Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-409/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Açar sözlər: (borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli, 2(008)-4167/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********04 saylı müqaviləyə əsasən 04 il müddətinə plastik kart verilmişdir, cavabdeh kart hesabından onda olan pul vəsaiti həcmindən kənar istifadə etmişdir və nəticədə texniki overdraft yaranmışdır. 2.Yaranmış borc məbləği Cavabdeh tərəfindən ödənilmədiyindən iddiaçı "xxxx" ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə 18 may 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə istehlak krediti üzrə ödənilməmiş 4900,18 manat əldə olunan vəsaitə görə, ödənilmiş 70 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği iki min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. 5.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 iyun 2023-cü il tarixli, 2(008)-4167/2023 saylı qətnaməsiilə (sədrlik edən-Qədirova Şəbnur) iddia tələbi təmin edilərək, Cavabdeh 4900,18 manat borc və ödənilmiş 70 manat dövlət rüsumunun və 0.40 ( qırx qəpik ) manat bank xidməti haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. 6.Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, BPM**********04 saylı müqaviləyə əsasən 04 il müddətinə plastik kart verilmişdir.Bank tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il maliyyə arayışına əsasən, Cavabdeh banka ödənilməmiş 4900,18 manat borcu qalmışdır. 7.”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh borc məbləğin geri qaytarılması barədə qanunla müəyyən olunmuş qaydada tələb olunmuş və cari hesab üzrə yaranmış borcu ödəmədiyi təqdirdə qanunla müəyyən olunmuş qaydada məhkəməyə müraciyət ediləcəyi barədə xəbərdar edilmişdir. 8.Həmçinin, iş matriallarına əlavə edilmiş qəbzdən görünürki iddiaçı məhkəmədə iddia qaldırılması üçün 70 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı ödəmişdir. 9.Məhkəmə hesab etmişdir ki, Cavabdeh borc tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 739.2, 1151., 1306.1, 1038; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-5.3, 284-6.1, 119, 357, 358, 360, 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu normalar (MM 1038, 1306,1151) vərəsəlik münasibətlərini tənzimləyən normalardır, hazırki halda isə o, heç bir miras qoyanın vərəsəsi olmamış, heç bir şəxsin miras aktivini və ya miras passivini qəbul etməmidir. Yəni məhkəmə hazırki normaları tətbiq etməkdə səhvə yol vermişdir. Onun iddiaçı qarşısında heç bir öhdəliyi olmamış, o, iddiaçıya heç bir məbləğdə pul vəsaiti ödəməyi öz öhdəsinə götürməmiş, iddiaçının heç bir vəsaitini əsassız əldə etməmişdir. Məhkəmə öz qətnaməsində heç bir əsas olmadan bu normanı (MM 739.1) tətbiq etmişdir. Halbuki, iddiaçı ilə onun arasında heç bir kredit müqaviləsi imzalanmamış, o iddiaçıdan heç bir məbləğdə pul vəsaiti borc almamışdır. Yəni məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsini düzgün tətbiq etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı onun sistemdə baş vermiş gecikmələrdən sui-istifadə edərək ona aid kart hesabından 4900,28 manat vəsaitin məxaric etməyini əsas gətirir. İddiaçı yalnız cavabdehin kart hesabından çıxarışı məhkəməyə təqdim edir və həmin kart hesabından da cavabdehin hesabına pul vəsaitinin daxil olması və çıxarılması görünür. Cavabdehin kart hesabına gələn pul vəsaitləri onun üçün ona borclu olan şəxslər tərəfindən göndərilən pul vəsaitləridir. Əgər Bank həmin pul vəsaitinin səhvən cavabdehin hesabına vurulmasına istinad edirsə bu faktı təsdiq edən sübutu məhkəməyə təqdim etməli idi. İddiaçı isə belə bir sübut verməmiş, məhkəmə də heç bir sübut olmadan işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Yəni məhkəmə Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinin tələblərini pozaraq sübut olmadan işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilmədiyi halda hazıkri işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. İddia ərizəsi 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olsa da, məhkəmə 16 iyun 2023-cü il tarixli məktubla həmin iddia ərizəsinin surətini cavabdehə göndərmiş, iddia ərizəsinin surəti ona 25 iyun 2023-cü il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. Məhkəmənin bildirişində cavabdehə 30 gün müddətində iddia ərizəsinə etiraz verilmədiyi təqdirdə işə sadələşdirilmiş icraat qaydasında baxılaraq qərar qəbul ediləcəyi bildirilsə də, məhkəmə 27 iyun 2023-cü il tarixdə yəni bildiriş ona təqdim edildikdən 2 gün sonra iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. O bu barədə iddia ərizəsinə etirazını məhkəməyə təqdim edərkən xəbər tutmuş, hakimin köməkçisi ilə əlaqə saxlayaraq bu barədə soruşduqda isə köməkçi ona artıq qətnamənin çıxarıldığını bildirmişdir. Halbuki, 27 iyun 2023-cü il qeyri iş günü olmuşdur.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə heç bir sübutu araşdırmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi ümumiyyətlə heç bir halı aydınlaşdırmamış, cavabdehin kart hesabına gələn pul vəsaitinin iddiaçıya hansı aidiyyatının olmasını müəyyən etməmişdir. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 4 il müddətinə kredit müqaviləsi bağlanmışdır. Halbuki, onların arasında xx.xx.2020-ci-ci il tarixində yalnız “Kart hesabını açılması və ödəniş kartından istifadə haqqında müqavilə” imzalanmışdır. İddiaçının ona 4 il müddətinə kredit verməsi heç bir sübutla təsdiq edilmir. İddiaçı ilə onun arasında bağlanmış müqaviləyə əsasən ona bank hesabı açılıb və plastik kart verilib. Həmin plastik kart vasitəsi ilə cavabdehə borclu olan şəxslər onun hesabına pul köçürüb və o, həmin pul vəsaitini hesabdan çıxarmışdır. Cavabdehin hesabına keçən pul vəsaitlərinin Banka heç bir aidiyyatı olmamasına baxmayaraq, məhkəmə səhv nəticəyə gələrək həmin pul vəsaitlərini çıxardığına görə qeyd edilən məbləğin ondan iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir. Yəni cavabdehlə iddiaçının arasında kredit münasibətlərinin olmamasına baxmayaraq məhkəmə səhv nəticəyə gələrək aralarında olan münasibətləri düzgün qiymətləndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən işin halları nəzərə alınmaqla, işə məhkəmə iclasında baxılması qərara alınmışdır. 15.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmunua uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 16.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 17.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 18.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 21.Maddə 439.4.Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 22.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.i 23.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 24.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 27.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 28.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanunilyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 32.İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020ci il tarixli, BPM**********04 saylı müqaviləyə əsasən 04 il müddətinə plastik kart verilmişdir, cavabdeh kart hesabından onda olan pul vəsaiti həcmindən kənar istifadə etmişdir və nəticədə texniki overdraft yaranmışdır. 33.Belə ki, apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli, №9/8375 saylı ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh tərəfindən texniki oferdraft olaraq hesabdan xx.xx.2021-ci il tarixədək ümumilikdə 7.207,98 manat məbləğində pul məxaric edilmiş, həmin tarixdən sonra heç bir ödəniş aparılmamışdır. 34.Ekspert rəyinə əsasən həmçinin, xx.xx.2022-ci il tarixdə 4.900,28 manat məxaric edilmiş və hazırda Cavabdeh "xxxx" ASC-yə olan borcu 4.900,18 manat məbləğində müəyyən olunur. 35.Beləliklə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********04 saylı“kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən cavabdehə “Bo-brend” adlı plаstik kаrt hеsаbı аçılmışdır. Cavabdeh bаnk hеsаbındа оlаn qаlıq vəsаitindən аrtıq miqdаrdа хərclədiyi vəsаit üzrə Bаnkа 4900,18 manat məbləğində bоrcu yaranmışdır. 36.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 37.Beləliklə kollegiya apellyatorun bank tərəfindən ondan tələb edilən borcun qanunsuz olması ilə bağlı dəlilini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. 38.Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********04 saylı müqavilənin 3.3.6-cı bəndində nəzərdə tutulmuşdur ki, müştəri texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu və Bankın Tariflərində və/və ya müfaviq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. 39.Məhəkəmə kollegiyası tərəflər ararında bağlanmış müqavilənin şərtlərinə və qanunvericiliyin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdeh tərəfindən bаnk hеsаbındа оlаn qаlıq vəsаitindən аrtıq miqdаrdа хərclədiyi vəsаit üzrə Bаnkа 4900,18 manat məbləğində borcu yarandığından iddiaçı qeyd olunan borcun qaytarılmasını tələb etməkdə haqlı olmuş, işin müəyyən edilmiş faktiki hallarına uyğun olaraq iddianın təmin edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. 40.Kollegiya həmçinin qeyd edir ki, məhkəmə xərcləri ilə bağlı məsələ məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun şəkildə həll edilmişdir. 41.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Kollegiya həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 43.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 44.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 45.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 46.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 iyun 2023-cü il tarixli, 2(008)-4167/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqatı dəyəri olan 100 (yüz) manat Cavabdeh alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-409/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-409/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver