Məhkəmə qərarları › İş №2(103)-4094/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4094/2023

06.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4094/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı, cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, son nəticədə, onunla cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (bundan – İdarə) X4 Şöbəsinin Mülki Mühafizə Xidməti (bundan sonra – Xidmət) arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun həmin Xidmətə mühafizəçi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh İdarə tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2019-cu il tarixdə Xidmət üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində iddiaçı daim işini vicdanla və qüsursuz yerinə yetirmişdir. Buna baxmayaraq iddiaçıya qarşı qərəzli mövqe tutulmuş, heç bir nöqsanı olmadığı halda iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və o, qanunsuz olaraq işdən azad edilmişdir. İddiaçı hesab edir ki, həmin əmr qanunsuzdur. Çünki o, əmək funksiyasını pozmamışdır. Onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmamış, bununla bağlı iclas keçirilməmiş, o, iclasda iştirak etməmişdir. “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmrin surəti iddiaçıya vaxtında təqdim edilməmişdir. İddiaçının dəfələrlə etdiyi müraciətlər əsasında əmr və əmək kitabçası yalnız 2022-ci ilin fevral ayında iddiaçıya təqdim edilmişdir. İddiaçı, əmək kitabçasını və əmri alandan sonra mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh İdarə mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat

3. Cavabdeh idarənin nümayəndəsi Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Xidmətin sabiq əməkdaşı olmuş iddiaçı, Xidmətdə işlədiyi müddətdə sosial şəbəkəsində qeydiyyatdan keçərək orada polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açmış, bununla da, Daxili İşlər Nazirliyin aidiyyəti normativ-hüquqi aktlarının tələblərini pozmuşdur. Bu səbəbdən də, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə”, DİN-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə xitam verilməsi ilə bağlı əmr qəbul edilmişdir. Əmr verilərkən qanunların tələblərinə riayət olunmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə cavabdeh İdarənin verdiyi əmr qanunidir. İddianın təmin, iddiaçının isə işə bərpa edilməsi üçün əsas yoxdur.

d) apellyasiya şikayətləri barədə məlumat

6. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, iddiaçıya istinad olunan pozuntuların mövcudluğuna dair sübutların olmadığını nəzərə almamış, nəticədə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat

8. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)-6676/2022) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini qət etmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə əsassız və işin hallarına uyğun deyil. Çünki iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi üçün əsas kimi cavabdeh İdarənin əmrində göstərilən halları təsdiq edə biləcək sübutlar İdarə tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmamışdır.

f) kassasiya instansiyasında icraat barədə məlumat

10. Cavabdeh Xidmətin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-1265/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.

11. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş materialları – iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin Daxili təhqiqat İdarəsinə verdiyi izahatı, iddiaçının Daxili İşlər Nazirliyinə ünvanladığı izahatı, işin baxılması zamanı iddiaçının Rayon Məhkəməsinə verdiyi izahatı, Daxili İşlər Nazirliyinin X1 Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunu nəzərə almamış, onlara hüquqi qiymət verməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz.

g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat barədə məlumat

12. İşə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına göndərdiyi üçün, iddiaçının Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası tərəfindən yenidən baxılır.

h) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

13. İddiaçı, apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

14. Cavabdeh İdarənin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iddiaçı, Xidmətdə işlədiyi dövrdə polisə aid və digər müxtəlif məzmunlu məlumatları sosial şəbəkədə yaymaqla Daxili İşlər Nazirliyin aidiyyəti normativ-hüquqi aktlarının tələblərini pozmuşmuş, bu səbəbdən də, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilərkən DİN-nin Həmkarlar İttifaqı Komitəsinin buna razılığı olmuşdur. Həmin sənədləri hazırda tapa bilmirlər. X3 Komitəsi tərəfindən verilmiş və iş materiallarında olan məktubundan görünür ki, Komitə təsdiq edir ki, iddiaçı işdən azad olunarkən Komitə bu məsələyə razılığını vermişdir.

i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2022ci il tarixli 023-3649-1222 saylı məktubundan göründüyü kimi, DİN rəhbərliyinin göstərişi əsasında 2021-ci ilin oktyabr ayında aparılmış xidməti təhqiqat nəticəsində DİN Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin mühafizəçisi (mülki şəxs) İddiaçı Nazirliyin aidiyyəti normativ-hüquqi aktlarının tələblərini pozub “senan_010” adı ilə “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açması müəyyən olunmuşdur. Qeyd edilən xüsusatları xidməti təhqiqat zamanı İddiaçı öz izahatında təsdiqləmişdir.

17. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı DİN X1 Komitəsinin xx.xx.2022-ci il tarixli, 19 saylı məktubundan görünür ki, DİN Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin mühafizəçisi (mülki şəxs) İddiaçı işdən azad olunarkən DİN X1 Komitəsi ilə razılaşdırılmışdır.

18. DİN BMİ-nin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlının Baş Mühafizə İdarəsinin xidmət sahələrinin rəislərinə, respublika mühafizə hissələrinin rəhbərlərinə və Alay komandirinə (siyahı üzrə) ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, əməkdaşların internetdən yalnız xidməti fəaliyyətlə bağlı məsələlərdə və yaradıcılıq məqsədi ilə istifadə etmələri barədə DİN-in və BMİ-nin çoxsaylı əmr və göstərişlərinin olmasına baxmayaraq, son dövrlər bəzi polis əməkdaşları, mülki mühafizəçilər və mülki işçilər sosial şəbəkələrdə xüsusi geyim formasında, həmçinin tabel silahının, xüsusi texnikanın əksini yerləşdirdikləri, eləcə də Respublika ərazisində hərbi vəziyyət dövründə döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı paylaşımlar və yersiz müzakirələrdə iştirak etdikləri, bunun nəticəsində daxili işlər orqanlarının işgüzar nüfuzuna xələl gətirilməsi kimi hallara yol verildiyi müəyyən edilmişdir. Göstərilən nöqsanların aradan qaldırılması məqsədi ilə tələb olunmuşdur ki, Respublika ərazisində hərbi vəziyyət dövrü nəzərə alınaraq döyüş bölgəsində aparılan hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə paylaşımlar, bəyənmələr və yersiz müzakirələrdə iştirak etmək qadağan olunsun. Vaxtaşırı sosial şəbəkələrə baxış keçirməklə adekvat tədbirlərin görülməsi, habelə internetdən yalnız xidməti fəaliyyət istisna olmaqla, başqa məqsədlə istifadələrin tam qarşısı alınsın, hər bir polis əməkdaşının və mülki işçilərin iltizamlarının alınması təmin edilsin. Vəzifə təlimatlarının, müvafiq əmr və göstərişlərin tələblərinə, qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlərə riayət olunması gündəlik nəzarətdə saxlanılsın, “Daxili işlər orqanları əməkdaşlarının etika davranış Kodeksi”nin şəxsi heyət tərəfindən bir daha öyrənilməsi təşkil edilsin. Göstərişin icrasına şəxsən məsuliyyət daşıdıqları mühafizə hissələri rəislərinin nəzərinə çatdırılmaqla onun tələblərini pozan hər bir əməkdaş və mülki işçinin bu sahəyə cavabdeh olan şəxslərlə birlikdə intizam tənbehlərinə cəlb olunacaqları nəzərlərinə çatdırılmışdır.

19. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2021-ci il tarixli Ə660-001- 21 saylı əmrindən görünür ki, bir qrup polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilmişdir. Əmrin 10-cu bəndindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 3, 13 və 29-cu maddələrini, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin 1, 2, 3, 4, 20 və 22-ci maddələrini, “İntizam nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərini, DİN-in xx.xx.2012-ci il tarixli G-14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçib orada polisə aid və digər müxtəlif məzmunlu foto və videogörüntülər yerləşdiklərinə, ayrı-ayrı vaxtlarda “canlı yayım” açdıqlarına, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə bir neçə şəxs, o cümlədən analoji qəbahətlərə yol verdiyinə görə İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” əmək qanunvericiliyinə əsasən xitam verilməsi BMİ rəisinə həvalə olunmuşdur.

20. Azərbaycan Respublikası DİN BMİ-nin xx.xx.2021-ci il tarixli Ə344-038-21 saylı əmrindən görünür ki, DİN-in xx.xx.2021-ci il tarixli yuxarıda göstərilən əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir.

21. Yuxarıdakı əmrlərdə istinad edilən DİN-in xx.xx.2012-ci il tarixli G-14-001-12 nömrəli göstərişindən göründüyü kimi, sosial şəbəkələrdə özləri barədə məlumat yayan, xidməti vəsiqəsini, silahı, xüsusi vasitələri nümayiş etdirən, polis geyimi formasında, iş otaqlarında, auditoriyalarda, təlim meydançalarında və xidməti nəqliyyat vasitələrində çəkilmiş fotoşəkillərini yerləşdirən əməkdaşların, o cümlədən müdavimlərin hərəkətləri polis etikasına yaraşmayan və konfidensiallığı pozan əməllər kimi qiymətləndirilmiş, belə faktlar üzrə xidməti yoxlamalar aparılması və nəticələri sıravi və rəis heyəti yığıncaqlarının müzakirəsinə çıxarılması barədə göstəriş verilmişdir.

22. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya ona məlumat verilməsi barədə müraciətinə cavab olaraq, tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilməsi barədə məlumat verilmişdir.

23. DİN-in xx.xx.2021-ci il tarixli Ə151-038-21 saylı əmrindən görünür ki, bunadək iddiaçı başqa bir hal ilə bağlı olaraq (Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın tələblərini və əmək müqaviləsinin şərtlərini pozaraq vəzifəsinə aid olmayan danışıqlarda iştirak etməklə vətəndaşa təhrif olunmuş məzmunda arayışın verilməsində vasitəçilik edilməsi) Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.

24. Göstərilənləri nəzərə alan Məhkəmə, hazırki mülki işin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasa görə ləğv edilə bilər (maddə 70; bənd “ç”). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71.). Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: “d”) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; “e”) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (maddə 72.). Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (maddə 80.). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir (maddə 83.). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir (maddə 186.). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir (maddə 187.). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır (maddə 300.).

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Qeyd edilən maddi və prosessual normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, iddiaçı, cavabdeh İdarəyə qarşı hazırki iddia tələbini irəli sürərək, işini daima vicdanla və qüsursuz yerinə yetirdiyini, əmək funksiyalarını pozmadığını, heç bir nöqsanı olmadığı halda qanunsuz olaraq işdən çıxarıldığını bildirsə də, cavabdeh İdarə tərəfindən aparılmış araşdırmalar nəticəsində aşkar edilmiş və iddiaçının müxtəlif oraqlara verdikləri aşağıdakı izahatları ilə etiraf edilmişdir: 26.1. Azərbaycan Respublikası DİN Daxili Təhqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 023-3649-1222 saylı məktubundan göründüyü kimi, DİN rəhbərliyinin göstərişi əsasında 2021-ci ilin oktyabr ayında aparılmış xidməti təhqiqat nəticəsində DİN Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin mühafizəçisi (mülki şəxs) İddiaçı Nazirliyin aidiyyəti normativ-hüquqi aktlarının tələblərini pozub “senan_010” adı ilə “Tik-Tok” sosial şəbəkəsində qeydiyyatdan keçərək orada polisə aid və digər müxtəlif məzmunlu fotoşəkillər, videogörüntülər yerləşdirməsi, həmçinin ayrı-ayrı vaxtlarda “canlı yayım” açması müəyyən olunmuşdur. Qeyd edilən xüsusatları xidməti təhqiqat zamanı İddiaçı öz izahatında təsdiqləmişdir; 26.2. İddiaçının daxili işlər nazirinə ünvanlanmış izahatından (iş v. 155) görünür ki, iddiaçı “Tik-Tok” sosial şəbəkəsində hesabı olduğunu, həmin hesabda polisə aid videolar paylaşdığını və canlı yayım açdığını bildirmişdir; 26.3. Rayon Məhkəməsinin hazırki iş üzrə tərtib etdiyi xx.xx.2022-ci il trixli protokolundan (iş v. 102) görünür ki, məhkəmə iclasında iddiaçı hakimin suallarına cavab olaraq xidməti təhqiqat zamanı qeyd edilən pozuntulara yol verdiyini təsdiq etmiş, “Tik-Tok” sosial şəbəkəsindəki hesabında şəxsi olmasa da, polisə aid foto və videolar paylaşdığını, habelə canlı yayım açdığını etiraf etmişdir.

27. Göründüyü kimi, iddiaçının müzakirə edilən dəlili əsassızıdır.

28. İddiaçının digər dəlili ondan ibarətdir ki, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilən və o, işdən azad olunan zaman cavabdeh İdarə qüvvədə olan Əmək Məcəlləsinin normalarına riayət etməmiş, Həmkarlar İttifaqı Komitəsinin bununla bağlı razılığını almamışdır.

29. Məhkəmə iddiaçının bu dəlilini də əsassız sayır. Çünki yuxarıda artıq qeyd edildiyi kimi Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı DİN X1 Komitəsinin xx.xx.2022-ci il tarixli, 19 saylı məktubundan görünür ki, DİN Baş Mühafizə İdarəsinin X4 Şöbəsinin mühafizəçisi (mülki şəxs) İddiaçı işdən azad olunarkən DİN X1 Komitəsi ilə razılaşdırılmışdır.

j) apellyasiyanın nəticəsi

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia əsassızdır. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar