənzildən sərbəst şəkildə istifadəsinə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152.1, 157.2, 228.1, 228.2; Mülki Prosessual Məcəllənin 107, 119.1; İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1; "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17; "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 №-li qərarı ilə təsdiq olunmuş «Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası»nın 4-cü bəndinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 iddiaçının mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdehlər yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayırlar, mübahisəli mənzil iddiaçıya məxsus olduğundan, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı mülkiyyətinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunmasına dair iddia ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 022097 saylı, xx.xx.1990-cı il tarixli orderə əsasən, ünvan 1 İddiaçı adına qeydə alınmışdır; - Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 19 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışına əsasən, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin yaşamır. Mənzil Zəngilan rayon məcburi köçkünü Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2, Cavabdeh3 və X5 tərəfindən zəbt olunmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh1 apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 13 may 2024 cü il 2(004)-2343/2024 cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tamlıqla rədd edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005 ci il tarixli 4 saylı qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına; Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunununa; Mülki Prosessual Məcəllənin 385,390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə qanunsuzdur. Belə ki, o özü ailə üzvləri ilə Zəngilan rayonunun erməni qəsbkarları tərəfindən işğalından sonra öz dədə-baba yurdundan didərgin düşərək iddiaçıya orderlə məxsus olan ünvan 3 ünvanında məskunlaşmışdır. 1-ci Qarabağ müharibəsi iştirakçısı,əlildir. 1993-cü ildə onlar həmin evdə məskunlaşan zaman o evin heç bir sahibi olmamış, pəncərələri taxtadan və şüşələri qırıq, yer ninonim, divarlar qara suvaq və hətta qapısı belə yox idi. Həmin mənzil binanın 1-ci mərtəbəsində yerləşməklə, ümümiyyətlə, heç bir şəraiti olmayan bir mənzil idi. Onlar məcburiyyətdən həmin mənzildə illərlə imkan daxilində təmirlər edərək yaşamaq üçün minimal şərait yaratmışdılar. Təxminən 6 il bundan öncə isə mənzili tam əsaslı təmir etdirmişdir. Belə ki, mənzilin balkonunu həyətə doğru genişləndirərək həmin yerdə böyük mətbəx və hamam - tualet düzəltdirmişdir. Mənzilin bütün kommunal xətlərini, elektrik xətlərini, qapı və pəncərələrini tam yenisi ilə əvəz elətdirmişdir. Mənzildən ayrılması mümkün olmayan mebellər yığdırmışdır. Mənzilin tam əsaslı təmirinə 26000 manat pul vəsaiti xərcləmişdir. İddiaçı onunla görüşərək mənzilin onun olduğunu və torpaqların işğaldan azad edilənə qədər ortaya çıxmadığını, indi isə torpaqlar işğaldan azad edildiyindən mənzili təhvil verməyini istədi. O isə bildirmişdir ki, onu dövlət evlə təmin etdikdən və mənzilə çəkdiyi xərc qarşılandıqdan sonra mənzili təhvil verə bilər. İddiaçı isə mənzildə uzun illərdir yaşadığını və ona görə heç bir təmir xərcini verməyəcəyini bildirdi. Qısacası, iddiaçı onun hesabına əsassız varlanmaq istəyir, bu isə qanun pozuntusudur. Məhz iddiaçı bu niyyətini həyata keçirmək üçün Yasamal rayon Məhkəməsinə müraciət edərək hakim Gülnar Babazadənin 13 may 2024 cü il tarixli qətnaməsi ilə onların mənzildən çıxarılmağı barədə qətnamə çıxarılmasına nail oldu. Məhkəmə isə rəsmi tələbi olmadığına görə ona heç bir təmir xərcinin ödənilməsini qətnamədə qeyd etmədi. O da məcbur qalaraq təmir xərcinin iddiaçıdan tutulması ilə bağlı məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmadı. Hazırda təmir xərcinin ödənilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. O, ailə üzvləri ilə Zəngilan rayonunda mənzillə təmin olunmadan və iddiaçının mənzilinin təmirinə sərf olunmuş vəsait ona ödənilmədən məhkəmə tərəfindən məcburi çıxarılmaqlarının qət edilməsi yolverilməzdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Çünki məhkəmənin qətnamədə göstərdiyi əsaslar müəyyən edilmiş faktlardan səhv nəticəyə gəlinib. Mülki iş üzrə toplanmış sübutları obyektiv, hərtərəfli və tam araşdırmamış, nəticədə onlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zeynalov X2 rayonuna məcburi köçkünlərin yerləşdirilməsi işlərinin aparıldığını, bir neçə dəfə Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə müraciət etdiyini və ona ilin sonuna kimi köçürülmələrinin həyata keçiriləcəyinin bildirildiyini, hal-hazırda mənzildən çıxmalarının mümkün olmadığını, evlə təmin edilib Zəngilan rayonuna köçürülənə qədər mənzildə yaşamalarına möhlət verilməsini iddiaçıdan xahiş etdiyini, onun isə bu təklifi qəbul etmədiyini qeyd etmiş, mənzilin iddiaçıya aid olduğunu inkar etmədiyini bildirmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş, cavabdehlərin mənzildən çıxarılmasını xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-158, 228; Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi əsası olmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
10. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
12. 1 oktyabr 2009-cu ildən etibarən qüvvədən düşmüş (münasibətlər yaranan zaman qüvvədə olan) Mənzil Məcəlləsinin tələblərinə əsasən: 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsini birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
14. Diqqətə çatdırılmalıdır ki, hazırki mülki münasibətlər üzrə cavabdehin əldə etdiyi hüquqlar müəyyən edilməmiş, iddianın təmin edilməməsi üçün əsaslar olmadığı prosessual vəziyyətdə apellyasiyanın dəlilləri üzrə hər hansı hüquqi nəticələrin yaranmadığı müəyyən edilir. Apellyator tərəfindən yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasının sübuta yetirilməməsi apellyasiya şikayətində qeyd edilənləri istisna edir. İddiaçı tərəfindən mənzilin istifadəsi və mülkiyyət hüquqlarının gözləntisi üzrə pozuntular cavabdehin və onun ailə üzvlərinin davamlı olaraq mənzildə yaşaması ilə şərtlənməsi sübuta ehtiyac olmayan hamıya bəlli olan haldır. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının pozulması hesabına cavabdehlərin hüquqlarının təmin edilməsi üçün heç bir hüquqi normativ üstünlük müəyyən edilmir.
15. Kollegiya qeyd edir ki, mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2343/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.