Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4093/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-827/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6821/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-827/2024 saylı qərardadı ilə ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC hüquqi şəxsdir və onun fəaliyyəti fiziki şəxslər tərəfindən həyata keçirilir. MMC-nin nümayəndəsi və vəkili Vəkil2 da birinci instansiya məhkəməsində iştirak etmək üçün işə cəlb olunmuşdur və işin sonrakı gedişində maraqlı olmadığı üçün öz elektron kabinetində qətnamənin yerləşdirilibyerləşdirilməməsinə əhəmiyyət verməmişdir. Bu hal isə hazırda məhkəmə tərəfindən onlara qarşı qoyulan əsas kimi istifadə oluna bilməz. Cavabdeh MMC uzun müddətdir Respublikanın sahibkarlıq sferasında fəaliyyət göstərərək öz layiqli yerini tutmuş biznes subyektidir. Onun qanunla qorunan maraqlarını hansısa fiziki şəxslərin məsuliyyətsiz davranışı ilə eyniləşdirmək olmaz. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, qətnamədən apellyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2024-cü il tarixi hesab olunur. Lakin apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmişdir. Cavabdehin elektron kabinetinə yalnız qeyd olunan tarixdə baxış keçirilərkən bu qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Odur ki, bu hal onlara sözügedən tarixdə məlum olmuş və məlum olduğu tarixdən etibarən həmin qətnamədən şikayət vermək hüquqları bərpa olunmalıdır. Məhz Cavabdeh MMC-nin hazırda yerinə yetirdiyi mühüm dövləti əhəmiyyətli işlərin həcminin həddindən artıq çoxluğu müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün etdiyindən, qətnamədən apellyasiya şikayəti verməklərini çətinləşdirmişdir. Məhkəmə də hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalı idi. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehin, həmçinin onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Bundan 7 ay sonra xx.xx.2025-ci il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh müddətin ötürülməsini nümayəndəsinin (vəkilinin) məhkəmə aktı barədə onlara məlumat verməməsi, eləcə də iş yükünün çoxluğu ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlara əsasən cavabdehin xx.xx.2022-ci il tarixdən elektron kabineti mövcuddur və məhkəmə aktı vaxtında həmin kabinetə yerləşdirilmişdir. Məhkəmə qətnaməsinin elektron sistemə yerləşdirilməsi kifayətdir ki, elektron kabineti mövcud olan, xüsusilə də bu xidmətdən aktiv istifadə edən hüquqi şəxs qətnaməni rəsmi qaydada əldə etmiş olsun. Məhkəmə kollegiyasının qənaətnə görə belə olan vəziyyətdə nümayəndənin məhkmə aktı barədə məlumat verməməsi, yaxud şirkətdə iş yükünün çoxluğu artıq heç bir əhəmiyyət daşımır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara görə ərizəni əsassız sayır və hesab edir ki, ərizəyə prosessual müddətin həqiqətən üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutlar əlavə edilmədiyindən və ərizəçinin prosessual müddətin bərpası üçün irəli sürdüyü dəlillər əsassız olduğundan ərizə təmin olunmamalı və buraxılmış prosessual müddət bərpa edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. İşə şifahi məhkəmə icraatı qaydasında baxılması ilə bağlı apelyatorun nümayəndəsinin (vəkilinin) ərizəsinə (vəsatətinə) gəldikdə isə məhkəmə kollegiyası ərizənin əsaslandırılmadığını nəzərə alaraq onun təmin olunmasını məqsədəuyğun saymadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4093/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4093/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver