Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4087/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisəsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(004)-1135/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı xx.xx.2008-ci il tarixdən başlayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. 2.Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2021-ci il tarixli Fərmanının 7, 7.2-ci bəndlərinə əsasən Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reseystri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxs yaradılmışdır. 3.Bununla əlaqədar işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş, xx.xx.2022-ci ildə onunla yeni əmək müqaviləsi bağlanaraq, yeni yaradılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. 4.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X7 sədri X4 22 dekabr 2022-ci il tarixli, K-530 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndində əsasən xitam verilmişdir. 5.İddiaçı əmri qanunsuz hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. 1.Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. 7.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci il tarixdə Daşınmaz Əmlaka Hüquqların Dövlət Qeydiyyatı şöbəsinə mühəndis-inspektor (hüquqların qeydiyyatı üzrə) vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti ləğv edilmişdir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə (iş yeri ləğv edildikdə) əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların qeydiyyatı şöbəsinin Sənədlərin ekspertizası sektoruna hüquqların qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə qəbul edilmiş, 01.06. 2010-cu il tarixdə Bakı şəhəri Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların qeydiyyatı şöbəsinin Dövlət Reyesterindən çıxarışların verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixdə həmin şöbənin sənədlərin ekspertizası sektoruna 10-cu dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə həmin şöbəyə 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Bakı şəhər Ərazi İdarəsinin Xətai rayon şöbəsinə 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli əmrə əsasən Bakı şəhər Ərazi İdarəsi 1 saylı Bakı Ərazi İdarəsi adlandırılmışdır. xx.xx.2019-cu il tarixli əmrə əsasən Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların qeydiyyatı şöbəsinin Sənədlərin ekspertizası sektoruna 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektoruna 1(bir) ay müddətinə 9-cu dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilmişdir. Onunla olan müqaviləyə xitam verilməsi əsassızdır. Çünki müqaviləyə xitam verərəkən ona məlumat verilməli idi. Müqaviləni müddəti xx.xx.2022-ci il tarixdə başa çatmalı idi. Qarşı tərəf isə xx.xx.2022-ci il tarixdə müqavilənin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam vermişdir. Halbuki, artıq müqavilənin müddəti başa çatan son günədək müqaviləyə xitam verilməmişsə həmin müqavilə eyni müddətə uzadılır. Bundan başqa 2-ci qrup əlildir. Əlilliyini nəzərə alaraq ona güzəşt edilməli idi. Lakin buna əməl edilməmişdir. Əlil olmağı nəzərə alınmamışdır. Ümumiyyətlə həmin müqavilənin niyə müddətli bağlanmasının səbəbi göstərilməmişdir. Halbuki, bu işdə müqavilənin göstərilən müddətə bağlanmasına ehtiyac yox idi. Müddətli bağlanan müqavilənin hansı hallarda bağlanması qanunvericilikdə göstərilmişdir. Bundan başqa o, 14 ildən artıqdır ki, həmin idarədə demək olar ki, fasiləsiz işləyir. Qanunvericilikdə isə 5 ildən artıq müddətə bağlanan müqavilə müddətsiz müqavilə hesab olunur. Göründüyü kimi müqavilə şərtləri ümumiyyətlə pozulmuşdur. Bir sözlə uzun müddət əməkdaşı, işçisi olmuş şəxslə bir ay müddətinə müqavilə bağlanması özü əsassız idi. Ümumiyyətlə onun uzun müddət işləməyini nəzərə alaraq hazırki müqavilə müddətsiz müqavilə hesab olunmalıdır. Cavabdeh tərəf əmək müqaviləsinin bağlanması şərtlərini, müddətini pozmuşdur. Əmək müqaviləsinin surətini ona təqdim etməmişlər. Ümumiyyətlə əmək müqaviləsində yazılanlar barədə ona məlumat verməmişlər. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 aprel 2023-cü il tarixli, 2(004)-1135/2023 saylı qətnaməsi ilə (hakim-Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir. 9.İş materiallarında olan 01 iyul 2009-cu il tarixli 15 nömrəli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, işəgötürən qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə İşçi İddiaçı arasında əmək münasibətləri yaranmış və İşçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlaka hüquqların dövlət qeydiyyatı şöbəsinin sənədlərin ekspertizası sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə işə qəbul olunması barədə razılaşmışlar. 10.İş materiallarında olan işçi İddiaçı 16 fevral 2022-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, İddiaçı İşəgötürən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilən müddət gözlənilmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. 11.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-027 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 16 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndində əsasən xitam verilmişdir. 12.İş materiallarında olan İddiaçı 17 fevral 2022-ci il tarixli ərizəsinə əsasən müəyyən olunur ki, İddiaçı İşəgötürən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsə ərizə ilə müraciət edərək 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektoruna hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. 13.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-029 nömrəli əmrinə əsasən İddiaçı 17 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektoruna hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə qəbul edilmişdir. 14.İş materiallarında olan işçi İddiaçı ilə İşəgötürən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli 236 nömrəli əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 (bir ) ay müddətinə bağlanmışdır. 15.Həmin müqavilənin 2.2-ci bəndinə əsasən işçi xx.xx.2022-ci il tarixdən işə başlamışdır. 16.Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilir. 17.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-530 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 22 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndində əsasən xitam verilmişdir. 18.Məhkəmə qeyd etmişdir ki, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 73-cü maddələri çıxış edir. 19.Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Belə ki, nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi qüvvədədir, aşkar və müəyyən normadır, Əmək Məcəlləsinin 45-ci maddəsinə münasibətdə xüsusi hüquq norma kimi çıxış edir və qeyd olunan norma şərtsiz tətbiq edilməlidir. Mülki hüquq münasibətlərinin subyektləri (hazırki iş üzrə müqavilə subyekti olan iddiaçının ali təhsilli, savadlı və təcrübəli şəxs olması nəzərə alınmaqla) müqavilə münasibətləri üzrə hüquq və öhdəliklərini dərk etməklə müvafiq hüquq münasibətlərinə daxil olmalı və müqavilə azadlığı prinsipini nəzərdə saxlamaqla müqavilə bağlamalıdırlar. 20.“Prinsip” latınca “rəhbər, başlanğıc müddəa” deməkdir və mülki hüquq münasibətləri ilə bağlı qüvvədə olan bütün normalar prinsiplərə (o cümlədən müqavilə azadlığı) uyğun tətbiq edilməlidirlər. Əks halda, prinsipə zidd olan hüquq münasibəti və hüquq norması əsassız hesab edilməlidir. 21.Bundan əlavə, cavabdeh orqan publik hüquqi şəxs olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxsin bir növüdür. Hüquq münasibətlərin müstəqil növü olan publik hüquqi şəxsin digər subyektlərlə müstəqil formada, iradə sərbəstliyi və müqavilə azadlığı prinsip rəhbər tutulmaqla müqavilə münasibətlərinə daxil olmaq və müqavilə şərtlərini müəyyən etmək hüququ vardır. Subyektin üzərinə müqavilə şərtlərindən əlavə digər vəzifələr qoymaq qanuni hesab edilə bilməz. Nəzərə almaq lazımdırki, mülki hüquq münasibətləri publik (inzibati) hüquq münasibətlərindən fərqli olaraq tərəflərin bərabərliyinə əsaslanır. Bu səbəbdən, qanuna əsasən bərabər olan tərəflərin birinin hüquqlarını hər hansı bir formada məhdudlaşdırmaq, çərçivəyə salmaq yolverilməz olmaqla qanunçuluq və hüquqi müəyyənlik prinsipinə ziddir. 22.Məhkəmə qeyd etmişdir ki, iddia tələbi üzrə İddiaçı Muza oğlu qismində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsi İşəgötürən qismində sərbəst formada öz iradələrini ifadə etməklə müqavilə azadlığı prinsipinə əsasən müqavilə münasibətlərinə daxil olmuşlar və etibarlı müqavilə şərtlərini qəbul etməklə imzalamışlar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İşçi xx.xx.2022- ci il tarixdən işə başlamışdır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab edilməsi müəyyən olunmuşdur. X9 İddiaçı və İşəgötürən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi X7 sədri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İddiaçı 10 (on) ay əmək müqaviləsi üzrə İşçi kimi əmək funskiyalarını icra etmiş və əmək haqqı almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K-530 nömrəli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə 10 (on) aydan sonra, 22 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndində əsasən xitam verilmişdir. Belə ki, müqavilənin müddətinin xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qüvvədə olması nəzərə alınmaqla müddət bitdikdən 5 gün sonra, yəni bir həftə ərzində İşəgötürən müddətin bitməsi əsası ilə müqaviləyə qanuni formada xitam vermişdir. 23.İddiaçı iddia ərizəsində əmək müqaviləsi üzrə cavabdehin qanunun tələblərini pozması, öz mövqeyindən sui-istifadə etməsi, iddiaçını aldatması və onun iştirakı olmadan birtərəfli qaydada əmək müqaviləsinin bağlandığını qeyd etsə də, MPM-in 77.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin xüsusatları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, ümumiyətlə həmin hallar prosessual tərəf olaraq iddiaçı tərəfdən ( iddiaçı və ya nümayəndəsi) məhkəmə iclaslarında səsləndirilməmiş, bu barədə hər hansı mövqe ifadə edilməmişdir. 24.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri Xidməti publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinin ödənilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndi və 73-cü; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci;Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 14.2, 88, 216-220, 227-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin aydınlaşdırmadığı hallar ondan ibarətdir ki, iddiaçı 14 ildir fasiləsiz olaraq həmin Xidmətin əməkdaşıdır. Müxtəlif vaxtlarda onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Nəzərə almaq lazımdır ki, sadəcə olaraq həmin Xidmətin adı dəyişdirilmişdir. Eyni iş görülmüşdür. Yeni verilən ad başqa görünsə də, sadəcə olaraq işə götürən dəyişməmişdir. Yeni ad verilən idarə əvvəlki idarənin bazasında yaranmışdır. və həmin idarənin hüquqi varisidir. İddiaçı qanunda nəzərdə tutulmuş 5 ildən artıq müddətə fasiləsiz olaraq eyni idarədə işləmişdir. Onunla qanunsuz və əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflərin müqavilə azadlığı olsa belə qanunvericiliyə zidd olaraq bağlanmış müqavilələr əsassızdır. Eyni zamnda İddiaçı ikinci qrup əlilidir, onun həyyat yoldaşı da ikinci qrup əlildir. Əmək müqaviləsinə xitam verilərkən bu hal da nəzərə alınmamışdır. Ümumiyyətlə İddiaçıla müqavilə bağlanarkən sadəcə olaraq İdarənin adının dəyişməsini əsas gətirmişlər. Bu müqavilə tanına bilməz. Belə müddətli müqavilələrin bağlanması yolverilməzdir. İşçiyə müqaviləyə xitam verilərkən məlumat verilməmişdir. Bu halı da məhkəmə araşdırmamışdır. İddiaçının göstərdiyi hallar məhkəmə tərəfindən qeyd olunsa da sübut edilməməsi qənaətinə gəlməklə məhkəmə səhv etmişdir. Çünki iddiaçının təqdim etdiyi sübutlara münasibət bildirməmişdir. İddiaçı fasiləsiz işləməyə ilə bağlı sübutlar təqdim etmiş və qarşı tərəf də bunu etiraf etmişdir. Bu sübutlar nəzərə alınmamışdır. İddiaçının 14 il müddətində bir idarədə işləməsi, eyni işəgötürən tərəfindən müqavilə bağlanması iddianın təmin olunması üçün möhtəbər sübut idi. Məhkəmə təqdim edilmiş möhtəbər sübutlara düzgün yanaşmamışdır. Qarşı tərəfin etdiyi qanunsuzluqlara məhkəmə münasibət bildirməmişdir. Məhkəmə idarənin adının dəyişdirilməsinə qiymət verməmiş, bu kimi halların müqavilə bağlanmasına əsas veribverməməsinə münasibət bildirməmişdir. İşçi ilə 14 ildə bu sayda müqavilə bağlanmasına hansı ehtiyac olduğunu araşdırmamışdır. Bu kimi hallar işin hallarına uyğun gəlmir. Ümumiyyətlə qətnamədə göstərilmiş nəticələr əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
29.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı 16 fevral 2022-ci ildə işdən azad olunma barədə ərizəni ona göstərilmiş təzyiq altında yazmışdır. Əgər o, həmin ərizəni yazmasaydı, onu başqa qaydada işdən azad edəcəkdirlər. İşdən də görünür ki, iddiaçı 16-da işdən azad olunma barədə ərizə yazır, 17-də onu işə qəbul edirlər. 17-də yazdığı ərizəsində də, müddətli sözünü qeyd olanan təzyiq altında yazmışdır. 30.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının əvvəllər və axırıncı işlədiyi iş mövsümü xarakter daşımamış, daimi xarakterli olmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
31. 2-ci maddənin 3-cü hissəsi. Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
32. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
33. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
34. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
40. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
35. 59-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
36. 59-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
37. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
38. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Maddə 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(004)-1135/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. 46.Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Daşınmaz Əmlaka Hüquqların Dövlət Qeydiyyatı şöbəsinə mühəndis-inspektor (hüquqların qeydiyyatı üzrə) vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti ləğv edilmişdir. xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə (iş yeri ləğv edildikdə) əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların qeydiyyatı şöbəsinin Sənədlərin ekspertizası sektoruna hüquqların qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə qəbul edilmiş, 01.06. 2010-cu il tarixdə Bakı şəhəri Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların qeydiyyatı şöbəsinin Dövlət Reyesterindən çıxarışların verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixdə həmin şöbənin sənədlərin ekspertizası sektoruna 10-cu dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə keçirilmiş,xx.xx.2013-cü il tarixdə həmin şöbəyə 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Bakı şəhər Ərazi İdarəsinin Xətai rayon şöbəsinə 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli əmrə əsasən Bakı şəhər Ərazi İdarəsi 1 saylı Bakı Ərazi İdarəsi adlandırılmışdır. xx.xx.2019-cu il tarixli əmrə əsasən Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlaka hüquqların qeydiyyatı şöbəsinin Sənədlərin ekspertizası sektoruna 11-ci dərəcə vəzifə maaşı ilə hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsinə qəbul edilmişdir. 16 fevral 2022-ci il tarixli ərizəsinə əsasən iddiaçı müddət gözlənilmədən tutduğu vəzifədən azad olunmuş, bir gün sonra 17 fevral 2022-ci il tarixdə yazdığı ərizə əsasında yeni yaradılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşalara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə işə qəbul olunmuşdur. 47.İddiaçı ilə xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, əmək münasibətləri müddətsiz əmək müqaviləsi üzrə davam etmişdir. 48.Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. 49.Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-in 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. 50.Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyrimütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. 51.Bu nöqtəyi nəzərdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2008-ci ildən işlədiyi, 2016-cı ildən isə əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, xx.xx.2022-ci ildə “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2022-ci ildə cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. Sual yaranır ki, iddiaçı 2008-ci ildən uzun müddət həmin təşkilatda müxtəlif vəzifələrdə çalışdığı, 2016-cı ildən əmək müqaviləsi müddətsiz bağlandığı halda, xx.xx.2022-ci ildə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verib? Ağlabatan motiv yoxdur. Ona görə də, kollegiya hesab edir ki, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. 52.Kollegiya qeyd edir ki, əgər əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Çünki son dövrdə zərurət olmadan müddətli əmək müqaviləsi bağlanır, bununla da işəgötürənlər gələcəkdə yarana biləcək əmək mübahisələrindən özlərini sığortalayırlar. Belə ki, “arzuolunmaz” işçini əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad etmək işəgötürən üçün daha münasibdir, nəinki işçilərin sayının və ştatının ixtisara görə, yaxud əmək funksiyalarının yerinə yetirilməməsinə görə. 53.Kollegiya qeyd edir ki, işəgötürən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa, “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsindən istifadə olunub. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Göründüyü kimi, tərəflərin hüquq bərabərliyi prinsipi də pozulmuşdur. 54.Kollegiya qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisənin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilmiş əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 55.Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümü xarakter daşıması və.s) çıxış edərək müddətli əmək müqaviləsinə keçirilməsi işdən görünmür. 56.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. 57.Bu konteksdə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edilərkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 58.Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022ci il tarixli K-530 nömrəli əmri ləğv edilməli, İddiaçı müddətsiz əmək müqaviləsi üzrə əvvəlki işinə bərpa edilməli, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. 59.Kollegiya hesab edir ki, MPM-in 119.1-ci maddəsinə uyğun olaraq iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci olan 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(004)-1135/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli K- 530 nömrəli əmri ləğv edilsin. İddiaçı müddətsiz əmək müqaviləsi üzrə əvvəlki- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Xidmətlərin təşkilinə nəzarət sektorunun hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsinə bərpa edilsin, xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Mediasiya prosesinə görə ödənilmiş 50 (əlli) manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov