Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4094/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********51842 Samsung Galaxy A51 markalı telefon üçün 734 manat ödənilməmiş hissə, 73 manat cərimə, ümumilikdə 807 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 734 manat ödənilməmiş hissə, 73 manat cərimə borcu olmaqla, cəmi 807 (səkkiz yüz yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırkı apellyasiya şikayətinə MPM-in 394-1-ci maddəsinə əsasən, yazılı icraat qaydasında baxılır. Apellyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, o telefonu alandan bir ay sonra onu qaytarmaq istəmiş, lakin telefonu qəbul etməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20161282 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ Kodu **********51842 Samsung Galaxy A51 markalı telefonu, 2 illik yeni qızıl zəmanəti və quraşdırma xidmətini müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********51842 Samsung Galaxy A51 markalı telefon üçün 734 manat ödənilməmiş hissə, 73 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 807 manat təşkil edir. Mülki iş materiallarında olan, xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhviltəslim aktından görünür ki, İMEİ Kodu **********51842 Samsung Galaxy A51 markalı telefonu, yeni qızıl zəmanəti və quraşdırma xidməti Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Hazırkı iş üzrə, apellyasiya şikayətində cavabdeh telefonu iki ay sonra qaytarmaq istədiyini, lakin iddiaçının bunu qəbul etmədiyini və iki ay ərzində telefondan istifadə etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı bildirir ki, cavabdeh tərəfindən şikayətin dəlilləri ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 394-1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1). Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1122/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4094/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4094/2022
09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver